Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-58/2021 29.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Hacıyeva Səlı̇ mət Həbibulla qızının Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə 29 iyul 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Hacıyeva Səlı̇ mət Həbibulla qızı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) divar rəfinin güzgüsünün dəyişdirilməsinə, taxt çarpayının qiymətinin 700 manat, 500 manat mənəvi zərərin, ümumi olaraq 1200 manat pul məbləğinin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 2015-ci ilin avqust ayında Bakı şəhərində yerləşən mağazaların birindən mebel almışdır. Həmin mebeli cavabdeh quraşdırmış və işi keyfiyyətli görmüşdür. O, 2019-cu ilin oktyabr ayında cavabdehlə əlaqə saxlayaraq yataq otağına mebel sifariş etmişdir. Cavabdehlə divar rəfini 1250 manat, taxt çarpayını isə 700 manat məbləğində olmasına razılaşmışlar. O, cavabdehə pulu iki dəfə - birinci dəfə 400 manat beh kimi, qalan 300 manatı isə mebeli gecə tələsik gətirərkən vermişdir. Lakin cavabdeh mebeli keyfiyyətsiz materiallardan yığdığından bir müddət sonra rəfin güzgüsündə ləkələr əmələ gəlmiş, çarpayı isə yararsız vəziyyətə düşmüşdür. Bununla əlaqədar cavabdehlə əlaqə saxlayarkən o, yaranan nasazlıqları aradan qaldıracağını və ya 700 manat pulu qaytaracağını bildirsə də verdiyi vədlərə əməl etməmiş və telefon zənglərinə cavab verməmişdir. Cavabdehin hərəkətləri nəticəsində əsəb xəstəsi olmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. O, cavabdehdən divar rəfinin güzgüsünün dəyişdirilməsini, taxt çarpayı üçün ödədiyi 700 manat, 500 manat mənəvi zərərin, ümumi olaraq 1200 manat pul məbləğini və 30 manat dövlət rüsumunu tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçı ona taxt çarpayının düzəldilməsi üçün cəmi 700 manat pul vermişdir. Onun iddiaçı üçün hazırladığı taxt çarpayıda heç bir qüsur və nasazlıq olmamışdır. İddiaçıya taxt çarpayını təhvil verəndən 5 ay sonra ona qüsür olduğunu bildirmişdir. Taxt çarpyınının baş hissəsində olan dekoru iddiaçının nəvəsi qırmışdır. Həmin dekoru bərpa etmək mümkündür. O, iddiaçının taxt çarpayısında olan qüsurları bərpa edə bilər. İddia tələbini əssasız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. 11 noyabr 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2021-ci il tarixli, 3/538 nömrəli və 08 iyul 2021-ci il tarixli 9/1496 nömrəli ekspert rəylərindən müəyyən edilir ki, tədqiq olunan çarpayının üzərində qüsurlar və ya zədələr yoxdur. Lakin çarpayının ayaqlıq hissəsi ilə lövhəsini bir-birinə bərkidən vintlər qırıldığından lövhə ayaqlıq hissədə dayanıqlığını itirmişdir. Ekspertizaya təqdim edilmiş 01 ədəd 2m x 2m ölçülü, yerli istehsal döşəkli çarpayıda qüsürlar aşkar edildi və bu qüsurlar istehsal xarakterli qüsurdur. Həmin döşəkli çarpayının yenisi ilə əvəz edilməsi məqsədə uyğun hesab edilir. Aparılmış ekspertiza tədqiqatının ümumilikdə dəyəri 165 (bir yüz altmış beş) manat təşkil etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21-ci maddəsinin məzmununa əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Araşdrıma zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə mebel sifariş etmişdir. Cavabdehlə divar rəfini 1250 manat, taxt çarpayını isə 700 manat məbləğində olmasına razılaşmışlar. İddiaçı cavabdeh taxt çarpayını hazırlayıb təhvil verdikdən sonra ümumilikdə 700 manat ona pul vermişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2021-ci il tarixli, 3/538 nömrəli və 08 iyul 2021-ci il tarixli 9/1496 nömrəli ekspert rəylərinə əsasən həmin çarpayının üzərində qüsurlar və ya zədələr aşkar edilməmiş, lakin çarpayının ayaqlıq hissəsi ilə lövhəsini bir-birinə bərkidən vintlər qırıldığından lövhə ayaqlıq hissədə dayanıqlığını itirmişdir. Qeyd olunan yerli istehsal döşəkli çarpayıda qüsürlar aşkar edilsə də bu qüsurlar istehsal xarakterli qüsurlardır. Həmin rəyə əsasən qeyd olunan çarpayının yenisi ilə əvəz edilməsi məqsədə uyğun hesab edilmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşır və qərara gəlir ki, iddia tələbi taxt çarpayıya görə 700 manat maddi ziyan hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin divar rəfinin güzgüsünün dəyişdirilməsi və 500 manat mənəvi zərər hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən divar rəfinin güzgüsünün dəyişdirilməsini və 500 manat mənəvi zərər məbləğini tələb etsə də həmin faktları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədi. Həmin faktlar məhkəmə iclasında da təsdiq edilmədi. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi divar rəfinin güzgüsünün dəyişdirilməsi və 500 manat mənəvi zərər hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumu məbləği alınmasına dair hissəsi təmin edilməlidir. İş üzrə ekspertiza xərci olan 165 (bir yüz altmış beş) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 700 manat maddi ziyan, 30 manat dövlət rüsumu – cəmi 730 (yeddi yüz otuz) manat alınaraq iddiaçı Hacıyeva Səlı̇ mət Həbibulla qızına verilsin. Cavabdeh 165 (bir yüz altmış beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN - **********, müxbir hesab - AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-58/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-58/2021
29.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver