Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-923/2021 06.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Qabı̇ l oğluna qarşı pul tələbinə dair mülki işə 06 oktyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Qabı̇ l oğlundan (bundan sonra cavabdeh) 1502 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 1532 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh “Kamaz” markalı yük avtomobilinin sürücüsü kimi onun sifarişi ilə mişar daşı gətirmiş və tanışlıqları bundan sonra yaranmışdır. Cavabdeh onun usta olduğunu biləndən sonra həyətində quraqlıq tikməsini xahiş etmişdir. O, cavabdehin həyətinə gedərək orada ölçü işləri aparmış və zəhmət haqqı olaraq 1200 manata razılaşmışlar. Cavabdeh sonradan ondan 240 manat məbləğində olan işlər də sifariş etmişdir. Cavabdeh işi ilə əlaqədar vaxtı olmadığından lazım olan materialları onun almasını və bütün çəkilən xərcləri özü ödəcəyini bildirmişdir. Bir-iki gün sonra o, cavabdehlə İsmayıllı şəhəri ərazisində görüşdükdə sonuncu, material almaq üçün 300 manat pulu olduğunu və materialın qalan pulunu isə hər 10 gündən bir 200 manat ödəməklə başa çatdıracağını demişdir. O, cavabdehlə razılaşaraq tikinti mağazasından 1345 manat məbləğində material götürmüşdür. O, cavabdehin verdiyi 300 manatı dərhal tikinti mağazasına ödəmiş və 1045 manat borc qalmışdır. 2020-ci ilin avqust ayında o, cavabdehin həyətində təmir-tikinti işlərini görməyə başlamışdır. Cavabdeh ayrı-ayrı vaxtlarda müxtəlif məbləğdə pul ödəməklə ümumilikdə 745 manat material pulu və 238 manat zəhmət haqqı pulu ödəmişdir. Cavabdehin 300 manat materialdan və 1202 manat zəhmət haqqından – cəmi 1502 manat borcu qalmışdır. O, cavabdehdən dəfələrlə borcun qaytarmasını tələb etsə də nəticəsi olmamış və ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehdən 1502 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 1532 manat məbləğinin alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçını usta olaraq tanımış və həyətində quraqlıq tikməsini xahiş etmişdir. O, həyətində tikiləcək quraqlığın zəhmət haqqı pulunu iddiaçı ilə 800 manat danışmış və sonuncu, həmin pulu az-az verəcəyini bildirmişdir. O, bir müddət iddiaçıya borcundan 150-200 manat ödəmiş, lakin sonradan maddi imkanı yaxşı olmadığından bir-iki ay ödəyə bilməmişdir. Onun iddiaçıya zəhmət haqqı olaraq təxminən 600-700 manat, material pulundan isə 300 manat borcu qalmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. 02 sentyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehdən 1502 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 1532 manat məbləğinin alınaraq ona ödənilməsini tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edir. Məhkəmə tərəflərin izahatlarına əsaslanaraq qərara gəlir ki, cavabdeh 300 manat materialdan və 1202 manat zəhmət haqqı pulundan iddiaçıya borcu qalması faktı sübuta yetirilmişdir. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, cavabdeh öz həyətində quraqlıq tikdirməklə qarşılıqlı razılaşma ilə müəyyən edilmiş zəhmət haqqı və material pulunu iddiaçıya qaytarmamaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumu məbləği alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Qabı̇ l oğlundan 1502 manat borc və 30 manat dövlət rüsumu – cəmi 1532 (bir min beş yüz otuz iki) manat alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-923/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-923/2021
06.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver