Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-891/2023 15.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 15 noyabr 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2800 manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2850 manat vəsaitin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi uzun müddətdir ki tanıyır, o maşın alveri ilə məşğul olmuşdur. 2022-ci ilin sentyabr ayında cavabdeh maşın almaq istədiyini, lakin pulu çatmadığını bildirərək, ondan 2900 manat borc almışdır. Lakin cavabdeh aldığı "VAZ 2107" markalı avtomobilin satılmadığını bildirərək ondan aldığı 2900 manat pulu qaytarmamışdır. Bu barədə dəfələrlə cavabdehə pulu qaytarmasını tələb etsə də o, həmin puldan 100 manat qaytarmış, qalan borcunu isə qaytarmaqdan imtina etmişdir. Həmin borcun cavabdehə verilməsi barədə borc müqaviləsi olmasa da cavabdehin ona olan borcunu etiraf etməsi barədə “whatsapp” yazışmaları mövcuddur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə fərqli məzmunlu izahat verib, əlavə olaraq göstərdi ki, o, cavabdehlə birlikdə Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən Asan Xidmət Mərkəzində Elnur Ələkbərov adlı şəxsə 2600 manat məbləğində pul verərək onun adına olan avtomobili cavabdehə almış, əvvəllər isə ümumilikdə cavabdehə 300 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin puldan 100 manatını qaytarmış, qalan 2800 manatı isə qaytarmaqdan imtina edir. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, o, kənd təsərrüfatı məhsullarının satışının əlaqələndirilməsi işi ilə məşğul olmuş və iddiaçı ilə uzun müddət bu işi birlikdə görmüşlər. Eyni zamanda o, avtomobil alveri ilə məşğul olmuş, demək olar ki, aldığı bütün avtomobilləri iddiaçının iştirakı ilə almış, 2022-ci ilin sentyabr ayında iddiaçını bu işlərdə sərişdəsi olduğuna görə avtomobil almaq üçün onunla birlikdə Bakı şəhərinə getmiş, “VAZ 2107” markalı avomobili almaq üçün ona 2600 manat ekvivalenti məbləğində dollar vermiş, həmin vaxt avtomobilin pulunu hər zamankı kimi satıcıya iddiaçı vermişdir. Bir daha bildirmək istəyir ki, onun sürücülük vəsiqəsi olmadığından, eyni zamanda ümumiyyətlə bütün avtomobil alışı zamanı olduğu kimi sonuncu dəfə də o pulu iddiaçıya vermiş satıcıya pulu iddiaçı vermişdir. Lakin həmin pul manatla olmamış, 2600 manat ekvivalentində dollarla olmuşdur. Bundan başqa o, iddiaçı ilə kənd təsərrüfatı məhsullarının satıcını həyata keçirdiyi dövrdə ondan hissə-hissə 300 manat borc almış,lakin həmin pulu ona qaytarmışdır. İddiaçı ilə olan “whatsapp” yazışmaları isə məhz ondan borc aldığı 300 manatla bağlı olmuşdur. İddiaçı əsassız olaraq ondan pul tələb edir.Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X3 göstərdi ki, 2022-ci ilin sentyabr ayında ona məxsus "VAZ 2107" markalı avtomobili Asan Xidmət Mərkəzində 2600 manata Cavabdeh satmış, pulu isə ona İddiaçı vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, oğluna məxsus avtomobili 2022-ci ilin sentyabr ayında satılması ilə bağlı oğlu ilə birlikdə Asan Xidmət Mərkəzinə getmiş, həmin vaxt avtomobil 2600 manata satmışlar. Lakin həmin pulu İddiaçı məhz ona vermişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, CD-R disketdəki yazışmalardan görünür ki, tərəflər arasında borcla bağlı müxtəlif məzmunlu yazışmalar olmuşdur. Beləliklə, məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər kənd təsərrüfatı məhsullarının satışını həyata keçirdikləri dövrdə cavabdeh iddiaçıdan 300 manat məbləğində borc almışdır. Bu hal işin mübahisəsiz halıdır. Cavabdeh həmin borcdan 100 manat qaytarmış, qalan hissəsini isə hazırkı vaxtadək qaytarmamışdır.Cavabdeh borcunu tam ödədiyini bildirsə də bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının cavabdehə avtomobil satın almaq üçün 2600 manat pul verdiyi barədə tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddia bu hissədə əsaslı deyildir. Belə ki, iddiaçı iddia ərizəsində 2022-ci ilin sentyabr ayında avtomobil satın alınması ilə bağlı cavabdehə 2900 manat verdiyini, məhkəmə iclasında isə əslində həmin pulun 300 manat hissəsinin əvvəldən verildiyini, 2600 manat hissəsinin isə avtomobil satın alınarkən verildiyini bildirmişdir. Sözügedən ziddiyətin səbəbini isə iddia ərizəsi tərtib edilərkən vəkilin texniki səhvə yol verdiyini bildirmişdir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “whatsapp” yazışmalarında da cavabdehin iddiaçıya borclu olduğu müəyyən edilmiş, lakin həmin borcun iddiaçının iddia etdiyi kimi 2600 manat borca aid olduğu müəyyən edilməmişdir. Tərəflər arasında olan “whatsapp” yazışmalarının mahiyyətindən borcun 300 manat hissəsinə, yoxsa 2600 manat hissəsinə aid olduğu müəyyən olunmur. Azərbaycan Resöublikasının Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki,mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir.Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir.Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini,sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür;məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia tələbi qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 manat dövlət rüsumu məbləğinin 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 20 manatı isə iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, cavabdeh iddiaçıdan 300 manat borcundan 100 manat ödəmiş, qalan borcunu isə ödəməkdən yayınır. Belə olan halda cavabdehdən 200 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 230 manat pul iddiaçıların xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi,qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 200 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 230 (iki yüz otuz) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan 20 (iyirmi) manatı iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-891/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-891/2023
15.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver