Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-881/2021 01.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərəm oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı borc pul, maddi və mənəvi zərər tələbinə dair mülki işə 01 oktyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 300 manat əsas borc, vurulmuş maddi zərərin əvəzi kimi 250 manat, 3000 manat məbləğində mənəvi zərər və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 3580 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə uzun müddət Bakı politexnik texnikumunda müəllim işləmişlər. Sonralar əlaqələri kəsilmişdir. 10 mart 2021-ci il tarixdə cavabdeh ona zəng edərək təcili 500 manat pula ehtiyacı olduğunu bildirmiş və dönə-dönə həmin məbləğin özündə olmasa belə başqasından taparaq təcili ona verməsini xahiş etmişdir. Eyni zamanda üç gündən sonra Bakıya mal gətirərək təhvil verdikdən sonra onun pulunu qaytaracağına söz vermişdir.O, həmin vaxt həyətində tikinti işləri apardığından üzərində cəmi 150 manat pul olmuş, lakin cavabdehin davamlı təkidlərinə laqeyid qala bilməyərək, yaxınlıqda olan mağazaya gedərək oraya yenicə işə düzəlmiş Ceyhun adlı kassirdən 150 manat məbləğində borc pul götürərək 300 manat məbləğini cavabdehin xahişi ilə X1 köçürmüşdür. Lakin üç günün tamamından sonra cavabdehdən xəbər çıxmamış, 150 manat borc aldığı Ceyhun adlı şəxs isə kassada həmin məbləğ əksik gəldiyinə görə aylıq əmək haqqı olan 250 manat məbləğdə pulu almadan işdən azad edilmişdir. Bunun nəticəsində Ceyhunun anası Səidə xanım onların yaşadığı məhəlləyə gələrək, onun ünvanına nalaiq sözlər işlədərək oğluna vurduğu 250 və 150 manat olmaqla, ümumilikdə 400 manat pulu ondan tələb etmişdir. Belə olan halda o qonşular arasında daha da hörmətdən düşməmək üçün 400 manat pulu başqa yerdən əldə edərək Ceyhunun anasına ödəmişdir. Lakin bu baş verənlərə görə çəkdiyi izdirablar bu gün də davam edir. Belə ki, illərlə çörək kəsdiyi bir insanın ona qarşı etibarsızlığı, onu aldatması, digər tərəfdən də cavabdehin hərəkətləri nəticəsində onun başqalarının çörəyinə bais olması, eyni zamanda ailəsinin və yaxınlarının yanında təhqir olunmağı onun şərəf və ləyaqətini alçaltmışdır. Bu müddət ərzində cavabdeh onun telefonlarına cavab vermədiyindən, o cavabdehin qızı ilə mütəmadi əlaqə saxlamışdır. Beləliklə cavabdehin qanunsuz əməlləri nəticəsində borc aldığı 300 manat ödənilməmiş, ona əlavə olaraq 250 manat maddi zərər dəymiş və qeyd edilən səbəblərə görə onun keçirdiyi mənəvi izdirablara və şərəf və ləyaqətinin alçaldılmasına görə ona 3000 manat mənəvi zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, o ali təhsillidir, uzun müddət pedaqoq olaraq həm ailədə, həm də ki yaxın qohumlar arasında və cəmiyyətdə hörmət sahibi olmuşdur. Bu hadisələrdən sonra məhz cavabdehin qanunsuz əməlləri nəticəsində o ailəsində nüfuzdan düşmüş, yaxın qonşular arasında etibarı sarsılmışdır. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, iddiaçı ilə əvvəllər biryerdə işlədiyi üçün onunla münasibətləri yaxşı olmuşdur. Ona təcili pul lazım olduğu üçün 300 manat məbləğində pul almış, lakin maddi imkanı olmadığından vəd verdiyi müddətdə qaytara bilməmişdir.Hazırda iddiaçıya olan borcunu ödəmişdir. Ona görə də ədalətli qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, iddiaçı 300 manat məbləğində pulu cavabdehə vermiş, cavabdeh isə üç gün müddətində qaytaracağı barədə öhdəlik götürmüş, lakin həmin vaxt borcunu qaytarmamış, iddiaçı məhkəməyə müraciət etdikdən sonra isə 300 manat pul iddiaçıya ödənilmişdir. İddiaçı 300 manat ödənildiyini, lakin ona dəymiş 250 manat maddi və 3000 manat məbləğində mənəvi zərəri tələb edir. İş materiallarına əlavə edilmiş, 03.09.2021-ci il tarixli, AZ1002 saylı mədaxil qəbzindən görünür ki, həmin tarixdə ödəyən şəxs X6 həmin tarixdə İddiaçı adına 300 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə iddia tələbinin maddi zərər görə cavabdehdən 250 manat tutulması ilə bağlı hissəni iddiaçı tərəfindən bu barədə məhkəməyə əsaslı sübut təqdim etmədiyi üçün əsassız hesab edir, iddia tələbinin həmin hissədə təmin olunmaması qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius”(“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmçinin iddiaçı iddia ərizəsində cavabdehin öz öhdəliklərini lazımı şəkildə yerinə yetirməməsi nəticəsində ciddi sarsıntılar, mənəvi sıxıntılar keçirdiyidini, yaxınlarının və doğmalarının qarşısında çətin vəziyyətdə qaldığını, bu səbəbdən də cavabdeh tərəfindən iddiaçıya dəymiş mənəvi ziyana görə 3000 manat məbləğində pul ödənilməli olduğunu qeyd etmişdir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsilə bağlı aşağıdakıları qeyd edir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən cavabdehin qızı ilə olan yazışmalardan da görünür ki, İddiaçı uzun müddət və mütəmadi olaraq ona olan borcun qaytarılmasını təkid etmiş, pulun vaxtında qaytarılmaması səbəbindən onun çətin vəziyyətə düşdüyünü, ailəsi içərisində nüfuzunun azaldığını, qonşular yanında sözügedən qadın tərəfindən təhqir olunduğunu vurğulamış və bununla da mənəvi əzab çəkdiyini, şərəf və ləyaqətinin alçaldığını bildirmişdir.Göründüyü kimi bütün bu hadisələr cavabdeh tərəfindən aldığı borc məbləğinin vaxtında və lazımınca icra edilməməsi səbəbindən baş vermişdir. Məhkəmə qeyd edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər-inamsızlıq,narahatlıq,məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X2rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Məhkəmə iddia tələbinin 3000 manat mənəvi zərər tələbini qismən əsaslı hesab edir və cavabdehdən mənəvi zərərə görə 300 manat məbləğinin alınaraq iddiaçıya ödənilməsi qənaətinə gəlir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehə, 10 manat hisəssi isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə mənəvi zərərə görə 300 manat və ödənilmiş 30 manat dövlət rüsumunun isə 20 manat hissəsi, ümumilikdə 320 manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq,məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə mənəvi zərərə görə 300 manat və 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-881/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-881/2021
01.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver