Məhkəmə qərarları › İş №2(037)-825/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-825/2023

13.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-825/2023 13.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 13 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyana görə 39000 manat və dövlət rüsumu olaraq ödənilmiş 207 manat olmaqla, ümumilikdə 39.207 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 11 saylı Notariat kontorunda xx.xx.2016-cı il tarixində onunla Cavabdeh arasında "Torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə" bağlanmışdır. Həmin müqaviləyə əsasən İsmayıllı rayon XDS Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli qərarı ilə Cavabdeh xüsusi mülkiyyətinə verilmiş İsmayıllı rayonu,Qalacıq kəndində yerləşən 0,20 hektar torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 18.500 manata ona satılması barədə yekun alğı-satqı müqaviləsi bağlanmasına dair aralarında qarşılıqlı razılaşma olmuşdur. Cavabdeh əri Əjdər Şirinov da qeyd edilən torpaq sahəsinin satılmasına notarial qaydada razılıq vermişdir. Müqavilə imzalanan gün torpaq sahəsinə görə 18.500 manat ödəniş etmişdir.Bundan əlavə Cavabdeh əri Əjdər Şirinov nəvəsinin müalicəsi, kəndə borclu olduğu şəxslərin borcunu qaytarması,dövlət reyestrindən çıxarış alınması üçün Qəbələyə gedib-gəlməyə görə yol xərci,habelə sənədləşmənin həyata keçirilməsi adı ilə müxtəlif vaxtlarda hissə-hissə olmaqla, ümumilikdə 5000 manat pulu da ondan almışdır. Bundan başqa,mübahisəli torpaq sahəsinin abadlaşdırılması,o cümlədən oraya su,yol, elektrik xətti çəkilməsi, müxtəlif növ ağacların əkilməsi üçün Cavabdeh əlavə olaraq 14000 manat pul vermişdir.Mübahisəli torpaq sahəsində görülən bütün işləri Cavabdeh ailə üzvləri vasitəsilə həyata keçirmişdir.xx.xx.2023-cü il tarixdə Cavabdeh əri Əjdər Şirinovla birlikdə Bakı şəhərinə gələrək onunla görüşmüşlər və torpaq sahəsinə dair çıxarışın hazır olduğunu,ancaq çıxarışı almaq üçün əlavə olaraq 1500 manat da lazım olduğunu bildirmişlər.O,tanışları vasitəsilə həqiqətən Cavabdeh adına qeyd olunan çıxarış sənədinin hazır olduğunu əmin olduqdan sonra 1500 manat pulu da Cavabdeh nağd olaraq vermişdir. xx.xx.2023-cü il tarixində Cavabdeh əri Əjdər Şirinov onun mobil telefonuna zəng edərək çıxarışı aldıqlarını bildirdi və mübahisəli torpaq sahəsinin alğı-satqısını həyata keçirmək üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhərində görüşmək qərarı almışlar.Lakin Cavabdeh nə danışılan gün,nə də ondan sonra onunla görüşməkdən yayınmışdır.Sonradan ona məlum olmuşdur ki, Cavabdeh mübahisəli torpaq sahəsini başqa şəxsə satmağa hazırlaşır.Göründüyü kimi, mülkiyyətinə verilməli olan mübahisəli torpaq sahəsinə görə Cavabdeh razılaşdırılmış məbləğdən 2 dəfədən artıq xərci çıxmışdır. Lakin Cavabdeh mübahisəli torpaq sahəsinə dair adına çıxarış alandan sonra xx.xx.2016ci il tarixli ''Torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə” üzrə öhdəliyini yerinə yetirməkdən yayınmışdır.O,mübahisəli torpaq sahəsinin alğı-satqısına görə ilkin olaraq 18.500 manat, sonradan isə Cavabdeh nəvəsinin müalicəsi,kəndə borclu olduğu şəxslərin borcunu qaytarması,dövlət reyestrindən çıxarış alınması üçün Qəbələyə gedib-gəlməyə görə yol xərci,sənədləşmənin həyata keçirilməsi adı ilə müxtəlif vaxtlarda hissə-hissə olmaqla,ümumilikdə 5000 manat, mübahisəli torpaq sahəsinin abadlaşdırılması, o cümlədən oraya su, yol, elektrik çəkilməsi, müxtəlif növ ağacların əkilməsi üçün 14000 manat və torpaq sahəsinə dair çıxarışı almaq üçün əlavə olaraq 1500 manat olmaqla,ümumilikdə 39000 manat vəsait xərcləmişdir. Beləliklə Cavabdeh mübahisəli torpaq sahəsinin alğı-satqısına dair üzərinə düşən öhdəliyə əməl etməmiş və nəticədə ona ümumilikdə 39.000 manat məbləğində maddi ziyan vurmuşdur və həmin məbləği Cavabdeh tələb etmək qərarına gəlmişdir.Cavabdeh mübahisəli torpaq sahəsinə dair ilkin alğı-satqı müqaviləsinin şərtlərinə əməl etmədiyindən məhkəməyə müraciət etmiş və məhkəməyə müraciət etmək üçün 207 manat dövlət rüsumu ödəmişdir.O,Cavabdeh dəymiş ziyana görə 39000 manat və dövlət rüsumu olaraq ödənilmiş 207 manat olmaqla, ümumilikdə 39.207 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi/Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İşdə olan Bakı şəhəri 11 saylı Notariat Kontoru tərəfindən reyestrdə 3M-846 nömrə ilə qeydə alınmış 04 noyabr 2016-cı il tarixli “Torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə” dən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri 11 saylı Notariat Kontorunda reyestrdə 3M-846 nömrə ilə qeydə alınmış 04 noyabr 2016-cı il tarixli “Torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə” bağlanmış, müqaviləyə əsasən Cavabdeh İsmayıllı rayon XDS rəyasət heyətinin 21 oktyabr 1992-ci il tarixli 28 saylı iclas protokolundan çıxarışa əsasən İsmayıllı rayon Qalacıq kəndi ərazisindən ona ayrılmış 0.20 hektar torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 18500 manata İddiaçı satılması barədə gələcəkdə alğı-satqı müqaviləsinin bağlanmasına,İddiaçı isə həmin torpaq sahəsinin alğı-satqısına dair Cavabdeh 18500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli,********** qeydiyyat nömrəli,**********85 reyestr nömrəli Çıxarışdan görünür ki, İsmayıllı rayonu,Qalacıq kəndi ərazisində yerləşən 0.197 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz əmlakın dövlət reyestrində 268 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan "xxxx" MMC-nin 17 avqust 2023-cü il tarixli ƏQ-259/2023 nömrəli Daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən 0.197 hektar həyətyanı torpaq sahəsində aparılmış yaxşılaşdırma işlərinin su,yol və elektrik xətlərinin çəkilməsi və müxtəlif növ ağacların əkilməsi üçün çəkilmiş xərclərin dəyərinin xərc yanaşması metodu ilə xx.xx.2023-cü il tarixə real bazar dəyəri 12968,30 manat təşkil edir. Məhkəmə iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/Vəkil izahatını dinləyib,"xxxx" MMC-nin Daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyini nəzərdən keçirib, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq,işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək,belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iddianın əsasının təsdiqi kimi istinad edilən və sübut əhəmiyyətli hesab edilən hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı tələb üzrə iddianın 18500 manat hissəsinə münasibətdə iddianın əsasını torpaq sahəsinin alğı-satqısı üçün iddiaçı tərəfindən verilmiş pul məbləğinin cavabdehdən alınması ilə bağlı mübahisə təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının nümayəndəsi/Vəkil izahatından və iş materiallarından göründüyü kimi, 2016-cı ildə mübahisəli torpaq sahəsinə dair tərəflər arasında "Torpaq sahəsinin alğısatqısına dair ilkin müqavilə" bağlanmışdır.Həmin müqaviləyə əsasən İsmayıllı rayon XDS Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli qərarı ilə cavabdehin xüsusi mülkiyyətinə verilmiş İsmayıllı rayonu,Qalacıq kəndində yerləşən 0,20 hektar torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 18.500 manata iddiaçıya satılması barədə yekun alğı-satqı müqaviləsi bağlanmasına dair tərəflər arasında qarşılıqlı razılaşma olmuşdur. İddiaçı mübahisəli torpaq sahəsinə görə cavabdehə 18.500 manat məbləğində pul vermişdir.Bundan əlavə iddiaçı cavabdehin nəvəsinin müalicəsi, kəndə borclu olduğu şəxslərin borcunu qaytarması, dövlət reyestrindən çıxarış alınması üçün Qəbələyə gedib-gəlməyə görə yol xərci, habelə sənədləşmənin həyata keçirilməsi adı ilə müxtəlif vaxtlarda hissə-hissə olmaqla, ümumilikdə 5000 manat pulu da cavabdehə vermişdir. Eyni zamanda cavabdeh iddiaçıdan mübahisəli torpaq sahəsinin abadlaşdırılması, o cümlədən oraya su, yol, elektrik xətti çəkilməsi, müxtəlif növ ağacların əkilməsi üçün əlavə olaraq 14000 manat və mübahisəli torpaq sahəsinə dair çıxarış almaq üçün 1500 manat pul almışdır. Cavabdeh mübahisəli torpaq sahəsinə dair adına çıxarış alandan sonra xx.xx.2016-ci il tarixli ''Torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə” üzrə öhdəliyini yerinə yetirməkdən yayınmışdır. İddiaçı cavabdehdən dəymiş ziyana görə 39000 manat məbləğinin alınıb ona verilməsini tələb edir. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Tərəflər arasında Bakı şəhəri 11 saylı Notariat Kontorunda reyestrdə 3M-846 nömrə ilə qeydə alınmış 04 noyabr 2016-cı il tarixli “Torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə” bağlansa da, Cavabdeh qeyd edilən müqavilə üzrə öhdəliklərə əməl etməmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan,habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki,müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir.Əqd-mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir.Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi,dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır.Göründüyü kimi,mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır.Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki,fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə,habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə,öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə,belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan,lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir.İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Həmin Məcəllənin 402.6-cı maddəsinə əsasən niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər.Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 599.4-cü maddəsinə əsasən satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan həmin torpaq sahəsinin alğı-satqısı məqsədi ilə ilkin müqavilə üzrə aldığı 18500 manat məbləğini iddiaçıya qaytarmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh nəvəsinin müalicəsi, kəndə borclu olduğu şəxslərin borcunu qaytarması, dövlət reyestrindən çıxarış alınması üçün Qəbələyə gedibgəlməyə görə yol xərci, sənədləşmənin həyata keçirilməsi adı ilə müxtəlif vaxtlarda hissəhissə (1500,500,500,1000,1000, 500 və s) olmaqla,ümumilikdə 5000 manat və torpaq sahəsinə dair çıxarış sənədi almaq üçün əlavə olaraq 1500 manat hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan CD disketdə qeydə alınmış audio səs yazılarına əsasən qeyd edilən məbləğlərin cavabdeh tərəfindən iddiaçıdan alınması etiraf edildiyindən iddia tələbi həmin hissələrdə də əsaslı olduğundan təmin edilməlidir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə verilmiş ümumilikdə 6500 manat pul tərəflər arasında bağlanmış ilkin müqavilə əsasında və həmin müqavilənin tərkib hissəsi olmadığından bu hissədə hazırki iddia tələbinin qanuni əsası borc müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, cavabdeh borc olaraq aldığı 6500 manat borcunu ödəməkdən yayınır. Belə olan halda cavabdehdən 6500 manat pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən çəkdiyi xərclərə görə 14000 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏQ-259/2023 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən Cavabdeh xüsusi mülkiyyətində olan İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən 0.197 hektar həyətyanı torpaq sahəsində aparılmış yaxşılaşdırma işlərinin su, yol və elektrik xətlərinin çəkilməsi və müxtəlif növ ağacların əkilməsi üçün çəkilmiş xərclərin dəyərinin xərc yanaşması metodu ilə xx.xx.2023-cü il tarixə real bazar dəyəri 12968,30 manat təşkil edir. Belə olan halda torpağa edilmiş yaxşılaşdırmalar mütəxəssis tərəfindən müəyyən edilərkən hesablama metodikası ilə onun ümumi dəyərini artırmadığı üçün yaxşılaşdırmaları götürə bilməyən sahib yaxşılaşdırmaya çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 135.10-cü maddəinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan,zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir.Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə,vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər.Çünki,əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan,zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Ona görə də cavabdeh ilkin müqavilə üzrə əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsində aparılmış yaxşılaşdırma işlərinin su, yol və elektrik xətlərinin çəkilməsi və müxtəlif növ ağacların əkilməsi üçün çəkilmiş xərclərin dəyərinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq xərc yanaşması metodu əsas götürülməklə,iddia tələbi həmin hissədə qismən təmin olunaraq Cavabdeh məxsus İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən 0.197 hektar həyətyanı torpaq sahəsində aparılmış yaxşılaşdırma işlərinin su, yol və elektrik xətlərinin çəkilməsi və müxtəlif növ ağacların əkilməsi üçün çəkilmiş xərclərin dəyərinin xərc yanaşması metodu ilə xx.xx.2023-cü il tarixə real bazar dəyərinin 12968,30 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh dəymiş ziyana görə 37.968,30 manat (18500+5000+1500+12968,30=37.968,30) manat məbləği alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən,məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 207 manat dövlət rüsumu məbləğinin 203.90 manatı cavabdehdən alınıb iddiaçıya verilməli, ödənilmiş dövlət rüsumu məbləğinin qalan 3.10 manatı isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 37.968,30 manat və 203.90 manat dövlət rüsumu olmaqla, cəmi 38.172,20 (otuz səkkiz min yüz yetmiş iki manat iyirmi qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar