Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-468/2020 28.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı cavabdeh oğluna qarşı pul tələbinə dair mülki işə xx xxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək oğlundan (bundan sonra cavabdeh) 1000 manat real borc, 3000 manat əldən çıxmış fayda, 31 manat dövlət rüsumu və sənədlərin tərtibi üçün 57 manat, cəmi 4088 (dörd min səksən səkkiz) manat məbləğin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o baytarlıq aptekində əczaçı işləyir, cavabdehi qəssablıqla məşğul olan şəxs kimi tanımışdır. Onun özünəməxsus 20 baş qoyunu olmuşdur. Heyvanlarını Topçu kəndindən olan yaxın bir tanışı saxlamışdır. Sonradan həmin şəxs heyvanları saxlaya bilmədiyini bildirmiş və ona görə də heyvanların hamsını birlikdə satmaq qərarına gəlmişdir. Cavabdeh 20 baş qoyunu alacağını, pulunu 15 gün ərzində ödəyəcəyini bildirmişdir. O, cavabdehlə 20 baş qoyunu 2500 manata satmağa razılaşmış və cavabdehə inanaraq qoyunları satmışdır. Cavabdeh 2500 manat borcundan 1000 manatı vermiş, qalan 1500 manatı da az bir müddət ərzində qaytaracağını bildirmişdir. O, dəfələrlə cavabdehdən borcu qaytarmasını tələb etsə də cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. 2020-ci ilin yanvar ayında cavabdeh 1500 manat borcundan 500 manatı qaytarmış, lakin hələ də 1000 manat borcu verməmişdir. Cavabdeh ona pulu ödəsəydi, o əlavə heyvan alıb saxlayaraq sata bilər, ya da həmin puldan başqa sahədə istifadə edərək kifayət qədər gəlir əldə edə bilərdi. Cavabdehin təqsiri üzündən o, mülki dövriyyədən əldə edəcəyi 3000 manat gəlirdən məhrum olmuşdur. O, cavabdehdən 1000 manat real borc, 3000 manat əldən çıxmış fayda, 31 manat dövlət rüsumu və sənədlərin tərtibi üçün 57 manat, cəmi 4088 (dörd min səksən səkkiz) manat məbləğin alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, qəssab işləyir. 2019-cu ilin noyabr ayında iddiaçıdan bir başı 180 manat olmaqla 720 manata dörd baş balalı qoyun, 200 manata bir baş qoç, bir başı 140 manata olmaqla 560 manata dörd baş toğlu, 490 manata altı baş qoca qoyun, 50 manata bir baş kolpasalıq qoyun, cəmi 2020 manata 20 baş qoyun almışdır. Onlar əvvəlcə qoyunların qiymətini 2500 manata razılaşmış, sonra say-hesabda uyğunluq olmadığından qoyunların qiymətini 2020 manat müəyyən etmişlər. O, 2020 manat borcundan 1525 manatı iddiaçıya qaytarmış, 495 manat borcu qalmışdır. Tətbiq edilmiş karantin rejimi ilə əlaqədar işləri zəifləmiş, borcu qaytarmağa imkanı olmamışdır. O, iddiaçıya olan borcunu qaytarmağa razıdır və həmin borcu yaxın vaxtlarda iddiaçıya ödəyəcək. İddiaçı tərəfindən tələb edilən real borc və əldən çıxmış faydanın miqdarı isə çox yüksəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid1 bildirdi ki, cavabdehlə əvvəldən yaxın münasibəti olmuşdur. Cavabdeh ona iddiaçının qoyun satdığını bildirmiş və qoyunları gətirmək üçün onunla birlikdə getməsini xahiş etmişdir. O, cavabdeh ilə qoyunları almağa getmişdir. İddiaçı və cavabdeh 20 baş qoyunu 2020 manata satmaq barədə razılığa gəlmişlər. Şahid2 bildirdi ki, əvvəllər iddiaçıya məxsus 20 baş qoyunu öz qoyunları ilə birlikdə saxlamışdır. Sonradan iddiaçı 20 baş qoyunu cavabdehə satmışdır. İddiaçının satdığı 20 baş qoyundan dördü quzu, biri erkək qoç, biri qoca qoyun, iki baş bir yaşa yaxın qoyun, qalanları qoyunlar idi. O, orada iddiaçı ilə cavabdehin 20 baş qoyunu 2520 manata satmaq barədə razılığa gəldiklərini eşitmişdir. Sonra heyvanları maşınlara yerləşdirmək üçün həmin yerdən uzaqlaşmış, heyvanların qiymətinin aşağı salınması ilə bağlı heç nə eşitməmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə özünəməxsus 20 baş qoyunu 2500 manata satdığını, cavabdehin həmin puldan 1500 manatı qaytardığını, qalan borcu isə cavabdehdən tələb etməsinə baxmayaraq qaytarmadığını, bununla da cavabdehin onu 3000 manat gəlirdən məhrum etdiyini bildirir və 1000 manat real borc, 3000 manat əldən çıxmış fayda, məhkəməyə müraciət etmək üçün 31 manat dövlət rüsumu və sənədlərin tərtibi üçün 57 manat, cəmi 4088 (dörd min səksən səkkiz) manat məbləğin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 329.4-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəflərin izahatlarına, şahidlərin ifadələrinə və işin faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, Şahid1 cavabdehlə əvvəldən yaxın münasibətləri olduğundan cavabdehin vəziyyətini yaxşılaşdırmaq üçün iddiaçı tərəfindən cavabdehə qoyunların 2020 manata satılmasını təsdiq edən ifadə vermişdir. Məhkəmə həmçinin alqı-satqı zamanı qoyunların qiymətinin say-hesabda səhvlə əlaqədar tərəflər arasında olan razılığa əsasən 25xx xxxxxxxx 2020 manata qədər aşağı salınması ağlabatan hesab etmir. Ona görə də qoyunların 2500 manata satılması faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən, cavabdeh borcundan 1500 manatı iddiaçıya qaytardığını etiraf etdiyindən, iddia tələbi 1000 manat məbləğində real borcun cavabdehdən alınması hissəsində təmin edilməlidir. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehin iddiaçıdan 2019-cu ildə 20 baş qoyunu alaraq pulunu vaxtında ödəmədiyindən iddiaçı 3000 manat əldən çıxmış fayda tələb etsə də, məhkəmə bir baş qoyunun hazırki bazar qiymətini, iddiaçının qoyunların pulunu vaxtında almadığından əldə edəcəyi gəlirlərini nəzərə alaraq iddia tələbinin həmin hissədə qismən - 300 manat məbləğində təmin edilməsini ağlabatan hesab edir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi 3000 manat əldən çıxmış fayda hissəsində qismən - 300 manat məbləğində təmin edilməlidir. Məhkəmə iddia tələbinin sənədlərin tərtibi üçün ödənilmiş 57 manat hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən sənədlərin tərtibi üçün 57 manat məbləğin ödənilməsini təsdiq edən hər hansı rəsmi sənəd məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə və iş materiallarına əlavə edilmiş rüsum qəbzinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi 1000 manat real borc və 300 manat əldən çıxmış fayda, cəmi 1300 manat məbləğin cavabdehdən alınması hissəsində təmin edildiyindən 31 manat dövlət rüsumu məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində qismən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilən 30,40 manat hissədə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan 1000 manat real borc, 300 manat əldən çıxmış fayda və 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 1330 (bir min üç yüz otuz) manat 40 (qırx) qəpik məbləğ alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-468/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-468/2020
28.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver