Məhkəmə qərarları › İş №2(037)-88/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-88/2024

29.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-88/2024 29.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyan tələbinə dair mülki işə 29 aprel 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən üç il ərzində xalis maddi ziyan kimi 40880 manat, cavabdehin istifadə etdiyi torpaq sahəsi üçün ödədiyi icarə haqqı kimi 1800 manat, mənəvi ziyan kimi 10000 manat – cəmi 52680 manat və dövlət rüsumu kimi ödədiyi 249 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 Nəsrəddin İsa oğlunun varisi X8 ilə 12 noyabr 2021-ci il tarixdə "Torpağın icarə müqaviləsinin alğı-satqı müqaviləsi" bağlayaraq Diyallı Bələdiyyəsi ilə mərhum Nəsrəddin Musayev arasında bağlanmış icarə müqaviləsi üzrə icarə hüquqlarını satın almışdır. Şahin Məlikov müqavilə üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alaraq 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququnu dövlət qeydiyyatına aldırmışdır. 30 noyabr 2021-ci ildə X14 rayon Notariat Ofisində icarə müqaviləsi bağlayaraq 40 hektar torpaq sahəsini iki il müddətinə, yəni 30 noyabr 2023-ci il tarixinə kimi onun icarəsinə verilmişdir. Qeyd olunan torpaq sahəsi 2014-ci il tarixdən rəsmi olaraq Şahin Məlikovun icarəsində olmuş, faktiki isə onlar birlikdə həmin torpaq sahəsini əkib becərmişlər. Torpaq sahəsi hal-hazırda onun icarəsindədir, lakin cavabdeh 2020-ci ildə həmin torpaq sahəsinin 20 hektar hissəsini, 2021-ci ildə həmin torpaq sahəsinin yenə də 20 hektar hissəsini, 2022-ci ildə həmin torpaq sahəsinin 21 hektar hissəsini, 2023-ci il tarixdə isə həmin torpaq sahəsinin 20 hektar hissəsini qeyri-qanuni zəbt edərək əkmişdir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 28/2020 nömrəli 12 may 2020-ci tarixli qətnaməsindən və İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1037/2022 saylı 03 noyabr 2022-ci il tarixli qətnaməsindən göründüyü kimi qeyd olunan torpaq sahəsindən cavabdeh heç vaxt qanuni əsasla istifadə etməmişdir. Qeyd olunan məhkəmə qətnamələri bütün instansiya məhkəmələrində qüvvədə qalmışdır. Cavabdeh torpaq sahəsinin onların qanuni istifadəsində olmasını bilə-bilə oranın bir hissəsini zəbt edərək bu illər ərzində qanunsuz istifadə edərək ona kifayət qədər böyük məbləğdə maddi ziyan vurmuş və həm də elədiyi qanunsuz hərəkətlərlə dövlət qurumlarına böhtan, şantaj dolu yazdığı ərizələrlə ona mənəvi əzab vermişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin İsmayıllı Rayon Statistika İdarəsi tərəfindən verilmiş 12 sentyabr 2023-ci il tarixli 56/3/2023 saylı arayışa əsasən İsmayıllı rayonu üzrə buğdanın hər hektarından orta məhsuldarlıq 2021-ci ildə 35,1, 2022-ci ildə 35,8, 2023-ci ildə 30,5 olmuşdur. Yəni cavabdeh 2021-ci ildə 20 hektar x 35,1 sentner = 70,2 ton buğda, 2022-ci ildə 21 hektar x 35,8 sentner = 76 ton buğda, 2023-ci ildə isə 20 hektar x 30,5 sentner = 61 ton buğda, yəni bu qeyd olunan üç il ərzində cavabdeh qanuni icarəsində olan torpaq sahəsini qeyri-qanuni zəbt edərək əkib-becərmiş və oradan 70,2 ton +76 ton + 61 ton = 207,2 ton buğda məhsul götürərək onlara illər ərzində orta bazar qiyməti ilə buğdanın satış orta bazar qiyməti 0,40 manatla götürülərsə 82880 manat ziyan vurmuşdur. Yəni cavabdehin qanunsuz hərəkəti nəticəsində onlara 82880 manat maddi ziyan dəymişdir. Həmin sahə onun tərəfindən əkilsəydi, həmin sahənin əkilməsi üçün şum, toxum və digər aqrotexniki işlərin görülməsi üçün 42000 manat xərc çəkəcəkdir. Dəymiş ziyan 82880 manat maddi ziyandan çəkiləcək xərc 42000 manat çıxanda, xalis dəymiş ziyan 40880 manat edir. Həmin ziyan cavabdehdən alınaraq ona verilməlidir. Bundan əlavə cavabdeh tərəfindən qanunsuz olaraq əkib- becərilən 20 hektar torpaq sahəsi qanuni əsasla onların icarəsində olduğu üçün hər il həmin 20 hektar torpaq sahəsi üçün ildə 600 manat olmaqla, üç il üçün 1800 manat icarə haqqı ödəmişdir. Bundan əlavə cavabdehin qanunsuz əməllərindən, onlardan müxtəlif dövlət təşkilatlarına yazdığı qanunsuz, böhtan dolu ərizələrlə əlaqədar mənəvi əzab, iztirab çəkmiş və buna görə mənəvi ziyan kimi 10000 manat cavabdehdən təzminat istəyir. Qeyd olunan torpaq sahəsi üzrə bir neçə dəfə məhkəmə çəkişməsi olmuş və hər dəfə qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə sübut olunmuşdur ki, qeyd olunan torpaq sahəsi Diyallı Bələdiyyəsinin mülkiyyətində olmaqla, əvvəllər X9 icarəsinə, sonra həmin müqavilə əsasında Şahin Məlikova icarəyə verilmişdir. Sonra həmin sahə üzrə tərəflər arasında icarənin alğı-satqı müqaviləsi bağlanmış və Şahin Məlikov daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alaraq 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququnu dövlət qeydiyyatına aldırmışdır. Torpaq sahəsi onlara icarəyə verilməmişdən əvvəl, 2015-ci ildə Diyallı kəndinin başqa sakinləri qanunsuz olaraq Nəsrəddin İsayevin icarəsində olan həmin torpaq sahəsini zəbt etmişlər və Nəsrəddin İsayev məhkəmədə onlara qarşı "Torpaqdan müvəqqəti istifadə hüququna dair" JN-4200 Kod 40707018 olan şəhadətnamə ilə müvəqqəti istifadədə olan torpaq sahəsinin cavabdehlərdən geri alınması, zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və cavabdehlərin istifadə olan torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia qaldırmışdır. İsmayıllı rayon Məhkəməsi 13 may 2015-ci il tarixdə işə baxaraq iddianın təmin olunması haqqında qətnamə qəbul etmişdir. Bundan əlavə X21 Rayon Məhkəməsində eyni tələblə iddia qaldırmış və İsmayıllı Rayon Məhkəməsi 12 may 2020ci il tarixdə işə baxaraq iddianın təmin olunması haqqında qətnamə qəbul etmişdir. Qətnamədən verilmiş apelyasiya şikayətinə 14 sentyabr 2020-ci il tarixdə Şəki Apelyasiya Məhkəməsində baxılmış və İsmayıllı Rayon Məhkəməsinin 12 may 2020-ci il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və həmin qətnamələr ilə sübut olunur ki, mübahisəli torpaq sahəsinin cavabdehə heç bir aidiyyatı yoxdur. Buna baxmayaraq cavabdeh yenə bir nəticə çıxarmamış o, torpaq sahəsini yenə də qanunsuz əkib-becərmişdir. O, məcbur olaraq təkrarən cavabdehə qarşı torpaq sahəsindən çıxarılması üçün məhkəmədə iddia qaldırmış və İsmayıllı Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(037)-1037/2022 saylı qətnaməsi ilə iddiası təmin edilmiş və yuxarı instansiya məhkəmələrinin qərarı ilə qətnamə qüvvədə saxlanılmışdır. Cavabdehdən üç il ərzində xalis maddi ziyan kimi 40880 manat, cavabdehin istifadə etdiyi torpaq sahəsi üçün ödədiyi icarə haqqı kimi 1800 manat, mənəvi ziyan kimi 10000 manat – cəmi 52680 manat və dövlət rüsumu kimi ödədiyi 249 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsi işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, İsmayıllı rayonu Diyallı kəndində yaşayır. X27 arasında İsmayıllı rayon Notariat Ofisində 06 noyabr 2020-ci il tarixli "barışıq razılaşması haqqında" müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Şahin Məlikov ona qarşı torpaq sahəsindən çıxarılma, istifadə hüququna olan maneələrin aradan qaldırılması tələbi barədə iddiasından imtina etməyi öhdəsinə götürmüşdür. X23 40 hektar əkin torpaq sahəsini onunla birgə istifadə etmək barədə üzərinə öhdəlik götürmüşdür. Həmin müqaviləyə əsasən o, isə Şahin Məlikova qarşı "pul tələbinə dair" qarşılıqlı iddiasından imtina etməyi və Şahin Məlikovun təklifini qəbul etmək barədə üzərinə öhdəlik götürmüşdür. O, müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. X29 müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, əksinə "barışıq razılaşması haqqında" müqavilədən sonra 40 hektar əkin torpaq sahəsini onun istifadəsində olmasına baxmayaraq qanunsuz olaraq iddiaçıya 2 illik icarəyə vermişdir. Onun bələdiyyə ilə müqaviləsi və çekləri var. Sözügedən torpaq sahəsi üzərində haqqı var. Lakin 2020-ci ildən qeyd olunan torpaq sahəsinə buraxılmamışdır. O, sözügedən torpaq sahəsini nə zəbt etmiş, nə də əkmişdir. Çünki İsmayıllı rayon İcra və probasiya şöbəsində iş ola-ola o, həmin torpaq sahəsini əkə bilməzdi. İddiaçı və onun ətrafındakı insanlar terrorçu və quldurlardan ibarətdir. O, həmin terrorçu və quldurlar barəsində Prezident Administrasiyası və digər yuxarı orqanlara müraciət etmişdir. Bununla bağlı o, video çəkilişini təqdim etmişdir. İddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. X5 ifadə verərək göstərdi ki, o, cavabdehin oğludur. Uşaqlıqdan sözügedən torpaq sahəsində olmuşdur. Onlar həmin torpaq sahəsindən pul qazanmışlar. O, həmin torpaq sahəsində beş hektar yonca əkdikdən sonra əsgər getmişdir. Bundan sonra iddiaçı onun yerini sürdürərək taxıl əkmişdir. Atasının qeyd olunan torpaq sahəsi ilə bağlı çox əziyyəti olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(037)-1037/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Kazımov Ağarı̇ za Hacı oğlunun icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsindən Kazımov Ağarı̇ za Hacı oğlunun istifadəsinə Cavabdeh tərəfindən edilən maneçiliklərin aradan qaldırılması, Cavabdeh Kazımov Ağarı̇ za Hacı oğlu və X13 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2023-cü il tarixli, 2(107)-251/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(037)-1037/2022 saylı qətnaməsi mübahisələndirilən hissə üzrə Cavabdeh apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2(102)-2791/2023 nömrəli qərarının surətindən görünür ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2023-cü il tarixli, 2(107)-251/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı rayon Polis Şöbəsinin 12 iyul 2023-cü il tarixli qərarından görünür ki, toplanmış materialda İddiaçı əməlində cinayət və inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə barəsində cinayət işinin və inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin İsmayıllı rayon Statistika İdarəsinin 12 sentyabr 2023-cü il tarixli, 56/3/2023 nömrəli məktubundan görünür ki, İsmayıllı rayon üzrə buğdanın hər hektardan orta məhsuldarlığı 2020-ci ildə 34,9 sentner, 2021-ci ildə 35,1 sentner, 2022-ci ildə 35,8 sentner, 2023-cü ilin sentyabr 1-i vəziyyətinə 30,5 sentner təşkil etmişdir. "xxxx" MMC-nin 25 fevral 2024-cü il tarixli, 09 nömrəli mütəxəssis rəyindən görünür ki, 2020-2023-cü illər müddətində X18 tərəfindən İddiaçı İsmayıllı rayonu Diyallı kəndi ünvanında icarəyə verilmiş 40 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi üzrə dənli taxıl bitkisinin (buğda, arpa) əkilməsindən əldə olunmuş xalis gəlirin məbləği – 14640 manat həddində hesablanılmışdır. O cümlədən, 23 hektar torpaq sahəsi üzrə həmin texniki göstəricilərə uyğun xalis gəlirin miqdarı 8418 manatdır. İş materiallarına əlavə edilmiş CD diskdə olan video yazının 1.50-ci dəqiqəsində Cavabdeh İddiaçı barəsində “terrorçu,” “narkoman,” “quldur” ifadələrin işlədildiyi qeyd olunmuşdur. Məhkəmənin qərardadı ilə məhkəmə-linqvistik ekspertizası təyin olunmuş, ekspert qarşısında X15 tərəfindən verilmiş video müsahibənin 00.01.34-00.01.42-yə qədər olan bölməsində qeyd edilmiş ifadələr “bu quldurlar Vidafdi Əliyev və arxasında duranlar”, “İvanovkanı talan edirlər” və eyni zamanda CD disklərdə olan Video müsahibə və çəkilişlər zamanı X16 və X6 tərəfindən iddiaçı X19 barəsində işlədilmiş ifadələrin (ifadələrin konteks mahiyyəti nəzərə alınmaqla) X11 işgüzar nüfuzunu, şərəf və ləyaqətini təhqir edən və alçaldan ifadələr hesab olunurmu sualı qoyulmuş, Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2023-cü il tarixli, 4/621 saylı rəyi ilə müəyyən edilir ki; Ekspertizaya təqdim edilmiş, mülki iş materiallarında olan CD disklərə X15 tərəfindən verilmiş 00.01.34-00.01.42-yə qədər olan bölməsində qeyd edilmişifadələr “bu quldurlar Vidafdi Əliyev və arxasında duranlar”, “İvanovkanı talan edirlər” və eyni zamanda CD disklərdə olan Video müsahibə və çəkilişlər zamanı X16 və X6 tərəfindən iddiaçı X19 barəsində işlədilmiş ifadələrin (ifadələrin konteks mahiyyəti nəzərə alınmaqla) X11 işgüzar nüfuzunu, şərəf və ləyaqətini təhqir edən və alçaldan ifadələr hesab olunur. (hazırki rəy sözügedən tələblə anoloji iş eyni xarakterli olduğundan iş materiallarına əlavə edilmişdir) 06 noyabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 249 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, 30 noyabr 2021-ci il tarixdə iddiaçı X14 rayon Notariat Ofisində icarə müqaviləsi bağlayaraq 40 hektar torpaq sahəsini iki il müddətinə, yəni 30 noyabr 2023-ci il tarixinə kimi icarəyə götürmüşdür. İddiaçı cavabdehdən üç il ərzində xalis maddi ziyan kimi 40880 manat, cavabdehin istifadə etdiyi torpaq sahəsi üçün ödədiyi icarə haqqı kimi 1800 manat, mənəvi ziyan kimi 10000 manat – cəmi 52680 manat və dövlət rüsumu kimi ödədiyi 249 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının iddiasının əsasını ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanuni əsas olmadan əkib-becərərək gəlir əldə etməsi nəticəsində əldən çıxmış faydanın ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib),əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6-ci maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, cavabdehlə Şahin Məlikov arasında İsmayıllı rayon Notariat Ofisində 06 noyabr 2020-ci il tarixli "barışıq razılaşması haqqında" müqavilə bağlanmışdır. X24 30 noyabr 2021-ci ildə həmin torpaq sahəsini iddiaçıya iki il müddətinə, yəni 30 noyabr 2023-ci il tarixinə kimi icarəyə vermişdir. Məhz bundan sonra hazırki tələb üzrə tərəflər arasında mübahisə yaranmış, həmin mübahisələrin həlli ilə bağlı məhkəmə çəkişmələri olmuşdur. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(037)-1037/2022 nömrəli qətnaməsinə əsasən iddiaçı Kazımov Ağarı̇ za Hacı oğlunun icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsindən Kazımov Ağarı̇ za Hacı oğlunun istifadəsinə Cavabdeh tərəfindən edilən maneçiliklərin aradan qaldırılması, Cavabdeh Kazımov Ağarı̇ za Hacı oğlu və X13 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilməsi qət edilmiş, cavabdehin qətnamədən verdiyi apelyasiya və kassasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(037)-1037/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, hazırki iddia üzrə cavabdeh sözügedən torpaq sahəsi ilə bağlı (şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda) vicdanız sahib olmamışdır. Belə ki, 2020-ci il tarixdən 2022-ci il tarixədək tərəflər arasında torpaq sahəsinin sahibliyi və istifadəsi barədə mübahisə davam etmiş, nəhayət sözügedən mübahisə Ali Məhkəmənin 2023-cü il tarixdə qəbul etdiyi və qanuni qüvvəsini adığı qərarı ilə sona çatmışdır. Məhz bundan sonra cavabdehin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu müəyyən edilməlidir. Belə olan halda iddiaçının həmin dövrlər ərzində cavabdehin müdaxiləsinin və ya sahibliyinin qanunsuz hesab edilərək torpaqdan istifadə nəticəsində və ya istifadə etməməsi nəticəsində əldə çıxmış faydanın tələb edilməsinin hüquqi əsası mövcud deyildir. Eyni zamanda məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı sözügedən torpaq sahəsini cavabdehin zəbt edərək orada əkin işləri apardığını qeyd etsə də, işin halları ilə qeyd olunan torpaq sahəsində əkin işlərinin aparılması təsdiqlənmir. Bundan başqa iddiaçı sözügedən torpaq sahəsinə 1800 manat icarə haqqı ödədiyini bildirsə də, bu barədə məhkəməyə həmin ödənişin təsdiq edilməsi barədə sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 40880 manat maddi ziyan və 1800 manat icarə haqqı hissəsində təmin olunmamalıdır. Məhkəmə iddiaçı tərəfin sübut növü kimi məhkəməyə təqdim etdiyi 25 fevral 2024-cü il tarixli, 09 saylı qiymətləndirmə rəyinə münasibət bildirərək qeyd edir ki, rəylə sözügedən torpaq sahəsinin alternativ torpaq sahələri ilə müqayisəli təhlili aparılmış və məhsuldarlığın müxtəlif olması müəyyən edilmiş, lakin cavabdeh və ya digər şəxs/şəxslər tərəfindən konkret olaraq həmin torpaq sahəsinin əkilib-becərilməsi və məhz sözügedən torpaq sahəsində hansı həcmdə ziyanın və ya əldən çıxmış gəlirin olması müəyyən edilməmiş, ümumi məhsuldarlıq əsas götürülərək rəy tərtib edilmişdir. Bu hal isə hazırki tələb üzrə maddi ziyanın sübut edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Məhkəmə idda tələbinin mənəvi ziyan hissəsinə dair aşağıdakiləri qeyd edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Diyallı kəndində baş verənlərlə bağlı cavabdeh tərəfindən müxtəlif dövlət orqanlarına həm yazılı, həm də video yazı formasında müraciətlər olunmuşdur. Həmin müraciətlərdə cavabdeh iddiaçı barəsində “terrorçu, quldur” kimi ifadələr səsləndirmişdir. Məhkəmə iclas zalında da cavabdeh iddiaçı barəsində “terrorçu, quldur” kimi ifadələr səsləndirmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3-cü maddəsinə əsasən mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan qanunların mənasına görə şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı hüquq münasibətinin əsası üç şərtdən ibarətdir. Həmin şərtlərə aiddir: şəxs (iddiaçı) barədə məlumatlar yayılması, yayılmış məlumatların şəxsin (iddiaçının) şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməsi, yayılmış məlumatların həqiqətə uyğun olmaması. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin əsası olan və cavabdeh tərəfindən iddiaçı barəsində işlədilər ifadələr (terrorçu, quldur) cəmiyyət və ictimaiyyət arasında yayılmış, yayılan məlumatların həqiqətə uyğun olması cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə iddia tələbinin qismən təmin olunmasını əsaslı hesab edir. Maddi hüquq normasının tələbindən müəyyən olunur ki, məlumatı yayan şəxs həmin məlumatın həqiqətə uyğun olmasını sübut etmək vəzifəsi daşıyır. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə isə yayılmış hesab edilir. Göründüyü kimi, qeyd olunan fikirlərin yönəldiyi şəxsin cəmiyyətin bir fərdi kimi ətrafındakı, kollektivdəki, həmçinin ümumilikdə ölkə üçün təhlükəli şəxs kimi obrazının yaradılmasına səbəb olmuşdur. Bu isə həmin şəxsin nüfuzunun (sahibkar kimi), cəmiyyətdə qazandığı etibarının heçə enməsinə, barəsində xoşagəlməz, yanlış fikirlərin formalaşmasına şərait yaradır. Məhkəmə hesab edir, yuxarıda qeyd olunan cavabdeh tərəfindən istifadə olunan “terrorçu” və “quldur” sözləri iddiaçının şərəf və ləyaqətini alçaldan ifadələrdir. Bu cür məlumatlar obyektivlik dərəcəsinə görə qiymətləndirilir. Belə ki, bu kimi məlumatlar, eləcə də söz və ifadələr öz təsdiqini tapmadığı halda aid olunduğu şəxsin şərəf və ləyaqətini ləkələyən və işgüzar nüfuzuna xələl gətirən sözlər (ifadələr) və məlumatlar hesab olunur. Belə ki, anoloji tələblə bağlı mülki işin ( İddiaçı X11 cavabdehlər X16 və X2rşı şərəfin, ləyaqətin müdafiəsi ilə əlaqədar yanlış məlumatların təkzib edilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair) araşdırılması zamanı məhkəməyə qədim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2023-cü il tarixli, 4/621 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki iş materiallarında olan CD disklərə X15 tərəfindən verilmiş 00.01.34-00.01.42-yə qədər olan bölməsində qeyd edilmişifadələr “bu quldurlar Vidafdi Əliyev və arxasında duranlar”, “İvanovkanı talan edirlər” və eyni zamanda CD disklərdə olan Video müsahibə və çəkilişlər zamanı X16 və X6 tərəfindən iddiaçı X19 barəsində işlədilmiş ifadələrin (ifadələrin konteks mahiyyəti nəzərə alınmaqla) X11 işgüzar nüfuzunu, şərəf və ləyaqətini təhqir edən və alçaldan ifadələr hesab olunmuşdur. Məhkəmənin hazırki tələb üzrə eyni ifadə “quldur” sözünün işgüzar nüfuzu, şərəf və ləyaqəti təhqir edən və alçaldan ifadə hesab olunub-olunmaması barədə anoloji iş üzrə ekpert rəyi mövcud olduğundan hazırki tələblə bağlı məhkəmə-linqvistik ekspertizası təyin olunmasını prosessual qənaət prinsipi baxımından zəruri hesab etmir. Hüquq ədəbiyyatında “insanın ləyaqəti” dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində işlədilən yuxarıda qeyd edilən ifadələr ləyaqəti alçaltmağa yönələn ifadələr kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə qəbul edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində həmin ifadələr iddiaçıda müəyyən mənfi psixi vəziyyət yaranmasına və iddiaçının qısa müddətə də olsa sarsıntı keçirməsinə səbəb olmuşdur. Həmçinin, məhkəmə hesab edir ki, şəxsin ləyaqətini alçaldan ifadələr işlətməklə şəxsə mənəvi ziyan yetirilməsi, həmin məlumatların mütləq surətdə yayılması ilə şərtləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4.-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X4rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Məhkəmə hesab edir ki, mənəvi zərərin məbləği müəyyən edilərkən, mütənasiblik prinsipi əsas götürülməli, ödəniləcək məbləğ ödəyicini maddi cəhətdən əlverişsiz vəziyyətə düşürməməklə, ödənildiyi şəxsi isə varlandırmamalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi 10000 manat mənəvi ziyan hissəsində qismən – 2000 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia üzrə təmin edilmiş iddia tələbi 2000 manatdır. Ona görə də həmin məbləğə uyğun olaraq 40 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2000 manat mənəvi ziyan və 40 manat ödənilmiş dövlət rüsumu – cəmi 2040 (iki min qırx) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 249 manat dövlət rüsumunun 209 manatı iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar