Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-645/2020 08.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı cavabdehlər X1, Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər X1 (bundan sonra birinci cavabdeh), Cavabdeh2 (bundan sonra ikinci cavabdeh)və İsmayıllı rayon Notariat Ofisinə (bundan sonra üçüncü cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-3093F Kod 40701004 nömrəli şahadətnaməyə əsasən mülkiyyətində olan 0.10 hektar torpaq sahəsində yerləşən mərhum X4 və X5 miras qalan fərdi yaşayış evinin iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, atası Məhərrəm Məhərrəmov 1998-ci ildə və anası Nübar Hüseynova 2012-ci ildə vəfat etmişdir. İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 5, ev 5 ünvanında yerləşən kürsülü 1 mərtəbəli, 2 otaqlı yaşayış evi mərhum valideynlərindən miras qalmışdır. Anası hələ sağlığında miras evin yerləşdiyi həyətyanı torpaq sahəsinin onun adına qeydə alınmasına razılıq vermişdir. İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2003-cü il tarixli 111 saylı qərarı ilə ona miras evin yerləşdiyi 0.10 hektar həyətyanı torpaq sahəsinə dair JN-3093F, KOD 40701004 nömrəli şəhadətnamə verilmişdir. Qardaşları Telman və Tərlan başqa ölkədə yaşamış, Azəraycana gəlməmişlər. Bacısı Svetlana ailə quraraq başqa evə köçmüşdür. Atasının vəfatından ikinci cavabdehlə aralarında mübahisə yaranana qədər miras evdə yaşamış, həmin müddət ərzində anasının qayğısına qalmışdır. 2010-cu ildə ikinci cavabdehlə aralarındakı mübahisədən sonra anası vəfat edənədək müvəqqəti olaraq başqa evdə kirayə qalmağa məcbur olmuşdur. Anası vəfat etdikdən beş ay sonra ikinci cavabdeh Rusiya Federasiyasına getmiş, o isə miras evə köçmüşdür. Həmin vaxtdan sonra o, mübahisəli evdə yaşamış, əmlak və torpaq vergisini, kommunal xidmətlər üçün haqları ödəmiş, miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamış, mirası faktiki qəbul etmişdir.Birinci və ikinci cavabdeh olan qardaşları anasının vəfatından sonra Azərbaycan ərazisindən kənarda yaşamış, miras evə gedibgəlməmiş, evin qorunub-saxlanmasına, abadlaşmasına maddi köməklik göstərməmiş, miras əmlakı qəbul etmələri ilə bağlı heç bir hərəkət etməmişlər. Rusiya Federasiyasında yaşayan birinci cavabdeh 2018-ci ildə miras evə gəlmiş, başqa yaşayış yeri olmadığını ona bildirmiş və ona məxsus 0.10 hektar torpaq sahəsində fərdi yaşayış evi inşa etdirməyə başlamışdır. Birinci cavabdeh 2020-ci ilin əvvəllərindən başlayaraq tətbiq olunmuş karantin rejiminə uyğun olaraq ölkə ərazisindən digər ölkələrə gediş-gəlişə məhdudiyyət qoyulduğuna görə Rusiya Federasiyasına gedə bilməmiş, miras evdə yaşamağa başlamışdır. Bir müddət sonra ikinci cavabdeh də mübahisəli evə gəlmiş, birinci cavabdehlə birlikdə valideynlərindən miras qalmış əmlakın bölünməsini tələb etmişlər. Birinci cavabdeh müxtəlif bəhanələr gətirərək evin texniki pasportunu ondan almış, xx xxxx 2020-ci ildə ikinci cavabdehlə birlikdə miras əmlaka qanun üzrə vərəsəlik işinin açılması üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. Müraciətlə əlaqədar mərhum valideynlərindən miras qalmış əmlakla bağlı vərəsəlik işi açılmış və o, vərəsə kimi notariat ofisinə dəvət olunmuşdur. O, notariat ofisində mirasın faktiki olaraq onun tərəfindən qəbul edildiyini bildirmişdir. Onlar arasında mübahisə yarandığı üçün vərəsəlik işi dayandırılmışdır. O, daha sonra miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İsmayıllı Rayon Notariat Ofisinə müraciət etmiş, notarius tərəfindən mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyünü və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmadığını əsas gətirilərək ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. O, JN-3093F kod 40701004 nömrəli şahadətnaməyə əsasən mülkiyyətində olan 0.10 hektar torpaq sahəsində yerləşən mərhum X4 və X5 miras qalan fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini tələb edir, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, atası 1998-ci ildə, anası isə 2012-ci ildə vəfat etmişdir. Qardaşları Telman və Tərlan başqa ölkədə yaşamışlar. Bacısı Svetlana ailə quraraq başqa evə köçmüşdür. İkinci cavabdeh 1994-cü ildən 2001-ci ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 2001-ci ildə azadlığa çıxdıqdan sonra anasının sağlığında mübahisəli evdə iddiaçı ilə birlikdə yaşamış, sonra iddiaçı ilə aralarında mübahisə yarandığından iddiaçı ailəsi ilə birlikdə miras evdən çıxaraq başqa evdə kirayədə qalmışdır. Həmin müddət ərzində ikinci cavabdeh miras evdə yaşamış, anası vəfat edənədək anasına baxmışdır. 2010-cu ildə o, Azərbaycana gələndə iddiaçı ona ikinci cavabdehin onu evdən çıxardığını, ona görə də kirayə yaşadığını bildirmişdir. O, iddiaçı ilə ikinci cavabdehə barışmalarını, birlikdə yaşamalarını məsləhət görmüşdür. 2012-ci ildə anası vəfat etdikdən sonra ikinci cavabdeh Rusiya Federasiyasına getmişdir. O, iddiaçıya miras evin başsız qalmamasını, uşaqları azyaşlı olduğuna və maddi imkanı zəif olduğuna görə miras evdə istədiyi qədər yaşamasını, lakin evin mərhum valideynlərindən miras qaldığını, qardaşların istədikləri vaxt həmin evə gəlib-gedəcəyini, miras əmlakda hamısının payının olduğunu bildirmişdir. Əvvəllər İsmayıllı şəhəri, Nərimanov 32 ünvanında nənəsinə məxsus ev olmuşdur. Anası nənəsinin həmin evi iddiaçıya bağışladığını bildirmiş, iddiaçı da həmin evi satmışdır. O, ikinci cavabdehlə birlikdə 2020-ci ildə miras əmlaka qanun üzrə vərəsəlik işinin açılması üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş, həmin vaxt 0.10 hektar həyətyanı torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsi ona məlum olmuşdur. Mübahisə yarandığından vərəsəlik işi dayandırılmışdır. Onu iddiaçının 0.10 hektar torpaq sahəsini anası sağ olarkən mülkiyyətinə necə keçirməsi maraqlandırır. Qeyd etdiyi əsaslara görə iddiaçının tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İkinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, atası 1998-ci ildə, anası isə 2012-ci ildə vəfat etmişdir. Qardaşları Telman və Tərlan başqa ölkədə yaşamışlar. Bacısı Svetlana ailə quraraq başqa evə köçmüşdür. O, 1994-cü ildən 2001-ci ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 2001-ci ildə azadlığa çıxdıqdan sonra anasının sağlığında mübahisəli evdə iddiaçı ilə birlikdə yaşamış, sonra iddiaçı ilə aralarında mübahisə yarandığından iddiaçı ailəsi ilə birlikdə miras evdən çıxmışdır. Həmin müddət ərzində o, miras evdə yaşamış, anası vəfat edənədək anasına baxmışdır. O, mübahisəli evdə yaşadığı müddətdə kommunal xidmətlər üçün haqları ödəmişdir. 2012-ci ilin mart ayında anası vəfat etmiş, anasının qırx mərsaimindən sonra o, Rusiya Federasiyasına getmiş, arvadı isə mübahisəli evdə qalmışdır. Arvadı bir müddət mübahisəli evdə qaldıqdan sonra Şamaxı şəhərinə valideynlərinin yanına getmişdir. O, 2015-ci ildə Rusiya Federasiyasından qayıtmış, həmin vaxt mübahisəli evdə iddiaçının yaşadığını görmüşdür. O da bir müddət mübahisəli evdə yaşamış, sonra Bakı şəhərinə getmişdir. O, birinci cavabdehlə birlikdə 2020-ci ildə miras əmlaka qanun üzrə vərəsəlik işinin açılması üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş, həmin vaxt 0.10 hektar həyətyanı torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsi ona məlum olmuşdur. Mübahisə yarandığından vərəsəlik işi dayandırılmışdır. Onu iddiaçının 0.10 hektar torpaq sahəsini anası sağ olarkən mülkiyyətinə necə keçirməsi maraqlandırır. Valideynlərindən miras qalmış əmlakda onun da payı var. Qeyd etdiyi əsaslara görə iddiaçının tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Üçüncü cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş, iddia tələbinin mahiyyətinə münasibət bildirməmiş, hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə üçüncü cavabdehin nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini üzrsüz hesab edərək məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Şahid bildirdi ki, o, Bakı şəhərində yaşayır. İddiaçı, birinci və ikinci cavabdeh qardaşlarıdır. Anası atası vəfat etdikdən sonra 14 il xəstə olmuşdur. Əvvəllər anasına iddiaçı baxmışdır. Evləndikdən sonra iddiaçının ailəsi anasına baxmaqdan imtina etmiş və anasının sağlığında iddiaçı ailəsi ilə birlikdə miras evdən çıxaraq başqa evdə kirayə qalmışdır. Daha sonra ikinci cavabdeh evlənərək miras evdə yaşamış, anasına baxmışdır. 2012-ci ilin mart ayında anası vəfat etmiş, avqust ayında isə ikinci cavabdeh Rusiya Federasiyasına getmişdir. Həmin vaxtdan bir müddət ikinci cavabdehin arvadı ilə birinci cavabdehin oğlu mübahisəli evdə qalmış, sonradan onlar da mübahisəli evdən çıxmış və miras ev boş qalmışdır. Anasının vəfatının ildönümündə iddiaçı miras evə köçmüş və həmin vaxtdan hazıradək miras evdə yaşayır. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. xx xxxx 2020-ci il tarixli arayışdan müəyyən edilir ki, X4 xx xxxxxxxx 1998-ci ildə vəfat etmişdir. xx xxxx 2020-ci il tarixli arayışdan müəyyən edilir ki, X12 xx xxxx 2012-ci ildə vəfat etmişdir. JN 3093F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon X7 xx xxxxxx 2003-cü il tarixli 111 saylı qərarı ilə iddiaçının mülkiyyətinə 0.10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. 1977-ci ilin avqust ayında verilmiş Texniki Pasportun surətindən müəyyən edilir ki, İsmayıllı şəhərində 1015 kv.m torpaq sahəsində yerləşən yaşayış sahəsi 44,5 kv.m, köməkçi sahəsi 67,1 kv.m, ümumi sahəsi 111,6 kv.m olan 1 mərtəbə, 2 otaqdan ibarət fərdi yaşayış evi X2 adına qeydə alınmışdır. İsmayıllı Rayon Notariat Ofisinin sorğuya cavab məktubuna əlavə olunmuş notariat işində olan xx xxxx 2020-ci il tarixli ərizələrin surətindən müəyyən edilir ki, Bəxtiyar Məhərrəmli və Cavabdeh2 İsmayıllı Rayon Notariat Ofisinə müraciət edərək mərhum Məhərrəm Məhərrəmovdan miras qalmış, İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 5, ev 5 ünvanında yerləşən əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. xx xxxx 2020-ci il tarixli 831 nömrəli İsmayıllı rayon Notariat Ofisinin məktubundan müəyyən edilir ki, mübahisə məhkəmədə həll edilənədək mərhumun miras əmlakına dair qanun üzrə vərəsəlik hüququnun verilməsi dayandırılmışdır. xx xxxxxx 2020-ci il tarixli 926 nömrəli İsmayıllı rayon Notariat Ofisinin məktubundan müəyyən edilir ki, iddiaçıya qanunvericiliklə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyündən və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim edilmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunması bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. xx xxxx 2020-ci il tarixli 1947 nömrəli İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından müəyyən edilir ki, İsmayıllı şəhəri, N.Nərimanov küçəsi, ev 32 ünvanında qeydiyyatda olmaqla İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 5, ev 5 ünvanında yaşayan İddiaçı ailə tərkibi 1979-cu il təvəllüdlü arvadı X3, 2004-cü il təvəllüdlü oğlu Qüdrət Məhərrəmov və 2007-ci il təvəllüdlü qızı Nazlı Məhərrəmovadan ibarətdir. İsmayıllı Rayon Notariat Ofisinin sorğuya cavab məktubuna əlavə olunmuş notariat işində olan İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2020-ci ilin iyul ayında verilmiş arayışdan müəyyən edilir ki, birinci cavabdeh, ikinci cavabdeh və birinci cavabdehin oğlu X10 şəhəri, Cavanşir küçəsi, dalan 5, ev 5 ünvanında qeydiyyatdadırlar. Ödəniş qəbzlərindən müəyyən edilir ki, əmlak, torpaq vergisi, kommunal xidmətlər üçün haqlar ayrı-ayrı vaxtlarda iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzil-istismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarından görünür ki, mərhum Məhərrəm Məhərrəmov 1998-ci ildə və Nübar Hüseynova 2012-ci ildə vəfat etmişdir. İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 5, ev 5 ünvanında yerləşən fərdi yaşayış evi mərhum Məhərrəm Məhərrəmov və Nübar Hüseynovadan miras qalmışdır. X11 sağlığında İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2003-cü il tarixli 111 saylı qərarı ilə miras evin yerləşdiyi 0.10 hektar həyətyanı torpaq sahəsi iddiaçının adına qeydə alınmış və iddiaçıya JN-3093F, KOD 40701004 nömrəli şəhadətnamə verilmişdir. İddiaçının qardaşları Telman və Tərlan Məhərrəmovlar başqa ölkədə yaşamış, bacısı Şahid ailə quraraq başqa evə köçmüşdür. 2012-ci ilin mart ayında Nübar Hüseynova vəfat etmiş, iddiaçı isə mərhumun vəfatından bir müddət sonra miras evə köçmüş və həmin vaxtdan mübahisəli evdə yaşayır. xx xxxx 2020-ci il tarixdə birinci və ikinci cavabdehlər miras əmlaka dair vərəsəlik işinin açılması üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş, müraciətlə əlaqədar vərəsəlik işi açılmış və iddiaçı birinci növbəli vərəsə kimi İsmayıllı rayon Notariat Ofisinə dəvət olunmuşdur. İddiaçı ilə birinci və ikinci cavabdehlər arasında mübahisə yarandığı üçün vərəsəlik işi dayandırılmışdır. Daha sonra iddiaçı miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İsmayıllı Rayon Notariat Ofisinə müraciət etmiş, notarius tərəfindən mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülməsi və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmaması səbəbi ilə iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddiaçı mərhum Məhərrəm Məhərrəmov və Nübar Hüseynova vəfat etdikdən sonra miras evdə yaşamış, əmlak vergisini, kommunal xidmətlər üçün haqları ödəmiş, miras əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başlamış, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş və bunlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Ona görə də iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. JN-3093F KOD 40701004 nömrəli şahadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0.10 hektar torpaq sahəsində yerləşən mərhum X4 və X5 miras qalmış fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-645/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-645/2020
08.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver