Məhkəmə qərarları › İş №2(037)-422/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-422/2024

15.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-422/2024 15.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki işə 15 may 2024cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 7371.30 manat kredit borcu, əlavə 5 faiz hesablanmaqla 368 manat pul,2000 manat əldən çıxmış fayda, 5000 manat mənəvi zərər və 134.22 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 14.873.52 manat pul məbləğinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun həmkəndlisidir. Uşaqlıqdan bir-birlərini yaxından tanımışlar.O,Bakı şəhərində yaşamaqla orada işləyir. Cavabdeh də Bakı şəhərində yaşayaraq orada kiçik ticarətlə məşğul olur. Əvvəllər də cavabdehə yoldaşlıqları xatirinə xırda məbləğlərdə pul verərək köməklik etmişdir.Cavabdeh bir gün ondan 10.000 manat borca pul verməyini xahiş etmişdir.O,cavabdehə hal-hazırda maddi imkanı olmadığını bildirsə də,çoxsaylı müraciət və xahişindən sonra necə oldusa cavabdeh üçün kreditə girməyi,bankdan aldığı pulu ona verməyini və o bank kreditini qrafik üzrə davamlı, gecikməyə yol verməmək şərti ilə ödəyəcəyinə onu ikna etmişdir. O, 19 yanvar 2023-cü il tarixdə "Bank of Baku”-dan sonda 7,371.30 manat olmaqla 5000 manat kredit götürərək cavabdehə vermişdir.Bundan sonra cavabdeh hər ay borcunu banka ödəməkdənsə, ona ancaq müxtəlif bəhanələr gətirməklə bu günə qədər onu onun yerinə hər ay kredit ödəməyə məruz qoymuşdur. 4 yanvar 2024-cü il tarixdə yenidən cavabdehlə telefonla əlaqə saxlayıb onunla görüşmək istədiyini bildirəndə, csavabdeh ona hədə-qorxu gəlmək üçün iki avtomobili yan-yana saxladıb özü də sürücüsüz avtomobilin arxa oturacağında oturub onu avtomobilin içinə salmaq istəyərkən DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Bu barədə Nəsimi Rayon Polis İdarəsinin 19-cu PŞ-də araşdırma getmişdir.Durduğu yerdə 7371.30 manat məbləğində ziyana düşmüşdür. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh ona yuxarıda qeyd etdiyi maddi ziyan vurmuş, əsassız varlanmışdır.Pulun qaytarılması ilə əlaqədar cavabdehə xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, vəsaitin qaytarılmasından imtina edilmişdir. Bu səbəblərdən məhkəməyə pul tələbi ilə bağlı iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir.Hesab edir ki,cavabdeh 7371.30 manat borca görə əlavə 5% hesablanmaqla, 368 manat məbləğində vəsaiti, habelə əldən çıxmış faydanı şəxsən ödəməlidir. Çünki, borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Cavabdeh onu aldadaraq bu günə kimi müxtəlif bəhanələrlə pulunu qaytarmır. Tərəfindən iddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum,digər xərclər cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından bu pulu da cavabdeh ödəməlidir. Dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlamış, hər dəfə onun yalanlarını dinləmişdir. Bundan əlavə cavabdehin qanunazidd hərəkətləri əsəblərinə toxunmuş,onun qanunsuz hərəkətləri nəticəsində əsəb, sarsıntı və iztirab keçirmişdir. Bu səbəbdən hesab edir ki, ona 5000 manat mənəvi zərər də dəymişdir və cavabdeh bu zərəri qarşılamalıdır. Bunu tələb etməyə Azərbaycan Respublikası Konstitusiyasının 26,29-cu, Mülki Məcəllənin 17,18,21-ci və 1097.1-ci maddələrinə əsasən səlahiyyəti vardır.Eləcə də belə işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da iddianın təmin edilməsinə əsas verən rəhbər izah var. Cavabdehin xeyli müddət onun əsəbləri ilə oynamağı,narahatlıq yaratması, pulu müxtəlif bəhanələrlə qaytarmamsı,onu dövlət orqanlarının qapısını döyməyə təhrik etməsi kimi hallar nəzərə alınmalıdır. O, cavabdehdən 7371.30 manat kredit borcu, əlavə 5 faiz hesablanmaqla 368 manat pul, 2000 manat əldən çıxmış fayda, 5000 manat mənəvi zərər və 134.22 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 14.873.52 manat pul məbləğinin tutularaq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin istehlak kreditləri bölməsinin 19 yanvar 2023-cü il tarixli, ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC tərəfindən İddiaçı illik 23% dərəcəsi ilə 36 ay müddətinə 5000 manat məbləğində nağd kredit verilmiş, İddiaçı illik 23% dərəcəsi ilə 36 ay müddətinə 5000 manat əsas və 1970.87 manat faiz olmaqla, ümumilikdə 6970.87 manat borc məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx"ASC-nin istehlak kreditləri bölməsinin xx.xx.2024-cü il tarixli,İddiaçı məxsus AZ75JBBK3801000CP8274510A89C nömrəli hesab nömrəsindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan çıxarış məlumatından görünür ki, "xxxx" ASC-nin istehlak kreditləri bölməsi tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdə 5000 manat məbləğində kredit ayrılmış, həmin kredit məbləği üzrə xx.xx.2023-cü il tarixdə 99.20 manat, xx.xx.2023-cü il tarixdə 95.04 manat, xx.xx.2023-cü il tarixdə 160.17 manat, xx.xx.2023-cü il tarixdə 78.88 manat, xx.xx.2023-cü il tarixdə 79.98 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 176.34 manat, xx.xx.2023-cü il tarixdə 3.66 manat və xx.xx.2024-cü il tarixdə 63.44 manat olmaqla, ümumilikdə 956.71 manat məbləğində kredit borcuna görə faiz borcu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər Baş Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-51-1/2-5533/24 nömrəli Bakı şəhər sakini İddiaçı müraciəti üzrə toplanmış materialın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsində Bakı şəhər sakini Cavabdeh izahatı alınmış, Cavabdeh şəxsən imza edərək imza etdiyi izahatında İddiaçılə aralarında tanışlıq münasibətləri olduğunu, 2022-ci ildə Arzunun adına kredit götürdüyünü, həmin krediti tam bağladıqdan sonra 2023-cü ildə Arzunun adına yenidən 5000 manat məbləğində kredit götürdüyünü, kreditin 4 ayını ödədiyini, lakin sonradan işdən çıxdığı üçün krediti ödəyə bilmədiyini, bu barədə Arzuya məlumat verdiyini, krediti ödəyəcəyi barədə bir neçə dəfə Arzuya vəd versə də, ailəsində olan maddi sıxıntılarla əlaqədar olaraq vədinə əməl edə bilmədiyini qeyd etmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı,yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə hesab edir ki,cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə 5000 manat pulun verildiyi cavabdehin Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində verdiyi izahatı və "xxxx" ASC-nin 27 yanvar 2024-cü il tarixli hesabından çıxarış sənədi ilə sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş maddi ziyan məbləğinə dair hissədə qismən 5000 manat kredit borcu və 956.71 manat kredit borcuna görə ödənilən faiz borcu “Bank of Baku“ ASC-nin 27 yanvar 2024-cü il tarixli hesabdan çıxarış sənədində qeyd olunan həddə təmin edilməli, cavabdehdən 5000 manat kredit borcu və 956.71 manat kredit borcuna görə ödənilən faiz borcu məbləği tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC tərəfindən iddiaçıya illik 23% dərəcəsi ilə 36 ay müddətinə 5000 manat məbləğində nağd kredit verilmiş,sonuncu illik 23% dərəcəsi ilə 36 ay müddətinə 5000 manat əsas və 1970.87 manat faiz olmaqla, ümumilikdə 6970.87 manat borc məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bankdan götürdüyü 5000 manat məbləğində krediti cavabdehə vermişdir.Cavabdeh iddiaçıdan 5000 manat məbləğində pul almasını polis şöbəsində verdiyi izahatında qeyd etmişdir. Cavabdeh aldığı pulun kreditini ödəmədiyindən, iddiaçı krediti xx.xx.2024-cü il tarixədək özü ödəmişdir. İddiaçı öz adına götürüb cavabdehə verdiyi 5000 manat kreditə görə “Bank of Baku“ASC-yə xx.xx.2023-cü il tarixdə 99.20 manat, xx.xx.2023-cü il tarixdə 95.04 manat, xx.xx.2023-cü il tarixdə 160.17 manat, xx.xx.2023-cü il tarixdə 78.88 manat, xx.xx.2023-cü il tarixdə 79.98 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 176.34 manat, xx.xx.2023-cü il tarixdə 3.66 manat və xx.xx.2024-cü il tarixdə 63.44 manat olmaqla, ümumilikdə 956.71 manat məbləğində faiz borcu ödəmişdir.Cavabdeh iddiaçıdan 5000 manat pul alsa da, həmin pulu və ona hesablanmış faiz borcunu hazırkı vaxtadək sonuncuya ödəməmişdir. Məhkəmə iddia tələbinin 7371.30 manat borca görə əlavə 5 faiz hesablanmaqla 368 manat pul və 2000 manat əldən çıxmış fayda məbləğinin tələb edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən 7371.30 manat borca görə əlavə 5 faiz hesablanmaqla 368 manat pul və 2000 manat əldən çıxmış fayda məbləğini tələb etsə də, həmin məbləğlərin cavabdehdən tələb edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir, eyni zamanda həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Eyni zamanda iddiaçının kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək etdiyi ödənişlər hesablanmış fazilər də daxil olmaqla həyata keçirilmişdir. Belə olan təqdirdə iddiaçının cavabdehdən əldən çıxmış fayda və əlavə 5 faiz tələb etməsi əsaslı deyildir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O,öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil,yalnız hüquqi əhəmiyyət daşıyan,yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil,sübutedici məlumatların,yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir.Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir.Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini,sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar;prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs,o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Bununla yanaşı, məhkəmə, iddianın vurulmuş mənəvi ziyana görə 5000 manat miqdarında pul tələb etməsi hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı məhkəmə iclasında ilk növbədə cavabdehin hərəkətlərinin hüquqa zidd olmasını, həmin hüquqa zidd hərəkətlər nəticəsində sarsıntı keçirməsini və həmin sarsıntının onun şüurunda mənfi psixi reaksiyanın yaranmasına səbəb olmasını,habelə həmin hüquqa zidd hərəkətlər nəticəsində sağlamlığının pozulmasına səbəb olan iztirab keçirməsini və fiziki əzab çəkməsini, eləcə də həmin halların baş verməsi ilə cavabdehin təqsirli hərəkətləri arasında birbaşa səbəbli əlaqə olmasını inandırıcı dəlillərlə sübuta yetirə bilməmişdi. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq tərəflərə aid edilməli,iddia qismən təmin edildiyindən hazırkı iddia üzrə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 134.22 manat dövlət rüsumu məbləğinin 79.60 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 54.62 manatı isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: “ İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5000 manat kredit borcu və 956.71 manat kredit borcuna görə ödənilən faiz borcu və 79.60 manat dövlət rüsumu olmaqla, cəmi 6036.31 (altı min otuz altı manat otuz bir qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. “ Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar