Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-674/2023 11.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və təkzib verilməsi tələbinə dair mülki işə 11 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona vurduqları maddi ziyana görə 87.088 manat, mənəvi ziyana görə 50.000 manat və ödənilmiş 428 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o,16 mart 1966-cı ildə İsmayıllı rayonunda anadan olmuş,1995-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş,02 mart 1988-ci il tarixdən 21 may 2018-ci il tarixə kimi İsmayıllı rayon prokurorluğunun dəftərxana müdiri,21 may 2018-ci il tarixdən 21 sentyabr 2018-ci il tarixə kimi Abşeron rayon prokurorluğunun,21 sentyabr 2018-ci il tarixdən 23 noyabr 2022-ci il tarixə kimi İsmayıllı rayon prokurorluğunun dəftərxana müdiri vəzifəsində işləmiş,işlədiyi ümumilikdə 34 il 8 ay ərzində hər zaman öz işinə vicdanla yanaşmış, prokurorluğun hörmət və nüfuzunu uca tutmuşdur. Tabeliyində işlədiyi rayon prokurorlarının hər birinin tapşırıqlarını layiqincə icra etmiş, rayon prokurorluğu kollektivi ilə daim səmimi münasibətdə olmaqla öz gündəlik işini layiqincə yerinə yetirmiş və prokurorluqda işlədiyi 35 ilə yaxın müddət ərzində bir dəfə də olsun intizam tənbehi almamışdır. Lakin İsmayıllı şəhər sakinləri Cavabdeh2 və Cavabdeh1 barəsində yazmış olduqları yalan və böhtan xarakterli ərizələrinə əsasən xx.xx.2022-ci il tarixli, 10/538-k saylı əmrlə tutduğu vəzifədən azad edilməklə dövlət qulluqçusu kimi fəaliyyətinə xitam verilmişdir. Həmin ərizənin araşdırılması zamanı Asim və Həmidin göstərdikləri faktların öz təsdiqini tapmamasına baxmayaraq onun həmin vaxtlarda rayon prokurorluğunun inzibati binasında onlar üçün cins inəklər alınması məqsədi ilə onlardan pul almağı, həmçinin istifadələrində olan ferma binasına video görüntülü baxış keçirməyi qənaətinə gəlinmişdir.Bu səbəbdən "Dövlət Qulluğu haqqında Azerbaycan Respublikası Qanunun 20.1.2,25.2.6 və 33.16-cı maddələrinə əsasən dövlət qulluqçusu kimi fəaliyyətinə xitam verilmişdir. Yəni 57 yaşının 35 ilini prokurorluqda xidmət etməklə hər zaman işinə vicdanla yanaşmış,lakin Həmid və Asim adlı şəxslərin barəsində yazdıqları həqiqətə uyğun olmayan müraciətləri əsasında işdən azad olunmuşdur. Halbuki həmin şəxslərin onun barəsində İsmayıllı Rayon Məhkəməsinə verdikləri iddia ərizəsinə məhkəmədə baxılarkən sübuta yetirilmişdir ki, Asim və Həmid adlı şəxslər ərizədə göstərdikləri məsələ ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi iş adamı Allahverdi Rüstəmovla görüşərək heyvanların alınması üçün şəxsən onunla danışıb razılaşaraq verəcəkləri pulun məbləğini müəyyənləşdirdikdən sonra həmin pul Allahverdi Rüstəmova "Million” ödəmə terminalı vasitəsi ilə tam ödənilərək bu barədə ödəniş qəbzləri mövcuddur. Həmin proseslərin icrasında onun heç bir iştirakı olmamışdır. Belə ki, İsmayıllı RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı Dəyanət Ağasəflinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə 12 oktyabr 2022-ci il tarixli qərarı ilə İsmayıllı şəhər sakinləri Cavabdeh2 və Cavabdeh1 şikayətləri ilə bağlı MK-1/1296 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmiş, şikayət vermiş şəxslərə müraciətlərində göstərilən məsələ ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Lakin buna baxmayaraq hazırkı iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona,eləcə də oğlu Etibar Hüseynova qarşı «əsassız varlanma nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə İsmayıllı Rayon Mahkəməsində əsassız iddia qaldıraraq onlardan müştərək qaydada əsassız olaraq əldə etdikləri və hazırkı vaxtadək geri qaytarmadıqları cəmi 9.390 manat pul vəsaitinin alınaraq onlara qaytarılmasını və onun hərəkətində Azərbaycan Respublikası CM-nin 178,308,309, 310cu maddələrinin tərkib əlamətlərinin olması barədə xüsusi qarardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişlər. İsmayıllı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli e-2(037)-15/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli e-2(037)-15\2023 nömrəli qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdehlər İddiaçı və X2 qarşı pul tələbi üzrə cavabdeh ola bilməyən şəxsə qarşı verildiyindən təmin edilməməlidir. Məhkəmə, cavabdeh İddiaçı əməlində ciddi qanun pozuntuları olması faktı ilə bağlı xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi tələbinə münasibətdə qeyd edir ki,iddiaçı hüquqi nəticə etibarı ilə cavabdeh barədə xüsusi qərardadın çıxarılmasını tələb edir.Lakin bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir,işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər.Başqa sözlə,məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər.Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz.Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Bundan sonra Cavabdeh1 və Əlizadə X4 Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli,e-2(037)-15/2023 nömrəli qətnaməsindən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermişlər və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Yəni həmin iş üzrə məhkəmə mübahisəsi tamamlanmış və yekun məhkəmə qərarı qəbul edilmişdir. Aparılmış istintaq və məhkəmə araşdırmaları zamanı onun və oğlu Etibar Hüseyinovun əməllərində hər hansı hüquq pozuntusunun (inzibati xətanın, cinayətin, mülki hüquq pozuntusunun) əlamətləri aşkar edilməmiş, eyni zamanda onların həmin mübahisə üzrə cavabdeh ola bilməyən şəxs olduqları müəyyənləşdirilmişdir. Belə ki, pensiya yaşına çatmadan dövlət qulluğuna xitam verilmiş, 8 il 5 ay dövlət qulluğu stajından, həmin 8 il 5 ayın əmək haqqından,hər il 3 dəfə olmaqla 25 aylıq bir maaş həcmində mükafatdan, həmin 8 il 5 ay staja görə yüksək pensiya təminatından məhrum edilmiş, habelə məhkəmə iclasları ilə bağlı Şəki şəhərinə gedib-gəlməyə görə 400 manat pul xərcləmiş, istintaq və məhkəmə araşdırmaları dövründə psixoloji sarsıntı keçirdiyinə görə şəkərli diabet, arterial hiperteniya xəstəlikləri həddindən artıq şiddətlənmiş, nəticədə ona əhəmiyyətli miqdarda maddi və mənəvi ziyan dəymişdir. İsmayıllı Rayon Prokurorluğunun 04 may 2023-cü il tarixli 104 Ş-23 nömrəli arayışından görünür ki,onun əmək haqqı 688 manat təşkil edir.Bundan əlavə prokurorluğun texniki işçilərinə hər ilin mart, oktyabr və dekabr aylarında bir aylıq əmək haqqı miqdarında mükafat verilir. Belə olan halda o (8 il 5 ay+25 ay) x 688 = (101- 25)x688=126x688=86.688 manat əmək haqqından və mükafatdan məhrum olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq göstərdi ki, cavabdehlərin ona qarşı irəli sürdükləri pul tələbinə dair iddiaları hər iki instansiya məhkəməsində rədd edildikdən sonra belə onlar onun haqqında şikayətlərini davam etdirmişlər.Belə ki,DİN-nin rəhbərliyi İsmayıllı rayonunda qəbulda olarkən qəbula gələrək,eyni şəkildə ona İsmayıllı rayon Prokurorluğunun inzibati binasında pul verdiklərini, pul tələb edildikdə isə ona güya hədə qorxu gəldiyini bildirmişlər.Göründüyü kimi cavabdehlər qanunsuz əməllərini davam etdirərək onun normal həyatına mane olurlar. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı İsmayıllı rayon Prokurorluğunda dəftərxana müdiri vəzifəsində işlədiyi dövrdə, yəni, 2020-ci ilin sonlarında İsmayıllı rayonu ərazisində şəxsi fermer təsərrüfatı qurmaq məqsədi ilə xaricdən südlük inək cinslərini gətirmək qərarına gəlmişlər və bu məsələdə Kənd Təsərrüfatı Nazirliyində müvafiq dövlət proqramının olması barədə onlara bildirmişlər. Lakin sözügedən nazirlikdə və onun struktur bölmələrində onlara yaxın adamların olmaması səbəbindən məcburiyyət qarşısında qalaraq hazırkı iş üzrə İddiaçı və oğlu Etibar Hüseynova bu məsələdə onlara kömək etmələrini xahiş etmişlər. Belə ki, hazırkı tələb üzrə İddiaçıla İsmayıllı rayon prokurorluğunun inzibati binasının 1-ci mərtəbəsində yerləşən iş otağında oğlu Etibar Hüseynovun yanında onlarla 2020-ci ilin dekabr ayında görüşərək bu işdə onlara kömək etmələrini bildirərək cəm şəkildə onlardan 21950 manat pul almışdır. Həmin pul vəsaitinin 10795 manatı ona, qalan məbləğ isə Cavabdeh1 məxsus olmuşdur. İddiaçı onları əmin etmişdir ki, verdikləri pulun qarşılığında qeyd edilən məsələni tez bir zamanda həll edəcəklər. Lakin hazırki vaxtadək İddiaçı və oğlu Etibar Hüseynov sözlərinin üstündə durmayaraq, heç bir iş görməyərək pulun bir hissəsini, yəni 12200 manat məbləği onlara qaytarmışlar, qalan 9390 manat pulu isə qaytarmamışlar. Həmin pulu tələb edən zaman İddiaçı və oğlu Etibar Hüseynov həmin pulları başqa şəxsə verdiklərini,lakin həmin şəxs işləri vaxtında həll etmədiyini,eyni zamanda pulu qaytarmadığını,bu səbəbdən onlara pul verə bilmədiklərini bəhanə gətirərək,pulu qaytarmaqdan imtina etmişlər. Bununla bağlı İddiaçı və oğlu Etibar Hüseynovla dəfələrlə görüşərək məsələni məhkəmədən kənar həll etmələrini təklif etsələr də heç bir nəticəsi olmamış, nəticədə pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişlər və İsmayıllı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli e-2(037)-15/2023 nömrəli qətnaməsi iddiaları təmin edilməmiş, apellyasiya instansiyasi məhkəməsi də qətnaməni qüvvədə saxlamış və bundan sonra onlar Allahverdi Rüstəmov adlı şəxsə qarşı həmin tələblə bağlı məhkəməyə müraciət etmişlər. Bundan sonra İddiaçı bu işin bitmədiyini deyərək onları hədələmişdir. Bir daha bildirmək istəyir ki, onlar yalan və uydurma ərizələr yazmamışlar, pulu məhz İddiaçı oğlunun da iştirakı ilə İsamayıllı rayon prokurorluğunun binasında vermişlər. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında digər Cavabdeh1 eyni məzmunlu ifadə verərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam,hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş: 12 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh2, Səmədli Roman, Cavabdeh1 və X5 Hüseyinov barəsində pul tələbi barədə ərizəsi əsasında İddiaçı barəsində başlanmış cinayət işi rədd edilmiş,tərəflərə sözügedən məsələ ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmə hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli,10/538-k saylı əmrin surətindən görünür ki, Dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə,habelə dövlət qulluğu ilə əlaqədar müəyyən edilmiş məhdudiyyətlərə əməl etmədiyinə görə İsmayıllı rayon prokurorluğunun böyük mütəxəssisi (dəftərxana müdiri) İddiaçı tutduğu vəzifədən azad edilməklə dövlət qulluğuna xitam verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli,e-2(037)-15/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdehlər İddiaçı və X1 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-485/2023 saylı qətnaməsinin surətindən görünür ki, İsmayıllı rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli e-2(037)-15/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı rayon X6 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-47/3-1691/2023 saylı arayışından görünür ki, İsmayıllı rayonu Mican kəndində yaşayan xx.xx.1966-cı il təvəllüdlü Hüseyinov X3 rayon RMX-nın Poliklinika Şöbəsində İ20.8 gərginlik stenokardiyası,İ25.2 əvvəllər keçirilən mikard infaktı, E11 şəkərli diabet İİ tip orta, İ10 arterial hipertenziya ağır forma diaqnozu ilə qeydiyyatda olmuş, müayinə və müalicə olunmasına baxmayaraq onun hal-hazırda stasionar müalicəyə ehtiyacı var. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırkı tələb üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2020-ci ilin sonlarında İsmayıllı rayon ərazisində fermer təsərrüfatı qurmaq məqsədi ilə İddiaçı oğlu Etibar Hüseynova müraciət etmiş və xaricdən südlük inək cinslərinin gətirilməsi işində Kənd Təsərrüfatı Nazirliyinin onlara yardım etməsi barədə vasitəçilik etməsini xahiş etmişlər.Etibar Hüseyinov isə sözügedən məsələ ilə bağlı onlara köməklik göstərməsi üçün onlara Allahverdi adlı şəxslə əlaqə yaratmalarını bildirmiş,onlar A.Rüstəmovla əlaqə yaratdıqdan sonra bu işin görülməsi üçün ümumilikdə 21.950 manat pulun onun Etibar Hüseyinov vasitəsi ilə A.Rüstəmova göndərilməsini bildirmişdir.Hazırki tələb üzrə cavabdehlər müxtəlif dövlət orqanlarına, eyni zamanda Baş Prokurorluğa 21.950 manat pulun ismayıllı rayon prokurorluğunun inzibati binasında İddiaçı verdikləri barədə ərizələr ünvanlamış,həmin ərizələr əsasında Baş Prokurorluqda İddiaçı barəsində xidməti araşdırma aparılmış,araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı dövlət qulluqçusu kimi elmi və yaradıcılıq fəaliyyəti istisna olunmaqla,qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedoqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa ixtiyarı olmadığı halda gəlir əldə etmək məqsədi ilə 2020-ci ilin təxminən noyabr ayında Cavabdeh2 və Cavabdeh1 məxsus fermaya baxış keçirdiyi, onların iştirakı ilə videozəng vasitəsi ilə Allahverdi Rüstəmova fermanı göstərərək şəraiti başa saldığı,2020-ci ilin noyabr ayının sonunda İsmayıllı rayon prokurorluğunda adıçəkilən şəxslərdən 21950 manat məbləğində pul aldığı müəyyən edilmiş,bu hərəkətləri ilə onun tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2, 8.2 və 13.1-ci və “Dövlər qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.2-ci maddəsinin tələbləri pozulmuş və Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli,10/538-k saylı əmri ilə Dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, habelə dövlət qulluğu ilə əlaqədar müəyyən edilmiş məhdudiyyətlərə əməl etmədiyinə görə İsmayıllı rayon prokurorluğunun böyük mütəxəssisi (dəftərxana müdiri) İddiaçı tutduğu vəzifədən azad edilməklə dövlət qulluğuna xitam verilmişdir.Eyni zamanda Cavabdeh2 və Cavabdeh1 İddiaçı və X2 qarşı pul tələbinə dair iddiası İsmayıllı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli,e-2(037)-15/2023 nömrəli qətnaməsi ilə təmin edilməmiş,Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-485/2023 saylı qətnaməsi ilə İsmayıllı rayon Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı məhz hazırkı tələb üzrə cavabdehlərin əsassız və yalan ifadələri əsasında işdən azad olunduğunu və bunun nəticəsində ona maddi və mənəvi zərərin dəydiyini, cavabdehlər isə heç bir yalan məlumat vermədiklərini, İddiaçı pul verdiklərini və fermer təsərrüfatı yaratmaqda onlara köməklik göstərməsini vəd etdiyini bildirirlər. Məhkəmə ilk öncə qeyd edir ki,Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir,söz,mətbuat,məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli,başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar.Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir.Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə,nəzərə alınmaması ilə müşayiət edilə bilməz.Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır.Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur,heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan qanunların mənasına görə şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı hüquq münasibətinin əsası üç şərtdən ibarətdir.Həmin şərtlərə aiddir:şəxs (iddiaçı) barədə məlumatlar yayılması,yayılmış məlumatların şəxsin (iddiaçının) şərəf,ləyaqət və işgüzar nüfuzunu ləkələməsi,yayılmış məlumatların həqiqətə uyğun olmaması. Məhkəmə qeyd edir ki,hazırkı iddia tələbinin əsası olan və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı barəsində müxtəlif dövlət orqanlarına göndərilən məlumatlar iddiaçının şərəfini,ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilə bilməz. Belə ki,məlumat əxlaqi prinsiplər,istehsal-təsərrüfat,xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət,kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa,o,şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir.Bu cür məlumatlar obyektivlik dərəcəsinə görə qiymətləndirilir.Belə ki,bu kimi məlumatlar,eləcə də söz və ifadələr öz təsdiqini tapmadığı halda aid olunduğu şəxsin şərəf və ləyaqətini ləkələyən və işgüzar nüfuzuna xələl gətirən sözlər (ifadələr) və məlumatlar hesab olunur. Məhkəmə qeyd edir ki, yuxarıda cavabdehlər tərəfindən Baş Prokurorluğa və müxtəlif dövlət orqanlarına yazılmış ərizələrin iddiaçının dövlət qulluqçusu olması ilə əlaqələndirərək onun xüsusi dözümlülük göstərməli olduğu xüsusi ilə vurğulanmalıdır.Belə ki,məhkəmə hesab edir ki, iddiaçı digər özəl şəxslərdən fərqli olaraq, hakimiyyəti təmsil edən orqanda (prokurorluqda) işləyən dövlət qulluqçusu kimi onun fəaliyyəti ilə bağlı özündə tənqidi və bəzən çox sərt və ilk baxışdan nüfuzuna toxuna biləcək fikirlərə qarşı dözümlülük nümayiş etdirməlidir.Tərəflər arasındakı mübahisədən göründüyü kimi, hazırkı mülki iş üzrə mübahisə sözügedən müraciətdə iddiaçının prokurorluqda dəftərxana müdiri vəzifəsində işlədiyi dövrdə elmi və yaradıcılıq fəaliyyəti istisna olunmaqla onun sahibkarlıq fəaliyyəti və s ödənişli fəaliyyətlə məşğul olması və eyni zamanda pul tələbi ilə bağlı yaranmış mübahisə ilə əlaqədar yazılan ilk baxışda şəxsin şərəf və ləyaqətini ləkələyən və işgüzar nüfuzuna xələl gətirən sözlər (ifadələr) və məlumatlardır.Lakin,yaşadığımız cəmiyyətdə real yanaşma zamanı müəyyən edilir ki, müxtəlif dövlət qurumlarında vəzifə səlahiyyətlərini icra edən vəzifəli şəxslərin fəaliyyəti barədə zaman-zaman vətəndaşların haqlı və ya haqsız narazılıqları ilə bağlı müxtəlif məzmunlu şikayətlər öz əksini tapmışdır. Belə ki, adi vətəndaşlardan fərqli olaraq, müxtəlif vəzifələrə təyin olunmuş şəxslərin, açıqaydın şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələmədiyi müddətcə bu məzmunlu şikayətlərinə dözümlülük nümayiş etdirmələri həm dövlətimizin, eyni zamanda da “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının tələblərindən biridir. Əksi halda vətəndaşın müraciət hüququ məhdudlaşır və nəticədə fikir və söz azadlığı hüququ pozulmuş olur. Belə olan halda fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Belə ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının: 10.1-ci maddəsinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. 10.2-ci maddəsinə əsasən Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında bəyan edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuş şəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir. Avropa Məhkəməsi “X7rşı” (2000) qərarında demokratiyanın bərqərar olması üçün ilkin şərtərdən biri kimi ifadə azadlığının mühüm əhəmiyyətini xatırlatmışdır. Bu hüquqdan həqiqi, effektiv şəkildə istifadə yalnız dövlətin müdaxilə etməmək vəzifəsindən asılı deyildir, o eyni zamanda, hətta fərdlər arasında münasibətlər sahəsində pozitiv müdafiə tədbirləri tələb edə bilər. Pozitiv vəzifənin mövcud olub-olmamasını müəyyənləşdirərkən, cəmiyyətin ümumi marağı və şəxsin maraqları arasında rast gəlinməli olan, Konvensiyada da araşdırılan ədalətli tarazlığa fikir verilməlidir. Avropa Məhkəməsi “Lingens Avstriyaya qarşı” (1986) qərarında qeyd etmişdir ki, məqbul hesab edilən tənqidin hüdudları siyasətçi ilə bağlı olduğu halda özəl şəxslə bağlı olduğu haldakından daha genişdir. Sonuncudan fərqli olaraq, əvvəlki qaçılmaz olaraq və bilərəkdən özünün hər bir sözünün və hərəkətinin jurnalistlər və ümumi əhali tərəfindən tənqidi araşdırılmasına məruz qalır və bu səbəbdən o, daha çox dözümlülük nümayiş etdirməlidir. Eyni zamanda Avropa Məhkəməsinin “Thoma Lüksemburqa qarşı” (2001) işində xüsusilə vurğulanmışdır ki, öz vəzifələrini yerinə yetirən dövlət qulluqçuları, siyasətçilər kimi özəl şəxslərdən fərqli olaraq daha geniş tənqidlərə məruz qala bilərlər. Avropa Məhkəməsi 10-cu maddənin təfsiri ilə bağlı digər mühüm olan “X8rşı” (2009) qərarında göstərmişdir ki, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi digərlərinin nüfuzunu qorumaq məqsədi ilə söz azadlığının məhdudlaşdırıla bilməsini qəbul etsə də,böhtanla bağlı qanunlar və proseslər dövlətin vəzifəli şəxslərinin qanuni şəkildə tənqid olunmasına və ya vəzifə pozuntularını və korrupsiya hallarını üzə çıxarmağa mane olmaq məqsədini daşıyırsa və ya belə təsirə malik olarsa, onlara bəraət qazandırıla bilməz. Hazırkı halda barəsində şikayət edilən şəxs prokurorluqda dəftərxana müdiri vəzifəsində işləməklə dövlət qulluqçusu statusunda olmaqla cavabdehlər tərəfindən onun barəsində prokurorluğa və digər dövlət orqanlarına yazdıqları ərizələr işlədiyi yerdə cavabdehlər də daxil olmaqla iş yoldaşları və dolayısı ilə sakinlər üçün mühüm əhəmiyyət kəsb edən müəyyən publik vəzifələr daşıdığından onun fəaliyyəti yüksək maraq kəsb etməklə diqqət mərkəzində olduğundan,mütəmadi şəkildə tənqidə məruz qalması demokratik cəmiyyətdə normal hal hesab edilməlidir. Avropa Məhkəməsi qərarlarında bu şəkildə tənqidi “vətəndaş mövqeyinin bildirilməsi” kimi qiymətləndirərək, onun məhdudlaşdırılmasını ciddi şəkildə tənqid etmişdir (Chorherr Avstriyaya qarşı (1993)). Məhkəmə hesab edir ki, hazırkı iddianın araşdırılması zamanı şikayətin və həmin ifadələrin səsləndirilməsinin məqsədinin məhz cavabdehlərin öz hüquqlarının qorunmasına xidmət etdiyi də nəzərə alınmalıdır. Eyni zamanda xüsusi olaraq nəzərə alınmalıdır ki, bu ifadələr mətbuata deyil,məhz vətəndaşın hüquqlarının qorunmasına yardım etmək səlahiyyətləri olan Baş Prokurorluğa və digər əlaqəli qurumlara ünvanlanmışdır. Şikayətdə əks olunmuş ifadələrə gəldikdə isə Avropa Məhkəməsi qeyd etmişdir ki, ifadələrin məzmununa qiymət verməmişdən əvvəl onların faktların təsvirini ehtiva etməsini, yoxsa ki şəxsin məsələyə dair subyektiv qiymətləndirməsindən ibarət olmasına diqqət yetirilməlidir. Belə ki, faktların təsviri ifadələrin həqiqiliyinin sübuta yetirilməsini tələb etdiyi halda, qiymətləndirilmə sübutetməni tələb etmir. Avropa Məhkəməsi “Fluks və Samson Moldovaya qarşı” (2007) işində bildirmişdir ki, “sabiq dövlət məmuru özünə qəsrlər tikdirir” və “sabiq tikinti naziri G.C. digərlərinin əzabları üzərindən varlanmağa qərar vermişdir” ifadələri G.C-nin tikinti fəaliyyəti və bunun qonşular üzərindəki təsiri haqda qəzetin rəyini əks etdirən subyektiv qiymətləndirmələrdir.Belə vəziyyətdə,məhkəmə hesab etmişdir ki,qəzetin öz subyektiv qiymətləndirilməsinin həqiqiliyini sübut etməsini gözləmək olmaz. Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddələrinə əsasən hər bir fərd universal xarakterli–yəni vətəndaşlıq münasibətindən asılı olmayan ifadə azadlığına malikdir.Üstəlik,ifadə-fikir və söz azadlığının təmin olunması cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən hesab olunur. Şəxsin yaydığı və digər şəxsin bu informasiyanın özünün şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələdiyini hesab etdiyi məlumatlar məhz ifadə azadlığı kontekstində yayılır. Bu mənada, “digər şəxsin hüquqlarını poza, onun nüfuzunu ləkələyə biləcəyi ehtimalı” ilə şəxsin qanuni ifadə azadlığını məhdudlaşdırmaq ağlabatan olmazdı.Yəni, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il-ci il tarixli Qərarı ilə formalaşan hüquqi mövqedə də əksini tapdığı kimi, şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Nəzərə alınmalıdır ki, bu hüquqlar həyata keçirilərkən biri-digəri ilə rəqabətdə olur və ona görə də,bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz.Bu baxımdan ağlabatan olmayan “hüquqi profilaktika” tədbirlərinin daha böyük zərərə yol aça biləcəyi qəbul edilərək,şəxsin məzmunundan asılı olmayaraq özünüifadəsinə imkan yaradılmasında problem olmamalıdır. Çünki,zərərli məzmuna malik özünüifadəyə görə şəxsin həm mülki,həm də cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər oturuşmuş həm beynəlxalq,həm də dövlətdaxili hüquq təcrübəsi mövcuddur.Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1, 23.4 və 23.6-cı maddəsinin məzmununa əsasən, şəxs özü, yaxud marağı olan şəxslər onun şərəfini,ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan,habelə natamam dərc edilən faktik məlumatların məhkəmə qaydasında təkzib olunmasını,nəticədə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Hazırkı mübahisə üzrə işin faktiki halına nəzər salsaq görərik ki, cavabdehlər məhkəmə iclaslarında verdiyi ifadələrdə İddiaçı haqqında ünvanladıqları müraciətlərində ümumiyyətlə səhv etmədiklərini, hətda işlətdikləri ifadələri pozulmuş hüquqlarının bərpası üçün etdiklərini bildirmişlər. Təsadüfi deyil ki, 1950-ci il Avropa Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndində də təsbit olunmuşdur ki, öz rəyində qalmaq ifadə azadlığının ayrılmaz tərkib hissəsidir. 1966-cı il “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakta görə isə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Başqa formada desək, şərəf və ləyaqət əslində insanın bütün digər hüquqlarının əsas məqsədidir. Bu mənada insan ləyaqəti onun hüquq və azadlıqlarının mənbəyidir. Ləyaqət cəmiyyət tərəfdən sosial dəyərlərin tanınması, konkret insanın unikallığı, insan cəmiyyətinin üzvi kimi hər bir şəxsiyyətin mühim dəyəridir.Deməli bu halda,“rəyində qalmaq imkanı”-nı məhdudlaşdırmaqla digər şəxsin ləyaqətinin qorunması, birincinin ləyaqətinə təcavüzə çevrilmiş olur, baxmayaraq ki, bu “imkan” demokratik cəmiyyətin mövcudolma tələbidir. Göstərilənlərlə yanaşı məhkəmə iddiaçının hazırki tələb üzrə irəli sürdüyü iddiasının əsası kimi, İsmayıllı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli e-2(037)-15/2023 nömrəli qətnaməsinə istinad edərək, Cavabdeh2 və Cavabdeh1 ona və oğluna qarşı pul tələbinə dair iddiasının təmin edilmədiyini, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-485/2023 saylı qətnaməsi ilə isə sözügedən qətnamənin dəyişdirilmədən saxlanımasına istinad etməsinə münasibət bildirərək qeyd edir ki,sözügedən tələb qiymətləndirilərkən və məhkəmə yekun qərara gələrkən,İddiaçı cavabdehləri prokurorluğun inzibati binasında qəbul edib-etmədiyi,onlarla qazanc əldə etmək məqsədi ilə elmi və pedoqoji fəaliyyətlərdən başqa gəlir əldə etmə fəaliyyəti ilə məşğul olubolmaması araşdırılmamış,sözügedən iddia məhz tələbə cavab verməli olmayan şəxsə qarşı verildiyindən təmin edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 10/538-k saylı müvafiq əmri ilə Dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə,habelə dövlət qulluğu ilə əlaqədar müəyyən edilmiş məhdudiyyətlərə əməl etmədiyinə görə İsmayıllı rayon prokurorluğunun böyük mütəxəssisi (dəftərxana müdiri) İddiaçı tutduğu vəzifədən azad edilməklə dövlət qulluğuna xitam verilmiş və sözügedən əmr İddiaçı tərəfindən mübahisələndirilməyək hal-hazırda qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması,zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması,zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya cavabdehlər tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs,o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı,yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir.Ona görə də,hazırkı mübahisə üzrə cavabdehlər iddia tələbini qəbul etmədikləri üçün cavabdehlərin 87.088 manat maddi və 50.000 manat mənəvi ziyan vurmalarını sübutetmə yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi,Baş prokurorluğun müvafiq əmri qüvvədə olmaqla,İddiaçı işdən azad olunmasının məhz cavabdehlərin uydurma və həqiqətə uyğun olmayan ərizəsi əsasında olduğu barədə tələb irəli sürsə də bununla bağlı məhkəməyə əsaslı sübut təqdim etməmiş, öz istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçının maddi zərər tələbi ilə bağlı gəldiyi qənaətin məntiqi nəticəsi olaraq məhkəmə, mənəvi ziyan tələbini də əsassız hesab edir və bununla bağlı əlavə araşdırılma aparılmasına zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah edir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi və təkzib verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi,qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və təkzib verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-674/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-674/2023
11.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver