Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-489/2020 21.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Əsgərov Etı̇ bar Fərhad oğlunun Cavabdeḣ Çı̇ ngı̇ z oğluna qarşı pul tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Əsgərov Etı̇ bar Fərhad oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeḣ Çı̇ ngı̇ z oğlundan (bundan sonra cavabdeh) 3000 (üç min) manat pul məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iştirak etdiyi məhkəmə prosesində iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, Ağdam rayonundan məcburi köçkündür və ikinci dərəcəli əlildir. Cavabdehlə birlikdə 8-ci kilometr bazarında işləmişdir. Cavabdeh xx xxx 2019-cu il tarixdə ondan 3000 manat borc pul almış və qısa müddət ərzində borcu qaytaracağını bildirmişdir. O, xeyli müddət keçdikdən sonra cavabdehdən borcu tələb etdikdə cavabdeh pulu qaytarmamış və iş yeri olan Diqlas ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar işləmədiyini əsas gətirərək yenidən pulu yaxın zamanda qaytaracağını demişdir. 2020-ci ilin mart ayının sonlarında o, cavabdehdən pulu təkrarən tələb etmiş, cavabdeh ölkə ərazisində koronovirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar işləmədiyini bildirmiş və borcu qaytarması üçün əlavə vaxt verməsini ondan xahiş etmişdir. Beləliklə cavabdeh dəfələrlə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. O, cavabdehdən 3000 (üç min) manat pul məbləğinin alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyətinə münasibət bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzrsüz hesab edərək məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş yazılı iltizamdan görünür ki, cavabdeh xx xxx 2019cu il tarixdə iddiaçıdan 3000 manat pul aldığını, xx xxxxxx 2019-cu il tarixdə geri qaytaracağını öhdəsinə götürdüyünü qeyd etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı cavabdehə 3000 manat borc pul vermiş və borcun qaytarılması ilə əlaqədar cavabdehdən yazılı formada iltizam almışdır. Ona görə də tərəflər arasında olan mübahisəni həll etmək üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə dair müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının cavabdehə 3000 manat pulu verməsi faktı məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə qərara gəlir ki, cavabdehdən 3000 (üç min) manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsinə dair iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeḣ Çı̇ ngı̇ z oğlundan 3000 (üç min) manat pul vəsaiti alınaraq iddiaçı Əsgərov Etı̇ bar Fərhad oğluna ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-489/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-489/2020
21.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver