Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-853/2023 15.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 15 sentyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 2650 manat və ödənilmiş 48 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, Cavabdeh ilə 29 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat Ofisində kredit müqaviləsi bağlayaraq sonuncuya 12 ay müddətinə qaytarmaq şərti ilə xx.xx.2022-ci il tarixədək 3000 manat məbləğində pul vermişdir. Cavabdeh kredit müqaviləsində qeyd edilən müddət ərzində borc olaraq aldığı 3000 manat puldan 350 manatını ödəsə də qalan 2650 manat pulu qaytarmamışdır. Kredit müqaviləsində qeyd edilən 12 aylıq müddət başa çatmışdır.O,cavabdehlə aralarında razılaşmış olduqları müddət başa çatdıqdan sonra hər dəfə sonuncudan pulunun geri qaytarılmasını tələb etdikdə cavabdeh müxtəlif bəhanələrlə ondan borca götürdüyü pulu qaytarmaqdan yayınmışdır.Hazırda cavabdehin ona 2650 manat borcu qalmışdır. Cavabdeh borcunu qaytarmadığından məhkəməyə müraciət etmək üçün 48 manat dövlət rüsumu ödəmişdir.Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki,o,iddiaçıdan icarəyə avtomaşın götürmüşdür.İddiaçıdan icarəyə götürdüyü avtomaşının əyləc sistemində olan nasazlıq üzündən qəza törətmiş və nəticədə iddiaçıya maddi ziyan dəymişdir. 29 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat Ofisində iddiaçı ilə aralarında 12 ay müddətinə aylıq 250 manat qaytarmaq şərti ilə xx.xx.2022-ci il tarixədək 3000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. İddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsində qeyd edilən 3000 manat məbləği əl borcu deyildir.Həmin məbləğ qəza nəticəsində iddiaçıya dəymiş ziyan məbləğidir.Belə ki, maddi imkanı olmadığından iddiaçıya dəyən ziyanı ödəməmişdir.Ona görə də iddiaçı ilə aralarında dəymiş ziyanın ödənilməsinin təminatı olaraq 29 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat Ofisində 12 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. O, iddiaçıya dəymiş ziyan məbləği ilə razılaşmasa da, ancaq aralarında kredit müqaviləsi bağlandığından həmin məbləğlə razılaşır. Kredit müqaviləsi bağlandıqdan sonra müqavilədə qeyd edilən məbləğdən 350 manat ödəniş etmişdir.Onun hazırda müqavilə üzrə iddiaçıya 2650 manat borcu qalmışdır və həmin məbləği yaxın vaxtlarda sonuncuya hissə-hissə ödəyəcəkdir.Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, 29 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin tarixdə borc verən İddiaçı, borc alan Cavabdeh xx.xx.2021-ci il tarixdən etibarən ayda 250 manat olmaqla 12 ay müddətinə xx.xx.2022-ci il tarixinədək qaytarmaq şərti ilə 3000 manat pul vermişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları və təqdim edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı cavabdehə 12 ay müddətinə aylıq 250 manat ödəmək şərti ilə 3000 manat borc pul vermiş, cavabdeh borc olaraq aldığı 3000 manat puldan 350 manat ödəmiş, qalan 2650 manat borcunu isə qaytarmamışdır. Məhkəmə hesab edir ki,cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia tələbi əsaslıdır.Belə ki, cavabdeh borc olaraq aldığı 2650 manat borcunu ödəməkdən yayınır. Belə olan halda cavabdehdən 2650 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 48 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220,227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq,məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 29 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 2650 manat və 48 manat dövlət rüsumu olmaqla, cəmi 2698 (iki min altı yüz doxsan səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-853/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-853/2023
15.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver