Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-70/2024 05.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə 05 fevral 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17930 manat və ödənilmiş 147 manat dövlət rüsumu olmaqla, cəmi 18077 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, cavabdehi və ailəsini tanıyır. 2021-ci ilin əvvəlində cavabdeh cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Həmin vaxtlar cavabdeh iş qurmaq istədiyini bildirərək ondan borc pul istəmişdir. O, cavabdehə inanaraq ilkin olaraq 500 manat borc vermiş, 10-15 gündən sonra isə sonuncu. pulu qaytarmışdır. Bundan bir ay sonra cavabdeh çay evini icarəyə götürmək istədiyini bildirərək ondan yenidən 2500 manat borc almışdır. Bundan sonra cavabdeh ondan müxtəlif vaxtlarda hissə-hissə borc götürmüşdür. 2022-ci ilin may ayında isə cavabdehin xahişi ilə "xxxx" ASC-nin İsmayıllı filialından kredit alaraq sonuncuya 6000 manatını borc vermiş, cavabdeh söz verdiyi halda həmin kreditin 6000 manatına uyğun faizlərini və əsasını ödəməmiş, cəmi qrafik üzrə iki ayın pulunu ödədikdən sonra qalan pulları ödəyə bilməmiş, pulu o, özü ödəmişdir. Dəfələrlə tələbinə baxmayaraq cavabdeh borc götürdüyü puldan bir manat da olsa ödəməmişdir. O, məcbur qalaraq İsmayıllı rayon Polis şöbəsinə müraciət etmişdir. Lakin İsmayıllı rayon Polis şöbəsinin təhqiqatçısı polis kapitanı X1 "Cinayət işi başlanılmasının rədd edilməsi haqqında" 06 may 2023-cü il tarixli MK-1/592 nömrəli qərarı ilə əməlində cinayət tərkibi olmadığından cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və bu mübahisənin mülki icraat qaydasında həll edilməli olduğu bildirilmişdir. Cavabdeh izahatında ona 17930 manat məbləğində borcu olmasını etiraf etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Cavabdeh etiraz ərizəsində göstərmişdir ki, o, işsiz olduğu ərəfələrdə icrarəyə kafe götürüb işlətmək məqsədi ilə iddiaçıdan ilk olaraq 2021-ci ilin əvvəllində 200 manat məbləğində vəsait borc almış və sonradan borcunu geri qaytarmışdır. Sonradan iddiaçıdan 300 manat məbləğində vəsaiti nağd şəkildə, 300 manatı isə iddiaçının ona verdiyi “Albalı” debet kartından götürmüşdür. Bir neçə gün sonra iddiaçıdan həmçinin 100 manat məbləğində borc almışdır. Ümumilikdə sözügedən 700 manat məbləğində borcdan o, iddiaçıya ilk olaraq hissə-hissə 500 manat məbləğində vəsaiti geri qaytarmışdır. İlk olaraq həmin məbləğdən iddiaçıya 200 manat borclu qalmışdır. Bir müddət sonra iddiaçıdan 600 manat, həmçinin pandemiya dövründə icarəyə götürdüyü kafenin icarə haqqını ödəmək məqsədi ilə iddiaçıdan 1250 manat məbləğində vəsaiti borc almışdır. Həmin ərəfələrdə sözügedən məbləğdən iddiaçıya qeyd edildiyi kimi 1850 manat məbləğində borclu qalmışdır. Sözügedən borcu qaytara bilmədiyi üçün iddiaçı həmin vəsaitin başqasından borca aldığını və həmin borcun geri qaytarılması üçün guya onun qonşusu Vüqarın həyat yoldaşından günə 20 faizlə 1000 manat məbləğində vəsaitin götürəcəyini bildirmişdir. Bir müddət sonra iddiaçı iştirakı olmadan guya həmin qadından gündəlik 20 faizlə 1000 manat məbləğində vəsaitin götürdüyünü və 1250 manat məbləğdən 1000 manat qaytardığını bildirmişdir. Sonradan iddiaçı guya gündəlik 20 faizlə götürülən 1000 manat məbləğində faizlə birlikdə ona artıq 2500 manat borcun yaranmasını ona bildirmişdir. Bir müddət sonra iddiaçı ona gündəlik 20 faizlə yaranan 2500 manat məbləğində borcun həmin qadına qaytarılması məqsədi ilə guya Zeyvə kənd sakini Ələddin adlı şəxsdən bu dəfə aylıq 20 faizlə götürdüyü bildirmişdir. Pandemiya bitdikdən sonra işləmək məqsədi ilə ölkədən getmək istəyəndə isə iddiaçı ona “getmə, köməklik edim icarəyə bir yer götür” - deyərək yenidən ona 1000 manat məbləğində borc vermişdir. Həmçinin iddiaçıdan kafe işlətdiyi ərəfələrdə xırda-xırda 2200 manat civarında pul almışdır. Beləliklə, iddiaçıdan ümumilikdə 5250 manat borc götürmüşdür. Bir müddət sonra iddiaçı sonuncu götürülən 1000 manat məbləğində vəsaitin kimdənsə borc aldığını və həmin şəxsə qaytarmaq məqsədi ilə bu dəfə də guya İsmayıllı şəhər sakini Mərmər adlı qadından aylıq 20 faizlə götürüb borcun qaytarıldığını ona bildirmişdir. Faizə götürülən məbləğləğlərin alınıb kimlərəsə verilməsində iştirak etməmiş və iddiaçıya “qoy gedim faiz verən şəxslərlə özüm danışım, faizlərin hesablanmasını dayandırım” – bildirdikdə iddiaçı “mənim əlimi kəsmə, mən bu işlərlə məşğul oluram və mən tək sənə yox, digər şəxslərə də faizə pul götürüb verirəm” - deyə bildirmişdir. Beləliklə, iddiaçıya 5250 manat borcu qaldığı halda, iddiaçı qeyd edilən şəxslərdən aylıq 20 faizlə götürülən məbləğlərin artmasını və bu səbəbdən "xxxx" KB ASC-nin İsmayıllı filialından öz adına 6000 manat məbləğində vəsaitinin götürülərək aylıq 680 manat ödəməli olduğunu ona bildirmişdir. Buna baxmayaraq o, iddiaçıya kredit ödənişi adı ilə aylıq 680 manat olmaqla 7 ay ödəniş etmiş, ödəniş edə bilmədiyi tarixdə isə iddiaçı adına bankda gecikmə düşməsin deyərək yenidən guya faizə pul verən sahibkarlıq fəaliyyəti ilə məşğul olan qızıl alverçisi Gültəkin adlı qadından gününə 20 faiz olmaqla 700 manat alıb əvəzində ondan 7 günə 1700 manat alaraq borcu bağlamışdır. Həmçinin 1 ay da iddiaçının guya sahibkarlıq fəaliyyəti ilə məşğul olan lombard işlədən Afaq adlı qadından onun oğlunun pulundan ona qeyri-leqal 800 manat verərək gündəlik 15 faiz olmaqla ondan 9 günə hesablanan 1920 manat faiz məbləğdən 1600 manat məbləğində vəsaitin ondan alaraq guya çatmayan qalan məbləğini özü qoyaraq onun adına borc hesablamışdır. Beləliklə, iddiaçının "xxxx" KB ASC-nin İsmayıllı filialından öz adına 6000 manat məbləğində vəsaitdən 3 ayı aylıq 680 manat olmaqla 2040 manat məbləğində vəsait onun tərəfindən ödənilməmişdir. 2022-ci ilin aprel ayında xarici ölkəyə gedəndə iddiaçıdan 600 manat almışdır. Pulu iddiaçı ona təqdim edəndə işin alınsa 600 manat borcun üstünə az məbləğdə pul əlavə edəcəyini demişdir. Sonradan xarici ölkədən 8-10 gündən sonra qayıtdıqda iddiaçı ona həmin pulun faizə aylıq 20 faiz olmasını və həmin vəsaitin Kürdüvan kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin məbləğin və 3 aylıq əlavə edilən faizin qaytarılması məqsədi ilə iddiaçı anası X2 lotereyaya kimi tanınan oyuna cəlb edib onun adına 1000 manat alıb sonuncu borcundan çıxmışdır.Lotereya ilə götürülən 1000 manat məbləğini anası hər ay pensiya aldığı tarixdə iddiaçıya 100 manat olmaqla tam olaraq qaytarmışdır. İddiaçıya 2040 manat borclu olduğu təqdirdə İlkin adlı şəxdən 5460 manat dəyərində 13 ton taxılı 1 kilosu 0,42 manatdan alaraq iddiaçıya onun dayısı Ağasəf adlı şəxsin “Kamaz” markalı yük avtomobilinə yüklü edilərək təqdim etmişdir. Həmin taxılın dəyərindən iddiaçıya 2665 manat yerində ödəmiş, qalan 2535 manat isə ödənilməmişdir. Həmin İlkin adlı şəxsə onun hazırda da 2535 manat borcu qalmışdır. Belə olan təqdirdə onun hazırda iddiaçıya heç bir borcu yoxdur və hesab edir ki, iddiaçının iddiası təmin edilməməlidir. İddiaçı 03 iyul 2023-cü il tarixdə "xxxx" BOKT MMC-dən 3000 manat pul götürərək 2000 manat məbləğində vəsaiti ona vermiş, 1000 manat məbləğində vəsaiti isə iddiaçı öz hesablamasına görə faiz borclarına silmişdir. Həmin götürülən kreditin qrafik üzrə aylıq ödənişi 258 manat təşkil etsə də 2023-cü ilin avqust, sentyabr və oktyabr ayları üzrə ümumilkdə 820 manat onun tərəfindən ödənilmişdir. Həmin kredit üzrə hazırda iddiaçıya reqres qaydada heç bir borcu yoxdur. Həmçinin 05 iyul 2023-cü il tarixdə "xxxx" BOKT MMC-dən həyat yoldaşı 1000 manat götürərək iddiaçıya yenə də olmayan borcundan, yəni iddiaçının öz hesablamalarına görə faiz borcundan çıxılmışdır. İddiaçının təqdim etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda yazılan borc məbləğləri iddiaçının ondan polisə döymə ilə bağlı şikayət edilən zaman İsmayıllı rayon Polis şöbəsində etiraf etməsinin səbəbi iddiaçının onun ailə üzvlərinə telefonla danışıq zamanı təzyiqlər göstərməsi, övladlarının məktəbdən qaçırılmasına, bacılarının işdən sifarişlə çıxardılmasına, cibinə narkotik vasitələrinin atılmasına dair təhdidlərinin edilməsi olmuşdur. İddiaçı qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq qeyd edilən vəsaitlərin faizə verməsini ailə üzvləri ilə telefonla danışıq zamanı etiraf etmişdir. İddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş edir. İsmayıllı rayon Polis şöbəsinin 06 may 2023-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh izahatında İddiaçı 17930 manat borcu olduğunu etiraf etmişdir. İşdə olan cavabdeh tərəfindən təqdim edilən qəbzlərin surətlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 3382 manat məbləğində pul ödənilmişdir. 10 oktyabr 2023-cü il tarixli ********** nömrəli və 11 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmık üçün 143,80 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı rayon Polis şöbəsinin 06 may 2023-cü il tarixli qərarındakı izhahatında cavabdeh iddiaçıya 17930 manat borcu olduğunu etiraf etmişdir. İşdə olan qəbzlərə əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 3382 manat məbləğində pul ödənilmişdir. İddiaçı cavabdehdən 17930 manat və ödənilmiş 147 manat dövlət rüsumu olmaqla, cəmi 18077 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir və iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin iddia tələbinə dair etiraz mülahizəsindəki göstərdiyi xüsusatları sübutetmə yükü özünün üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda ümumilikdə 17930 manat borc verildiyi, cavabdeh tərəfindən isə həmin borc məbləğinin 3382 manat hissəsi ödənildiyi müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin ona 17930 manat borcu olduğunu bildirsə də məhkəmə araşdırması zamanı həmin məbləğin yalnız 14548 manat hissəsinin hazırki tələb üzrə cavabdehə aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 14548 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə təmin edilmiş tələbin məbləği 14548 manatdır. Ona görə də cavabdehdən 14548 manat və həmin məbləğə uyğun olaraq 133,64 manat ödənilmiş dövlət rüsumu da alınaraq iddiaçıya ödənilməlidir. Mülki iş üzrə ödənilmiş 143,80 manat dövlət rüsumunun 10,16 manatı iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14548 manat və 133,64 manat ödənilmiş dövlət rüsum məbləği – cəmi 14681 (on dörd min altı yüz səksən bir) manat 64 (altmış dörd) qəpik alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 143,80 manat dövlət rüsumunun 10,16 manatı iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-70/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-70/2024
05.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver