Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-965/2021 03.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 03 dekabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc və ona vurulmuş zərərlə birlikdə 3634,19 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3664,19 manat vəsaitin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə təsadüfi tanış olmuşlar. Bir neçə dəfə evinə gəlib getmiş və aralarında normal münasibət yaranmışdır. 2019-cu ilin dekabr ayının əvvəllərində cavabdeh,rəsmi iş yerinin və əmək haqqının olmadığını, onun isə pensiya almasını bildirərək, bankdan kredit götürüb ona verilməsini, xahiş edərək, bütün ödəniş və fazilərini ödəyəcəyinə söz vermişdir.Belə olan halda o, 08 iyun 2015-ci il tarixdə "xxxx" ASC-dən öz adına 2057 ABŞ dolları məbləğində kredit götürərək cavabdehə vermişdir. Cavabdeh həmin kreditdən cəmi 126 manat ödəniş etdiyindən və müqavilə üzrə öhdəlik pozulduğundan bank borcun ondan tutulması barədə Göyçay rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin əmrinə əsasən ondan 1882,24 ABŞ dolları əsas, 825,15 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2707,39 ABŞ dolları məbləğində pulun tutulması barədə qərər qəbul edilmiş və həmin qərar icra edilməsi üçün icraya yönəldilmişdir. İcra zamanı 01.07.2017-ci il tarixdən 28.01.2019-cu il tarixədək Dövlət Sosial Müdafiə X1 Şəxsin Göyçay rayon Ərazi filialı tərəfindən onun pensiyasından 1703,20 manat tutulmuşdur. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına və Azərbaycan Respublikasının Maliyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixli b********** nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasına uyğun olaraq həmin 2015-ci ildə "xxxx" ASC ilə onun arasında bağlanmış kredit müqaviləsi üzrə alıb cavabdehə verdiyi məbləğdən ödənilməmiş qalan 2056,71 manat hissəsinə dair 22.12.2019-cu il tarixdə bankla onun arasında 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 62-19-23-107320 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən 22.12.2019-cu il tarixdən 23.12.2024-cü il tarixədək banka 2119,48 manat ödəməlidir. Beləliklə həmin məbləğ hər ay onun pensiyasından tutulur. Nəticədə cavabdeh kredit məbləğini və faizləri ödəmədiyi üçün həmin borcu qrafik üzrə o ödəmək məcburiyyətindədir və ödəyir. Belə ki, hazırda onun pensiyasından 1703,71 manat, kreditin ödənilməmiş qalan 2056.71 manat hissəsinə dair 22.12.2019-cu ildə bankla aralarında bağlanmış kredit müqaviləsinə əsasən isə 2119,48 manat ödəməlidir.Beləliklə o 2057 ABŞ dolları əvəzinə 1703,71+2119,48=3760,19 manat ödəməlidir.Bunun 126 manat hissəsi cavabdeh tərəfindən ödənilmiş, qalan 3634,19 manat əsas borc və faiz onun tərəfindən bir hissəsi ödənilmiş, qalan hissəsi isə ödənilməsi davam edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, əlavə olaraq göstərdi ki, yaşlı, xəstə qadındır. O, pensiyası ilə dolanır və başqa qazanc yeri yoxdur.Ona görə də hazırda ondan tutulan məbləğ onu çətin vəziyyətə salmışdır. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram ilə müraciət edərək, səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini və ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, həqiqətən o iddiaçıdan öz adına kredit götürərək ona verməsini və fazi və ödənişləri vaxtında ödəyəcəyinə söz vermişdir. İddiaçı bankdan öz adına 2057 ABŞ dolları məbləğində kredit götürərək ona vermişdir. İlk əvvəllər ödəniş etsə də sonradan maddi imkanı pisləşdiyindən ödəniş edə bilməmişdir. İddiaçının tələb etdiyi məbləğlə razıdır və vaxt verilərsə onun borcunu ödəyəcəkdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, 22.12.2019-cu il tarixli, 62-19-23-107320 saylı kredit müqaviləsinin surətindən görünür ki, Muğanbank ASC ilə İddiaçı arasında 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 62-19-23-107320 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı 22.12.2019-cu il tarixdən 23.12.2024-cü il tarixədək banka 2119,48 manat ödəməlidir. İş materiallarına əlavə edilmiş, 22.12.2019-cu il tarixli, 62-19-23-107320 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı 22 dekabr 2019-cu il tarixdən başlayaraq, 23 dekabr 2024-cü il tarixədək 60 ay müddətinə 1 faiz olmaqla hər ay 43,73 manat ödəməlidir. İş materiallarına əlavə edilmiş, Göyçay rayon Məhkəməsinin 24 fevral 2017-ci il tarixli, 2(046)-1286/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, 2707,39 ABŞ dolları məbləğində pul İddiaçı tutularaq Muğanbank ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, Dövlət Sosial Müdafiə X1 Şəxsin Göyçay rayon Ərazi filialı tərəfindən verilmiş 16 iyul 2021-ci il tarixli, ********** saylı arayışdan görünür ki, 01.07.2017-ci il tarixdən 28.01.2019-cu il tarixədək İddiaçı pensiyasından ümumilikdə 1703,20 manat məbləğində pul tutulmuşdur. Beləliklə, məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edildi ki, 08 iyun 2015-ci il tarixdə cavabdeh iddiaçıdan 2707,39 ABŞ dolları məbləğində borc almışdır. Bu hal işin mübahisəsiz halıdır. Cavabdeh həmin borcdan 126 manat qaytarmış, qalan hissəsini isə hazırkı vaxtadək qaytarmamışdır. Cavabdeh borcunu etiraf edir və ödəyəcəyini bildirir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında borcundan müəyyən ödənişlər etdiyini, bu barədə qəbzləri olduğunu bildirsə də, bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Resöublikasının Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. İş materiallarından da göründüyü kimi restrukturizasiyadan əvvəl iddiaçının pensiyasından 1703.20 manat məbləğində tutulmalar edilmiş, restrukturizasiyadan sonra isə ilkin kredit müqaviləsi üzrə xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasına uyğun olaraq 2119.48 manat yeni kredit müqaviləsinə əsasən hissələrə bölünərək iddiaçıdan tutulması müəyyənləşdirilmişdir.Belə olan halda cavabdehin iddiaçıya ödəyəcəyi məbləğ 3634.19 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, cavabdeh borcundan 126 manat ödəmiş, qalan borcunu isə ödəməkdən yayınır. Belə olan halda Cavabdeh 3634,19 manat əsas borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 3664,19 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 3634,19 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 3664,19 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-965/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-965/2021
03.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver