Məhkəmə qərarları › İş №2(037)-903/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-903/2023

25.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-903/2023 25.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 25 oktyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 3000 manat maddi və mənəvi zərərin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, İsmayıllı rayonunda ailəsi ilə birlikdə məcburi köçkün kimi məskunlaşmışdır. 2018-ci ilin yaz aylarında əvvəllər tanıdığı qəssab işləyən Cavabdeh ondan 5000 manat pul istəmişdir. O, həmin pulu cavabdehə vermişdir. Cavabdeh həmin puldan 3700 manat qaytarmışdır. O, cavabdehdən qalan 1300 manatı geri tələb etsə də cavabdeh həmin pulu ona qaytarmamışdır. O, məcbur qalaraq məhkəməyə müraciət etmişdir. İsmayıllı Rayon Məhkəməsi və Şəki Apelyasiya Məhkəməsi iddia tələbinə baxaraq hüquqi qiymət vermişdir. Lakin cavabdeh bundan hiddətlənərək Şəki Apelyasiya Məhkəməsindən çıxdıqdan sonra, yəni o, taksidə yol qayıdarkən cavabdeh mobil telefondan gizli nömrə ilə zəng edərək ona qarşı ağır söyüşlər söyərək təhqir etmişdir. O, bu barədə İsmayıllı rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis Şöbəsində iş araşdırıldıqdan sonra ona məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Cavabdehdən 3000 manat maddi və mənəvi zərərin alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçını tanıyır. O, iddiaçının fermasında işləmişdir. İddiaçının söylədikləri tamamilə uydurmadır. O, iddiaçıya nalayiq ifadələr söyləməmiş, iddiaçının şərəf və ləyaqətini alçaltmamış və ona mənəvi zərər vurulmasına səbəb olmamışdır. İddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş edir. 12 avqust 2015-ci il tarixli, AA seriyalı, №341815 nömrəli məcbur köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Cəbrayıl rayonundan məcburi köçkündür. İsmayıllı rayon Polis Şöbəsinin İddiaçı ünvanladığı 03 may 2023-cü il tarixli, 84/2-A- 9700/11 nömrəli məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə İsmayıllı rayon Polis Şöbəsinə etdiyi şikayət ərizəsi əsasında araşıdırılma aparılmış və müraciətdə hər hansı inzibati xəta pozuntusu və ya cinayət hadisəsinin əlamətləri olmadığı, müraciətin mülki hüquq münasibətlərinə aid olması müəyyən edilmiş, həmin əməli törətmiş şəxs və ya şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı olaraq həmin məlumatların həqiqətə uyğun olmayan məlumat sayılmasını İsmayıllı Rayon Məhkəməsindən tələb edilməsi bildirilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı cavabdehdən 3000 manat maddi və mənəvi zərərin alınaraq ona ödənilməsini tələb edir. Cavabdeh iddia tələbini qəbul etmir, iddiaçıya nalayiq ifadələr söyləmədiyini, iddiaçının şərəf və ləyaqətini alçaltmadığını və ona mənəvi zərər vurmadığını bildirərək iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş edir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv halı üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia tələbinin əsasını təşkil edən halları məhkəmə iclasında da mötəbər sübutlarla izah edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı 3000 manat maddi və mənəvi zərər tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar