Məhkəmə qərarları › İş №2(037)-876/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-876/2021

28.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-876/2021 28.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı pul və zərər tələbinə dair mülki işə 28 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 530 manat və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 560 manat alınaraq İddiaçı1, 244 manat alınaraq İddiaçı2 və 430 manat alınaraq İddiaçı3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, cavabdehlə uzun müddətdir tanışdır. 2019-2020-ci illərdə o, öz evinin hamam-tualet, mətbəx və digər yaşayış otaqlarının santexnik işlərinin görülməsi üçün cavabdehi dəvət etmişdir. Cavabdeh qeyd olunan işləri başa çatdırmadan ondan 4800 manat pul almışdır. Lakin cavabdeh müəyyən işləri yarımçıq qoyaraq getmişdir. O, cavabdehdən gəlib yarımçıq işlərinin görməsini tələb etsə də nəticəsi olmamışdır. O, məcbur qalaraq cavabdehin yarımçıq qoyduğu işlərin görülməsi üçün usta Kamal Qardaşovu dəvət etmiş və həmin işlərə görə sonuncuya 530 manat zəhmət haqqı ödəmişdir. O, cavabdehdən yarımçıq qoyduğu işlərə görə artıq aldığı 530 manat pulu tələb etsə də sonuncu, həmin pulu bu günədək qaytarmamışdır. Cavabdehdən 530 manat və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 560 manat məbləğinin alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı2 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, aptekdə işləyir və cavabdehi İddiaçı1 vasitəsi ilə tanımışdır. 2019-cu ilin dekabr ayının əvvəlində İddiaçı1 xahişi ilə cavabdehə 200 manat borc pul vermişdir. Cavabdeh bir həftə ərzində özünə məxsus erkək dananı kəsib satdıqdan sonra ona olan borcunu qaytarcağını bildirmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr gətirərək qaytarmalı olduğu 200 manat borcunu gecikdirmişdir. Buna baxmayaraq, 2020-ci ilin mart ayında da cavabdeh müalicəsi üçün ondan 44 manat dəyərində dərman almışdır. O, cavabdehdən borclu olduğu 244 manat pulu tələb etsə də sonuncu həmin pulu bu günədək qaytarmamışdır. Cavabdehdən 244 manat məbləğinin alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı3 məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında növbəti məhkəmə baxış iclaslarını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə İddiaçı3 iştirakı olmadan keçirilməsini qərara almışdır. İddiaçı3 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 qardaşıdır və cavabdehi qardaşı vasitəli tanımışdır. Cavabdeh həm onun, həm də qardaşının evində müəyyən tikinti işlərini görmüşdür. Cavabdeh gah onun, gah da qardaşının evində işləmişdir. O, cavabdehə görəcəyi işlərə görə 4000 manat pul ödəmişdir. Lakin cavabdeh görəcəyi işləri yarımçıq qoyaraq getmişdir. O, cavabdehdən gəlib yarımçıq işlərinin görməsini tələb etsə də nəticəsi olmamışdır. O, məcbur qalaraq cavabdehin yarımçıq qoyduğu işlərin görülməsi üçün usta Səxavət Əsgərovu dəvət etmiş və həmin işlərə görə sonuncuya 430 manat zəhmət haqqı ödəmişdir. Cavabdehdən 430 manat məbləğinin alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, usta işləyir. O, İddiaçı1 dəvəti ilə onun və qardaşı İddiaçı3 evində müəyyən işləri görmüşdür. Hər ikisinin evində görəcəyi işləri ayrı-ayrılıqda danışmış və paralel olaraq işləmişdir. O, İddiaçı1 evinin hamam-tualet, mətbəx və digər yaşayış otaqlarının santexnik işlərini görmüşdür. İddiaçı1 müəyyən materialları tam aldıqdan sonra qalan işlərin görülməsini ona bildirmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı3 evində hamam aksessuarlarının və istilik sisteminin quraşdırılması yarımçıq qalmışdır. O, pula ehtiyacı olduğu vaxtlarda İddiaçı1 müraciət etmiş və sonuncu da İddiaçı2 gedib götürməsini bildirmişdir. O, İddiaçı2 ümumilkdə 244 manat pul götürmüş və həmin məbləği də İddiaçı1 evində görəcəyi işlərdən çıxmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. X3 ifadə verərək göstərdi ki, o, santexnik işləri görür. İddiaçı Füzuli Cəfərovun evində santexnik işləri görmüşdür. Həmin evdə yarımçıq qalan işlər olmuşdur. O, iddiaçı Füzuli Cəfərovla həmin yarımçıq qalan işlərin görülməsi üçün zəhmət haqqı olaraq 530 manata razılaşmışdır. O, həmin evin hamam-tualet aksessuarlarını quraşdırmış və orada qalan xırda işləri də görmüşdür. Həmin evin istilik sisteminin alt hissəsindəki çıxışlar düz olmamış, döşəmədə olan istilik sistemində əyrilik olmuş və həmin səhvləri düzəltmişdir. X2 ifadə verərək göstərdi ki, o, santexnik, kafel-metlax ustası işləyir. İddiaçı3 evində santexnik işləri görmüşdür. Həmin evdə yarımçıq qalan işlər olmuşdur. O, həmin yarımçıq qalan işlərin görülməsi üçün İddiaçı3 zəhmət haqqı olaraq 430 manata almışdır. O, həmin evin hamam aksessuarlarını quraşdırmış, istilik sisteminin yerləşdirmiş və su xəttlərinin yerini dəyişmişdir. Bundan başqa cavabdeh tualetdə unitazı düzgün yerləşdirmədiyindən onun da yerini dəyişmişdir. X4 ifadə verərək göstərdi ki, o, malyar ustası işləyir. Cavabdehin gördüyü işlərdən sonra iddiaçı Füzuli Cəfərovun evində müəyyən ölçü işləri aparmış və materiallar alıb vermişdir. X1 ifadə verərək göstərdi ki, o, iddiaçıları tanıyır, cavabdehlə isə həmkəndlidir. Cavabdeh baldızı xəstə olduğu üçün 200 manat pula ehtiyacı oldğunu və həmin pulu dana kəsib satdıqdan sonra verəcəyini ona bildirmişdir. O, iddiaçı Füzuli Cəfərovdan xahiş etmişdir ki, 200 manat pul cavabdehə versin. İddiaçı1 isə bildirmişdir ki, cavabdeh verdiyi pulların qarşılığı olaraq onun evində işlər görməmiş və ona görə sonuncuya borc pul verməyəcək. Bundan sonra o, İddiaçı2 bu barədə demiş və sonuncu, cavabdehə 200 manat borc pul vermişdir. O, iddiaçı Füzuli Cəfərovla dəfələrlə cavabdehin yaşadığı evə gedərək yarımçıq qoyduğu işlərin gəlib tamamlamasını bildirsələr də nəticəsi olmamışdır. 19 avqust 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, cavabdeh İddiaçı1 və İddiaçı3 evlərində gördüyü işlərə görə qarşılıqlı razılaşma ilə müəyyən edilmiş pulu aldığı halda həmin evlərdə yarımçıq qoyduğu işlərə görə onlardan aldığı artıq pulu, bundan başqa İddiaçı2 borc aldığı pulu verməkdən imtina etməklə iddiaçıların hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçılara qaytarmalı olduğundan məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumu məbləği alınaraq İddiaçı1 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 530 (beş yüz otuz) manat və 30 (otuz) manat dövlət rüsumu – cəmi 560 (beş yüz altmış) manat alınaraq İddiaçı1 ödənilsin. Cavabdeh 244 (iki yüz qırx dörd) manat alınaraq İddiaçı2 ödənilsin. Cavabdeh 430 (dörd yüz otuz) manat alınaraq İddiaçı3 ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar