Məhkəmə qərarları › İş №2(037)-62/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-62/2025

27.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-62/2025 27.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı2 cavabdehlər Cavabdeh2, İsmayıllı rayon Notariat Ofisi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon Qeydiyyat Şöbəsinə qarşı qohumluğun və mirasın qəbul edilməsinin müəyyən olunması, cavabdeh tərəfindən mirasla bağlı hüquqlarının həyata keçirilməsinə törədilən maneçiliklərə qadağa qoyulması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 27 yanvar 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia ərizəsilə müraciət edərək 12 yanvar 2023-cü il tarixdə vəfat etmiş X6 onun atasının xalası qızı, 10 yanvar 2017-ci il tarixdə vəfat etmiş X20 isə dayısının oğlu olması, İsmayıllı rayonunun Lahıc qəsəbəsində mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi, X33 və X3 miras qalan 0,0648 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın qanun üzrə yeganə vərəsə kimi onun tərəfindən qəbul edilməsinin müəyyən olunması və Cavabdeh2 tərəfindən mirasla bağlı hüquqlarının həyata keçirilməsinə törədilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 19 oktyabr 2024-cü il tarixdə vəfat etdiyindən məhkəmənin 19 noyabr 2024cü il tarixli 2(037)-1473 nömrəli qərardadı ilə iş üzrə İddiaçı1 hüquqi varisi qızı İddiaçı2 əvəz olunmuşdur. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Lahıc qəsəbəsində yaşamış nənəsi X4 miras qalan fərdi yaşayış evinə dair İsmayıllı rayon dövlət notariat kontorunda 04 may 1998-ci il tarixdə təsdiq olunmuş "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında İsmayıllı rayon Lahıc qəsəbəsində H.Hüseynov küçəsi dalan 5 ünvanda yerləşən yaşayış sahəsi 34.1 kv.metr, köməkçi sahəsi 51,6 kv metr və ümumi sahəsi 85,7 kv metr olan iki otaqlı fərdi yaşayış evi İsmayıllı rayonu üzrə Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən mülkiyyət hüququ ilə onun adına 1 saylı reyestr kitabının 102-115-ci səhifəsində 37 invertar nömrəsi ilə qeydə alınmışdır. Lakin mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 648,17 kv.m həyətyanı torpaq sahəsi torpaq islahatları zamanı həmin evdə yaşamış atasının xalası qızı X6 həyat yoldaşı və onun dayısı oğlu olan X20 adına qeydə alınmış, Səfər Paşayevin adına xx.xx.2010-cu ildə AN N№ 220287 olan "Torpaq sahəsinın planı və ölçüsü sənədi verilmişdir. Bununla da nənəsindən miras qalan fərdi yaşayış evi onun mülkiyyətində, həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi isə dayısı oğlu olan X20 adına qeydə alınmışdır. X33 10 yanvar 2017-ci ildə vəfat etmişdir. Səfərin arvadı, onun atasının xalası qızı X2 vəfatından sonra onun evinin yerləşdiyi, lakin Səfərin adına qeydə alınmış və ondan miras qalmış həyətyanı torpaq sahəsini notarial qaydada təsdiq olunmuş "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qəbul etmişdir. Lakın torpaq sahəsi Bənzərin adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmamışdır. Bənzər 12 yanvar 2023-cü ildə vəfat etmişdir. Səfərin və Bənzərin vəfatlarından sonra ondan başqa vərəsələri qalmamışdır. Səfər və Bənzər vəsiyətnamə qoymamışlar. Qohumluq münasibətini təsdiq edəcək doğum akt qeydləri olmadığından miras qoyanla onun arasında olan qohumluq münasibətini təsdiq etmək mümkün deyildir. Cavabdeh İsmayıllı rayon Lahıc qəsəbə sakini Cavabdeh2 isə özünü heç bir əsası olmadan miras qoyanların vərəsəsi hesab etməklə miras əmlakın onun tərəfindən idarə edilməsinə maneçilik törədir. Hansı ki, cavabdehin miras qoyanlarla heç bir qohumluq əlaqəsi yoxdur və bu barədə sənəd təqdim edə bilmir. Miras qoyan X11 onun atasının xalası qızı olmaqla və miras qoyan X33 isə onun dayısının oğlu olmaqla onlara münasibətdə o qanun üzrə beşinci dərəcə vərəsədir və ondan başqa istər qanun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələri yoxdur. Onunla miras qoyanlar arasında qohumluq münasibətləri müəyyən edilməli və miras qalan həyətyanı torpaq sahəsi mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi olmaqla mirasın yeganə vərəsə kimi onun tərəfindən qəbul edilməsi müəyyən olunmalıdır. Mirasın yeganə vərəsə kimi onun tərəfindən qəbul edilməsinin müəyyən olunması və bunun üçün onunla miras qoyanlar arasında qohumluq münasibətlərinin müəyyən edilməsinin məhkəməyədək və məhkəmədən kənar həlli mümkün deyildir. Ona görə də miras qoyanlarla onun arasında qohumluq münasibətlərinin müəyyən olunması, miras əmlakın yeganə vərəsə kimi onun tərəfindən qəbul edilməsi və cavabdeh tərəfindən mirasla bağlı hüquqlarının həyata keçirilməsinə törədilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 iştirak etdiyi məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, İsmayıllı rayon Lahıc qəsəbəsində yaşamış anasının nənəsi X4 miras qalan İsmayıllı rayon Lahıc qəsəbəsində H.Hüseynov küçəsi dalan 5 ünvanda yerləşən yaşayış sahəsi 34.1 kv.metr, köməkçi sahəsi 51,6 kv metr və ümumi sahəsi 85,7 kv metr olan iki otaqlı fərdi yaşayış evi 04 may 1998-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə əsasında mülkiyyət hüququ ilə onun anasının adına qeydə alınmışdır. Lakin mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 648,17 kv.m həyətyanı torpaq sahəsi torpaq islahatları zamanı həmin evdə yaşamış qohumları X20 adına qeydə alınmış, sənəd Səfər Paşayevin adına verilmişdir. Bununla da anasının nənəsindən miras qalan fərdi yaşayış evi anasının mülkiyyətində, həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi isə X20 adına qeydə alınmışdır. X33 10 yanvar 2017-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra Səfərin adına qeydə alınmış və ondan miras qalmış həyətyanı torpaq sahəsini arvadı miras əmlak kimi qəbul edərək notariat kontoruna sənəd almaq üçün müraciət etmiş, lakin torpaq sahəsi Bənzərin adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmamışdır. X11 isə 12 yanvar 2023-cü ildə vəfat etmişdir. Onların övladları, ilk növbə vərəsələri olmamışdır. Onların vəfatından sonra fərdi yaşayış evi anasının mülkiyyətində olduğu üçün evin yerləşdiyi torpaq sahəsini də anası miras əmlak kimi faktiki olaraq qəbul edərək idarə etmişdir. O, bir neçə illərdir anası ilə birlikdə dəfələrlə Lahıc qəsəbəsində yerləşən həmin evə gəlib-getmişdir. Valideynlərindən eşitdiklərinə görə X11 onun babasının xalası qızı, X20 isə anasının dayısının oğludur. İsmayıllı rayonunun Lahıc qəsəbəsində mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi, X33 və X3 miras qalan 648,17 kv.m həyətyanı torpaq sahəsindən ibarət mirasın qanun üzrə yeganə vərəsə kimi onun anası tərəfindən qəbul edilməsinin müəyyən olunması və Cavabdeh2 tərəfindən mirasla bağlı maneçiliklərə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə cavabdehlərin iştirakı olmadan baxılması qərara alınmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı rayon Qeydiyyat Şöbəsinin nümayədəsi X34 iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçının miras qoyan şəxslərlə qohumluq əlaqələrini təsdiq edən sübutlarla bağlı araşdırma aparılmış, X33 və X15 doğumları, valideynləri haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində müvafiq sənədlər tapılmamışdır.İş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. X19 ifadə verərək göstərdi ki, iddiaçı onların qohumları olub.Valideynlərindən eşitdiklərinə görə X11 iddiaçının atasının xalası qızı, X33 isə iddiaçının anasının dayısının oğlu olmuşdur. Lahıc qəsəbəsində X7 mülkiyyətində olmuş fərdi yaşayış evi qanun üzrə vərəsəlik hüququ əsasında nəvəsinin mülkiyyətinə keçmişdir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə iddiaçının digər qohumunun adına sənədləşmişdir. İddiaçı evinə gəlib-getmiş, torpaq sahəsini də miras əmlak kimi faktiki olaraq qəbul edərək istifadə və idarə etmişdir. Züleyxa X1 və X33 ilə qohumluq münasibətlərinin olmasını və X12 miras qalmış 648,17 kv.m torpaq sahəsinin İddiaçı1 tərəfindən tam şəkildə qəbul edilməsini təsdiq edir. X5 ifadə verərək göstərdi ki, Züleyxanı və ailəsini uzun illərdir tanıyır. İsmayıllı rayonun Lahıc qəsəbəsində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi Züleyxanın yaxın qohumlarından ona miras qalmışdır. Nənəsi vəfat etdikdən sonra fərdi yaşayış evi vərəsəliklə İddiaçı1 mülkiyyətinə keçmişdir. Həmin ev və torpaq sahəsindən Züleyxa istifadə etmişdir. X10 ifadə verərək göstərdi ki, İsmayıllı rayonun Lahıc qəsəbə sakini olmuş İddiaçı1 ilə ata-babadan tanışlıqları olmuşdur. Səfər və Bənzər Züleyxanın yaxın qohumları olduğundan onlar vəfat etdikdən sonra Züleyxanın nənəsindən miras qalmış fərdi yaşayış evi qanun üzrə vərəsəliklə Züleyxanın adına rəsmiləşdirilmişdir. Torpaq islahatı aparılan zaman icra nümayəndəsi siyahıya evdə faktiki yaşayanların adını qeyd etdiyindən həmin vaxt torpaq sahəsi Səfərin adına sənədləşdirilmişdir. Səfərin və Bənzərin vərəsələri yoxdur. Züleyxa onların ən yaxın vərəsələridir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - ИЖ seriyalı 314564 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X37 8 iyun 1955-ci il tarixdə İsmayıllı rayonun Lahıc qəsəbəsində anadan olmuş, valideynləri X48 və X22r. - İ-ЖГ seriyalı 340290 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X37 arasında 09 iyul 1976-cı il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Talıbov, arvada Talıbova soyadı verilmişdir. - 12 avqust 1991-ci il tarixli 10 nömrəli ölüm akt qeydinin surətindən görünür ki, X27 12 avqust 1991-ci il tarixdə vəfat etmişdir. - 29 iyul 1993-cü il tarixli 16 nömrəli ölüm akt qeydinin surətindən görünür ki, X48 27 iyul 1993-cü il tarixdə vəfat etmişdir. - 04 may 1998-ci il tarixli qanun üzrə bütün vərəsələrə verilən vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X4 miras qalmış İsmayıllı rayon XDS İKnın 19 fevral 1988-ci il tarixli 48 saylı qərarına və Ağsu rayon tex. inven. və mülkiyyət hüquqları qeydiyyatı idarəsinin 28 aprel 1998-ci il tarixli 107 saylı arayışına əsasən ona məxsus olan, 1950-ci ildə İsmayıllı rayonun Lahıc kəndində 329,5 kv.m torpaq sahəsində tikilmiş, yaşayış sahəsi 34,1 kv.m, ümumi sahəsi 85,7 kv.m, divarı çay daşı, damı dəmirlə örtülmüş inventar dəyəri 2,456040 (iki milyon dörd yüz əlli altı min qırx) manat olan iki otaqdan ibarət yaşayış evinə dair nəvəsi İddiaçı1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - Şəxsi mülkiyyət hüququ ilə X8 məxsus evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportun surətindən görünür ki, İsmayıllı rayonun Lahıc qəsəbəsində yerləşən 1850-ci ildə tikilmiş iki mərtəbəli fərdi yaşayış evi İsmayıllı rayon DNK-nın 04 may 1998-ci il tarixli 2B-35 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı1 adına sənədləşdirilmişdir. - 37 nömrəli inventar işi üzrə qeydiyyat vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayonun Lahıc qəsəbəsində yerləşən yaşayış sahəsi 34,1 kv.m, köməkçi sahəsi 51,6 kv.m, ümumi sahəsi 85,7 kv.m olan, iki otaqdan ibarət 5 nömrəli fərdi yaşayış evini şəxsi mülkiyyət hüququ əsasında İsmayıllı rayon Dövlət Notariat Kontorunun “yaşayış evinin qanun üzrə vərəsəlik hüququ haqqında 2B-35 reyestr nömrəli 04 may 1998-ci il tarixli şəhadətnamə ilə vətəndaş İddiaçı1 adına qeydə alınmışdır. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli 97 nömrəli arayışdan görünür ki, X33 və X11 arasında İsmayıllı rayon Lahıc qəsəbə İcra nümayəndəliyi tərəfindən 20 iyul 1954-cü il tarixdə 09 nömrəli nikah akt qeydi tərtib olunmuşdur. Nikahdan sonra ərə Paşayev, arvada Paşayeva soyadı verilmişdir. - X41 kitabında 09 mart 2010-cı il tarixdə 2851 nömrə ilə uçota alınmış A seriyalı 220287 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1999-cu il tarixli 74 saylı qərarı ilə X16 mülkiyyətinə fərdi yaşayış evi tikmək üçün 648,17 kv.m torpaq sahəsi verilmişdir. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli 98 nömrəli arayışdan görünür ki, X33 10 yanvar 2017-ci il tarixdə İsmayıllı rayon Lahıc qəsəbəsində vəfat etmişdir. Bu barədə ölüm haqqında 16 yanvar 2017-ci il tarixdə İsmayıllı rayon Lahıc qəsəbə İcra nümayəndəliyi tərəfindən 03 nömrəli akt qeydi tərtib edilmişdir. - 10 yanvar 2017-ci il tarixdə vəfat etmiş X24 İsmayıllı rayon notariat ofisində açılmış vərəsəlik işindən görünür ki, X28 10 yanvar 2017-ci il tarixdə İsmayıllı rayon Lahıc qəsəbəsində vəfat etmiş əri X17 miras qalmış torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə Cavabdeh1na müraciət etmiş və bu abrədə 16 noyabr 2017-ci il tarixli 244 nömrəli vərəsəlik işi açılmışdır. - İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli 3- 16-5/8-13-479/2024 nömrəli məktubdan görünür ki, X33 ilə X15 övladları haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aaprılmış, heç bir məlumat aşkar edilməmişdir. - İsmayıllı RİHB-nın Lahıc qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli 334 nömrəli arayışdan görünür ki, mərhum X20 və mərhum X15 birgə nikahından övladları olmamış və vərəsələri yoxdur. - İsmayıllı Rayon Notariat Ofisi tərəfindən verilmiş 01 avqust 2024-cü il tarixli 523 nömrəli məktubdan görünür ki, İddiaçı1 10 yanvar 2017-ci il tarixdə vəfat etmiş anasının qardaşı oğlu X17 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciət etmiş, müraciətinə cavab olaraq Səfər Paşayevin anasının qardaşı oğlu olmasını təsdiq edən sənədləri təqdim edə bilməməsi səbəbindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamış və bu məsələ ilə bağlı İsmayıllı Rayon Məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında akt qeydindən görünür ki, X28 12 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. - İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 05 dekabr 2024-cü il tarixli 861 nömrəli məktubdan görünür ki, Yarməmmədova (Paşayeva) Bənzər Cəlal qızının adından “elektron notariat” informasiya sistemində axtarış aparılmış, axtarış zamanı mərhumun adına İsmayıllı rayon notariat ofisində açılmış vərəsəlik işinə rast gəlinməmişdir. - İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli 3- 16-5/8-13-480/2024 nömrəli məktubdan görünür ki, X33 və X15 doğumları, valideynləri haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, heç bir məlumat aşkar edilməmişdir. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 dekabr 2024-cü il tarixli 3- 16-5/8-13-516/2024 nömrəli məktubdan görünür ki, X33 və X15 bacı və qardaşları, onların övladları haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, heç bir məlumat aşkar edilməmişdir. - 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 460692 nömrəli 29 oktyabr 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 19 oktyabr 2024-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 oktyabr 2024-cü il tarixdə 559 nömrə ilə qeyd edilmişdir. - İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, X23 xx xxxxxx 1983-cü il tarixdə doğulmuş, valideynləri X13 və İddiaçı1dır. - “Mygov” tətbiqindən çıxarılmış çıxarışdan görünür ki, X18 ilə X35 oğlu arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 06 yanvar 2009-cu il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Şabani-Kaşti, arvada Şabani-Kaşti soyadı verilmişdir. - Lahıc bələdiyyəsi tərəfindən verilmiş 27 yanvar 2025-ci il tarixli 06 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonu Lahıc qəsəbəsində qeydiyyatda olmuş 01 oktyabr 2017-ci il tarixdə vəfat etmiş mərhum-X24 və 12 yanvar 2023-cü il tarixdə vəfat etmiş mərhum X9 məxsus olmuş torpaq sahəsini İddiaçı1 idarə, sahiblik və istifadə etmiş, bələdiyyənin torpaq və əmlak vergilərini ödəmişdir. Məhkəmə İddiaçı2 izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iş üzrə İddiaçı1 19 oktyabr 2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmənin 19 noyabr 2024-cü il tarixli 2(037)-1473 nömrəli qərardadı ilə iş üzrə İddiaçı1 hüquqi varisi qızı İddiaçı2 ilə əvəz olunmuşdur. Miras qoyan X8 məxsus olan, 1950-ci ildə İsmayıllı rayonun Lahıc kəndində 329,5 kv.m torpaq sahəsində tikilmiş, yaşayış sahəsi 34,1 kv.m, ümumi sahəsi 85,7 kv.m, divarı çay daşı, damı dəmirlə örtülmüş inventar dəyəri 2,456040 (iki milyon dörd yüz əlli altı min qırx) manat olan iki otaqdan ibarət yaşayış evinə nəvəsi İddiaçı1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, fərdi yaşayış evi İsmayıllı rayon Dövlət Notariat Kontorunun “yaşayış evinin qanun üzrə vərəsəlik hüququ haqqında 2B-35 reyestr nömrəli 04 may 1998-ci il tarixli şəhadətnamə əsasında İddiaçı1 adına qeydiyyat vəsiqəsi verilmişdir. X33 və X11 arasında İsmayıllı rayon Lahıc qəsəbə İcra nümayəndəliyi tərəfindən 20 iyul 1954-cü il tarixdə 09 nömrəli nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Paşayev, arvada Paşayeva soyadı verilmişdir. Birgə nikahlarından övladları olmamışdır. Aparılan torpaq islahatları zamanı İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 648,17 kv.m torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1999-cu il tarixli 74 saylı qərarı ilə X16 mülkiyyətinə fərdi yaşayış evi tikmək üçün verilmiş və bu barədə X41 kitabında 09 mart 2010-cı il tarixdə 2851 nömrə ilə uçota alınmış A seriyalı 220287 nömrəli Torpaq sahəsinin planı və ölçü sənədi hazırlanmışdır. X33 10 yanvar 2017-ci il tarixdə vəfat etdikdən sonra arvadı X28 10 yanvar 2017-ci il tarixdə İsmayıllı rayon Lahıc qəsəbəsində əri X17 miras qalmış torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə Cavabdeh1na müraciət etmiş və bu barədə 16 noyabr 2017-ci il tarixli 244 nömrəli vərəsəlik işi açılmış, lakin Bənzər Paşayeva qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. X28 12 yanvar 2023-cü il tarixdə vəfat etmiş, adına İsmayıllı rayon notariat ofisində vərəsəlik işi açılmamışdır. Miras qoyanların birinci-dördüncü növbə vərəsələri yoxdur. Onlardan miras qalan iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini də iddiaçı miras əmlak kimi faktiki olaraq qəbul edərək istifadə və idarə edir. İddiaçı torpaq sahəsinə dair mülkiyyət sənədi almaq üçün müraciət etmiş, lakin miras qoyan Səfər Paşayevlə qohumluq əlaqələrini təsdiq edən sənədlər olmadığından müraciəti təmin edilməmiş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdehlər məhkəmə iclaslarına gəlmədiklərindən iddia tələbinə dair münasibətlərini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qimən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mükiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu ikinci növbədə vərəsələr hesab edilirlər. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1159.3-cü maddəsinə əsasən üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Həmin Məcəllənin 1159.4-cü maddəsinə əsasən xalalar və bibilər, dayılar və əmilər dördüncü növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1159.5-ci maddəsinə əsasən xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları beşinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 28 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Səfər Paşayev və Bənzər Paşayevanın birinci-dördüncü növbə vərəsələri qalmamışdır. İş üzrə göründüyü kimi X4 miras qalan fərdi yaşayış evi hələ 1998-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə nəvəsi İddiaçı1 adına dövlət qeydiyyatından keçmişdir. Səfər Paşayev və Bənzər Paşayeva həmin evdə yaşadıqlarından torpaq islahatı aparılan zaman fərdi yaşayış evinin kimin mülkiyyətində olması araşdırılmadan 1999-cu il ildə orada yaşayan X16 adına 2010-cı il tarixdə planı və ölçüsü sənədi hazırlanmışdır. Ötən 15 ildən artıq müddət ərzində miras əmlakla bağlı müraciətlərin olmamasını, vərəsəlik işinin açılmamasını miras qoyanların əvvəlki növbə vərəsələrinin olmaması əsası kimi qəbul edilə bilər. Eyni zamanda yerli adət və ənənələrə uyğun olaraq mülkiyyətdə olan fərdi yaşayış evinin kimin mülkiyyətində olması həmin evin yerləşdiyi torpaq sahəsinin də həmin şəxsə məxsus olması kimi qəbul edildiyi nəzərə alınmalı, həmçinin qanunun normalarına görə vərəsə miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır və vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş hesab olunur. Hazırki iş üzrə İddiaçı1 mərhum Səfər Paşayev və Bənzər Paşayevanın qanun üzrə beşinci növbə vərəsəsidir. Onlardan miras qalan əmlakların bir hissəsini İddiaçı1 qanun üzrə vərəsəlik hüququ haqqıda şəhadətnamə əsasında əldə etmiş, digər hissəsini isə faktiki olaraq qəbul edərək idarə etmişdir. Bununla da iddiaçı qanun üzrə vərəsə kimi miras qalmış əmlakları faktiki qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək iddia tələbinin qohumluq münasibətlərinin və mirasın qəbul edilməsinin müəyyən edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, İddiaçı1 miras qoyanlarla qohumluq münasibətlərini təsdiq edən sənədləri başqa qaydada əldə edə bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün olmadığından 10 yanvar 2017-ci il tarixdə vəfat etmiş X20 İddiaçı1 dayısının oğlu, 12 yanvar 2023-cü il tarixdə vəfat etmiş Yarməmmədova (Paşayeva) Bənzər Cəlal qızının isə atasının xalası qızı olması, A seriyalı 220287 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə X12 miras qalmış 648,17 kv.m torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə İddiaçı1 tərəfindən qəbul edilməsi faktları iddiaçının izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan iddia tələbinin həmin hissədə təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən törədilən maneçiliklərə qadağa qoyulmasına dair hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbində Cavabdeh2 tərəfindən mirasla bağlı İddiaçı1 hüquqlarının həyata keçirilməsinə maneçiliklər törədilməsinə dair iddia tələbinin həmin hissədə əsaslılığını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, həmin faktlar məhkəmə iclasında da təsdiqini tapmamışdır. Ona görə də iddia tələbi qeyd edilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. 12 yanvar 2023-cü il tarixdə vəfat etmiş X6 İddiaçı1 atasının xalası qızı olması faktı müəyyən edilsin. 10 yanvar 2017-ci il tarixdə vəfat etmiş X20 İddiaçı1 dayısının oğlu olması faktı müəyyən edilsin. İsmayıllı rayonunun Lahıc qəsəbəsində mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi, X33 və X3 miras qalan 648,17 kv.m həyətyanı torpaq sahəsindən ibarət mirasın qanun üzrə vərəsə kimi İddiaçı1 tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Huseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar