Məhkəmə qərarları › İş №2(037)-816/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-816/2020

28.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-816/2020 28.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Əzı̇mov Mayıl Bəhlul oğlunun cavabdehlər Əzı̇mov Tural Mayıl oğlu, Əzı̇mov Cəlal Mayıl oğlu və Ədı̇lova Səadət Mahı̇r qızına qarşı evdən çıxarılma tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Əzı̇mov Mayıl Bəhlul oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Əzı̇mov Tural Mayıl oğlu (bundan sonra birinci cavabdeh), Əzı̇mov Cəlal Mayıl oğlu (bundan sonra ikinci cavabdeh) və Ədı̇lova Səadət Mahı̇r qızının (bundan sonra üçüncü cavabdeh) onun xüsusi mülkiyyəti olan İsmayıllı şəhəri, Niyal küçəsi, ev 21 ünvanında yerləşən evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, xx xxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən İsmayıllı şəhəri, Niyal küçəsi, ev 21 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsində fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Birinci cavabdeh və ikinci cavabdeh onun oğulları, üçüncü cavabdeh isə birinci cavabdehin qeyri-rəsmi nikahda olan arvadıdır. Oğulları İsmayıllı rayonu İsmayıllı kəndində, üçüncü cavabdeh isə Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadırlar. Birinci cavabdeh ailə qurduğu gündən həyat yoldaşı ilə yola getməmiş, onu döyərək söyüb təhqir etmiş və münasibətləri pisləşdiyi üçün gəlini iki azyaşlı uşaqları ilə birlikdə evdən çıxıb getmişdir. Bundan sonra birinci cavabdeh üçüncü cavabdehlə qeyri-rəsmi nikaha girərək xx xxx 2020-ci il tarixdə onun icazəsi olmadan evə gətirmişdir. Oğlanları tez-tez onun tanımadığı qısa şalvar geyinmiş və uzun saqqal saxlayan çoxlu sayda şəxsləri evinə gətirərək onlarla müxtəlif məzmunlu söhbətlər aparır. Həmin şəxslərin onun evinə gəlibgetməsi qonşularının da narazılığına səbəb olur. O, bu hərəkətləri etməməsi üçün oğlanları ilə söhbətlər aparsa da nəticəsi olmamışdır. O tanımadığı vəhabi şəxslərin evinə yığışıb müxtəlif məzmunlu söhbətlər aparmasının qarşısını ala bilmir. Ona görə də cavabdehləri evdən çıxarmaq məcburiyyətində qalmışdır. Cavabdehlərin onun mülkiyyətində olan İsmayıllı şəhəri, Niyal küçəsi, ev 21 ünvanında yerləşən evdən çıxarılmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçı onun atasıdır. O, birinci həyat yoldaşı ilə ayrılmamış və nikahları da qüvvədədir. O, iki azyaşlı övladlarını atmamışdır. O, İsmayıllı şəhəri, Niyal küçəsi, ev 21 ünvanında yerləşən evdə anadan olmuş, lakin atası onu həmin evə qeydiyyata salmamışdır. O, İsmayıllı rayonu İsmayıllı kəndində babasına məxsus evdə qeydiyyatdadır. İddia tələbini qəbul etmir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İkinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı onun atasıdır. Onun və qardaşının ataları ilə mübahisəsi atalarının içki aludəçisi olması və onlara qarşı ədəbsiz danışması səbəb olmuşdur. O, İsmayıllı rayonu İsmayıllı kəndində babasına məxsus evdə qeydiyyatdadır. O, işləyərək qazandığı təxminən 8200 manat pulu atasına vermişdir. Həmin pulu atası qaytardıqdan sonra evdən çıxar. İddia tələbini qəbul etmir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Üçüncü cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, birinci cavabdehlə qeyri-rəsmi nikahla ailə həyatı qurmuşdur. Birinci cavabdeh ondan sonra başqa bir qadınla da ailə həyatı qurmuş və Bakı şəhərinə getmişdir. O, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatdadır. Onun atası və anası vəfat etdiyindən qalacaq yeri yoxdur. İddia tələbini qəbul etmir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, iddiaçı onun əri, birinci və ikinci cavabdeh onun oğulları, üçüncü cavabdeh isə birinci cavabdehin qeyri-rəsmi nikahda olan arvadıdır. Birinci cavabdeh 7-8 gündür ki, evdə yoxdur. O, birinci cavabdehin yenə ailə qurduğunu və Bakı şəhərində yaşadığını bilir. Yaşadığı evə vəhabi şəxslərin gəlməsi onun və ərinin narazılığına səbəb olmuş və həmin şəxslərin evlərindən uzaqlaşması üçün oğullarının evdən çıxmaları lazımdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçıya məxsus xx xxxxxx 2012-ci il tarixli AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, iddiaçı İsmayıllı rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. Birinci və ikinci cavabdehlərə məxsus şəxsiyyət vəsiqəsinin məlumatlarından müəyyən edilir ki, birinci və ikinci cavabdeh İsmayıllı rayonu, İsmayıllı kəndində qeydiyyatdadırlar. Üçüncü cavabdehə məxsus şəxsiyyət vəsiqəsinin məlumatından müəyyən edilir ki, üçüncü cavabdeh Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli 407-1/1415 invertar nömrəli fərdi yaşayış evinin texniki pasportundan və həmin tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətlərindən müəyyən edilir ki, İsmayıllı şəhəri, Niyal küçəsi, ev 21 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçının mülkiyyətində İsmayıllı şəhəri, Niyal küçəsi, ev 21 ünvanında yerləşən fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinin iddiaçının adına xx xxx 2018-ci il tarixli RX seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı vardır. Birinci cavabdeh üçüncü cavabdehlə 2020-ci ilin may ayında qeyri-rəsmi nikah münasibətlərinə daxil olmuş və birinci cavabdeh üçüncü cavabdehi iddiaçıya məxsus İsmayıllı şəhəri, Niyal küçəsi, ev 21 ünvanında yerləşən fərdi yaşayış evinə gətirmişdir. Cavabdehlər həmin evdə qeydiyyatda deyillər. Birinci və ikinci cavabdeh İsmayıllı rayonu İsmayıllı kəndində, üçüncü cavabdeh isə Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadırlar. İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri, Niyal küçəsi, ev 21 ünvanında yerləşən evdən cavabdehlərin çıxarılması barədə iddia tələbinin təmin edilməsini xahiş edir. Birinci cavabdeh bildirir ki, İsmayıllı şəhəri, Niyal küçəsi, ev 21 ünvanında yerləşən evdə anadan olmuş, lakin atası onu həmin evə qeydiyyata salmamışdır. O, İsmayıllı rayonu İsmayıllı kəndində babasına məxsus evdə qeydiyyatdadır. İddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. İkinci cavabdeh bildirir ki, onun və qardaşının ataları ilə mübahisəsi atalarının içki aludəçisi olması və onlara qarşı ədəbsiz danışması səbəb olmuşdur. O, İsmayıllı rayonu İsmayıllı kəndində babasına məxsus evdə qeydiyyatdadır. O, işləyərək qazandığı təxminən 8200 manat pulu atasına vermişdir. Həmin pulu atası qaytardıqdan sonra evdən çıxar. İddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Üçüncü cavabdeh bildirir ki, birinci cavabdehlə qeyri-rəsmi nikahla ailə həyatı qurmuşdur. Birinci cavabdeh ondan sonra başqa bir qadınla da ailə həyatı qurmuş və Bakı şəhərinə getmişdir. O, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatdadır. Onun atası və anası vəfat etdiyindən qalacaq yeri yoxdur. İddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə mülki işin materiallarına məcmu halında qiymət verərək qərara gəlir ki, hazırki iddianın predmetinə aid olan İsmayıllı şəhəri, Niyal küçəsi, ev 21 ünvanında yerləşən fərdi yaşayış evi qanuni əsaslarla iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq, cavabdehlərin həmin fərdi yaşayış evindən istifadə etməkdə davam etmələri iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun həmin əmlak üzərində mülkiyyət hüquqlarından tam və sərbəst istifadə edə bilməməsi ilə nəticələndiyinə görə iddia tələbinin təmin ediməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Əzı̇mov Tural Mayıl oğlu, Əzı̇mov Cəlal Mayıl oğlu və Ədı̇lova Səadət Mahı̇r qızı iddiaçı Əzı̇mov Mayıl Bəhlul oğlunun mülkiyyətində olan İsmayıllı şəhəri, Niyal küçəsi, ev 21 ünvanında yerləşən evdən çıxarılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar