Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-50/2021 15.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Əzı̇ zov Kamı̇ l Xeyrulla oğlunun cavabdeh Həşı̇ mli Əbülfəz Çı̇ ngı̇ z oğluna qarşı pul tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Əzı̇ zov Kamı̇ l Xeyrulla oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Həşı̇ mli Əbülfəz Çı̇ ngı̇ z oğlundan (bundan sonra cavabdeh) 1000 manat əsas borc, 80 manat hüquqi yardıma görə ödənilən məbləğ və 30,40 manat dövlət rüsumu, cəmi 1110,4 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, İsmayıllı rayonun Talıstan kəndində yaşayır. Həyətyanı torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal edir və fərdi təsərrüfatında iribuynuzlu heyvan saxlayır. O, 2020-ci ilin ortalarında iribuynuzlu heyvan almaq istəyərkən həmkəndlisi X2 ona Qaraqaya kəndindən olan qəssab kimi tanınan cavabdehin iribuynuzlu heyvan satdığını bildirmişdir. Daha sonra oğlu Xəyal ilə birlikdə cavabdehin yaşadığı evə getmişdir. Cavabdeh ona yanında balası olan iki baş iribuynuzlu heyvanı göstərmiş, heyvanlardan birini 1300 manat, digərini isə 1200 manata satdığını bildirmiş və həmin heyvanları ona satmışdır. O da cavabdehə 370 manat dəyərində bir baş inək və hər biri 600 manat olmaqla 1200 manat dəyərində iki baş düyə satmaq barədə razılığa gəlmişdir. O aldığı iribuynuzlu heyvanların dəyəri olaraq 2500 manatdan özünün cavabdehə satdığı iribuynuzlu heyvanların dəyəri olan 1570 manatı çıxdıqdan sonra qalan 930 manatı nağd olaraq cavabdehə vermişdir. Həmin vaxt cavabdehə aldığı iribuynuzlu heyvanlardan xoşu gəlməsə qaytaracağını və cavabdehin də pulu dərhal ona ödəyəcəyini bildirmişdir. Sonra o, aldığı iribuynuzlu heyvanların xəstə olduğunu görərək cavabdehlə əlaqə saxlayıb inəkləri cavabdehə qaytarmışdır. Cavabdeh isə pulu qaytarmağa imkanı olmadığını, ən çoxu iki həftəyə pulu ona verəcəyini bildirmişdir. İki həftədən sonra cavabdehlə yenidən əlaqə saxlamış, cavabdeh əvvəlcə bir baş inəyin pulu olaraq 1200 manatı ona qaytarmış, 20 gün sonra isə 300 manatı verib yaxın günlərdə 1000 manatı da qaytaracağını bildirmişdir. O daha sonra təkrar cavabdehlə əlaqə saxlamasına baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək pulu ona qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. O, cavabdehdən 1000 manat əsas borc, 80 manat hüquqi yardıma görə ödənilən məbləğ və 30,40 manat dövlət rüsumu, cəmi 1110,4 manat pulun alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyətinə münasibət bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Cavabdeh həmçinin 050 426 56 39 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzrsüz hesab edərək məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) X1 bildirdi ki, iddiaçı onun atasıdır. Cavabdeh iddiaçıya 2500 manat dəyərində iribuynuzlu heyvan satmışdır. Heyvanlar xəstə olduğuna görə iddiaçı həmin heyvanları cavabdehə qaytarmışdır. Cavabdeh isə heyvanların dəyəri olan 2500 manat puldan 1500 manatı iddiaçıya qaytarmış, 1000 manat borcu qalmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə iki baş iribuynuzlu heyvana görə 2500 manat verildiyi, daha sonra iddiaçı tərəfindən iribuynuzlu heyvanların cavabdehə qaytarıldığına görə cavabdeh tərəfindən heyvanların dəyəri olan 25xx xxxxxxxx 1500 manat pulun iddiaçıya qaytarıldığı və 1000 manat isə borclu qaldığını bildirsə də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Əzı̇ zov Kamı̇ l Xeyrulla oğlunun cavabdeh Həşı̇ mli Əbülfəz Çı̇ ngı̇ z oğluna qarşı pul tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-50/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-50/2021
15.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver