Məhkəmə qərarları › İş №2(037)-953/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-953/2021

29.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-953/2021 29.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdeh İbrahı̇ mov Zamı̇ q Sərvər oğluna pul və dəymiş ziyan tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 29 noyabr 2021-ci il tarixdə açıq məhkəmə məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) bir baş inəyin dəyəri olaraq 1000 manat, əldən çıxmış fayda kimi 200 manat, ödənilmiş 30 manat dövlət rüsumu – cəmi 1230 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, İsmayıllı rayonu Bəhliyan kəndində fərdi təsərrüfatında iri və xırda buynuzlu mal-qara bəsləyib sataraq ailəsini dolandırır. O, Şəbiyan kənd sakini Cavabdeh əvvəllər tanımışdır. Belə ki, cavabdeh əvvəllər ondan və atasından mal-qara almış və dəyərini ödəmişdir. 2021-ci ilin iyul ayında cavabdeh həmkəndlisi Famil Dünyamalıyevin yük maşını ilə onun yanına gəlmişdir. Cavabdeh ona satılıq mal olduğunu soruşduqda o, satılıq malının olduğunu demişdir. Cavabdeh bu barədə atasına dediyini və heyvana baxmaq isdədiyini bildirmişdir. O, cavabdehə 1000 manat dəyərində olan bir baş dörd yaşlı qara rəngli qaşqa inəyi göstərmişdir. Cavabdeh həmin heyvanı bəyəndiyini bildirmiş və onu yük maşınına mindirərək aparmışdır. O, cavabdehdən pulu tələb etdikdə sonuncu, “atanla danışmışam, bir-iki günə pul səndə olacaq” demişdir. Əvvəl inəyi nisyə satmağa tərəddüd etsə də, cavabdehi uzun müddətdir tanıdığından və ona etibar etdiyindən sözünə inanaraq inəyin dəyərini ödəmədən aparmasına razı olmuşdur. Cavabdeh onun inamından və etibarından sui-istifadə edərək dananın dəyərini ödəmədən Famil Dünyamalıyevin köməkliyi ilə heyvanı yük avtomobilinə mindirərək aparmışdır. Bir neçə gündən sonra cavabdehlə telefon əlaqəsi saxlamasına baxmayaraq o, müxtəlif bəhanələr gətirərək öhdəsinə götürdüyü məbləği ödəməmişdir. O, sonradan atası ilə bu barədə söhbət etdikdə sonuncu, bu məsələdən tamamilə xəbərsiz olduğunu demiş və bundan sonra cavabdehin onu aldatdığını bilmişdir. O, dərhal cavabdehə zəng edərək niyə aldatdığını soruşduqda sonuncu, cavabında “narahat olma, bir-iki günə çatdıraram” deyərək onu arxayın etmişdir. Buna baxmayaraq, cavabdeh bu günədək onun pulunu qaytarmamışdır. O artıq cavabdehin onu aldatdığını və etibarından sui-istifadə etdiyini başa düşmüş, cavabdehin ona verməli olduğu məbləği ödəməyəcəyinə, ümumiyyətlə ödəmək niyyətində olmadığına əmin olduğundan borcun qaytarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehdən bir baş inəyin dəyəri olaraq 1000 manat, əldən çıxmış fayda kimi 200 manat, ödənilmiş 30 manat dövlət rüsumu – cəmi 1230 manat məbləğinin alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəbini üzrsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə iştirakı olmadan baxılmasını qərara almışdır. 14 sentyabr 2021-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin əməllərində dələduzluq cinayətinin əlamətləri olduğuna görə onun barəsində xüsusi qərar çıxarılmaqla aidiyyəti üzrə İsmayıllı rayon Prokurorluğuna göndərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı ilə cavabdeh bir-birlərini əvvəllər tanımışlar. Belə ki, cavabdeh əvvəllər ondan və atasından mal-qara almış və dəyərini ödəmişdir. Cavabdeh 2021-ci ilin iyul ayında iddiaçıdan atasının xəbəri olduğunu və dəyərini bir-iki günə ödəyəcəyini bildirərək bir baş inəyinin dəyərini bir neçə günə ödəmək şərti ilə almışdır. Bir-birilərini tanıdıqlarına görə iddiaçı cavabdehə etibar etmiş, ona inanaraq dəyərini ödəmədən inəyi aparmasına razılıq vermişdir. İddiaçıya sonradan məlum olmuşdur ki, atası bu məsələdən xəbərsizdir. Cavabdeh iddiaçının etibarından suiistifadə edərək və aldadaraq inəyi dəyərini ödəmədən aparmış lakin vədinə əməl etməyərək iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iddia tələbinin 1000 manat pul hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdeh iddiaçının ona olan etibarından sui-istifadə edərək və aldadaraq 2021-ci ilin iyul ayında 1000 manat dəyərində bir baş inəyi aparmaqla həmin əmlaka görə iddiaçıya ödəməli olduğu 1000 manat pulu ödəmədiyindən cavabdehdən həmin məbləğ alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qərara gəlir ki, iddia tələbi 1000 manat pul hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin 200 manat əldən çıxmış fayda hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı bununla bağlı sübut təqdim etməsə də məhkəmə iddiaçının inəyin dəyərini vaxtında almadığından əldə edəcəyi gəlirdən məhrum olduğunu nəzərə alaraq iddia tələbini həmin hissədə təmin edilməsini ağlabatan hesab edir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi 200 manat əldən çıxmış fayda hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu məbləği tələbinə dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İbrahı̇ mov Zamı̇ q Sərvər oğlundan 1000 manat bir baş inəyin dəyəri, 200 manat əldən çıxmış fayda və 30 manat dövlət rüsumu – cəmi 1230 (bir min iki yüz otuz) manat alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar