Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-29/2023 02.02.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X6 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi K1oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və hesablanmış ziyanın silinməs tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçi İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunsuz olaraq onun adına yazılmış 1063 manat dəyərində əlavə sərfiyyatın ləğv olunması və rüsumun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, daha sonra ərizə yazaraq 30 iyun 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və hesablanmış ziyanın silinməsini xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Yardımlı rayonunun Vərgədüz kəndində yaşayır və abonent kodu **********02220 olan qaz istehlakçısıdır. Qazdan istifadə etdiyi müddətdə heç bir qanunsuzluğa yol verməmişdir. 13 may 2022-ci il tarixdə özlərini “Azəriqaz”-ın əməkdaşları kimi təqdim edən şəxslər onun adına olan Yardımlı rayonu Vərgədüz kəndində yerləşən fərdi yaşayış evinə gedən qaz xəttinin üzərində quraşdırılan “yenisi ilə əvəz edirik” deyərək, 10350582 nömrəli qaz sayğacını çıxararaq, **********3 nömrəli yeni qaz sayğacı quraşdırmışlar və bu barədə ******* nömrəli akt tərtib etmişlər. Əvvəllər də, yeni qaz sayğacı quraşdırıldıqdan sonra da ödənişlərini sayğacın göstəricisinə əsasən ödəmişdir. Cari ilin avqust ayında məlum olmuşdur ki, iyun ayının əvvəlinə qaz sərfiyyatına görə 1083.64 manat borcu vardır. Maraqlandıqda Lənkəran RQİİ-nin Yardımlı XS-dən bildirmişlər ki, guya o, sayğaca müdaxilə etdiyi üçün əlavə qaz sərfiyyatına görə 1063 manat borcu yaranmışdır. Bununla bağlı sənədlərin ona təqdim olunması üçün müraciət etmiş və bundan sonra aktlar və tələbnamə ona göndərilmişdir. Ona təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, 17 iyul 2022-ci il tarixli labaratoriyada müayinə aparılarkən onun adına olan 10350582 nömrəli sayğaca ümumi baxış keçirildikdə hesablama mexanizminin qoruyucu şüşəsinin deşildiyi müəyyən olunmuşdur. Buna görə də ona əlavə sərfiyyat yazılmaqla 1063 manat borc hesablanmışdır. Qaz sayğacı olan abonentlər bilir ki, hesablama mexanizminin qoruyucu şüşəsi sayğacın üstündə yerləşməklə, adi gözlə çox aydın görünür və həmin şüşədə deşiyin, cızığın və ya sınığın olmasını görməmək mümkün deyil. 10350582 nömrəli sayğac 13 may 2022-ci il tarixdə dəyişdirildiyi vaxt sayğacın qoruyucu şüşəsinin deşildiyini sayğacı dəyişən “Azəriqaz”-ın əməkdaşları görməyə bilməzdilər. Halbuki, əməkdaşlar qeyd edilən sayğacın şüşəsindən baxaraq 13 may 2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktda sayğacın göstəricisini görür amma şüşənin deşildiyini görmür. Sayğacın qoruyucu şüşəsində deşik olmadığına görə də qeyd edilən aktda nöqsanlar barədə hər hansı bir qeyd yazılmamışdır. Sayğaclara “Azəriqaz”-ın nəzarətçisi tərəfindən hər ay iki dəfə baxış keçirilir, şüşəsindən baxaraq sayğacın göstəricisini götürür. Sayğacda deşik varidisə bəs niyə nəzarətçi görməyib. Sayğac xüsusi olaraq qablaşdırılmaqla götürülməli və labaratoriyada da baxış keçirildikdə onun iştirakı təmin olunmalı idi. Hesab edir ki, Lənkəran RQİİ-nin Yardımlı XS-nin əməkdaşları tərəfindən evində işlədicilər barədə yazılan 30 iyun 2022-ci il tarixli, ******* nömrəli akt da qanunsuzdur. Həmin aktı tərtib edənlər onun evində olmamışlar, olsaydılar o, imza etmədiyi halda, hal şahidləri ilə baxış keçirməli idilər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, sayğac küçədə yerləşir, sayğaca müdaxilə olunmamış, aktın qəbul edilməsindən məlumatı olmamışdır. Aktda onun adı formal olaraq qeyd olunmuş, ona imza üçün akt təqdim olunmamışdır. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək, aktın doğru olduğunu, borcun düzgün hesablandığını, əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilmədiyini, ona görə də iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 13 may 2022-ci il tarixli aktın surətindən görünür ki, növbəti Dövlət yoxlamasına görə sayğac açılmış və yenisi ilə əvəz olunmuşdur. Aktda sayğaca müdaxilə olunması ilə bağlı qeyd yoxdur. 30 iyun 2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsi əsası ilə yeni sayğacın dəyəri və ziyan tələb olunur. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə İddiaçı adının qarşısında imza etməkdən imtina etməsi qeyd edilmişdir. 30 iyun 2022-ci il tarixli qərarın surətindən görünür ki, 30 iyun 2022-ci il tarixli, ******* saylı akt əsasən 8640 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği müəyyən edilməklə İddiaçı tərəfindən ödənilməsi tələb olunmuşdur. İddiaçıya aid abonent saldosundan məlum olur ki, onun istehlak etdiyi qaz sərfiyyatına görə hər ay sərfiyyata müvafiq ödənilməli olan məbləğlər göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz 6 edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehin təqdim etdiyi sübutlar sayğacın iddiaçının iştirakı və məlumatı olmadan ekspertizaya göndərildiyini və aktın onun iştirakı və məlumatı olmadan tərtib olunduğunu təsdiq edir. İlkin akt tərtib olunarkən abonentə başqa heç bir irad, o cümlədən sayğaca kənar müdaxilə edilməsi barədə irad tutulmamışdır. Eyni zamanda ekspertizanın nəticəsinə dair aktda sayğacda aşkar olunmuş qüsur və iddiaçının təqsirinin olması müəyyən olunmur. Mübahisəli aktın tərtib olunması ona əsas verir ki, ümumiyyətlə aktın tərtibi formal xarakter daşımış, müdaxilənin kim tərəfindən edilməsi araşdırılmamışdır. Belə ki, həmin aktda qeyd olunmuş qüsurun bilavasitə abonent tərəfindən törədilməsi, qaz sayğacının hesablayıcı mexanizminin sıradan çıxması, eləcə də qaz sayğacından keçən qazın sayğac tərəfindən qeydə alınmaması anlamına gələ bilməz. Fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. Mövcud qanunvericilik qaz sayğacının zədələnməsinin istehlakçının təqsiri üzündən baş verməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilməsi bilavasitə qaz paylayıcısının vəzifəsidir və bu cür sübutlar olmadan qaz sayğacının dəyərinin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin kim tərəfindən edilməsi, əgər müdaxilə olmuşsa onun təqsirliliyi, itirilmiş qaz sərfiyyatını müəyyən etmək üçün nə vaxtdan qaz sərfiyyatının itirilməsi, habelə müdaxilənin aşkar olunduğu tarixə qədər olan dövrün araşdırılması təmin edilməli və sübuta yetirilməli idi. Bundan başqa 30 iyun 2022-ci il tarixli akt tələbnaməsində təsdiq olunmuş qərardan göründüyü kimi, itirilmiş qaz sərfiyyatı ehtimallarla hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” X2 X4 İdarəsinin İddiaçı adına tərtib etdiyi 30 iyun 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin, 8640 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış ziyan məbləği silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X6
Məhkəmə qərarları › İş №2(038)-29/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-29/2023
02.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver