Məhkəmə qərarları › İş №2(037)-418/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-418/2020

20.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-418/2020 20.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki işə 20 iyul 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh MMC-dən (bundan sonra cavabdeh) 8500 manat əsas borc, 8000 manat əldən çıxmış fayda, 2000 manat mənəvi zərər, 500 manat maddi ziyan və 30 manat dövlət rüsumu – cəmi 19030 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və tələbinin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdeh İsmayıllı rayonun İvanovka kəndində fəaliyyət göstərir. Müxtəlif sahələrlə yanaşı kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə də məşğul olur. Cavabdeh təşkilata 2015-ci ildən başlayaraq müxtəlif kənd təsərrüfatı texnikaları satmışdır və pulunu da razılaşdıqları vaxtlarda almışdır. Həmin vaxtlarda direktor işləyən İsgəndər Məmmədovu yaxından tanımışdır. Aralarında etibar və inam yaranmışdır. Sonuncu dəfə 2016-cı ilin sentyabr ayının əvvəllərində MMC-yə 7500 manat dəyərində 1 ədəd səpin aqreqatı və 1000 manat dəyərində 1 ədəd kanal açan avadanlıq satmışdır. MMC-nin rəhbərliyi kənd təsərrüfatı texnikalarının cəmi dəyəri olan 8500 manat pulu 28 sentyabr 2016-cı il tarixədək nəğd şəkildə ödənilməsini öhdələrinə götürmüş və bu barədə zəmanət də verilmişdir. Cavabdeh tərəfindən ötən müddət ərzində müxtəlif bəhanələr gətirilərək borcun ödənilməsi təmin olunmamışdır. Dəfələrlə MMC-nin bir neçə əməkdaşı ilə telefon əlaqəsi saxlanılsa da onlar MMC-nin direktoru işləmiş İsgəndər Məmmədovun işdən çıxdığını, onun verdiyi zəmanət sənədinin heç bir əhəmiyyəti olmadığını, hazırkı rəhbərliyin isə borcu ödəməyəcəyini bildirmişlər. O, həmin kənd təsərrüfatı texnikalarını xarici ölkədən alaraq Azərbaycana gətirir. Texnikaların pulunu dollarla ödəməsinə baxmayaraq respublika ərazisində manatla satır. Cavabdehə texnikaları satdığı vaxt 1 ABŞ dollarının kursu 1,05 manat olmuşdur. Həmin texnikaların qiyməti hazırda 2 dəfəyə yaxın artmışdır. Əgər cavabdeh razılaşdıqları vaxtda yəni, 2016-cı ilin sentyabr onun pulunu qaytarsaydı həmin ərəfədə yeni texnikalar alıb Azərbaycana gətirərdi. Hazırda dolların kursunun 1,70 manat olması nəzərə alınarsa cavabdeh təşkilatın hərəkətləri nəticəsində xeyli miqdarda fayda onun əlindən çıxmışdır. Hesab edir ki, cavabdehin məqsədi etibarından sui istifadə edərək onu aldatmaq olmuşdur. Cavabdeh təşkilatın bu hərəkətləri nəticəsində o, mənəvi sarsıntı keçirmiş, qısa müddətli müalicələr almağa məcbur olmuşdur. Borcunu almaq məqsədi ilə bir neçə dəfə Bakı şəhərindən MMC-nin fəaliyyət göstərdiyi İsmayıllı rayonun İvanovka kəndinə gəlib-getmişdir. Bu illər ərzində yollara 500 – 600 manat pul xərcləyərək maddi ziyana düşmüşdür. Məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu da ödəmişdir. O, cavabdehdən 8500 manat əsas borc, 8000 manat əldən çıxmış fayda, 2000 manat mənəvi zərər, 500 manat maddi ziyan və 30 manat dövlət rüsumu – cəmi 19030 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi x4 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı ilə MMC-nin direktoru işləmiş İsgəndər Məmmədov arasında şifahi alqısatqı aparılmış, heç bir rəsmi sənəd olmamışdır. Direktor vəzifəsində işləmiş şəxsin işlədiyi vaxt şifahi olaraq verdiyi söz hazırki vaxt borcun ödənilməsi üçün əsas deyildir. Hazırkı rəhbərliyin həmin borcu ödəməyə fikri yoxdur. İddiaçı kiminlə razılaşma aparıbsa həmin şəxsdən də borcunu tələb edə bilər. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 01 aprel 2013-cü il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, “xxxxxxxxxxx” MMC (VÖEN **********) 17 may 2004-cü il tarixdən 10 saylı x5 MMC kimi qeydiyyata alınmışdır. MMC-nin qanuni təmsilçisi İddiaçıdur. 11 fevral 2019-cu il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh MMC (VÖEN **********) 09 mart 2007-ci il tarixdən 10 saylı x5 MMC kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh MMC-nin əvvəlki qanuni təmsilçisi Məmmədov İskəndər Rövşən oğlu olmuş, hazırki qanuni təmsilçisi x2r. “xxxxxxxxxxx” MMC-nin direktoru İddiaçı ünvanlanmış məktubdan görünür ki, Cavabdeh MMC-nin direktoru İsgəndər Məmmədov Cavabdeh MMC müəssisəsi olaraq İddiaçı aldıqları səpin aqreqatı 7500 manat və su kanal açan avadanlıq 1000 manat, cəmi 8500 manat dəyərini son tarix olaraq 28 sentyabr 2016-cı il tarixədək nəqd vasitə ilə ödəyəcəklərinə zəmanət vermişlər. Cavabdeh MMC-nin Müşahidə Şurasının 05 fevral 2019-cu il tarixli qərarının surətindən görünür ki, MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsində olan Məmmədov İskəndər Rövşən oğlu tutduğu vəzifədən azad edilmiş, qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə x3 təyin olunmuşdur. İsmayıllı rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(037)-705 nömrəli qərardadından görünür ki, mülki iş məhkəmə aidiyyatı üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2-2(84)-386 nömrəli qərardadından görünür ki, iş məhkəmə aidiyyatının müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2020-ci il tarixli 2- 2(107)-7 nömrəli qərardadından görünür ki, 2-2(107)-7 nömrəli iş məhkəmə aidiyyatı məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 fevral 2020-ci il tarixli 2-2(102)-068 nömrəli qərarından görünür ki, iş məhkəmə aidiyyatı qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərərək iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “xxxxxxxxxxx” MMC-nin qanuni təmsilçisi olmaqla kənd təsərrüfatı texnikalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh təşkilat 09 mart 2007-ci il tarixdən 10 saylı x5 MMC kimi qeydiyyata alınaraq İsmayıllı rayonun İvanovka kəndində fəaliyyət göstərir. Sonuncu dəfə cavabdeh təşkilat iddiaçıdan 1 ədəd 7500 manat dəyərində səpin aqreqatı və 1 ədəd 1000 manat dəyərində kanal açan kənd təsərrüfatı texnikalarını almış və həmin vaxt MMC-nin direktoru işləyən İskəndər Məmmədov texnikaların pulunu 28 sentyabr 2016-cı il tarixədək nəqd şəkildə ödəyəcəyi barədə zəmanət məktubu vermişdir. Cavabdeh təşkilat tərəfindən ötən müddət ərzində borcun ödənilməsi təmin olunmamışdır. İddiaçı texnikaları xarici ölkədən dollarla aldığından 2016-cı ildən dolların kursunun iki dəfəyə yaxın artdığını əsas gətirərək ötən dörd il ərzində 8000 manatın fayda kimi əldən çıxdığını, cavabdeh təşkilatın rəhbərliyinin onun etibarından sui-istifadə etdiyindən mənəvi sarsıntı keçirdiyini, yaşadığı Bakı şəhərindən İsmayıllı rayonuna gəlib-getməklə xeyli maddi ziyana düşdüyünü əsas gətirərək cavabdehdən 8500 manat əsas borc, 8000 manat əldən çıxmış fayda, 2000 manat mənəvi zərər, 500 manat maddi ziyan və 30 manat dövlət rüsumu – cəmi 19030 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh təşkilatın nümayəndəsi MMC-nin direktoru işləmiş İsgəndər Məmmədovun 05 fevral 2019cu il tarixdə işdən çıxdığını, həmin texnikaların onun tərəfindən iddiaçıdan alındığını, alqısatqı rəsmiləşdirilmədiyindən borcun İskəndər Məmmədovdan tələb olunmasını əsas gətirərək iddianın rədd olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 329.4-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, cavabdeh təşkilat (VÖEN **********) 09 mart 2007-ci il tarixdən 10 saylı x5 MMC kimi qeydiyyata alınmışdır. MMC-nin əvvəlki qanuni təmsilçisi Məmmədov İskəndər Rövşən oğlu olmuş, hazırkı qanuni təmsilçi isə x2r. İddiaçı ilə cavabdeh təşkilat arasında 2016-cı ildə kənd təsərrüfatı texnikalarının alqı-satqısı aparılmışdır. Həmin vaxt İskəndər Məmmədov MMC-nin qanuni təmsilçilik funksiyalarına malik direktoru vəzifəsində işləmiş, həmin vəzifədən 05 fevral 2019-cu il tarixdə azad olunmuşdur. Göründüyü kimi texnikaların alqı-satqısı aparılan zaman MMC-nin direktoru İskəndər Məmmədov olmuş, hazırda MMC ləğv olunmamış və fəaliyyət göstərir. MMC-nin direktorunun vəzifədən azad olunması həmin MMC tərəfindən aparılmış alqı-satqı üzrə borcların ödənilməsi öhdəliyindən cavabdehi azad etmir. Məhkəmə şərh olunanları və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara alır ki, iddia tələbi 8500 manat əsas borc tələbinə dair hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehin iddiaçıdan 2016-cı ildə 1 ədəd 7500 manat dəyərində səpin aqreqatı və 1 ədəd 1000 manat dəyərində kanal açan kənd təsərrüfatı texnikalarını alaraq pulunu vaxtında ödəmədiyindən iddiaçı 8000 manat əldən çıxmış fayda tələb etsə də, məhkəmə həmin texnikaların xarici valyuta ilə alınaraq ölkəyə gətirildiyini və ötən müddət ərzində dolların kursunun 1,05 manatdan 1,70 manata qalxdığını, texnikalarını pulunu vaxtında almadığından əldə edəcəyi gəlirlərin əldən çıxdığını və qeyd olunan hüquq normalarının tələblərini nəzərə alaraq iddia tələbinin həmin hissədə qismən - 2000 manat məbləğində təmin edilməsi əsaslıdır. Məhkəmə iddia tələbinin 500 manat məbləğində maddi ziyan hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı həmin tələbinə dair məhkəməyə əsaslı sübutlar təqdim etməsə də pulunu almaq məqsədi ilə yaşadığı Bakı şəhərindən bir neçə dəfə İsmayıllı rayonun İvanovka kəndinə gəlib getməsi, iddia ərizəsinin hazırlanması və məhkəmə iclaslarına gəlib-getməsi üçün 200 manat məbləğində pul xərcləməsi ağlabatandır. Ona görə də məhkəmə qərara alır ki, iddia tələbi həmin hissədə qismən - 200 manat miqdarında təmin olunması qanunamüvafiqdir. Məhkəmə iddia tələbinin cavabdehdən 2000 manat mənəvi zərər tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində ona 2000 manat mənəvi zərər dəydiyini qeyd etsə də həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iddiaçı mənəvi zərərin nədə ifadə olunduğunu və ona hansı qaydada ziyan dəydiyini, bununla bağlı cavabdeh tərəfindən törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin konkret olaraq nədən ibarət olduğunu hər hansı sübutla izah edə bilməmişdir. Ona görə də məhkəmə qərara alır ki, iddianın mənəvi zərər tələbinə dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 8500 manat əsas borc, 2000 manat əldən çıxmış fayda, 200 manat maddi ziyan və 30 manat dövlət rüsumu – cəmi 10730 (on min yeddi yüz otuz) manat məbləği alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar