Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-544/2023 02.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə 02 avqust 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun icarəsində olan İsmayıllı rayonu Qalacıq bələdiyyəsinin mülkiyyətində olmaqla “Elabad” ərazisində yerləşən torpaq sahəsinin qanunsuz əkilməsinə görə ona dəymiş ziyan olaraq 7200 manat pulun və ödənilmiş 92 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 31 avqust 2018-ci il tarixdə İsmayıllı rayonu Qalacıq bələdiyyəsinin ümumi istifadədə olmaqla “Elabad” ərazisində yerləşən 3 hektar torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə götürmüş,onunla Qalacıq bələdiyyəsi arasında 31 avqust 2018-ci il tarixdən 31 avqust 2023-cü il tarixədək qüvvədə olan 27 nömrəli “Torpağın icarə müqaviləsi” bağlanmış və həmin tarixdən etibarən hər il müqavilə şərtlərində nəzərdə tutulmuş qaydada icarə haqqını ödəməklə torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə başlamışdır.Hazırkı vaxtadək Qalacıq bələdiyyəsi ilə aralarında hər hansı bir narazılıq olmamış və icarə müqaviləsinin tələblərinə zidd olan hansısa bir hərəkətə yol verməmişdir. Təxminən 2022-ci ilin noyabr ayında həmin yerə gedərək taxıl əkini üçün yeri şumlamaq istədikdə həmin yerin 2 hektarının kiminsə tərəfindən şumlandığını görmüş, araşdırdıqda həmin yeri şumlamış şəxsin həmkəndlisi X2 olduğu məlum olmuşdur. Onunla fərdi qaydada söhbət etmiş, yerin onun icarəsində olmasını təsdiq edən sənədlərlə onu tanış etmiş və torpaq sahəsinin boşaldılmasını tələb etmişdir.Cavabdeh isə ora artıq toxum səpdiyini deyərək oranı boşaltmayacağını bildirmişdir.Cavabdehə dəfələrlə etdiyi xahişlərə baxmayaraq sonuncu oradan çıxmayacağını bildirmişdir. Bu barədə birinci növbədə İsmayıllı rayonu Qalacıq bələdiyyəsinin sədri Cavabdeh1 müraciət etmiş,bələdiyyə sədri yerin 2-ci Qarabağ qazisi tərəfindən əkildiyini bildirərək ona ayrı bir yerdən yer verəcəyini bildirdikdə, o həmin yerin əkin üçün yararlı hala gətirməyə görə əziyyət çəkdiyini bildirərək öz yerini tələb etmişdir.Bələdiyyə sədri tez bir zamanda problemi həll edəcəyinə söz versə də bu məsələnin müsbət həlli istiqamətində heç bir əməli iş görməmiş və o hər il əkdiyi icarə torpağının başqası tərəfindən zəbt edilməsi nəticəsində oradan əldə edəcəyi gəlirdən məhrum olunmuşdur. İcarəsində olan torpaq sahəsindən hər il orta hesabla 4-4.5 ton taxıl götürür. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o həmin gəlirindən məhrum olmuşdur. Hesab edir ki,torpaq icarəçisi olaraq hüquqlarının məhdudlaşdırılması və fiziki şəxslərin fəaliyyəti nəticəsində ona dəymiş zərər 3 hektardan hər hektardan orta hesabla 4 (dörd) ton olmaqla əldə edəcəyi 12 (on iki) ton buğdanın real bazar dəyəri olaraq (1 kq buğdanın qiyməti 0,60 qəpikdən olmaqla) 7.200 (yedi min iki yüz) manatdır. Odur ki, o həmin zərəri cavabdehlərdən tələb edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki,o Qalacıq bələdiyyəsinin sədri vəzifəsində işləyir.Qalacıq bələdiyyəsinə mülkiyyət hüququ ilə məxsus İsmayıllı rayonu,Elabad kəndində yerləşən 3 hektar torpaq sahəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı icarəyə verilmiş və sonuncu tərəfindən orada buğda əkilərək gəlir əldə olunmuşdur. Bundan başqa Vətən müharibəsi iştirakçılarına dəstək məqsədi ilə bələdiyyə ərazisində olan torpaqlar icarəyə verilmiş və Cahangirin icarəsinə verilən torpaq sahəsinin koordinatları dəqiq olaraq ona göstərilsə də İddiaçı icarəsinə verilən torpaq sahəsinə hazırkı cavabdeh olan Cavabdeh2 tərəfindən yalnışlıqla buğda əkilmişdir.İddiaçı bələdiyyə sədri kimi ona müraciət etdikdə həmin sahənin Cahangirə verilmədiyi,ona başqa ərazidən torpaq sahəsi verildiyi,koordinatlarının isə konkret olaraq göstərildiyini,lakin Cahangirin səhv olaraq onun icarəsində olan torpaq sahəsində buğda əkdiyi bildirilmiş və bu yalnışlığa görə ona zərəri Cahangir tərəfindən ödəniləcəyi bildirilsə də o bununla razılaşmamış,onun barəsində müxtəlif dövlət orqanlarına və nəticədə məhkəməyə müraciət edərək, bu məsələdə onun əli olduğunu bildirmişdir. Bir daha bildirmək istəyir ki, o iddiaçının istifadəsində olan torpaq sahəsini heç kimə icarəyə verməmişdir. Ona görə də ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında digər Cavabdeh2 iddianı qismən qəbul edərək göstərdi ki,o 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Maddi imkanı zəif olduğundan Qalacıq bələdiyyəsinə müraciət edərək ona buğda əkmək üçün icarəyə torpaq sahəsi verilməsini xahiş etmiş,bələdiyyə də onun xahişini yerinə yetirərək ona 3 ha torpaq sahəsi icarəyə vermişdir.Lakin torpaq sahəsinin yerləşdiyi yeri düz müəyyən etmədiyindən yalnışlıqla İddiaçı icarəsinə verilən torpaq sahəsində buğda əkmişdir. Bildirmək istəyir ki, o həmin torpaq sahəsində əldə edəcəyi buğdanı ona verməyə hazırdır. Ona görə də ədalətli qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 31 avqust 2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Qalacıq bələdiyyəsinə mülkiyyət hüququ ilə məxsus İsmayıllı rayonu Elabad kəndində yerləşən 3 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2023cü il tarixədək İddiaçı icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon İstisu kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 107 saylı arayışdan görünür ki, Əmirov X1 rayonu Elabad kəndində Qalacıq bələdiyyəsi tərəfindən verilmiş 3 ha torpaq sahəsində buğda əkir və əkilmiş hər hektardan orta hesabla 4 tona yaxın məhsul əldə edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X5 Mərkəzi tərəfindən verilmiş,xx.xx.2023-cü il tarixli,3-22-3-31/2-31/2023 saylı rəydən görünür ki,İddiaçı X3 İnformasiya Sistemində ancaq 0,5309 ha torpaq sahəsində buğda əkininə dair məlumat mövcuddur. 2023-cü ildə rayon üzrə buğdanın orta məhsuldarlığı-30.50 sentner,arpanın isə orta məhsuldarlığı-29.60 sentner təşkil edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X5 Mərkəzi tərəfindən verilmiş,xx.xx.2023-cü il tarixli,79 saylı rəydən görünür ki,hal-hazırda rayon üzrə buğdanın pərakəndə orta satış qiyməti 0.33 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir:zərərin mövcud olması,zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması,zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması,zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi,hazırda iddiaçıya Cavabdeh2 tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 3 ha x 30.50 sentner = 9.150 kq x 0.33 manat = 3019.5 manat pul alınaraq İddiaçı ödənilməlidir. Araşdırma zamanı müəyyən edildi ki, Qalacıq bələdiyyəsinə mülkiyyət hüququ ilə məxsus İsmayıllı rayonu Elabad kəndində yerləşən 3 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı icarəyə verilmiş, Cavabdeh2 həmin torpaq sahəsinin bələdiyyə tərəfindən onun icarəsinə verildiyini zənn edərək orada buğda əkmişdir. Məhkəmə iddia tələbinin digər cavabeh Cavabdeh1 münasibətdə qeyd edir ki, Cavabdeh1 bələdiyyə sədri işləməklə bələdiyyənin mülkiyyətində olan torpaq sahələrini müxtəlif şəxslərə o,cümlədən hazırkı tələb üzrə cavabdehə icarəyə vermiş,cavabdeh isə ona verilmiş həmin sahədə deyil,hazırki tələb üzrə iddiaçının istifadəsində olan torpaq sahəsində buğda əkmişdir.Belə olan təqdirdə Cavabdeh1 sözügedən zərərlə hər hansı bir səbəbli əlaqəsi olmamış,iddiaçı da bunun əksini sübut edə bilməmişdir.Ona görə də məhkəmə hesab edir ki,iddianın Cavabdeh1 aid hissəsi təmin edilməməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması,məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq,məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil,yalnız hüquqi əhəmiyyət daşıyan,yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil,sübutedici məlumatların,yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir.Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir.Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini,sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür:iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar;prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum,dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli,yəni hazırkı iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 92 manat dövlət rüsumu məbləğinin 50.19 manatı Cavabdeh2 alınaraq iddiaçıya verilməli, qalan 41.81 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki,onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi,qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220,227.2,227.3-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 3 ha x 30.50 sentner = 9.150 kq x 0.33 manat = 3019.5 manat pul və 50.19 manat dövlət rüsumu olmaqla, cəmi 3069.69 (üç min altmış doqquz manat altmış doqquz qəpik) manat pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsi İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-544/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-544/2023
02.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver