Məhkəmə qərarları › İş №2(037)-646/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-646/2023

03.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-646/2023 03.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin və fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsi tələbinə dair mülki işə 03 iyul 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayonu Basqal qəsəbəsi ünvanında yerləşən ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin paylara uyğun naturada bölünməsi və paylarına uyğun mülkiyyət hüquqlarının qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İsmayıllı rayonu Basqal qəsəbəsi ünvanında yerləşən ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin paylara uyğun naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh onun qardaşıdır. İsmayıllı rayonu Basqal qəsəbəsində onun və cavabdehin valideynlərindən onlara miras qalmış ümumi paylı mülkiyyətlərində olan yaşayış evi və evin yerləşdiyi 0,0108 hektar həyətyanı torpaq sahəsi vardır. Qeyd olunan mülkiyyət dövlət qeydiyyatına alınaraq adlarına ½ pay hüququ ilə reyestr nömrəsi **********48-10301 olan çıxarış və inventar nömrəsi 407-0016/331 olan fərdi yaşayış evinin texniki pasportu verilmişdir. Fərdi yaşayış evinin texniki pasportundan göründüyü kimi ev iki mərtəbəli, ümumi sahəsi 67,9 kv.metr olan, alt-üst olmaqla dörd otaqlıdır. O, cavabdehlə ilkin olaraq razılığa gəlmişdir ki, evin qarşısında pilləkən olan altüst iki otağı cavabdehin olsun, digər alt-üst iki otağı isə onun olsun, özünə aid olan hissədən özünə giriş-çıxış yolu açsın, xətt boyu kiçik həyətyanı torpaq sahəsindən paylarına uyğun istifadə etsinlər. Cavabdeh bununla razılaşmış və o, mülkiyyətlərində olan ümumi paylı mülkiyyətin naturada bölgüsünün aparılması üçün "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh fərdi yaşayış evinin müəyyən olunmuş paylara uyğun naturada bölünməsində mübahisə yaratmış və bölgü könüllü alınmamışdır. Ərazi İdarəsi paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin naturada bölgüsünün aparılması üçün məhkəməyə müraciət edilməsi haqqında ona məktub göndərmişdir. O, ümumi paylı mülkiyyətlərində naturada bölgünün aparılmasının mümkün olub-olmaması, evə ikinci giriş-çıxış yolunun açılmasının mümkünküyü haqqında rǝy verilməsi üçün "xxxx" MMC-yə müraciət etmiş və verilmiş rəydən göründüyü kimi, evin yaşayış sahəsinə nəzərən bölgüsünə əsasən evlə üz-üzə durduqda qərbdən şərqə doğru umumilikdə 5,15 metr olan hissəsindən, yəni torpaq sahəsinin cənub hissəsinin ümumi uzunluğundan 5,15 metr məsafə saxlamaqla mövcud daş hasarın bir hissəsini sökərərək yoldan həyətə ayrıca giriş-çıxış yolu açmaq mümkündür. Eyni ilə rəydə yaşayış evinin birinci və ikinci mərtəbələr üzrə naturada bölünməsinin mümkün olduğu, bağlı və açıq eyvan da bölünməli, birinci mərtəbədə şüşəbəndin daşıyıcı divara bitişik hissəsindən yeni qapının açılması və ikinci mərtəbəyə həmin hissədən taxta pilləkənin quraşdırılmasının mümkün olması göstərilmişdir. İsmayıllı rayonu Basqal qəsəbəsi ünvanında yerləşən ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin paylara uyğun naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/Vəkil təmsil etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək iddia tələbinə dair hər hansı etiraz və ya vəsatətinin olmadığını, mübahisəli torpaq sahəsinin naturada paylarına uyğun bölünməsinə etiraz etmədiyini, təyin edilmiş bütün məhkəmə iclaslarında işi ilə əlaqədar iştirak edə bilməyəcəyini, təyin edilmiş bütün məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini və işə onun iştirakı olmadan baxaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. 30 iyul 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və həmin tarixli 407- 0016/331 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportun surətlərindən görünür ki, İsmayıllı rayonu Basqal qəsəbəsi ünvanında yerləşən 0,0108 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 67,9 kvadratmetr fərdi yaşayış evi ½ hissədə payları olmaqla İddiaçı və Cavabdeh birgə mülkiyyətindədir. "xxxx" MMC-nin 06 avqust 2022-ci il tarixli 21 nömrəli rəyindən görünür ki, İsmayıllı rayonu Basqal qəsəbəsi ünvanında yerləşən 0,0108 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 67,9 kvadratmetr fərdi yaşayış evinə baxış keçirilmişdir. Evin yaşayış sahəsinə nəzərən bölgüsünə əsasən evlə üz-üzə durduqda qərbdən şərqə doğru umumilikdə 5,15 metr olan hissəsindən, yəni torpaq sahəsinin cənub hissəsinin ümumi uzunluğundan 5,15 metr məsafə saxlamaqla mövcud daş hasarın bir hissəsini sökərərək yoldan həyətə ayrıca giriş-çıxış yolu açmaq mümkündür. Yaşayış evinin birinci və ikinci mərtəbələr üzrə naturada bölünməsinin mümkün olduğu, bağlı və açıq eyvan da bölünməli, birinci mərtəbədə şüşəbəndin daşıyıcı divara bitişik hissəsindən yeni qapının açılması və ikinci mərtəbəyə həmin hissədən taxta pilləkənin quraşdırılmasının mümkün olması göstərilmişdir. Məhkəmə mütəxəssis rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, mütəxəssis rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatıını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payının naturada ayrılmasını, yaxud həyətyanı torpaq sahəsinin açıq hərracdan satılmasını, satışdan əldə edilmiş pulun bölünüb payının ödənilməsini məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 30 iyul 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və həmin tarixli 407-0016/331 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportuna əsasən İsmayıllı rayonu Basqal qəsəbəsi ünvanında yerləşən 0,0108 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 67,9 kvadratmetr fərdi yaşayış evi ½ hissədə payları olmaqla İddiaçı və Cavabdeh birgə mülkiyyətindədir. "xxxx" MMC-nin 06 avqust 2022-ci il tarixli 21 nömrəli rəyinə əsasən İsmayıllı rayonu Basqal qəsəbəsi ünvanında yerləşən 0,0108 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 67,9 kvadratmetr fərdi yaşayış evinə baxış keçirilmişdir. Evin yaşayış sahəsinə nəzərən bölgüsünə əsasən evlə üz-üzə durduqda qərbdən şərqə doğru umumilikdə 5,15 metr olan hissəsindən, yəni torpaq sahəsinin cənub hissəsinin ümumi uzunluğundan 5,15 metr məsafə saxlamaqla mövcud daş hasarın bir hissəsini sökərərək yoldan həyətə ayrıca giriş-çıxış yolu açmaq mümkündür. Yaşayış evinin birinci və ikinci mərtəbələr üzrə naturada bölünməsinin mümkün olduğu, bağlı və açıq eyvan da bölünməli, birinci mərtəbədə şüşəbəndin daşıyıcı divara bitişik hissəsindən yeni qapının açılması və ikinci mərtəbəyə həmin hissədən taxta pilləkənin quraşdırılmasının mümkün olması göstərilmişdir. İddiaçı İsmayıllı rayonu Basqal qəsəbəsi ünvanında yerləşən ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin paylara uyğun naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək iddia tələbinə dair hər hansı etiraz və ya vəsatətinin olmadığını, mübahisəli torpaq sahəsinin naturada paylarına uyğun bölünməsinə etiraz etmədiyini, təyin edilmiş bütün məhkəmə iclaslarında işi ilə əlaqədar iştirak edə bilməyəcəyini, təyin edilmiş bütün məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini və işə onun iştirakı olmadan baxaraq qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mütəxəssis rəyinə əsaslanaraq və hər bir paylı mülkiyyətçinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmə hüququnun olması barədə qanunun tələblərini rəhbər tutaraq qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 30 iyul 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Basqal qəsəbəsi ünvanında yerləşən 0,0108 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 67,9 kvadratmetr fərdi yaşayış evi ½ hissədə payına uyğun olaraq naturada real bölünərək İddiaçı verilsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar