Məhkəmə qərarları › İş №2(037)-93/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-93/2021

13.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-93/2021 13.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, "İddiaçı" X1 Asif Arif oğluna qarşı debitor borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası, Cavabdeh Arif oğlunun "İddiaçı" İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi və sayğacın dəyəri kimi ödənilmiş pulun geri qaytarılması tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "İddiaçı" İstehsalat Birliyi iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Arif oğlundan mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 58,3 manat borc, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 216 manat itirilmiş qazın dəyərinin, 20,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Arif oğlu qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “İddiaçı” İstehsalat Birliyi tərəfindən **********00370 nömrəli abonent koduna vurulmuş 2160 kub metr təbii qazın dəyəri 216 manat debitor borcun silinməsi və qaz sayğacının dəyəri kimi ödədiyi 72 manat məbləğinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşə nümayəndənin iştirakı olmadan baxılması qərara alınmışdır. “İddiaçı” İstehsalat Birliyi iddia tələbini onunla əsaslandırmışdır ki, Asif Cabbarov istehlakçı kimi yaşadığı evdə təbii qazdan istifadə etmiş və nəticədə 58,3 manat məbləğində borcu yaranmışdır. Həmin müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəməlidir. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə “İddiaçı” İB-nin X8 X4 Xidmət Sahəsinin əməkdaşları tərəfindən Asif Cabbarovun İsmayıllı şəhərində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulmuş qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açılaraq götürülmüşdür. Bununla bağlı həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akt Cavabdeh tərəfindən imzalanmışdır. Açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı yoxlamadan keçmiş və tərtib edilmiş 29/1710-00568-1 nömrəli aktda sayğacın hesablama mexanizminin qoruyucu qapağının yan tərəfdən əzildiyi qeyd olunmuş və sayğac istismara yararsız hesab edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxx 2020-ci il tarixli ******* nömrəli “Təbii X5nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “İddiaçı” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı Cavabdeh imzalamaqdan imtina etmişdir. Akta əsasən xx xxxx 2020-ci tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 2160 kub.metr itirilmiş qazın dəyəri 216 manat məbləği hesablanaraq Cavabdeh abonent bazasındakı koduna vurulmuşdur. Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğlər istifadə edilmiş təbii qazın və sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən Cavabdeh Arif oğlundan mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 58,3 manat borc, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 216 manat itirilmiş qazın dəyərinin, 20,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahat verərək göstərdi ki, iddia tələbini 58,3 manat qaz pulu borcu hissəsində qəbul edir. İstifadə etdiyi təbii qaza görə yaranmış 58,3 manat borcu ödəyəcəkdir. Həmin hissədə iddianın təmin olunmasına etiraz etmir. Lakin iddia tələbinin dəymiş ziyan hissəsi ilə razı deyildir. 2020-ci ilin fevral ayında yağan güclü qar nəticəsində yaşadığı evin qaz xəttinə quraşdırılmış qaz sayğacının üzərinə buz parçası düşərək sayğacı zədələmişdir. Bu barədə xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə X8 X2 Xidmət sahəsinə müraciət etmişdir. Həmin gün İsmayıllı RİHB-nın müavini, fövqaladə hallar komissiyasının sədri Rövşən Ağayev, komissiyanın üzvləri və X8 X2 rayonu üzrə xidmət sahəsinin rəis müavini Emil Aslanlının iştirakı ilə sayğaca yerində baxış keçirilərək akt tərtib olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın qoruyucu qutusunun və sayğacın hesablayıcı mexanizminin üst plastmas hissəsi buz parçasının sayğacın üzərinə düşməsi nəticəsində sınmışdır. xx xxxxxx 2020-ci il tarixdə Ağsu Regional X6 əməkdaşları tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək sayğac götürülmüş, əvəzində isə onun vəsaiti hesabına yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş aktı imzalamışdır. Bir müddət sonra X8 X4 Xidmət Sahəsi tərəfindən ünvanına göndərilmiş xx xxxx 2020-ci il tarixli aktda qeyd edilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnoloğiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçmiş və sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının sındığı, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu müəyyən edilmişdir. Həmin akt onun yanında tərtib olunmamış, sonradan aktı imzalamaqdan imtina etmişdir. Tərtib olunmuş akta əsasən xx xxxx 2020-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 2160 kub.metr itirilmiş təbii qaz onun hesabına işlənmiş və həmin miqdarda təbii qazın dəyəri olan 216 manat debitor borcun və qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Sayğacın 72 manat dəyərini ödəmişdir. “İddiaçı” İstehsalat Birliyi tərəfindən 2160 kub.metr itirilmiş təbii qazın 216 manat dəyəri onun hesabına əsassız olaraq işlənmişdir. Qaz sayğacı təbii fəlakət nəticəsində zədələnmiş, onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. X6 nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş tərtib edilərək ona təqdim edilir. 2020-ci ilin fevral ayında yağan güclü qar nəticəsində qaz sayğacının zədələnməsi barədə qaz idarəsinin əməkdaşlarının məlumatı olmuşdur. Sayğacın zədələnməsində onun heç bir təqsiri yoxdur. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün olmamışdır. O, iddia tələbinin istifadə etdiyi təbii qaza görə yaranmış 58,3 manat borcun ödənilməsi hissəsində təmin olunmasına etiraz etmir. İddia tələbinin dəymiş ziyanın ödənilməsinə dair hissədə rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin olunaraq abonent koduna vurulmuş 216 manat debitor borcun silinməsini və sayğacın dəyəri kimi ödədiyi 72 manat pulun geri qaytarılmasını xahiş edir. X8 İstismarı İdarəsi ilə Cavabdeh Arif oğlu arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Asif Cabbarov yaşadığı evdə istehlakçı kimi istifadə etdiyi təbii qazın dəyərini təqdim olunmuş hesab üzrə tam şəkildə ödəməlidir. xx xxxxxx 2020-ci il tarixli İsmayıllı rayon Fövqaladə Hallar Komissiyasının üzvlərinin iştirak və imza etdiyi aktdan görünür ki, həmin tarixdə komissiya tərəfindən Cavabdeh yaşadığı evdə istifadə etdiyi qaz sayğacına vizual baxış keçirilmişdir. Baxış zamanı qaz sayğacının qoruyucu qutusunun və sayğacın hesablayıcı mexanizminin üst plastmas hissəsinin təsirdən sındığı məlum olmuşdur. Sayğac sahibinin deməsinə görə xx xxxxxx 2020-ci il tarixdə yağan güclü qar nəticəsində evin dam hissəsinə toplanmış qar kütləsi şaxtalı havanın təsirindən buzlaşmış və yaranmış buz kütləsi mülayim hava şəraitində qoparaq Cavabdeh məxsus qaz sayğacının üzərinə düşərək sayğacı zədələmişdir. xx xxxxxx 2020-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh Ağsu RQİİnin İsmayıllı xidmət sahəsinə müraciət edərək xx xxxxxx 2020-ci il tarixdə yağan güclü qar nəticəsində mənzilində quraşdırılmış qaz sayğacının üzərinə düşən buz parçası nəticəsində zədələndiyini, bu barədə dərhal Fövqaladə Hallar Komissiyasına müraciət etdiyini və akt tərtib olunduğunu bildirmiş, müvafiq işlərin görülməsini xahiş etmişdir. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh İsmayıllı şəhərində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X5na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı Cavabdeh imzalamışdır. xx xxxxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən qaz sayğacının dəyişdirilməsinə görə “İddiaçı” İB-nin Ağsu RQİİ-nin İsmayıllı XS-nin hesabına 72 (yetmiş iki) manat məbləğində vəsait ödənilmişdir. “İddiaçı” İB-nin “Təbii X5nın pozulması haqqında” 30 mart 2020-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi, 1 ədəd kombi vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı Cavabdeh imzalamaqdan imtina etmişdir. “İddiaçı” İB-nin Ağsu Regional X6 əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Cavabdeh yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 2160 kub metr müəyyən edilmiş və sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. xx xxxxxx 2020-ci il tarixli abonentin saldosundan görünür ki, 2020-ci ilin oktyabr ayının sonuna Cavabdeh **********00370 nömrəli abonent koduna 274,3 manat borc vurulmuşdur ki, həmin borcun 216 manat hissəsi 2020-ci ilin mart ayının sonuna akt üzrə hesablanmış borc məbləği təşkil edir. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, “İddiaçı” İB tərəfindən 20 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli qazın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh 2020-ci ilin oktyabr ayının sonuna 58,3 manat borcu yaranmışdır. Eyni zamanda “İddiaçı” İB-nin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X5na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə Cavabdeh vəsaiti hesabına yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı abonent imzalamışdır. Cavabdeh yaşadığı evin qaz xəttindən açılmış sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının sındığı, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu aşkar edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxx 2020-ci il tarixli ******* nömrəli “Təbii X5nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “İddiaçı” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı Cavabdeh imzalamaqdan imtina etmişdir. “İddiaçı” İB-nin Ağsu Regional X6 əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən Cavabdeh yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 2160 kub metr müəyyən edilmişdir. Həmin miqdarda təbii qazın və sayğacın dəyərinin ödənilməsi Cavabdeh tələb olunmuşdur. Cavabdeh dəyişdirilmiş qaz sayğacının 72 manat dəyərini xx xxxxxx 2020-ci il tarixdə ödəmişdir. İş materiallarından görünür ki, Cavabdeh 2020-ci ilin fevral ayında yağan güclü qar nəticəsində evinin damından düşən buz parçasının qaz sayğacının üzərinə düşərək zədələməsi barədə İsmayıllı rayon Fövqaladə Hallar komissiyasına müraciət etmiş, komissiyanın üzvlərinin və qaz idarəsinin əməkdaşının iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə qaz sayğacına baxış keçirilərək müvafiq akt tərtib edilmişdir. Baxış zamanı qaz sayğacının qoruyucu qutusunun və sayğacın hesablayıcı mexanizminin üst plastmas hissəsinin təsirdən sındığı məlum olmuşdur. Buna səbəb kimi xx xxxxxx 2020-ci il tarixdə yağan güclü qar nəticəsində evin dam hissəsinə toplanmış qar kütləsinin şaxtalı havanın təsirindən buzlaşması və yaranmış buz kütləsinin mülayim hava şəraitində qoparaq qaz sayğacının üzərinə düşməsi göstərilmişdir. “İddiaçı” İstehsalat Birliyi iddia tələbinin təmin olunaraq Cavabdeh Arif oğlundan mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 58,3 manat borc, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 2160 m3 - 216 manat itirilmiş qazın dəyərinin, 20,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini 58,3 manat borc hissəsində təmin edilməsinə etiraz etmir. İstifadəsində olan qaz sayğacının yağan güclü qar nəticəsində ev damından düşən buz parçasının təsirindən zədələndiyini, bu halın “İddiaçı” İB-nin tabeçiliyində olan Ağsu Regional X6 əməkdaşının da iştirak və imza etdiyi xx xxxxxx 2020-ci il tarixli aktla təsdiq olunduğunu, qaz sayğacına heç bir müdaxilə etmədiyini göstərərək “İddiaçı” İstehsalat Birliyi tərəfindən **********00370 nömrəli abonent koduna vurulmuş 2160 kub metr təbii qazın dəyəri 216 manat debitor borcun silinməsi və qaz sayğacının dəyəri kimi ödədiyi 72 manat məbləğinin geri qaytarılması barədə qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş edir. “İddiaçı” İstehsalat Birliyi tərəfindən qarşılıqlı iddia tələbinin mahiyyəti üzrə fikir bidirilmədiyindən, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim edilmədiyindən “İddiaçı” İB-nin qarşılıqlı iddiaya dair münasibətini öyrənmək mümkün olmamışdır. “X5”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə ilkin iddianın istifadə edilmiş təbii qaza görə yaranmış 58,3 manat borc tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq Asif Cabbarov istifadə etdiyi qazın dəyərini ödəməli olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin dəymiş ziyanın ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca abonent və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə “İddiaçı” İstehsalat Birliyi tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ilkin iddia tələbi dəymiş ziyanın ödənilməsinə dair hissədə rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, abonentin istifadəsində olan qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən abonentin yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca “İddiaçı” İstehsalat Birliyinin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə Cavabdeh məsuliyyət daşımır. Bundan əlavə, iş materialları ilə sübut olunmuşdur ki, qaz sayğacı yağan güclü qar nəticəsində ev damından düşən buz parçasının təsirindən zədələnmişdir. Bu hal “İddiaçı” İB-nin tabeçiliyində olan Ağsu Regional X6 əməkdaşının da iştirak etdiyi xx xxxxxx 2020-ci il tarixli aktla təsdiq olunmuşdur. Eyni zamanda, sayğaca müdaxilə olsa belə qısa müddət ərzində 2160 kub metr miqdarında, yəni 216 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Məhkəmə hesab edir ki, itirilmiş həmin təbii qazın istehlakçının hesabına işlənməsi və ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun tələb edilməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, “İddiaçı” İB tərəfindən Cavabdeh hesabına işlənmiş 2160 kub metr itirilmiş təbii qazın dəyəri 216 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 72 manat məbləğinin Cavabdeh qaytarılması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1 və 8.1.2-ci maddələrinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan çox olduqda isə 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə “İddiaçı” İstehsalat Birliyi tərəfindən ödənilmiş və qarşılıqlı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumlarına münasibət bildirərək məhkəmə qeyd edir ki, ilkin iddia qismən təmin edildiyindən “İddiaçı” istehsalat Birliyi tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 10 manatı “İddiaçı” İstehsalat Birliyinə aid edilməli, 10 manatı isə cavabdehdən alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməlidir. Qarşılıqlı iddia ərizəsi tam təmin edildiyindən və qarşılıqlı iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan 20 manat dövlət rüsumunun “İddiaçı” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməlidir. “İddiaçı” İstehsalat Birliyi tərəfindən ilkin iddia üzrə dövlət büdcəsinə 20 manat rüsum ödənildiyi nəzərə alınaraq dövlət büdcəsinə ödəniləcək 20 manatdan 10 manatı ödənilmiş rüsumla əvəzlənməlidir. İddiaçı” İstehsalat Birliyindən 10 (on) manat və Cavabdeh 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh Arif oğlundan təbii qazdan istifadəyə görə yaranmış 58 (əlli səkkiz) manat 30 (otuz) qəpik borc məbləği alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. “İddiaçı” İstehsalat Birliyi tərəfindən Cavabdeh Arif oğlunun **********00370 nömrəli abonent koduna vurulmuş 2160 kub metr təbii qazın dəyəri 216 (iki yüz on altı) manat debitor borc məbləği silinsin. Dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 72 (yetmiş iki) manat məbləği Cavabdeh Arif oğluna qaytarılsın. “İddiaçı” İstehsalat Birliyindən 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Səmədov Marif Paşa oğlundan 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar