Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-7/2025 12.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi, İddiaçı/cavabdeh İddiaçı, Cavabdehlər/iddiaçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh1 vəkili/nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət hüququna müdaxilənin aradan qaldırılması tələbi barədə iddiası, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qonşu hasarın qanunsuz çəkilmiş hissəsinin sökülməsi və əmlaka vurulmuş ziyanın aradan qaldırılması tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə 12 noyabr 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona məxsus hasarda qanunsuz tikilmiş tikintilərin onların hesabına sökülməsi, onun hasarından cavabdehlər tərəfindən istifadəyə qadağa qoyulması və cavabdehlərin qanunazidd hərəkətlərinin qarşısının alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən tikilmiş hasarın tikinti normalarına cavab verməyən və onun həyətinə daxil olan hissələrinin öz hesabına sökülməsi və əmlakını qəsdən məhv etməsi nəticəsində yaranmış zərərin cavabdeh İddiaçı tərəfindən öz hesabına təmir olunmaqla əvvəlki vəziyyətinə qaytarması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ötən məhkəmə iclasında iddianın dəyişidrilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ara məsafəsi gözlənilmədən qanunsuz ona məxsus hasarının yanında tikilmiş yaşayış evinin, yardımçı tikililərin, hasar boyu çəkilmiş qaz, işıq xətlərinin, həyətinə baxan hissədə quraşdırılmış kameraların cavabdehlərin hesabına sökülməsi, hasarına dəymiş ziyanın müəyyən olunaraq ödənilməsi və ona məxsus olan hasardan cavabdehlər tərəfindən istifadəyə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı/cavabdeh İddiaçı iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdehlər onun əmisi oğlanlarıdır. Babaları vaxtı ilə həyətyanı torpaq sahəsini bölǝrǝk 0,6 hektar hissəsini atasına, çox hissəsini isə əmisi Musaya vermişdir. Hazırda cavabdehlərlə qonşuluqda yaşayır. Mərhum nənələri Narxanım Mahmudova torpaq sahəsinin 0,5 hektarını Afiqǝ, 0,20 hektarını isə Nicata bağışlamışdır. Ailələrinin bütün üzvləri də 0,6 hektar torpaq sahəsini ona bağışlamışlar. Sənədləri müvafiq orqana vermiş və adına çıxarış alacaqdır. Həm Nicatla, həm də Afiqlə aralarında hasar vardır. Afiqlə aralarında olan 30 metr məsafə daş hasarla hörülmüş və bunun bütün xərcini o çəkmişdir. Aranı daş hasarla bağlayarkən Afiqə təklif etmişdir ki, qonşu kimi müəyyən xərclərə ortaq olsun. Lakin Afiq “özün bilərsən, get hasarı özün çək” - deyərək heç bir köməklik göstərməmişdir. Buna baxmayaraq, Afiq hasar hazır oluqdan sonra onun icazəsi olmadan tikdiyi ayaqyolunu və anbarı onun hasarına birləşdirmiş, özünə məxsus qaz turbasını onun hasarına vuraraq hasarını zədələmişdir. Bundan başqa, Afiq evinin qabağına artırdığı artırmanın üstünün dəmirini onun hasarının üstündə olan dəmirə birləşdirmişdir ki, bu da yağıntılı havalarda yağış və qar suyunun hasarın üzərinə axması ilə nəticələnir ki, bu da gələcəkdə hasarın uçmasına səbəb olacaqdır. Digər cavabdeh olan Nicatla aralarında onun tərəfindən alt hissəsini mişar daşı ilə hörǝrǝk aranı dəmirlə bağlamışdır. Nicat bu işlərin aparılmasına ona heç bir maddi köməklik göstərməmişdir. Buna baxmayaraq, Nicat da hasarın 4 metr hissəsini açaraq ona məxsus olan dəmirləri götürmüş, yerində daşdan hasar çəkərək qoğal sexi tikmişdir. Dəmirləri də ona qaytarmamışdır. Bir hissədə isə hin tikərək onun hasarına birləşdirmişdir. Qoğal sexi evindən təxminən 8 metr məsafədə yerləşir. Günün əksər vaxtı adətən də axşamlar sex fəaliyyət göstərir. Gecədən səhərə qədər iki pəncərəsindən daxil olan tüstü və səs-küy, maqnitafon və televizor səsi onların rahatçılığını pozur. Səhərə kimi yatmaq olmur. Onun müraciətinə əsasən ekologiya idarəsi gələrək qoğal sexinin fəaliyyətini dayandırmışdır. Qida təhlükəsizliyi təşkilatına da müraciət etmişdir. Hər iki cavabdehlə aralarında olan daş və dəmir hasarlar tək onun vəsaiti hesabına inşa olunmuşdur. Buna baxmayaraq, cavabdehlər onunla razılaşmadan və ondan icazə almadan mülkiyyəti hesab olunan hasarlardan özlərininki kimi istifadə edirlər. Bunu da o, həm mülkiyətinə müdaxilə, həm də rahatlığını və istirahət hüququnun pozulması kimi qiymətləndirir. Bundan başqa, Cavabdeh1 evinə kameranın bucağını elə quraşdırmışdır ki, sanki kamera ilə yalnız onun evini və həyətini nəzarətdə saxlayır. Afiqin evinə kamera quraşdırmasına heç bir etirazı yoxdur. Lakin quraşdırdığı kameranın onun həyətini çəkməməsi üçün o, hasarını əlavə olaraq iki metr hündürlüyə qaldırmaq məcburiyyətində qalmışdır. Lakin Afiq kameranın çəkmə bucağını elə yerləşdirə bilər ki, yalnız öz həyətini və darvazasını çəksin. Cavabdeh1 evinə quraşdırdığı kameranın çəkmə bucağının dəyişdirilməsini də tələb edir. Qarşılıqlı iddia tələbinə münasibətdə bildirmək istəyir ki, onun tərəfindən tikilmiş hasar 1978-ci ildən mövcud olmuş və hər iki tərəfin sərhəd xətti valideynləri tərəfindən müəyyən olunmuşdur. Hasar əvvəl dəmir tor formasında, sonra bir hissəsi mişar daşı, bir hissəsi dəmir lövhəciklərdən ibarət olmuş və sonradan cavabdehlərin təkidi ilə o, həmin hasarı yenidən mişar daşı ilə tikmişdir. Bu barədə cavabdehlərlə aralarında şifahi razılaşma olmuşdur. Hasar tikiləndə Afiqin və ya başqa şəxsin əmlakın ziyan dəyməmişdir. Hasar 1978-ci ildən mövcud olmuş köhnə hasarın yerində tikilmişdir. Hasarın 4 metr olması isə ümumən həqiqəti əks etdirmir. Cavabdeh tərəfin onun həyətinə baxan hissədə quraşdırdığı kameraların həyətini, evinin qabağını tam izlədiyi üçün kameraların qarşısı dəmir lövhələrlə tutulmuşdur. Yəni həmin dəmir lövhələr hasar deyil, kameraların həyətinin içini, evinin qarşısını izləməsinin qarşısı alınması üçün quraşıdırılmış qoruyuculardır. Cavabdeh tərəf heç bir qonşuluq və qohumluq münasibətlərini gözləmədən hərəkət edir və o da məvbur olaraq 1978-ci ildən mövcud olan hasarın dibində ara məsafəsi gözləmədən tikilmiş yaşayış evinin, hasarına söykədilərək tikilmiş yardımçı tikililərin, hasar boyunca çəkilmiş qaz, işıq xətlərinin sökülməsi, həyətyanı torpaq sahəsini, evinin qarşı tərəfini, içini izləyən kameraların sökülməsi və hasarının bir hissəsində deşiklər açılaraq yararsız vəziyyətə salması nəticəsində ona dəymiş ziyanın cavabdehlərdən alınaraq ona verilməsini istəyir. İddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçının hər hansı bir mülkiyyət hüququnu pozmamışdır. İddiaçının iddia tələbini əsassız hesab edir və təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh/iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbini müdafiə etdiyini, iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı onun doğma əmisi oğludur. Qeyd olunan ümumi ərazi babalarına məxsus olmuşdur. Babası dünyasını dəyişəndən sonra isə mülkləri nənəsinin adına keçmişdir. Onun ərazisində olan tikililər hasar çəkilməmişdən də qabaq nənəsi sağ olarkən tikilmişdir. Ailə üzvləri buna şahiddirlər. Bölgü atası və əmisinə münasibətdə uzun illər öncə aparılsa da əmlak bölgüsü ilə bağlı hüquqi sənədlər 2019-cu ildə rəsmiləşdirilmişdir. Bölgü zamanı ilk öncə dəmir hasar olmuş və həmin hasar möhkəm dəmir sütunlara bağlı və yararlı vəziyyətdə olmuşdur. Torpaq sahəsi bölünməmişdən qabaq, hal-hazırda “qoğal sexi” deyilən tikili babası tərəfindən yayda besetka və təndir çörəyi bişirmək üçün öz zəhməti ilə tikilmişdir. Bölgü zamanı və ya bölgüdən sonra o və qardaşı Nicat tərəfindən həmin hissəyə hər hansı artırma və ya müdaxilə olmamışdır. O, sürücü işləyir və ailəsini çətinliklə dolandırır. Bu baxımdan hər hansı artıq xərcə gücüm çatmamışdır. Təqribən 2022-ci ildə Səbuhi həmin hasarı söküb daş hasarla əvəz etmək qərarına gəlmiş, həmin ərəfədə münasibətlərində hər hansı bir problem olmamışdır. Səbuhi daş hasarı tikəndə ona aid olan torpaq sahəsinə hasarı irəli çəkmiş və hasarın çıxıntılı sütunlarını ona aid hissədə tikmişdir. Ailə üzvləri və qonşular bu hala şahiddirlər. Bu baxımdan evlərinin arxasında olan tikili hasara yaxın məsafədə olmuşdur. Hasarın onun həyətinə tərəf olan hissəsini təmir etməmiş və o, təmir etmək istəyəndə aralarında narazıçılıq yaranmışdır. Məhkəməyə müraciət etməmişdən qabaq Səbuhi ilə aralarında mübahisə düşmüş və atasının yanında ağır söyüş söydüyünə görə dalaşmış və Səbuhi onun ayaq nahiyəsinə daşla zərər vurmuşdur. Məsələ ilə əlaqədar Səbuhi ondan polisə şikayət etmiş, amma nəticədə Səbuhinin məsuliyyəti ona münasibətdə daha ciddi olduğundan ərizəsini geri çəkmiş, onunla barışmaq və bu məsləyə son qoymaq istədiyini bildirmişdir. O da qohumluq münasibətləri pozulmasın deyə şikayətçi olmamışdır. Daha sonra isə məhkəməyə müraciət etdiyindən və ona qarşı əsassız iddia tələbindən xəbərdar olmuşdur. Səbuhinin iddia tələbi tam əsassızdır, o və qardaşı heç bir qanun pozuntusu etməmiş və qarşı tərəfin hər hansı bir mülkiyyət hüququnu da pozmamışlar. Əksinə Səbuhi hasarı onun ərazisində çəkməklə tikinti normalarına riayət etməmiş və nəticədə özü qanunu pozmuşdur. Bundan başqa, Səbuhi özü ustaları ilə birlikdə onun çöl darvazasının üstünü, həyətinin qabağını qanunsuz olaraq dağıtmış və nəticədə əmlakına külli miqdarda zərər vurmuşdur. Darvazının tikinti normalarını pozmasına səbəb olan hallara dair qeyd edir ki, qonşu hasar sərhəd ərazidə tikilməli olmasına baxmayaraq, Səbuhi sərhəd ərazidən çıxaraq onun həyətyanı ərazisinə daxil olmuş və darvazanın sütunları da onun həyətinin içinə girmişdir. Qoğal sexi həmin darvaza olmamışdan öncə mövcud olmuş və Səbuhi darvazanı onun həyətinə daxil olaraq tikməklə qanunsuzluq etmişdir. Səbuhinin onun ərazisinə daxil olmaqla qanunsuz olaraq tikdiyi qonşu hasarın hündürlüyü 4 metrdir. Onun öz həyətində quraşdırdığı kamera yalnız öz ərazisini çəkir və Səbuhinin hər hansı hüquqlarını pozmur. Amma Səbuhinin hasarı 4 metr hündürlükdə tikməsi onu və ailəsini gün üzünə həsrət qoymuş və həyətində olan ağacların da gün işığı almasına maneə yaradır. Ümumiyyətlə qonşu hasarın o hündürlükdə olması tikinti normalarına ziddir və qanunsuzdur. Qonşu hasarın onun ərazisinə daxil olmaqla tikilməsi, evi ilə hasar arasında məsafənin qısa olması evin otaqlarına gün işığı düşməsinə maneə yaradır, həmçinin yağışlı və qarlı havada ora yağan yağıntılar zamanı suyun axmaması evinə ciddi zərər vurur. Həmçinin hasarın bu cür tikilməsi tikinti üzrə mövcud qanunvericiliyin tələblərini də kobud şəkildə pozmuş olur. Səbuhinin əlində heç bir məhkəmə qərarı və ya hüquqi əsası olmadan, həmçinin, heç bir subyektiv hüquqa malik olmadan həyətinə daxil olaraq, darvazısının yuxarı hissəsini dağıtmış və həyətində olan tikilini məhv edərək əmlakına zərər vurmuşdur. Hər ikisinin ərazisinin ön hissəsində olan müəyyən sahə artırılmış sahədir. Ona aid olan həyətyanı hissədə hər hansı kiçik dekorativ işlər görməsi onun mülkiyyət hüququnu pozmur. Amma Səbuhi heç bir əsas olmadan və heç bir kompensassiya ödəmədən qanunsuz olaraq həyətinə daxil olmaqla və əmlakını qəsdən məhv etməklə ona külli miqdarda ziyan vurması mülkiyyət hüququnu kobud şəkildə pozmaqla törədilmiş cinayət əməlidir. Hazırda Səbuhinin onun ərazisinə daxil olmaqla qanunsuz hasar çəkməsi və əmlakını qəsdən məhv etməsi mülkiyyət toxunulmazlığını və mülkiyyət hüquqlarını kobud şəkildə pozmuş və ona külli miqdarda zərər vurmuşdur. Mülki iş üzrə məhkəmə tərəfindən əldə olunmuş hər iki ekspert rəyində Səbuhinin hər hansı mülkiyyət hüququnun pozulmadığı bir daha sübuta yetirilmiş olur. Həmçinin, birinci ekspert rəyində sərhəd müəyyən olunmamışdır. Onun həyətində olan bütün tikililər hasar çəkilməmişdən qabaq mövcud olmuş və həmin tikililərə hər hansı artırılma olmamışdır. Əmlak bölgüsündə sərhəd hissə müəyyən olunan zaman ərazidə mövcud olmuş hazırki tikililər nəzərə alınmışdır. Hər bir halda əmlak baba yurdu dağıtmaq üçün bölünməzdi. Bundan başqa əgər ərazidə qanunsuz tikili olsa idi, daşınmaz əmlaka dair mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmazdı. Onun isə həm evə, həm də mənzilə dair çıxarışı mövcuddur. Bununla belə həmin hasarın ona aid həyətə daxil olmaqla qanunsuz tikilməsi və əmlakının qəsdən məhv edilməsi onun hüquqlarını kobud şəkildə pozulmasına səbəb olmuşdur. Qarşılıqlı iddia tələbinin təmin olunması, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh/iddiaçı Cavabdeh1 vəkili/nümayəndəsi Vəkil cavabdeh/iddiaçı Cavabdeh1 izahatının məzmununa uyğun izahat verərək qarşılıqlı iddia tələbinin təmin olunması, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. 30 oktyabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Mican kəndi ünvanında ümumi sahəsi 101,4 kv.metr olan fərdi yaşayış evi X2 tam mülkiyyətində, 0,08 hektar həyətyanı torpaq sahəsi isə X7, X5, X4, X6 və İddiaçı ümumi birgə mülkiyyətindədir. “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinin surətindən görünür ki, X7, X5, X4 və X1 rayonu Mican kəndi ünvanında yerləşən ümumi sahəsi 101,4 kv.metr fərdi yaşayış evini tam mülkiyyət üzrə, ümumi sahəsi 0,08 hektar həyətyanı torpaq sahəsini birgə mülkiyyət üzrə İddiaçı mülkiyyətinə vermişlər. Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2024-cü il tarixli 3-16-16/2-10/1070 nömrəli ekspert rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: Mübahisə predmeti olan qeyri-yaşayış tikilisinin (qoğal sexi) ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, 29 oktyabr 2018-ci il tarixli 407-1918/242 inventar nömrəli “Texniki Pasport” sənədinə əsasən iddiaçı X2 mülkiyyətində olan 0,08 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən olunmuşdur. Belə ki, mübahisə predmeti olan və faktiki olaraq cavabdehlərin istifadəsində olan qeyri-yaşayış tikilisi (qoğal sexi) iddiaçıya məxsus torpaq sahəsinin cavabdehə məxsus torpaq sahəsi ilə sərhəd hasarına bitişik vəziyyətdə yerləşdiyi, mübahisə predmeti olan talvar və sanitar qovşaq tikililərinin isə iddiaçıya məxsus talvar tikilisi ilə eyni dam altında olmaqla 29 oktyabr 2018ci il tarixli 407-1918/242 inventar nömrəli “Texniki Pasport” sənədində “zəbt olunmuş sahə” kimi qeyd olunan hissədə yerləşdiyi müəyyən olunur. Qərardadın 2-ci sualı üzrə: Mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları olmadığından tərəflərin bir-birilərinin torpaq sahələrini zəbt edib-etməsinin müəyyən edilməsi mümkün olmamışdır. Qərardadın 3-cü sualı üzrə: Mübahisə predmeti olan qeyri-yaşayış tikilisinin (qoğal sexi) və sanitar qovşaq tikilisinin iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin sərhəd hasarına bitişik vəziyyətdə inşa edildiyini, talvar tikilisinin isə iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin sərhəd hasarının üzərində inşa edildiyini nəzərə alaraq mübahisə predmeti olan qeyri-yaşayış tikilisinin (qoğal sexi) və sanitar qovşaq tikilisinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin müvafiq bəndinin tələblərinin, mübahisə predmeti olan talvar tikilisinin inşası zamanı isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72-ci maddəsinin müvafiq bəndinin tələbinin pozulduğu müəyyən olunur. Qərardadın 4-cü sualı üzrə: Qərardadda ekspert qarşısında qoyulmuş dördüncü sualın cavablandırılması mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından həmin sual üzrə tədqiqat aparılmadı. Qərardadın 5-ci sualı üzrə: Mübahisə predmeti olan qeyri-yaşayış tikilisi və sanitar qovşaq tikilisi ilə sərhəd hasarı arasında faktiki olaraq ara məsafəsi mövcud deyil. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2025-ci il tarixli 3-16-16/2-10/9124/2024 nömrəli ekspert rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: Baxış zamanı təqdim olunan tikilinin (qərardadın sualında qoğaıl sexi olaraq qeyd olunan) sahəsinin 21 m2, önündəki talvarın sahəsinin isə 33 m2, iddiaçının torpaq sahəsi istiqamətində divarın hündürlüyünün 2,2 metr olduğu müəyyən olundu. Tiklinin hündürlüyü 2,2 metr olduğunu nəzərə alaraq, həmin tikili ilə tikilinin inşa olunduğu torpaq sahəsinin sərhədinə qədər məsafə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1 bəndinin tələbinə əsasən 0,66 metr nəzərdə tutulur. Odur ki. baxış zamanı təqdim olunmuş tiklinin (qərardadın sualında qoğaıl sexi olaraq qeyd olunan) 0,66 metr enində hissəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1 bəndinin tələbinə uyğun olmadığı müəyyən olundu. Qərardadın 2-ci sualı üzrə: Baxış zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 inşa etdikləri fərdi yaşayış evinin qarşısındakı sağ tərəfdən hasara bitişik olan divar olmadığına görə qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2025-ci il tarixli 3-16-16/2-10/4035, 10/6187/2025 nömrəli ekspert rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi təqdim olunmadığından qərardadın bu sualını cavablandırmaq mümkün olmadı. Qərardadın 2-ci sualı üzrə: Tərəflərin faktiki istifadəsində olan torpaq sahələrinin sərhədində yerləşən hasarın 30,5 metr uzunluğunda, 20 santimetr qalınlığında mişarlanmış əhəng daşından inşa olunduğu müəyyən olundu. Hasarın 20 metr hissəsinin hündürlüyünün 2,4 metr, 10,5 metr hissəsinin hündürlüyünün isə 2,6 metr olduğunu nəzərə alaraq həmin hasarın bütövlükdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən olundu. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. 05 dekabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. 20 may 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Vəkil tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinə dair hissədə aşağıdakıları qeyd edir: Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının iddiasının əsasını cavabdehlər tərəfindən ara məsafəsi gözlənilmədən qanunsuz ona məxsus hasarının yanında tikilmiş yaşayış evinin, yardımçı tikililərin, hasar boyu çəkilmiş qaz, işıq xətlərinin, həyətinə baxan hissədə quraşdırılmış kameraların cavabdehlərin hesabına sökülməsi, hasarına dəymiş ziyanın müəyyən olunaraq ödənilməsi və ona məxsus olan hasardan cavabdehlər tərəfindən istifadəyə qadağanın qoyulması təşkil edir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib),əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6-ci maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, iddiaçı iddia tələbində hasarının yanında tikilmiş yaşayış evinin, yardımçı tikililərin, hasar boyu çəkilmiş qaz, işıq xətlərinin, həyətinə baxan hissədə quraşdırılmış kameraların cavabdehlərin hesabına sökülməsini tələb etsə də həmin hallar iddiaçının heç bir konstitusion hüququnu pozmur. Bundan başqa iddiaçı tələbində hasarına dəymiş ziyanın müəyyən olunaraq ödənilməsini də tələb etsə də bununla bağlı hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İddiaçının hasarına dəymiş ziyanın nədən ibarət olması müəyyən olunmur. Bu hal isə hazırki tələb üzrə dəymiş ziyanın sübut edilməsi üçün yetərli deyildir. Belə ki, mübahisə predmeti olan qeyri-yaşayış tikilisinin (qoğal sexi) və sanitar qovşaq tikilisinin iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin sərhəd hasarına bitişik vəziyyətdə inşa edilməsi, eyni zamanda talvar tikilisinin isə iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin sərhəd hasarının üzərində inşa edildiyini nəzərə alaraq mübahisə predmeti olan qeyri-yaşayış tikilisinin (qoğal sexi) və sanitar qovşaq tikilisinin və mübahisə predmeti olan talvar tikilisinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulduğu müəyyən olunsa da sözügedən tikililər maraqlı tərəfin qanunla qorunan hüquqlarını pozmursa və ya pozması halında həmin pozuntuları sözügedən tikililərin sökülmədən aradan qaldırılması mümkünsə, sırf Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulması əsası ilə adıçəkilən tikililərin sökülməsi qanuni sayıla bilməz. Belə ki, iddiaçı iddia ərizəsində və eyni zamanda məhkəmə iclasında verdiyi izahatında cavabdehlərə məxsus qoğal sexinin fəaliyyəti zamanı müxtəlif qoxuların, musiqi səslərinin gəldiyini və nəticədə onun hüquqlarının pozulduğunu bildirmiş, məhkəmə iclas zamanı isə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən müvafiq orqanlara müraciət olunaraq sözügedən qoğal sexinin fəaliyyəti dayandırılmışdır. Göründüyü kimi iddiaçı pozulmuş hüquqlarını qoğal sexinin sökülməsi ilə deyil, fəaliyyətinin dayandırılmasına nail olmaqla bərpa etmişdir. Eyni zamanda məhkəmə mübahisəli fərdi yaşayış evlərinə yerli baxış zamanı müəyyən etmişdir ki, iddiaçı və cavabdehlərə məxsus evin ön hissəsinin hasarının yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla faktiki olaraq tərəflərin istifadəsindədir. Yerli baxış zamanı o da müəyyən edilmişdir ki, tərəflərin fərdi yaşayış evlərinin qarşısında yerləşən bələdiyyə mülkiyyətində olan torpaq sahəsində çəkilmiş hasar eyni formada və dizaynda, hətta eyni rəngdədir. Göründüyü kimi sözügedən hasarın kimin hansı dərəcədə hüquqlarını pozması anlaşılan olmamaqla, müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Məhkəmə qarşılıqlı iddia tələbinə dair hissədə aşağıdakıları qeyd edir: Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı Cavabdeh1 evinə yaxın hasarın cavabdeh İddiaçı tərəfindən 4 metr hündürlükdə tikməsi onun evinə, həyətinə və ağaclarına günəş şüaları düşməyə qoymur. Belə olan halda cavabdeh İddiaçı Cavabdeh1 öz torpaq sahəsi üzərində istifadə hüququnu məhdudlaşdırır. Belə ki, yuxarıda qeyd edildiyi kimi qarşılıqlı iddia üzrə iddiaçının pozulmuş hüquqlarının (evinə günəş işığının düşməməsi) bərpası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun inşa edilməyən hasarın sökülmədən aradan qaldırılması mümkün deyildir. Məhkəmə hesab edir ki, cavabdeh İddiaçı tərəfindən tikilmiş hasarın tikinti normalarına cavab verməyən və iddiaçı Cavabdeh1 həyətinə daxil olan hissələri öz hesabına sökülməli, iddiaçı Cavabdeh1 əmlakını qəsdən məhv etməsi nəticəsində yaranmış zərərin cavabdeh İddiaçı tərəfindən öz hesabına təmir olunmaqla əvvəlki vəziyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddia və qarşılıqlı iddia tələbi üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu isə iddiaçı Cavabdeh1 vəkili/nümayəndəsi Vəkil aid edilməldir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin öz təşəbbüsü əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası zamanı aparılmış tədqiqatın ümumi dəyəri olan 200 manat ekspertiza xərci iddia təmin edilmədiyindən iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər tərəfindən ara məsafəsi gözlənilmədən qanunsuz ona məxsus hasarının yanında tikilmiş yaşayış evinin, yardımçı tikililərin, hasar boyu çəkilmiş qaz, işıq xətlərinin, həyətinə baxan hissədə quraşdırılmış kameraların cavabdehlərin hesabına sökülməsi, hasarına dəymiş ziyanın müəyyən olunaraq ödənilməsi və ona məxsus olan hasardan cavabdehlər tərəfindən istifadəyə qadağa qoyulmasına dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən tikilmiş hasarın tikinti normalarına cavab verməyən və iddiaçı Cavabdeh1 həyətinə daxil olan hissələri öz hesabına sökülsün. İddiaçı Cavabdeh1 əmlakını qəsdən məhv etməsi nəticəsində yaranmış zərərin cavabdeh İddiaçı tərəfindən öz hesabına təmir olunmaqla əvvəlki vəziyyətinə qaytarılsın. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh1 vəkili/nümayəndəsi Vəkil aid edilsin. İddiaçı/cavabdeh İddiaçı ümumilikdə 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN - **********, müxbir hesab - AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-7/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-7/2025
12.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver