Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-849/2020 24.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Bağırova Valentı̇ na Tofı̇ q qızının Cavabdeh Lətı̇ f oğlu və üçüncü şəxs İsmayıllı Rayon Notariat Ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarma, mənzilə daxil olmağa qadağa qoyulması və maneələrin aradan qaldırılması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bağırova Valentı̇ na Tofı̇ q qızı (bundan sonra iddiaçı) Cavabdeh Lətı̇ f oğlu (bundan sonra cavabdeh) və İsmayıllı Rayon Notariat Ofisinə (bundan sonra üçüncü şəxs) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı Rayon Notariat Ofisində 4Ə-1085 reyestr nömrəsi ilə qeydə alınmış xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mülkiyyətində olan evdən və həyətyanı torpaq sahəsindən çıxarılması, həmin mənzilə daxil olmasına qadağa qoyulması və maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 1973cü ildə X3 ilə nikaha daxil olmuş, birgə nikahlarından 1974-cü il təvəllüdlü Elnur, 1976-cı il təvəllüdlü Teymur və 1977-ci il təvəllüdlü Seymur adlı uşaqları doğulmuşdur. O, əri ilə birlikdə İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 49 ünvanında 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 321.1 kv.m olan fərdi yaşayış evi əldə etmişdir. Əri 2004-cü ildə vəfat etmişdir. Həmin fərdi yaşayış evinin üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən ona xx xxxxxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh hərbi təhsil almış, ilk olaraq Naxçıvan Muxtar Respublikasında hərbi xidmət keçmiş, xidmətdə olarkən ailə qurmuş, xidməti yerlərinə uyğun yaşayış yerini dəyişmişdir. Rusiya Federasiyasında yaşamış oğlu Elnurun təkidi ilə cavabdeh 2014-cü ildə onun evinə köçüb yaşamağa başlamışdır. Evin ən yaxşı otaqlarını, həyətyanı torpaq sahəsinin istədikləri hissəsini, tövləni cavabdeh və ailə üzvləri istifadə etmişlər. Oğlu Elnur onun və cavabdehin normal yaşamaqları üçün tez-tez onlara müxtəlif miqdarda pul vəsaiti göndərmişdir. Elnur 2018-ci ildə Rusiya Federasiyasından qayıtmış və 2019-cu ilin mart ayında ailə quraraq arvadını onun yaşadığı köhnə evə gətirmişdir. Bundan sonra cavabdeh onu döymüş, nalayiq ifadələrlə təhqir etmiş, elektrik enerjisinin xəttini ayıraraq onu elektrik enerjisindən məhrum etmişdir. O, 2019-cu ildə cavabdehə qarşı mənzildən çıxarma, mənzilə daxil olmağa qadağa qoyulması və maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraiət etmişdir. Mübahisənin sülh yolu ilə həll edilməsi məqsədi ilə ərizəsi əsasında məhkəmə qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həyətyanı torpaq sahəsi iki hissəyə bölünməklə cavabdehlə əlaqənin kəsilməsi, fərdi yaşayış evinin 278.3 kv.m hissəsi cavabdehin istifadəsində qalmaqla ayrı darvaza və qapı qurulması, köhnə ev və tövlə yerləşən torpaq sahəsinin onun istifadəsində qalması, tövlənin cavabdeh tərəfindən sökülüb götürülməsi barədə razılıq əldə olunmuş, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən razılaşmaya uyğun bölgü planı işlənərək hazırlanmış, İsmayıllı Rayon Notariat Ofisində xx xxxxxxxx 2019-cu il tarixdə 8İ-4174 nömrə ilə reyestrdə qeydə alınmışdır. Cavabdeh təkidlə fərdi yaşayış evinin 278.3 kv.m hissəsini öz adına keçirməsini ondan tələb etmişdir. O, özü və oğlu Elnura görə ehtiyat edərək, cavabdehin təsiri ilə İsmayıllı Rayon Notariat Ofisində 4Ə-1085 reyestr nömrəsi ilə qeydə alınmış xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ona məxsus ümumi sahəsi 321.1 kv.m olan fərdi yaşayış evlərindən 278.3 kv.m olan fərdi yaşayış evini cavabdehə bağışlamışdır. Bundan sonra cavabdeh bölgü planına əsasən aralarında olan sərhədin guya darvazanın mərkəz hissəsinə düşdüyünü, darvazanı sökərək təxminən 2 metr cənub hissədən qurulmasını bildirib sərhədi bağlamağa qoymamış, hörgü işi yarımçıq qalmışdır. Cavabdeh tövləni sökmək barədə öhdəlik götürsə də bunu etməmiş, o, öldürüləcəyindən qorxub günlərlə evə gələ bilməmişdir. O, İsmayıllı Rayon Notariat Ofisində 4Ə-1085 reyestr nömrəsi ilə qeydə alınmış xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mülkiyyətində olan evdən və həyətyanı torpaq sahəsindən çıxarılması, həmin mənzilə daxil olmasına qadağa qoyulması və maneələrin aradan qaldırılmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi X4 da iddia tələbini müdafiə etdiyini bildirdi və iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı onun anasıdır. Onun Elnur və Teymur adlı qardaşları vardır. O, hərbi xidmətdə olmuş, xidmət etdiyi yerlərə uyğun yaşayış yerini dəyişmiş, hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra Bakı şəhərində yaşamışdır. 2010-cu ildə anasının və Rusiya Federasiyasında yaşamış qardaşı Elnurun təkidi ilə ailəsi ilə birlikdə İsmayıllı şəhərində yerləşən evə köçərək anası ilə birlikdə yaşamağa başlamışdır. O, mübahisəli evə köçdükdən sonra evlərin kommunikasiya xətlərini çəkmiş, sanitar qovşağı tikmiş, həyətyanı torpaq sahəsinin ətrafını hasarlamış və bağ salmış, ümumilikdə fərdi yaşayış evilərinə və həyətyanı torpaq sahəsinə 20000 manat xərc çəkmişdir. X1yıtdıqdan sonra qardaşının təsiri ilə anası ilə münasibətləri gərginləşməyə başlamışdır. Anası 2019-cu ildə ona qarşı mənzildən çıxarma tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra aralarında razılıq əldə olunmuş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Aralarında əldə edilmiş razılığa əsasən DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin mütəxəssislərinin iştirakı ilə bölgü planı hazırlanmışdır. Bölgü planına əsasən həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 278.3 kv.m olan fərdi yaşayış evinin divarından olmaqla həmin evin də daxil olduğu əmlakın bölünərək ona verilməsi barədə razılıq əldə olunmuşdur. Qardaşları imkanlarının olmadığını, aparılacaq sənədləşmə işlərinin onun vəsaiti hesabına olacağını bildirmişlər. O da təkliflə razılaşmış və bütün sənədləşmə işlərini öz vəsaiti hesabına aparmışdır. İddiaçı 321.1 kv.m olan fərdi yaşayış evlərindən ümumi sahəsi 278.3 kv.m olan fərdi yaşayış evini xx xxxxxx 2019-cu ildə İsmayıllı Rayon Notariat Ofisində reyestrdə 4Ə- 1085 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında ona bağışlamışdır. Ölkədə elan edilmiş qismən səfərbərlik zamanı o, hərbi xidmətə çağırılmış, qardaşları bu vəziyyətdən istifadə edərək anasını ona qarşı məhkəmədə iddia qaldırmağa məcbur etmişlər. Anasının ona qarşı münasibətinin pisləşməsinə səbəb qardaşları olmuşdur. Bağışlama müqaviləsi bağlanarkən o, iddiaçıya heç bir təsir göstərməmiş, müqavilə bağlandıqdan sonra da hər hansı qanunsuz hərəkətlərə yol verməmişdir. Ona görə də xx xxxxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin qanuni əsaslarla tərtib edildiyini, iddiaçının müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza etdiyini, həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığını bildirir və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. xx xxxxxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışdan və 407-1/1034 inventar nömrəli Texniki Pasportdan müəyən edilir ki, İsmayıllı şəhəri, X8 küçəsi, ev 49 ünvanında yerləşən faktiki sahəsi 0.1586 hektar, tikintialtı sahəsi 0.028403 hektar, ümumi sahəsi 0.06 hektar olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 321.1 kv.m olan fərdi yaşayış evi Bağırova Valentı̇ na Tofı̇ q qızının adına qeydə alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış və İsmayıllı Rayon Notariat Ofisində reyestrdə xx xxxxxxxx 2019-cu il tarixdə 8İ-4174 nömrə ilə qeydə alınmış Bölgü Planından müəyyən edilir ki, iddiaçı RX seriyalı ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan İsmayıllı şəhəri, X8 küçəsi, ev 49 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin 0.0354 hektar hissəsini cavabdehə bağışlamağı öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış və İsmayıllı Rayon Notariat Ofisində reyestrdə 4Ə-1085 nömrə ilə qeydə alınmış xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən edilir ki, iddiaçı xüsusi mülkiyyətində olan İsmayıllı şəhəri, X8 küçəsi, ev 49 ünvanında yerləşən ümumi sahəsi 321.1 kv.m olan fərdi yaşayış evlərindən tam mülkiyyət üzrə ümumi sahəsi 278.3 kv.m olan fərdi yaşayış evini cavabdehə hədiyyə etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış əsasında İsmayıllı şəhəri, X8 küçəsi, ev 49 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və ümumi sahəsi 321.1 kv.m fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olmuşdur. İddiaçı xüsusi mülkiyyətində olan ümumi sahəsi 321.1 kv.m olan fərdi yaşayış evlərindən ümumi sahəsi 278.3 kv.m olan fərdi yaşayış evini cavabdehə bağışlamışdır. Həmin bağışlama müqaviləsi İsmayıllı Rayon Notariat Ofisində xx xxxxxx 2019-cu il tarixdə reyestrdə 4Ə-1085 nömrə ilə qeydə alınmışdır. İddiaçı müqavilənin şərtləri ilə tanış olaraq həmin müqaviləni şəxsən imzalamışdır. İddiaçı cavabdehlə aralarında İsmayıllı Rayon Notariat Ofisində bağlanmış və reyestrdə 4Ə-1085 nömrə ilə qeydə alınmış xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehin mülkiyyətində olan fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılması, həmin mənzilə daxil olmasına qadağa qoyulması və maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin qanuni əsaslarla tərtib edildiyini, iddiaçının müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza etdiyini, həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığını bildirir və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 670.1.-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Həmin Məcəllənin 673.2-ci maddəsinə əsasən hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; Həmin Məcəllənin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi müqavilənin formasından asılı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. Mülki işin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi tərəflər arasında hər hansı şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilmədən İsmayıllı Rayon Notariat Ofisində 4Ə- 1085 reyestr nömrəsi ilə qeydə alınaraq bağlanmış, müqavilənin məzmunu və müqavilə ilə hər bir tərəfin üzərinə düşən vəzifələr tərəflərə izah edilməklə notariat qaydasında təsdiq edilmişdir. İddiaçı müqavilənin məzmunu və şərtləri ilə tanış olduqdan sonra öz iradəsinin ifadəsi olaraq müqaviləyə imza etmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi notariat qaydasında təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam riayət olunmuşdur. Həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Ona görə də iddia tələbinin daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi rədd edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehin fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılması, həmin mənzilə daxil olmasına qadağa qoyulması və maneələrin aradan qaldırılması hissəsinə münasibət bildirirək qeyd edir ki, iddia tələbinin İsmayıllı Rayon Notariat Ofisində 4Ə-1085 reyestr nömrəsi ilə qeydə alınmış xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi rədd edildiyindən, ümumi sahəsi 278.3 kv.m olan fərdi yaşayış evi cavabdehə hədiyyə edildiyindən və hazırda həmin fərdi yaşayış evi cavabdehin mülkiyyətində olduğundan iddia tələbi həmin hissələrdə də rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Bağırova Valentı̇ na Tofı̇ q qızının Cavabdeh Lətı̇ f oğluna və üçüncü şəxs İsmayıllı Rayon Notariat Ofisinə qarşı İsmayıllı Rayon Notariat Ofisində 4Ə-1085 reyestr nömrəsi ilə qeydə alınmış xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh Lətı̇ f oğlunun mülkiyyətində olan fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılması, həmin mənzilə daxil olmasına qadağa qoyulması və maneələrin aradan qaldırılmasına dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-849/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-849/2020
24.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver