Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-448/2020 15.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Babayev Hı̇kmət Allahverdı̇ oğlunun Cavabdeh Mühı̇bbət oğluna qarşı borc pul tələbinə dair mülki işə 15 iyul 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Babayev Hı̇kmət Allahverdı̇ oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Mühı̇bbət oğlundan (bundan sonra cavabdeh) 885 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 915 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh qonşusudur. 2018-ci ilin iyul ayında cavabdeh ona müraciət edərək 750 manat borc pul istəmişdir. Ona pulunun olmadığını, lakin pul lazım olanda başqa şəxsdən aylıq 10 faiz olmaqla pul borc aldığını bildirmişdir. Cavabdeh həmin şəxsdən 750 manat borc alıb verməyini xahiş etmişdir. Cavabdeh borcun 75 manat faiz hissəni ödəməsi üçün əmək haqqı kartını ona vermişdir. Cavabdehin əvvəlcədən ona 250 manat borcu olmuş və həmin pudan 250 manat özünə götürməsini bildirmişdir. O öz adına 750 manat faizə pul götürmüş və cavabdehə 500 manat pul vermişdir. Bir ay tamam olduqdan sonra kartdan pul çıxartmaq istəyəndə kartda heç bir pul olmadığını görmüş və cavabdehə bildirdikdə ikinci ay kartda pul olacağını demişdir. İkinci ayın tamamında cavabdehin işdən çıxması və kartının bağlanması ona məlum olmuşdur. O, hər ayı 75 manat olmaqla, 150 manat iki ayın pulunu borc aldığı şəxsə ödəmişdir. O, cavabdehin borcu qaytarmayacağını görərək kredit götürüb borcu tam bağlamış və həmin kreditə görə 65 manat faiz ödəmişdir. Cavabdehə verdiyi borc və borcun ödənilməsi üçün çəkdiyi xərc 965 manat təşkil edir. Bundan sonra cavabdeh ona cəmi 80 manat pul ödəmiş və 885 manat borcu qalmışdır. Cavabdehdən 885 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 915 manat məbləğinin alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, 2018-ci ilin iyul ayında küçədə fikirli halda dayandığı zaman iddiaçı ona yaxınlaşıb nə üçün fikirli olduğunu soruşduqda işlədiyi şirkətin maşınını başqa maşına vurduğunu bildirmişdir. İddiaçı ona pula ehtiyacı olduğunu soruşduqda 500 manat pula ehtiyacı olduğunu bildirmişdir. İddiaçı ona 500 manat pul vermişdir. O, həmin borcdan 80 manat pul qaytarmış və iki aya yaxın müddətdən sonra işdən çıxdığından qalan borcu ödəyə bilməmişdir. O, qalan borcu qaytara bilmədiyindən aralarında narazıçılıq olmuşdur. İddiaçı faizə pul verdiyini və 250 manat borcu olduğunu ona sonradan demişdir. İddiaçıya 250 manat borcu olmamış və ondan faizə pul almamışdır. Onun iddiaçıya 420 manat borcu var. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia tələbində 885 manat borc məbləğinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək 420 manat borcu olduğunu bildirir. Cavabdehin izahatına əsaslanaraq məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməli, 420 manat məbləğində borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul ediməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinəəsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə ödənilmiş tələbin məbləği 500 manatdan az olduğundan məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumundan 20 manat iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Mühı̇bbət oğlundan 420 (dörd yüz iyirmi) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu – cəmi 440 (dörd yüz qırx) manat məbləği alınaraq iddiaçı Babayev Hı̇kmət Allahverdı̇ oğluna ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-448/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-448/2020
15.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver