Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-758/2021 20.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin cavabdeh Mamedov (Məmmədov) İlqar İbrahı̇ m oğluna qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə 20 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti cavabdeh Mamedov (Məmmədov) İlqar İbrahı̇ m oğluna qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 450 manat vurulmuş ziyanın əvəzi və 20 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 470 (dörd yüz yetmiş) manat pulun ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 15.02.2017-ci il tarixdə, saat 19:40 radələrinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində cavabdeh ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, X2 məxsus Mersedes Benz E200 minik markalı, ** SF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən ehtiyatsızlıq edərək X1 məxsus olan Mersedes Benz E320 minik markalı, ** RK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi zərər vurmuş və hadisə yerindən yayınmışdır. Binəqədi rayon DYPŞ-nin inzibati xəta haqqında protokoluna əsasən cavabdeh AR İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və onun barəsində 20.02.2017-ci il tarixdə, KYP 652798 saylı İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş qiymətləndirmə aktı ilə X1 məxsus olan Mersedes Benz E320 minik markalı, ** RK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 450 manat məbləğində maddi zərər vurulduğu müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq 30.03.2017-ci il tarixli İC AA 0859/17 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablanmaları həyata keçirildikdən sonra ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkən X1 məxsus olan Mersedes Benz E320 minik markalı, ** RK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərə görə, 04.04.2017-ci il tarixdə 450 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh Mamedov (Məmmədov) İlqar İbrahı̇ m oğlu tərəfindən törədilmiş hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi kimi 450 manat məbləğində sığorta ödənişi ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, hazırda iddiaçının cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. İddiaçı ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin nümayəndəsi Habil İsgəndərov iddia ərizəsinə əlavə etdiyi ərizəsində iş üzrə tələb olunan bütün sənədlərin ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti tərəfindən məhkəməyə təqdim edildiyini, məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Mamedov (Məmmədov) İlqar İbrahı̇ m oğlu izahat verərək göstərdi ki, Bakı şəhəri, Azadlıq prospekti ilə C.Xəndan küçəsinin kəsişməsində hərəkətdə olarkən dövlət yol polis əməkdaşlarının həmin yolda olan avtomobilləri saxladığını bilmədən yolda hərəkətinə davam etmiş, həmin vaxt başqa avtomobil sürətlə hərəkət edərək onun avtomobili ilə toqquşmuşdur. Bu zaman dövlət yol polis əməkdaşları onun avtomobilini saxlamışdır. Sonra onlar sığota şirkətinə getmiş, sığorta şirkətində yol-nəqliyyat hadisəsinin kamera görüntüləri çıxarılmış, daha sonra oranı tərk etmişdir. Həmin vaxtdan iddiaçı tərəfindən məhkəməyə müraciət edilənədək hadisə ilə bağlı ona bu barədə məlumat verilməmişdir. Onun maddi vəziyyəti çox ağırdır, yeganə gəlir mənbəyi 200 manat həcmində aldığı pensiyadır. Pensiyasının da yarısı oğlunun onun adından götürdüyü kreditin ödənilməsinə sərf olunur. İddiaçının ondan tələb etdiyi məbləği ancaq hissə-hissə ödəyə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İC AA 0859/17 saylı sığorta aktından görünür ki, Mersedes Benz E320 minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 450 manat sığorta ödənişi müəyyən edilmiş, sığorta ödənişi avtomobilin sahibi X1 ödənilmişdir. İş materiallarına əlavə edilmiş AC № 332661 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-RK-*** dövlət qeydiyyat nişanlı, Mersedes Benz E320 minik markalı avtomobil X1 məxsusdur. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin surətindən görünür ki, ** SF *** dövlət qeydiyyat nişanlı Mersedes Benz E200 minik markalı avtomobil 06.05.2016-cı il tarixdən 05.05.2017-ci il tarixədək avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş KYP 652798 saylı, 20.02.2017-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Məmmədov İlqar İbrahı̇ m oğlu 15.02.2017-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospekti ilə C.Xəndan küçəsinin kəsişməsində yolu və metroloji şəraiti nəzərə almamağı nəticəsində Mersedes markalı **- RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində həmin avtomobilə maddi ziyan dəymişdir. İş materiallarında olan Avto Təmir Servis Zərər aktından görünür ki, Mersedes Benz E320 markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 450 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan 21.02.2017-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 15.02.2017-ci il tarixdə, 19:40 radələrində Azadlıq prospekti ilə C.Xəndan küçəsi kəsişməsində Məmmədov İlqar İbrahı̇ m oğlunun idarə etdiyi Mersedes Benz E200 minik markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsus olan Mersedes Benz E320 minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş və nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Həmin qanunun 25.1.5, 25.1.6 və 25.1.7-ci maddəsinə əsasən sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə, məhkəmədə müəyyən edilir ki, cavabdeh Mamedov (Məmmədov) İlqar İbrahı̇ m oğlu 15.02.2017-ci il tarixdə Azadlıq prospekti ilə C.Xəndan küçəsinin kəsişməsində idarə etdiyi Mersedes Benz E200 minik markalı, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Mersedes Benz E320 minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində həmin abvtomobilə maddi ziyan dəymişdir. Hadisə ilə bağlı cavabdeh barəsində Bakı şəhəri DYPİ-si tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.6-cı maddəsi ilə 20.02.2017-ci il tarixli, KYP 652798 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti tərəfindən Mersedes Benz E320 minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan 450 manat məbləğində müəyyən edilmiş və həmin məbləğ avtomobilin sahibinə ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vurulmuş zərərin əvəzi 450 manat məbləğində pul ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkənin avtomaşının təmiri üçün ödənildiyindən, iddiaçı Şirkətin İcbari Sığortalılar haqqında Azərbaycan Respublikası qanunun 63.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından və iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Mamedov (Məmmədov) İlqar İbrahı̇ m oğlundan subroqasiya qaydasında 450 manat məbləğində dəymiş ziyan tutularaq ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216- 220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Mamedov (Məmmədov) İlqar İbrahı̇ m oğlundan vurulmuş ziyanın əvəzi kimi 450 manat və 20 manat dövlət rüsumu olmaqla, cəmi 470 (dörd yüz yetmiş) məbləğ tutularaq ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-758/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-758/2021
20.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver