Məhkəmə qərarları › İş №2(037)-409/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-409/2021

23.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-409/2021 23.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 23 iyul 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) vurulmuş maddi ziyana görə 45000 manat, əldən çıxmış faydaya görə 15000 manat və mənəvi ziyana görə 10000 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi (oğlu) Nümayəndə təmsil etmişdir. Məhkəmə iclasında Nümayəndə iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı atasıdır. Atası cavabdehin qaynatası Nazim kişi ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ticarətlə məşğul olarkən yaxın dostluq münasibətlərində olmuşlar. Atası qızı Səbinə üçün Yasamal rayonu ərazisində yerləşən “Kristal Abşeron MTK”-nın inşa etdiyi yaşayış binasından ipoteka krediti ilə 2 otaqlı mənzil almışdır. Atası hər ay mənzilin ipoteka kreditini Rusiyadan cavabdehin qaynatası Nazimin ünvanına göndərmiş və cavabdehin qaynatası Nazim də öz növbəsində həmin pulları hər ay “Kristal Abşeron MTK”-ya ipoteka krediti kimi ödəmişdir. 2018-ci ilin yanvar ayından cavabdehin qaynatası Nazim xəstələndiyinə görə onun məsləhəti ilə pulu atası Nazimin kürəkəni olan cavabdehə göndərməyə başlamışdır. Atası ayrı-ayrı vaxtlarda cavabdehə 45800 manat məbləğində pul göndərmişdir. 2018-ci ilin may ayında isə cavabdeh atasının etibarından sui-istifadə edərək göndərilmiş 45800 manat pulu şəxsi məqsədləri üçün istifadə etdiyi və mənzil aldığı “Kristal Abşeron MTK”-ya ödəmədiyi məlum olmuşdur. Cavabdehin qanunsuz hərəkətlərindən Qaradağ rayon Polis İdarəsinə şikayət vermiş, şikayəti əsasında araşdırma aparılaraq cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar məhkəmə nəzarəti qaydasında və prokuror tərəfindən bir neçə dəfə ləğv edilərək təkrar araşdırma aparılması üçün istintaqa qaytarılmış və nəticədə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cavabdeh borcunu etiraf etsə də, özü və qohumları dəfələrlə onunla və atası ilə əlaqə saxlayaraq qısa bir zamanda pulu qaytaracaqlarına söz versələr də, borcu qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İsmayıllı rayon Məhkəməsi həmin mülki işə 08.05.2020-ci il tarixdə baxaraq 2(037)-168/2020 saylı qətnamə çıxarmışdır. Həmin qətnamədən apelyasiya şikayət vermiş və Şəki Apelyasiya Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(107)-1509/2020 saylı qətnaməsi ilə iddia, iddia verməyə subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyi üçün apelyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı rayon Məhkəməsinin 08.05.2020-ci il tarixli 2(037)- 168/2020 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılaraq onun iddiası rədd edilmişdir. Həmin qətnamənin 5-ci səhifəsinin 4-cü abzasında qeyd edilir ki, “İddiaçının atası İddiaçı tərəfindən iddiaçıya qanunvericilikdə nəzərdə tutulan qaydada səlahiyyət (etibarnamə) verildiyi halda iddiaçı atasının adından məhkəməyə hazırkı iddia tələbi ilə yenidən müraciət edə bilər.” Atası tərəfindən məhkəmədə onu təmsil etmək üçün ona etibarnamə verilmişdir. Birinci instansiya məhkəməsində izahat verərkən cavabdeh verilmiş iddianı qismən qəbul etmişdir. Cavabdeh izahatında müxtəlif vaxtlarda İddiaçı tərəfindən ayrı-ayrı şəxslərə göndərilmiş 45800 manat pulu aldığını, həmin puldan 28000 manatını “Kristal Abşeron MTK”-ya kredit borcu kimi ödədiyini, 850 manatını İddiaçı göstərişi ilə tanımadığı şəxsə verdiyini, pulun qalan hissəsini, yəni 16950 manatını isə öz şəxsi borclarını ödəmək üçün verdiyini bildirmişdir. Cavabdeh “Kristal Abşeron MTK”-ya 28000 manat ödədiyini bildirsə də bu barədə məhkəməyə hər hansı ödəniş qəbzi təqdim etməmiş, 850 manatı isə kimə verdiyini izah edə bilməmişdir. Cavabdehin qanunsuz hərəkətləri ilə iddiaçıya 45000 manat maddi ziyan, həmçinin əmlakından məhrum etməklə iddiaçıya 15000 manat zərər (əldən çıxmış fayda) vurmuşdur. Belə ki, iddiaçı cavabdehə verdiyi 45000 pulu dövriyyədə saxlasaydı və ya banka faizlə qoysaydı ötən müddət ərzində qeyd edilən qədər pul qazana bilərdi. İddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi aparılmış araşdırmalarla, cinayət işinin başlanmasınmın rədd olunması haqqında qərarlarla sübuta yetirilmişdir. İddiaçıya mənəvi zərər vurulması cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsi öz təsdiqini tapmışdır. Cavabdehin qanunsuz hərəkətləri ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında birbaşa səbəbli əlaqə mövcuddur. Belə ki, iddiaçının mənəvi sarsıntı keçirməsi onda ifadə olunur ki, o, heç bir səbəb olmadan xeyli miqdarda əmlakından məhrum olmuş, oradan götürəcək gəlirdən məhrum olmuş, ailəsinin maddi ehtiyaclarına, digər şəxslər qarşısında öz öhdəliklərini ödəmək üçün nəzərdə tutulmuş pulu cavabdehə vermiş,götürəcək olduğu gəlirləri bu gündə bərpa edə bilməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya külli miqdarda maddi ziyanla yanaşı, 15000 manat məbləğində əldən çıxmış fayda və mənəvi ziyan da dəymiş, ipoteka kreditini vaxtında ödəmədiyindən kredit məbləğinə faizlər hesablanmış və nəticədə mənzilin dəyərini tam ödəmədiyindən mənzili öz adına rəsmiləşdirə bilməmişdir. İddiaçı cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanı 10000 manat məbləğində qiymətləndirir. İddiaçı cavabdehdən maddi ziyana görə 45000 manat, əldən çıxmış faydaya görə 15000 manat və mənəvi ziyana görə 10000 manat məbləğinin alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qismən etiraf edərək göstərdi ki, o, iddiaçını qaynatasının vasitəsi ilə tanımışdır. İddiaçı qaynatası ilə birlikdə Rusiya Federasiyasının Sankt- Peterburq şəhərində ticarətlə məşğul olmuşlar. “Kristal Abşeron MTK”-nın inşa etdiyi yaşayış binasından ipoteka krediti ilə mənzil aldıqları üçün iddiaçı əvvəlcə pulu qaynatasına, 2017-ci ilin son aylarında qaynatası xəstə olduğu üçün isə ayrı-ayrı şəxslər vasitəsi ilə pulu ona göndərmişdir. Belə ki, o 2017-ci ilin noyabr ayında 20 yanvar metrostansiyasının yaxınlığında Xəyal adlı azyaşlı uşaqdan yaşadığı binanın həyətində 13000 manat, 2018-ci ilin yanvar ayında Neftçilər metrostansiyasının yaxınlığındakı Xəzər Universitetinin yanındakı ofisdə Gündüz adlı şəxsdən 5000 manat, həmin ilin aprel ayının əvvəllərində eyni məkanda Gündüz adlı şəxsdən 6100 manat, aprel ayının sonlarında eyni məkanda Xəyal adlı azyaşlı uşaqdan 18100 manat, 2-4 may aralığında dəqiq tarixini yadda saxlamadığı gündə eyni məkanda Gündüz adlı şəxsdən 1900 manat, sonuncu dəfə isə iyun ayının əvvəllərində eyni məkanda Gündüz adlı şəxsdən 1000 ABŞ dolları məbləğində pul götürmüşdür. İddiaçı tərəfindən ona göndərilən 45800 manat pul məbləğindən 13.000 manatını 23.11.2017-ci il tarixdə, 5000 manatını 05.02.2018-ci il tarixdə, 10.000 manatını isə 14.05.2018-ci il tarixdə ödəməklə, ümumilikdə 28000 manatı “Kristal Abşeron MTK”-ya ödəmişdir. 850 manatı isə 20 yanvar metrostansiyasının yaxınlığında iddiaçının əvvəlcədən tapşırdığı tanımadığı şəxsə vermişdir. Qalan 16950 manat məbləğində pulu şəxsi borclarına ödəmişdir. Onun iddiaçıya 16950 manat borcu qalmışdır. Maddi vəziyyəti aşağı olduğundan həmin pulu qaytara bilməmişdir. O, borclu olduğu 16950 manat pulu qaytarmağa razıdır və həmin məbləği iddiaçıya ödəyəcəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. HK-1-140 saylı material üzrə 08 fevral 2019-cu il tarixli qərarın surətindən müəyyən edilir ki, Qaradağ Rayon Polis İdarəsi tərəfindən Nümayəndə şikayət ərizəsi əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və istintaqının aparılması qərara alınmışdır. 190030044 nömrəli cinayət işinin materialları üzrə 09 fevral 2019-cu il tarixli qərarın surətindən müəyyən edilir ki, Nümayəndə şikayət ərizəsi əsasında toplanmış material üzrə Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərar ləğv edilmiş və Nümayəndə şikayət ərizəsi əsasında toplanmış material əlavə araşdırmanın aparılmasından ötrü Qaradağ RPİ-nin İŞ-nə göndərilmişdir. HK-1-140 saylı material üzrə 15 fevral 2019-cu il tarixli qərarın surətindən müəyyən edilir ki, Qaradağ Rayon Polis İdarəsi tərəfindən Nümayəndə şikayət ərizəsi əsasında toplanmış material ətrafında əlavə araşdırma aparılmış və araşdırılan xüsusatlar mülki xarakterli mübahisə olduğundan HK-1-140 saylı material üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 6(002)- 19/2019 nömrəli qərarından müəyyən edilir ki, Bakı şəhəri, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən HK-1/140 saylı material üzrə 15 fevral 2019-cu il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar ləğv edilmiş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ Rayon Prokurorunun 09 fevral 2019-cu il tarixli qərarında və Nümayəndə şikayətində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması qərara alınmışdır. HK-1-140 saylı material üzrə 02 noyabr 2019-cu il tarixli qərarın surətindən müəyyən edilir ki, Qaradağ Rayon Polis İdarəsi tərəfindən Nümayəndə şikayət ərizəsi əsasında toplanmış material ətrafında yenidən əlavə araşdırma aparılmış və araşdırılan xüsusatlar mülki xarakterli mübahisə olduğundan toplanmış material üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qaradağ Rayon Prokurorunun 10 noyabr 2019-cu il tarixli qərarının surətindən müəyyən edilir ki, Nümayəndə şikayət ərizəsi əsasında toplanmış HK-1-140 saylı material üzrə 02 noyabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmiş və material əlavə araşdırmanın aparılması üçün aidiyyəti üzrə Qaradağ RPİ İŞ-nə göndərilmişdir. HK-1-140 saylı material üzrə 23 dekabr 2019-cu il tarixli qərarın surətindən müəyyən edilir ki, Qaradağ Rayon Polis İdarəsi tərəfindən Nümayəndə şikayət ərizəsi əsasında toplanmış material ətrafında əlavə araşdırma aparılmış və araşdırılan xüsusatlar mülki xarakterli mübahisə olduğundan toplanmış material üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İsmayıllı Rayon Məhkəməsinin 08.05.2020-ci il tarixli 2(037)-168/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Nümayəndə iddia tələbi qismən təmin edilərək Cavabdeh 16950 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu olmaqla, cəmi 16980 manat məbləğinin alınaraq iddiaçı Nümayəndə ödənilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.09.2020-ci il tarixli 2(107)- 1509/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli 2(037)-168/2020 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı Nümayəndə Cavabdeh qarşı “vurulmuş maddi ziyana görə 45800 manat, mənəvi ziyana görə 10000 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin alınaraq ona verilməsi” haqqında iddiasının təmin edilməməsi qərara alınmışdır. "xxxx" MTK tərəfindən verilmiş arayışdan görünür ki, X1 adına 17.05.2017-ci il tarixdə 22000 manat, 10.06.2017-ci il tarixdə 5000 manat, 07.07.2017-ci il tarixdə 4000 manat, 18.08.2017-ci il tarixdə 12000 manat, 04.09.2017-ci il tarixdə 8400 manat, 31.10.2017-ci il tarixdə 4000 manat, 23.11.2017-ci il tarixdə 13000 manat, 05.02.2018-ci il tarixdə 5000 manat,14.05.2018-ci il tarixdə 10000 manat, 22.09.2018-ci il tarixdə 5000 manat, 13.12.2018-ci il tarixdə 5000 manat. 23.01.2019-cu il tarixdə 5000 manat. 05.08.2019-cu il tarixdə 3000 manat, 02.12.2019-cu il tarixdə 8000 manat və 03.06.2020-ci il tarixdə 1000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Yasamal rayonu ərazisində yerləşən “Kristal Abşeron MTK”-nın inşa etdiyi yaşayış binasından aldığı 2 otaqlı mənzilin ipoteka kreditinin ödənilməsi üçün ayrı-ayrı vaxtlarda ayrı-ayrı şəxslər vasitəsi ilə cavabdehə 45800 manat məbləğində pul göndərdiyini (bu hal işin mübahisəsiz halıdır), cavabdehin isə həmin pul vəsaitini “Kristal Abşeron MTK”-ya ödəmədiyini və şəxsi məqsədləri üçün istifadə etdiyini bildirmişdir (işin mübahisə edilən halları). İddiaçının şikayəti əsasında Qaradağ rayon Polis İdarəsində araşdırma aparılmış və mübahisə mülki xarakterli olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı cavabdehdən borcu ödəməsini tələb etsə də, cavabdeh borcu qaytarmamışdır. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyanla yanaşı, əldə edə biləcəyi gəlirlərdən məhrum olduğunu bildirir və vurulmuş mənəvi ziyanı 10000 manat və əldən çıxmış faydanın 15000 manat məbləğində qiymətləndirir. İddiaçı maddi ziyana görə 45000 manat, əldən çıxmış faydaya görə 15000 manat və mənəvi ziyana görə 10000 manat məbləğinin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Cavabdeh iddia tələbini qismən 16950 manat məbləğində etiraf etdiyini bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Göründüyü kimi tərəflər arasında əvəzsiz tapşırıq müqaviləsi mövcud olmuşdur. Azərbaycan Respublikasının Müılki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır, lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan ardan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt – varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Yuxarıda qeyd olunan normalarda da göründüyü kimi, İddiaçı tərəfindən cavabdehə kredit ödənişi ilə bağlı 45800 manat məbləğində pul göndərilmiş, sözügedən mənbləğin bir hissəsi (16950 manat) təyinatı üzrə ödənilməmiş və həmin məbləğ əsassız olaraq geri qaytarılmayaraq Cavabdeh əsassız olaraq varlanmışdır. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq cavabdeh əsassız olaraq varlandığı-16950 manat məbləğində vəsaiti iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, işin mübahisəsiz halı olan 45800 manat məbləğində pulun cavabdehə göndərilməsi onun özünün etirafı əsasında müəyyənləşdirilmiş, sözügedən məbləğin cavabdehə göndərilməsi və ya ona verilməsi barədə hər hansı bir qəbz, ödəniş çeki və s. rəsmi sənəd mövcud olmadan müxtəlif şəxlər vasitəsi ilə cavabdehə verilmiş, eyni zamanda "xxxx" MTK-ya məxsus daşınmaz əmlaka dair ipoteka krediti bir neçə şəxslər tərəfindən iddiaçının qızı X1 adına ödənilmiş və ödəniş qəbzləri onlara təqdim edilmişdir. Cavabdeh istər təhqiqat və istintaq, istərsə də məhkəmə icraatı zamanı ifadələrində iddiaçı tərəfindən ona göndərilən 45800 manat pul məbləğindən dəqiq tarixlər göstərməklə, 13.000 manatını 23.11.2017-ci il tarixdə, 5000 manatını 05.02.2018-ci il tarixdə, 10.000 manatını isə 14.05.2018-ci il tarixdə ödəməklə, ümumilikdə 28.000 manat pulu ödədiyini bildirmiş,həmin halın müəyyənləşdirilməsi üçün "xxxx" MTK-ya sorğu verilməsi barədə iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilmiş, sorğunun nəticəsi olaraq, cavabdehin göstərdiyi tarixlərdə həmin məbləğlərdə ödənişlərin edilməsi öz təsdiqini tapmışdır. Bundan sonra iddiaçı həmin məbləğləri onların özləri tərəfindən icra edildiyini, həmin ödəniş qəbzlərinin telefon vasitəsi ilə cavabdehə göndərildiyini bildirsə də, bu barədə məhkəməyə əsaslı sübut təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçı "xxxx" MTK-nın ödəniş məntəqəsində kamera quraşdırılmadığından, sözügedən ödənişlərin kimlər tərəfindən həyata keçirilməsi barədə subutları məhkəməyə təqdim edə bilmədiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh ilkin idafələrindən etibarən pul məbləğlərinin ona göndərilməsi barədə səmimi etiraf etmiş, sözügedən məbləğlərin ona göndərilməsi barədə əlavə araşdırılma aprılmamış(təhqiqat və ibtidai istintaq zamanı), məhz onun etirafına istinadən o cinayət və mülki məsuliyyətə cəlb edilmiş, ödənişlər Səbinə Hüseynzadə adına icra edilsə də onun tərəfindən deyil, ayrı-ayrı şəxslər tərəfindən həyata keçirilmiş (tərəf ifadələrinə əsasən ilk əvvəllər iddiaçının qaynatası Nizami adlı şəxs, sonradan isə Cavabdeh və digər başqa şəxslər tərəfindən həyata keçirilməsi deyilir), iddiaçı Nizami adlı şəxsdən sonraki ödənişlərin onların özləri tərəfindən həyata keçirildiyini cavabdeh tərəfindən ümumiyyətlə ödəniş edilmədiyini iddia etsə də bu barədə məhkəməyə əsaslı sübut (Səbinə Hüseynzadənin adına olan ödəniş qəbzindən başqa) təqdim edə bilməmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdeh iddia tələbini qismən qəbul etdiyi üçün cavabdehin 15000 manat ziyan vurmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı dəymiş maddi ziyana görə 45000 manat və əldən çıxmış faydaya görə 15000 manat məbləği tələb etsə də, həmin faktları təsdiq edən sübutları təqdim etməmişdir. Cavabdeh isə iddiaçıya 16950 manat məbləğində maddi zərər vurmasını etiraf etmişdir. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyanın əvəzi kimi 10000 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılar keçirdiyini, bununla da ona 10000 manat məbləğində mənəvi ziyan dəydiyini qeyd etsə də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.Eyni zamanda, iddiaçı mənəvi zərərin nədə ifadə olunduğunu da izah edə bilmədi. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulması faktı sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinin tələbləri baxımından iddia tələbinin cavabdehdən mənəvi zərərə görə 10000 manat məbləğinin alınaraq iddiaçıya verilməsinə dair hissəsi də rədd edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsində iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 16950 (on altı min doqquz yüz əlli) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş 30.40 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar