Məhkəmə qərarları › İş №2(037)-967/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-967/2023

16.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-967/2023 16.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına verilmiş JN 202A KOD 40701004 saylı şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən,yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, İsmayıllı rayonu, İsmayıllı şəhər ərazisində yerləşən 0,06 hektar həyətyanı təyinatlı torpaq sahəsi AİK-nın 25 noyabr 2003-cü il tarixli,111 nömrəli qərarı ilə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına verilmişdir. Belə ki, hazırkı iddia tələbinə məhkəmədə baxılmalı olmadığı halda, həmçinin, ərizəçi həmin tələblə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciətinə cavab aldıqdan sonra sözügedən orqanın hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməli olduğu halda,hazırkı tələblə İsmayıllı Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Belə ki, iddiaçı eyni tələblə 12 iyul 2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin eyni tarixli, 2(037)-851/2023 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə” dair 19 may 2014-cü il tarixli Qərarına əsasən, - Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. -DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Bununla belə, MM-in 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Məhkəmə qeyd edir ki,iddia tələbinə dair mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.Çünki hazırda iddiaçının iddia tələbi AİK-nın qərarı ilə Cavabdeh adına verilmiş JN 202A KOD 40701004 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin etibarsız hesab edilməsi ilə əlaqədardır. Belə ki, iddiaçının iddia ərizəsindəki tələbindən aydın olur ki, hazırda iddiaçı cavabdehin adına tərtib edilmiş şəhadətnamənin həmin torpaq sahəsinin həqiqi hüquqi vəziyyətinə uyğun olmamasını mübahisələndirir. Ona görə də iddiaçı qeyd edilən məsələ ilə bağlı halı ilk öncə inzibati orqanda mübahisələndirə, inzibati orqanın hərəkətindən (və ya hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə müvafiq icra hakimiyyəti orqanının hərəkətindən (və ya hərəkətsizliyindən) aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Belə ki,sözügedən şəhatnamə bağışlama, alğı-satqı və ya digər mülki-hüquqi münasibətlər əsasında verilmiş olsaydı, o zaman sözügedən mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilərdi. Belə ki, iddia ərizəsinin də məzmunundan göründüyü kimi, İsmayıllı rayonu, İsmayıllı şəhər ərazisində yerləşən 0,06 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi AİK-nın 25 noyabr 2003-cü il tarixli, 111 nömrəli qərarı ilə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh verilmişdir. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin: 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki iddiaçı X1 Cavabdeh qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli həmin tələblə bağlı iddiaçıya müvafiq ərizə ilə yuxarıda sadalanan hərəkətlər edildikdən sonra aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ bir daha izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki,İddiaçı tərəfindən ödənilmiş 102 (bir yüz iki) manat dövlət rüsumu səhvən İmişli Rayon Məhkəməsinin hesabına ödənilsə də həmin dövlət rüsumu məbləği tam şəkildə ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı həmin tələblə bağlı müvafiq ərizə ilə yuxarıda sadalanan hərəkətlər edildikdən sonra aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ bir daha izah edilsin. İddiaçı tərəfindən ödənilmiş 102 (bir yüz iki) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar