Məhkəmə qərarları › İş №2(037)-725/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-725/2020

25.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-725/2020 25.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı cavabdeh Nı̇ ftalıyev İlqar Fəzayıl oğluna qarşı pul tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək Nı̇ ftalıyev İlqar Fəzayıl oğlundan (bundan sonra cavabdeh) 3700 manat borc, 15000 manat əldən çıxmış fayda, 1900 manat hüquqi xidmət və gediş-gəliş üçün sərf olunan məbləğin və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdehlə tanışlığı olmuşdur. Cavabdeh ona pula ehtiyacının olduğunu bildirmişdir. 2014-cü ildə o, 4600 manat pul vəsaitini cavabdehə inanaraq vermişdir. Cavabdeh yaxın vaxtlarda borcunu qaytaracağına söz versə də, pulu qaytarmamışdır. O, dəfələrlə cavabdehin yaşadığı evə gedərək pulu tələb etmiş, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını vəd vermişdir. Nəhayət 2017-ci ilin yanvar ayında cavabdeh borcun qaytarılması barədə iltizam vermişdir. Cavabdeh həmin ilin müxtəlif aylarında borcdan 900 manat qaytarmış, 3700 manat borc məbləği ödənilməmiş qalmışdır. Bundan sonra cavabdehdən yenidən borcu tələb etməsinə baxmayaraq cavabdeh qalıq borcu ödəməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ona pulu ödəsəydi o, həmin puldan istifadə edərək kifayət qədər gəlir əldə edə bilərdi. Cavabdehin təqsiri üzündən o, mülki dövriyyədən əldə edəcəyi 15000 manat gəlirdən məhrum olmuşdur. O, arvadı ilə əvvəllər dəfələrlə cavabdehin yaşadığı Kürdmaşı kəndinə, daha sonra məhkəmə proseslərinə gəlmiş, gediş-gəlişə, hüquqi xidmətə 1900 manat vəsait sərf etmişdir. Cavabdehdən 3700 manat borc, 15000 manat əldən çıxmış fayda, 1900 manat hüquqi xidmət və gediş-gəliş üçün sərf olunan məbləğ və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək məhkəmə prosesində iştirak etməyəcəyini bildirmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzrsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. X1 bildirdi ki, iddiaçı onun əridir. Cavabdehlə ailəvi tanışlıqları olmuşdur. Əri 2014cü ildə 4600 manat pul vəsaitini cavabdehə borc vermişdir. Onlar dəfələrlə cavabdehin yaşadığı evə gedərək pulu tələb etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu başqa vaxt qaytaracağına söz vermişdir. 2017-ci ilin yanvar ayında cavabdeh borcun qaytarılmasına dair iltizam vermişdir. Cavabdeh həmin ilin müxtəlif aylarında borcdan 900 manatı qaytarmışdır. Cavabdeh qalan 3700 manat borcu isə ödəməmişdir. X2 bildirdi ki, iddiaçı bacısının əridir. O, dəfələrlə iddiaçı ilə birlikdə cavabdehin yaşadığı İsmayıllı rayonun Kürdmaşı kəndinə gəlmişdir. İddiaçı hər dəfə cavabdehdən pulu istəmiş, lakin cavabdeh maddi vəziyyətinin ağır olduğunu bildirirək, yeri gəlsə maşınını satıb, pulu qaytaracağını bildirmişdir. 2017-ci ilin yanvar ayında cavabdeh borcun qaytarılmasına dair iltizam vermişdir. Cavabdeh müxtəlif vaxtlarda borcdan 900 manatı qaytarmış, qalan borcu hələ də tam olaraq iddiaçıya ödəməmişdir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. xx xxxxxx 2017-ci il tarixli yazılı iltizamdan müəyyən edilir ki, cavabdeh 2014-cü ildən iddiaçıya borclu olduğu 4600 manat pulu 2017-ci ilin fevral ayından başlayaraq 100- 200 manat ödəmək şərti ilə hissə-hissə qaytaracağını, 2017-ci ilin avqust ayından isə hissə-hissə ödəyəcəyi məbləği 300 manata qədər artıracağını bildirmişdir. Ödəniş qəbzlərindən müəyyən edilir ki, cavabdeh 2017-ci ilin müxtəlif aylarında borcundan 900 manat ödəniş etmişdir. xx xxxxxxx 2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı cavabdehə 4600 manat borc pul vermişdir. Cavabdeh borcunu qaytarmadığından 4600 manat borc məbləğinin qaytarılması ilə bağlı 2017-ci ildə cavabdehdən yazılı iltizam alınmışdır. Bundan sonra cavabdeh həmin ilin müxtəlif aylarında borcdan 900 manatı qaytarmış, 3700 manat borc cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. İddiaçı cavabdehdən 3700 manat borc, 15000 manat əldən çıxmış fayda, 1900 manat hüquqi xidmət və gediş-gəliş üçün sərf olunan məbləğin və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək məhkəmə prosesində iştirak etməyəcəyini bildirmiş, iddia tələbinə isə münasibət bildirməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclaslarına gəlməməsini onun işin nəticəsi ilə maraqlı olmaması kimi qiymətləndirir. Məhkəmə iddia tələbinin 3700 manat borcun ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi iddiaçı 2014-cü ildə cavabdehə 4600 manat borc pul vermişdir. Bu fakt cavabdehin imzası ilə təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli yazılı iltizam və şahidlərin ifadələri ilə öz təsdiqini tapır. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi 3700 manat borc məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.4-ci maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər başa düşülür. İddiaçı hazırki iş üzrə 15000 manat məbləğində əldən çıxmış fayda ilə bağlı məhkəməyə sübut təqdim etməmiş və tərəflər arasında müqavilə mövcud olmadığından pulun qaytarılması müddətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən iddia tələbi əldən çıxmış faydanın ödənilməsi hissəsində rədd edilməlidir. İddia tələbinin hüquqi xidmət və gediş-gəliş üçün sərf olunan 1900 manat məbləğin cavabdehdən alınması hissəsinə münasibətdə məhkəmə iddia ərizəsinin və digər sənədlərin hazırlanmasına görə göstərilmiş hüquqi xidmətə və keçirilmiş məhkəmə proseslərində iştiraka görə gediş-gəlişə iddiaçı tərəfindən vəsait sərf edildiyini nəzərə alaraq, iddia tələbinin həmin hissədə qismən, 300 manat məbləğində təmin edilməsini ağlabatan hesab edir. Ona görə də məhkəmə qərara gəlir ki, 300 manat məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi 3700 manat borcun, 300 manat hüquqi xidmət və gediş-gəliş üçün sərf olunan məbləğin cavabdehdən alınması hissələrində təmin edildiyindən, iddia tələbi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Nı̇ ftalıyev İlqar Fəzayıl oğlundan 3700 manat borc, 300 manat hüquqi xidmət və gediş-gəliş üçün sərf olunan məbləğ, 30 manat dövlət rüsumu, cəmi 4030 (dörd min otuz) manat məbləğ alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar