Məhkəmə qərarları › İş №2(037)-741/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-741/2023

27.09.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-741/2023 27.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə mülki işə 27 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 710,26 manat, Dövlət Sosial müdafiə Fonduna olan 1497,57 manat, İşsizlikdən sığorta fonduna olan 30,78 manat, İcbari Tibbi Sığorta Fonduna 121,85 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan İsmayıllı rayonu X2 (VÖEN: **********) 710,26 manat məbləğində (o cümlədən, vergilər üzrə 418,18 manat, faizlər üzrə 252,08 manat, maliyyə sanksiyası üzrə 40 manat), İcbari Tibbi Sığorta Fonduna 121,85 manat, Dövlət Sosial Müdafiə Fonduna 1497.57 manat və İşsizlikdən sığorta fonduna 30,78 manat olmaqla, ümumilikdə 2360,46 manat borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, **********777500, xx.xx.2023-cü il tarixli, **********331200,xx.xx.2023-cü il tarixli, **********636100 və xx.xx.20230-cü il tarixli **********331200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməıliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Rüstəmov X4 rayonu,Mican kəndi ünvanında yaşayır. Ərizəçiyə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmiş, lakin ərizəçinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək göstərdi ki, İsmayıllı şəhəri, Mican kəndi ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Dezinfeksiya Mərkəzinin İsmayıllı rayon üzrə filialı İsmayıllı rayon X1 rəhbəri vəzifəsində işləyir. Ərizəçi ona qarşı irəli sürdüyü tələb üzrə yaranmış borc məbləği ona aid olmayan borcdur və həmin borc məbləği rəhbəri olduğu müəssisənin dövlət vergi orqanına yaranmış vergi borcudur. O, hazırda İsmayıllı rayon X1 rəhbəri olduğundan həmin müəssisənin dövlət vergi orqanına olan vergi borcu onun adına yazılmışdır. Onun hazırda ölkə hüdudlarını tərk etmək niyyəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin (bundan sonra – MPM): 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır; 355-7.2-ci maddəsinə əsasən Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarına olan və məhkəmə baxışına təqdim edilmiş: Hüquqi şəxs haqqında məlumatına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Dezinfeksiya Mərkəzinin İsmayıllı Rayon X3 İsmayıllı rayonu ərazisində dezinfeksiya fəaliyyəti ilə məşğul olur,dövlət qeydiyyat sənədinin tarixi xx.xx.1999-cu il, VÖEN **********, qeydiyyatda olduğu vergi orqanı - Ərizəçidir, AZ3100, İsmayıllı rayonu, Mican kəndi ünvanında qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur,(Şəxsiyyət vəsiqəsi AZE №********, FİN:xxxxxxx, təvəllüdü xx.xx.1964, Doğulduğu yer - İsmayıllı, Mican kəndi, vətəndaşlıq - AZE) xx.xx.2023-cü il tarixli **********777500 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişə və xəbərdarlıq məktubuna əsasən İsmayıllı Rayon X1 (VÖEN:**********) 03 aprel 2023-cü il tarixə dövlət büdcəsinə ümumilikdə 3226.25 manat məbləğində (o cümlədən, vergilər üzrə 2920.37 manat, maliyyə sanksiyaları üzrə 40.00 manat, faizlər üzrə 265.88 manat,məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat) vergi borcu vardır. Həmin borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir; xx.xx.2023-cü il tarixli **********331200 nömrəli işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişə və xəbərdarlıq məktubuna əsasən İsmayıllı Rayon X1 (VÖEN:**********) 13 aprel 2023-cü il tarixə ümumilikdə 46.32 manat məbləğində (o cümlədən, işsizlikdən sığorta haqqı üzrə 41.48 manat,maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 4.84 manat,inzibati cərimə üzrə 0.00 manat və digər üzrə 0.00 manat) vergi borcu vardır.Həmin borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir; xx.xx.2023-cü il tarixli **********825200 nömrəli icbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair bildirişə və xəbərdarlıq məktubuna əsasən İsmayıllı Rayon X1 (VÖEN:**********) 13 aprel 2023-cü il tarixə ümumilikdə 176.59 manat məbləğində (o cümlədən, icbari tibbi sığorta haqları üzrə 82.00 manat,maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 94.59 manat,inzibati cərimə üzrə 0.00 manat və digər üzrə 0.00 manat) vergi borcu vardır.Həmin borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir; xx.xx.2023-cü il tarixli **********636100 nömrəli muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişə və xəbərdarlıq məktubuna əsasən İsmayıllı Rayon X1 (VÖEN:**********) 13 aprel 2023-cü il tarixə ümumilikdə 1903.34 manat məbləğində (o cümlədən, muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 1588.11 manat,maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 315.23 manat, inzibati cərimə üzrə 0.00 manat və digər üzrə 0.00 manat) vergi borcu vardır.Həmin borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir; Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xx.xx.2023-cü il tarixli, **********619500 nömrəli xəbərdarlıq məktubundan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsi tərəfindən Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, **********619500 nömrəli xəbərdarlıq məktubu göndərilərək 5861.20 manat borcun 5 gün müddətində ödənilməsi tələb olunmuş, qeyd olunan borcun ödənilmədiyi halda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(037)-741/2023 nömrəli qərardadından görünür ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə 2(037)-741/2023 nömrəli mülki işin baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(117)-793/2023 saylı qərardadından görünür ki, Ərizəçi Maraqlı şəxs qarşı “İsmayıllı rayon X3 tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 710,26 manat,Dövlət Sosial Müdafiə Fonduna olan 1497,57 manat, İşsizlikdən Sığorta Fonduna olan 30,78 manat, İcbari Tibbi Sığorta Fonduna olan 121,85 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (doğulduğu tarix–xx.xx.1964,doğulduğu yer-İsmayıllı rayonu Mican kəndi,şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi-AZE ******** və FİN:xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair işin məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-533/2023 saylı qərarından görünür ki, Ərizəçi Maraqlı şəxs qarşı “İsmayıllı rayon X3 tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 710,26 manat,Dövlət Sosial Müdafiə Fonduna olan 1497,57 manat,İşsizlikdən Sığorta Fonduna olan 30,78 manat,İcbari Tibbi Sığorta Fonduna olan 121,85 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (doğulduğu tarix–xx.xx.1964,doğulduğu yer–İsmayıllı rayonu Mican kəndi, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi–AZE ******** və FİN–xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair işin mahiyyəti üzrə baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur; 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir; 78.1-cü maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir; 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; Azərbaycan Respublikası MPM-nin: 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir; 355-7.4-cü maddəsinə əsasən vergi ödəyəcisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır; 355-7.5-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir. Mülki iş üzrə sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN:xxxxxxx,təvəllüdü xx.xx.1964, Doğulduğu yer-İsmayıllı rayonu, Mican kəndi, vətəndaşlıq - AZE) dövlət büdcəsinə olan 2360.46 manat vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ, vergi öhdəliklərini tam olaraq yerinə yetirdiyi dövrə qədər müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx xxxx 1964-cü il tarixdə İsmayıllı rayonun Mican kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan vergi ödəyicisi hüquqi şəxs Maraqlı şəxs (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE №********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Məhkəmə qətnaməsi dərhal qüvvəyə minir. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar