Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-685/2021 27.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 27 avqust 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 8000 manat və 30 manat ödənilmiş dövlət rüsumu - cəmi 8030 (səkkiz min otuz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehdən 5350 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, cavabdehi bir neçə ildir tanıyır və aralarında səmimi münasibət yaranmışdır. 2020-ci ilin dekabr ayında cavabdeh təcili pula ehtiyacı olduğunu ona bildirmişdir. Cavabdehə ehtibar etdiyi üçün 12 dekabr 2020-ci il tarixdə borc müqaviləsi bağlayaraq ona 8000 (səkkiz min) manat borc pul vermişdir. Cavabdeh aldığı pulun 2650 manatını bir neçə dəfəyə ona qaytarmış, 5350 manat borcu qalmışdır. Dəfələrlə pulunu tələb etsə də hər dəfə bir bəhanə ilə cavabdeh pulun qaytarılmasından yaynmışdır. O, hepatit xəstəliyindən əziyyət çəkir və tez-tez müalicə olunmalıdır. Müalicə olunması üçün xeyli vəsait tələb olunur. Cavabdeh borcunu qaytarmadığından müalicə oluna bilmir və vəziyyəti daha da ağırlaşmışdır. Cavabdeh müxtəlif bəhanələrlə vaxtı uzatmaq istəyir. Yaşadığı Ağcabədi rayonundan İsmayıllı rayonuna gəlib getmək üşün hər dəfə 80-100 manat məbləğində vəsait xərcləyir. Növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və cavabdehdən 5350 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. 07 iyul 2021-ci il tarixdə teleqram ünvanlayaraq məhkəmə bildirişini aldığını, xidməti işi ilə əlaqədar məhkəmə iclaslarına gələ bilməyəcəyini, iddiaçı ilə aralarında borc müqaviləsi bağlayaraq 12 dekabr 2020-ci il tarixdə nəqd olaraq 8000 (səkkiz min) manat pul aldığını, maddi vəziyyəti yaxşı olmadığı üçün borcundan hissə-hissə 1000 manat ödədiyini, qalan borcunu isə hissə-hissə ödəyəcəyini bildirərək ona vaxt verilməsini xahiş etmişdir. 12 dekabr 2020-ci il tarixli borc müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 8000 (səkkiz min) manat borc pul verilmişdir. 26 iyun 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı 12 dekabr 2020-ci il tarixdə borc müqaviləsinə əsasən cavabdehə 8000 (səkkiz min) manat pul vermişdir. Cavabdeh aldığı pulun 2650 manatını iddiaçıya qaytarmış, 5350 manat borcu qalmışdır. İddiaçı cavabdehdən ödənilməmiş qalan 5350 manat borcunu tələb edir. İddiaçı işə iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh teleqram ünvanlayaraq iddiaçıdan 8000 (səkkiz min) manat pul aldığını etiraf etdiyini, aldığı pulun bir hissəsini qaytardığını, qalan borcunu isə hissə-hissə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Tərəflər arasında borc müqaviləsi yazılı formada bağlanılmış və müqaviləni hər iki tərəf imzalamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdeh məhkəmə iclaslarına gəlməsə də, teleqram ünvanlayaraq iddianı etiraf etdiyini, iddiaçı ilə aralarinda borc müqaviləsi bağlanıldığını, borcunun bir hissəsini ödədiyini, qalan borcunu isə hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə işin faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya 5350 manat borcunun olması, həmin məbləği indiyədək iddiaçıya qaytarmaması faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən, həmçinin cavabdehin iddiaçıya borcu qaldığını etiraf etdiyindən, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5350 manat borc və 30 manat dövlət rüsumu - cəmi 5380 (beş min üç yüz səksən) manat pul məbləği alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-685/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-685/2021
27.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver