Məhkəmə qərarları › İş №2(038)-35/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-35/2023

06.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-35/2023 06.04.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X11 sədrliyi, Məhkəmə iclasının katibi T1 katibliyi ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun vəkili Vəkil, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə. İlk İddiaçı Cavabdeh 75250 manat orta dəyərində 157 baş qoyun, 166 baş yerli keçi, 77 baş holland cins keçisi və ya onların dəyəri, həmçinin 316 manat ödənilmiş dövlət rüsumu tələbinə, qarşılıqı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 95 (doxsan beş) baş ana qoyunun, 20 (iyirmi) baş keçinin və 1 (bir) baş erkək atın və ya onların dəyəri olan 18700 manat pul, 1000 (min manat) icarə haqqı, 340(üç yüz qırx) manat heyvanlara verilmiş dərmanların pulu, cəmi 20.040 (iyirmi min qırx) manatın və 151 (yüz əlli bir) manat ödənilmiş dövlət rüsumu tələbinə dair mülki işə, Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlk İddiaçı Cavabdeh 75250 manat orta dəyərində 157 baş qoyun, 166 baş yerli keçi, 77 baş holland cins keçisi və ya onların dəyəri, həmçinin 316 manat ödənilmiş dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Həmçinin qarşılıqı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 95 (doxsan beş) baş ana qoyunun, 20 (iyirmi) baş keçinin və 1 (bir) baş erkək atın və ya onların dəyəri olan 18700 manat pul, 1000 (min manat) icarə haqqı, 340(üç yüz qırx) manat heyvanlara verilmiş dərmanların pulu, cəmi 20.040 (iyirmi min qırx) manatın və 151 (yüz əlli bir) manat ödənilmiş dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İlk İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 2017-ci ilin təxmin avqust ayında sonuncunun qardaşı X4 vasitəsi ilə tanış olmuşdur. Cavabdeh heyvan saxlamaq işi ilə məşğul olduğunu ona heyvanların balasına yarısına şərik olmaq şərti ilə heyvanlarımı saxlamağı təklif etmişdir. O, Zəfərin qardaşı X2 tanıdığına görə və onların atası Ələkbərin mömün insan olduğuna görə Zəfərə etibar edib və inanıb ona 2017-ci ilin təxminən avqustsentyabr aylarında 76 baş qoyun, 20 baş keç vermiş, həmin heyvanlardan təxminən 31 baş qoyunu sonradan satmış, habelə 20 baş keçidən isə Zəfər ona 3 baş bala keçi vermişdir. xx.xx.2019-cu il tarixdə Zəfər ilə aralarında olan müqaviləyə əsasən o, Zəfərə 1 il müddətinə saxlamaq üçün 12 başı orta yaşlı, 18 başı cavan olmaqla cəmi 30 baş qoyun, 6 başı holland cins keçisi, 1 başı keçi balası(çəpiş), olmaqla cəmi 19 baş keçi təhvil vermişdir. Ümumilikdə o, cavabdehə 49 baş xırda buynuzlu heyvanı (30 baş qoyun, 19 baş keçi) 1 il müddətinə saxlamaq üçün vermişdir. Aralarında olan razılığa (xx.xx.2019-cu il tarixli müqaviləyə) əsasən Cavabdeh həmin heyvanlardan doğulmuş balaların yarısını özünə götürmək qarşılığında və həmin xırda buynuzlu heyvanlarının itirilməsinə, habelə ölümünə cavabdeh olmaqla ümumilikdə 49 baş xırda buynuzlu heyvanlarımı 1 il müddətinə saxlamaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin, sonrada Cavabdeh ona olan etibarından sui-istifadə edərək müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, heyvanlarını və ötən 3 il müddət ərzində onlardan doğulmuş baları mənimsəmişdir. O, "xxxx" MMC-ə müraciət etmiş və X3 verdiyi 49 baş xırda buynuzlu heyvanların ötən müddət ərzində yaşamaq ömrü, bala vemə imkanları və onların orta bazar dəyəri qiymətləndirilərək UNİ/72622/2022 saylı, xx.xx.2022-ci il tarixli rəy verilmişdir. Həmin rəydə aparılmış hesablamalara və təhlillərə əsasən onun cavabdehə ilkin olaraq verdiyi xırda buynuzlu heyvanların və həmin heyvanların Zəfərdə olduğu vaxtdan hazıradək 2019-2022-ci illər üzrə dövrdə bala artımı və ölüm sayı nəzərə alınmaqla xırda buynuzlu heyvanların sayı 400 baş orta bazar dəyən isə 62380 AZN təşkil etdiyi qeyd edilmişdir. Həmçinin həmin rəydə qeyd edilmişdir ki, xırdabuynuzlu heyvanların(qoyun və keçi) 2019-2022-ci illər üzrə bala artımı ilə birlikdə sayı 10%-i ölən və itənlər nəzərə alınmaqla 157 baş qoyun, 166 baş yerli keçi və 77 baş holland cins keçi sayı müəyyən edilmiş, habelə bala artımının dəyəri 63080 manat olmaqla ümumilkdə bütün xırda buynuzlu heyvanların bala artımı ilə birlikdə 75250 manat məbləğində dəyəri müəyyən edilmişdir. Qeyd olunanları sübuta yetirmək üçün məndə səs yazıları və video görüntülər vardır. Odur ki, həmin əmlakların və ya onların dəyərinin Cavabdeh alınaraq ona verilməsini tələb etmişdir. Qarşılıqı iddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2018-ci ilin yay aylarında qardaşı X1 vasitəsi ilə tanımış, həmin il qardaşını Yardımlı rayonu Deman kəndində Mehdinin heyvan saxladığı fermaya apardığı vaxt Mehdi ona heyvanların saxlanmasına köməklik etməyi təklif etmişdir. Lakin quraqlıq olduğu üçün Mehdi ilə razılaşmamışdır. O, heyvanlarını Biləsuvardan yaylaq sahəsinə qaytardıqdan sonra Mehdi onun evinə gələrək heyvanlarının yarlığına (şərik) saxlanmasını təklif etmiş və razılaşmışlar. Aralarında olan razılaşmaya əsasən 2019-cu ilin iyul ayında Mehdi ona 30 (otuz) baş qoyun, onlardan 18 (on səkkiz) baş cavan, 12 (on iki) baş qoca, 11 (on bır) baş keçi, 1(bir) baş çəpiş vermişdir 2020-ci ilin oktyabr ayında Mehdi oğluna toy etmək istədiyi üçün onun və öz payına düşən, 30(otuz) baş quzunu ayırıb aparmaq qərarına gəlmiş, lakin quzular getmədiyi üçün 23 (iyirmi üç) baş keçi və çəpişləri də quzularla birlikdə aparmışdır. Həmin vaxt Mehdi aralarında olan səmimi dostluğa görə oğluna toy etmək üçün pula ehtiyacı olduğunu bildirərək, ondan əlavə borc kimi 2250 (iki min iki yüz əlli) manat pul istəmiş, o da pulu olmadığı üçün Zülfüqar Miriyevdən 1250( bir min iki yüz əlli) manat və Səməddən Abazaliyevdən 1000 (min) manat borc pul alıb Mehdiyə vermişdir. Səhhəti ilə əlaqədar həmin aylarda Cəlilabad Mərkəzi xəstəxanasında bir ay müddətinə müalicə olunduğu vaxt heyanlara baxa bilmədiyi üçün Mehdi qoyunları aparmaq istəmiş, həmin vaxt qoyunlardan 17(on yeddi) başını aparsada, 13 (on üç) baş qoyunu UAZ markalı maşına yığmaq mümkün olmadığı üçün apara bilməmiş və heyvanlar onda qalmışdır. Bir müddətdən sonra Mehdi ona zəng edərək yer şumlamaq üçün onun atını istəmiş və o da Mehdi ilə razılaşaraq atı ona vermişdir. Xəstəxanadan qayıtdıqdan sonra Mehdi ilə aralarında olan razılaşmanın şərtlərini pozduğuna görə onunla haq-hesab etmək üçün evlərinə getmiş. Haqq-hesab zamanı Mehdi söhbətlərini ondan xəbərsiz telefona yazdırmış, həmin danışığı dəlil saxlamaqla hədə-qorxu gələrək, həmin danışıqlara görə onu şantaj etmişdir. Mehdinin razılaşmanın şərtlərini pozduğunu və onu aldatdığını, həmin heyvanlara saxlayarkən əziyyət çəkməyini, əvəzində ona çatan payı qaytarmasını, həmçinin verdiyi atın və borc pulun qaytarılmasını Mehdidən xahiş etsə Mehdi onunla razılaşmamışdır. Mehdinin onda qalan 13(on üç) baş qoca qoyunu isə, səhhətində olan problemlərlə əlaqədar baxımsızlıqdan tələf olmuşdur. Mehdi ilə aralarında olan razılaşmaya görə onun payına düşən 15(on beş) baş quzu, 6(altı) baş çəpiş vaxtında verilsəydi, hal-hazırda onun minimum 45(qırx beş) baş qoyunu və 20(iyirmi) baş keçi və çəpişi olardı. Həmçinin Mehdiyə verdiyi 2250 manat pulua həmin vaxtı 22-25 baş ana qoyun ala bilər və həmin heyvanlar artaraq 2022-ci ilə qədər 50 (əlli) baş olardı. Heyvanların bala artımını nəzərə alaraq, ümumilikdə onun 95 (doxsan beş) baş ana qoyun, 20 (iyirmi) baş keçi və 1 (bir) baş erkək atı olardı. Onun 95(doxsan beş) baş qoyununun orta bazar qiyməti, 160 manat olmaqla 15200 manat, 20 (iyirmi) baş keçinin orta bazar qiyməti 100 (yüz) manat olmaqla 2000 manat və 1 (bir) baş erkək kəhər atın qiyməti 1500 mantdır. Həmçinin həmin heyvanları otarmaq üçün icarəyə götürdüyü torpaq sahəsinə 1000 manat pul ödəmiş, bundan əlavə həmin heyvanlar üçün 340 manat məbləğində dərman almışdır. Beləliklə İddiaçı ümumilikdə ona təxminən 20.040 (iyirmi min qırx manat) manat dəyərində maddi ziyan vurmuşdur. Hesablama təxmini bazar qiymətinə uyğun hesablanmışdır. Lakin məhkəmənin icraatında olan mülki iş üzrə qeyd edilən eyni cinsli heyvanlar bir yerdə və bir şəraitdə saxlandığı üçün iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirilmə barədə sənəd onun tələb etdiyi heyvanlara da şamil edilməli və bazar qiymətinə uyğun hesablanmaqla ümumilikdə ona dəymiş ziyanı və ödənilmiş dövlət rüsumunu ilk iddiaçıdan tutularaq ona verilməsini tələb edir. Məhkəmə iclasında ilk İddiaçı qarşlıqlı iddianı qəbul etməyib, ilk iddia ərizəsinin məzmununu uyğun izahat verərək bildirdi ki, iddiasında tam haqlıdır. Belə ki, onun Zəfərlə heyvan saxlamaqla qazanc əldə etmələri barədə ilkin münasibətləri 2017-ci ildə yaranmışdır. Lakin 2019-cu ildə haqq-hesab etmişlər və aralarında həmin vaxt narazılıq olmamış və 30 iyul 2019-cu ildə aralarında yazılı müqavilə bağlamaqla yeni hüquq münasibətinə girmişlər. Razılaşmalarına əsasən 30 baş doğar qoyun və 12 baş doğar keçi (onlardan 6 başı holland cinsi keçi olmuşdur) Zəfərə heyvan vermiş, Zəfər onları saxlayaraq, doğulan quzu və çəpişlər aralarında bərabər bölünəcəkdi. Lakin üzərindən 1 il keçdikdən sonra Zəfər onun telefonlarına cavab verməmiş, haqq-hesabda bəhanələrlə yayınmışdır. Başqa çarəsinin olmadığını görüb, onu şəxsən tapmış və danışıqlarını telefonu vasitəsi ilə videoçəkilişlə qeydə almışdır. Həmin danışıq 11 noyabr 2020-ci ildə olmuşdur. Danışıqlar zamanı Zəfər təsdiq etmişdir ki, onda 30 doğar qoyun və 13 quzusu, 12 baş doğar keçi və 8 baş çəpişi vardır, qoyunlardan 5 başı doğmuşdur, verdiyi heyvanlardan ona cəmi 3 baş quzu vermişdir. Hətta Zəfər söz vermişdir ki, növbəti ilin may ayına qədər onun heyvanlarını artıracaq və öz payını çıxdıqdan sonra ona 60 baş qoyunquzu, 30 baş keçi və çəpiş verəcək. Bundan başqa Zəfərdən polis şöbəsinə şikayət etmək istəyəndə, Zəfərlə aralarında olan söhbəti xx.xx.2021-ci ildə yenidən telefonu vasitəsi ilə videoqeydə almışdır. Həmin söhbətlərində də Zəfər ondan imkanı olmadığını, növbəti ilin may ayına qədər ondan 1 il müddətinə möhlət istədiyini bildirmişdir. Hal-hazırda həmin heyvanlar artaraq 75250 manat orta dəyərində 157 baş qoyun, 166 baş yerli keçi, 77 baş holland cins keçi təşkil edir. Qarşılıqlı iddia tam əsassızdır, əgər belə tələbi var idisə, əvvəlcədən Zəfər ona qarşı iddia qaldıra bilərdi. Göstərilənlərə əsasən ilk iddia tələbinin təmin qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili Vəkil İddiaçı ilə eyni məzmunda ilk iddianı müdafiə etmiş, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqı iddiaçı Cavabdeh ilk iddianı qəbul etməyib, qarşılıqlı iddia ərizəsini məzmununa uyğun əsaslandırmış və izahat verərək bildirmişdir ki, o, başqa şəxslərin heyvanlarını saxlamaqla haqq alır və dolanır. İddiaçı ilə arasında 30 iyul 2019-cu il tarixdə olan razılaşmaya əsasən İddiaçı ona 30 baş doğar qoyun, 12 baş yerli cins keçi vermiş, 1 il saxladıqdan sonra balalarını bölüşəcəkdilər. Bundan sonra münasibətlərinin davam etməsinə qərar verəcəkdilər. Heyvanları 2019-2020-ci illərdə Biləsuvar və Yardımlıda saxlamışdır. 2020-ci ilin may ayında gələndə cəmi 60 baş qoyun-quzu (30 qoyun və 30 quzu) və 20 baş keçi-çəpiş (12 baş keçi, 8 baş çəpiş) var idi. 2020-ci ilin təqribən sentyabr ayında oğlunun toy mərasimi ilə əlaqədar İddiaçı ona bildirmişdir ki, quzuları aparsın, toydan sonra haqq-hesab edərlər, ya pulunu, ya da onun payına düşən quzuları verər. Həmin vaxt 30 baş quzu getmədiyinə görə, məcbur olub 20 baş keçi və çəpişi də onlara qoşmuş və İddiaçı onların hamısını aparmış, lakin sonradan nə pulu, nə də heyvanları qaytarmamışdır. Cavabdeh həmçinin bildirmişdir ki, İddiaçı onunla 2020-ci ilin payızında söhbətləri zamanı, İddiaçı onların dialoqlarını mobil telefon vasitəsi ilə videoçəkilişlə qeydə almış, lakin onun bundan məlumatı olmamışdır. Bununla belə o, həmin vaxt İddiaçı bildirmişdir ki, 43 baş qoyun (13 quzu və 30 qoyun) və 20 baş keçi (12 baş keçi və 8 baş çəpiş) ondadır, 2021-ci ilin may ayında Mehdiyə 30 baş keçi və 60 baş qoyun-quzu təhvil verəcək. Lakin 2020-ci ilin dekabr ayında gözlərinin xəstəliyi ilə əlaqədar Cəlilabad rayonuna doktora getmiş, qayıdanda görmüşdür ki, İddiaçı qoyunlardan 17 başını maşına yükləyib aparmışdır. Qalan 13 baş qoyun da qoca olmuş, ötən müddətdə onların bəziləri tələf olmuş, bir neçəsini də satmışdır. Bütün heyvanları Mehdi aparmış, razılaşmalarına əsasən onun payına düşən heyvanlar təsərrüfatında olsaydı, payına düşən 15(on beş) baş quzu, 6(altı) baş çəpiş hal-hazırda onun minimum 45(qırx beş) baş qoyunu və 20(iyirmi) baş keçi və çəpişi olardı. Həmçinin Mehdiyə verdiyi 2250 manat pula həmin vaxtı 22-25 baş ana qoyun ala bilər və həmin heyvanlar artaraq 2022-ci ilə qədər 50(əlli) baş olardı. Heyvanların bala artımını nəzərə alaraq, ümumilikdə onun 95 (doxsan beş) baş ana qoyun, 20 (iyirmi) baş keçi və 1 (bir) baş erkək atı olardı. Onun 95(doxsan beş) baş qoyununun orta bazar qiyməti, 160 manat olmaqla 15200 manat, 20 (iyirmi) baş keçinin orta bazar qiyməti 100 (yüz) manat, cəmi 2000 manat və 1 (bir) baş erkək kəhər atın qiyməti 1500 manatdır. Həmçinin həmin heyvanları otarmaq üçün icarəyə götürdüyü torpaq sahəsinə 1000 manat pul ödəmiş, bundan əlavə həmin heyvanlar üçün 340 manat məbləğində dərman almışdır. Beləliklə İddiaçı ümumilikdə ona təxminən 20.040 (iyirmi min qırx manat) manat pul tələb edir. Göstərdiyi əsaslara görə qarşılıqlı iddia tələbinin təmin, ilk iddia tələbinin isə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, Zəfər onun əmisi oğludur. Onunla birlikdə təsərrüfatla məşğul olmuşdur. Mehdi Zəfərə saxlamaq üçün yaylaqdan gətirdiyi 20 baş qoyun və 30 baş keçi vermiş, bir müddət saxladıqdan sonra isə Mehdi həmin heyvanları 2020-ci ilin oktyabr-noyabr aylarında sürərək aparmışdır. Həmçinin qışlaqda olarkən Mehdi gəlib Zəfərdən pul istəmiş, Zəfərdə pulu olmadığı üçün ondan 4000 manat pul alaraq Mehdiyə vermişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, Zəfər onun qardaşıdır. Mehdi Zəfərə 15 qoyun, 30 keçi vermişdir. Aralarında olan razılaşmaya əsasən həmin heyvanların balalarını aralarında yarı bölüşdürməli idilər. Mehdi oğluna toy etdiyi üçün quzuları və keçiləri aparmışdır. Sonradan o, Zəfər xəstə olduğu üçün 17 baş qoyunu Mehdinin göndərdiyi avtomobillə Mehdiyə göndərmişdir. Həmin heyvanlardan 13 baş qalmış, ondan 5-6 başı tələf olmuş qalan 3-4 başı isə Zəfər satmışdır. 2020-ci ilin oktyabr ayından sonra Mehdinin Zəfərdə mal-qarası qalmayıb. Zəfərin hansı səbəbdən 43 baş qoyunun və 30 baş keçinin 2021-ci ilin may ayında verəcəyini deməsini bilmir. Zəfər 2020ci ilin noyabr ayından sonra heyvan saxlamamışdır. Xırdabuynuzlu heyvanların qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus 18 baş cavan qoyun, 12 baş orta yaşlı qoyun, 12 baş yerli keçi, 1 baş yerli çəpiş, 3 baş dişi holland keçisi, 3 baş erkək holland keçisi olmaqla cəmi 49 baş xırdabuynuzlu heyvanların 2019-2022-ci illər üzrə bala artımının ədalətli bazar dəyəri 63080 (altmış üç min səksən) manat, 2019-cu ildə təhvil verilmiş heyvanların ümumi dəyəri isə 12240 manat, cəmi 75250 manat dəyərində qiymətləndirilmişdir. Təqdim olunmuş tərəflər arasında bağlanılmış sadə yazılı müqavilədən görünür ki, 1ci tərəf İddiaçı təsərrüfatında olan 30 baş doğar qoyun (12 baş orta yaşlı, 18 baş cavan), 12 baş cavan doğar keçi, 1 baş çəpiş, 6 baş cins keçi olan xırdabuynuzlu heyvanları müvəqqəti saxlamaq şərti ilə Zəfərə vermişdir. Razılaşmaya əsasən həmin heyvanların balasına şərikdirlər, həmçinin ölən və itən heyvanlara cavabdehliyi Zəfər daşıyır. 2-ci tərəf Cavabdeh 1 il müddətinə müqavilənin şərtləri ilə razı olduğunu ifadə etmişdir. xx.xx.2020-ci il tarixə aid tərəflər arasında olan dialoqun videçəklişindən məlum olur ki, danışıq zamanı Cavabdeh İddiaçı bildirmişdir ki, 43 baş qoyun (13 quzu və 30 qoyun) və 20 baş keçi (12 baş keçi və 8 baş çəpiş) ondadır, 2021-ci ilin may ayında Mehdiyə 30 baş keçi və 60 baş qoyun-quzu təhvil verəcək. xx.xx.2021-ci il tarixə aid tərəflər arasında olan dialoqun videçəklişindən məlum olur ki, danışıq zamanı Cavabdeh İddiaçı bildirmişdir ki, hal-hazırda maddi imkanı yoxdur, borccu çoxdur, gələn ilin may ayına qədər ona 1 il möhlət versin. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 316.47 manat dövlət rüsumu ödəmişdir. Ödəniş qəbzindən görünür ki, Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün 151 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia tələbi qismən əsaslı, qarşılıqlı iddia əsassızdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək tərəfindən təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 331.1.-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər Həmin Məcəllənin 396-cı maddəsinə əsasən öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir. İstinad olunmuş Məcəllənin 404.1. və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında etibarlı yazılı müqavilə bağlanmışdır. Müqavilənin qüvvədə olma müddəti 1 il, yəni xx.xx.2020-ci il tarixə qədər müəyyən edilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq 30 baş doğar qoyun (12 baş orta yaşlı, 18 baş cavan), 12 baş cavan doğar keçinin Cavabdeh xx.xx.2019-cu ildə təhvil verilməsi mübahisəli hal deyil. Həmin razılaşma ilə bağlı cavabdeh 6 baş holland cinsi keçinin olmamasını qeyd edir. Məhkəmə ilk iddiaya münasibətdə qeyd edir ki, Mehdi Mehdiyüv iddiasını qismən sübut etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “N.Əsədovanın” şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 21 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Mülki Prosessual Məcəllənin 10.10.-cu maddəsinə əsasən şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. Məhkəmə gizlin videoçəkilişin əldə olunmasında cavabdehin şəxsi toxunulmazlıq hüququnun pozulmaması qənaətinə gələrək hesab etmişdir ki, videoçəkiliş olan disk sübut növü kimi Mülki Prosessual Məcəllənin 76-cı maddəsinin tələbləri baxımından qanunidir. Belə ki, cavabdehin videoçəkilişin onların dialoqlarının mobil telefon vasitəsi ilə qeydə alınmasından məlumatı olmasa da, Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyi baxımından tərəflərin danışıqları müqavilə üzrə iradə ifadələrini əks etdirən danışıqlardan irəli gələn mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Beləliklə xx.xx.2020-ci il tarixdə müqavilə öhdəliyinin nəticəsi ilə bağlı danışıqlar zamanı Cavabdeh İddiaçı bildirmişdir ki, 43 baş qoyun (13 quzu və 30 qoyun) və 20 baş keçi (12 baş keçi və 8 baş çəpiş) ondadır, 2021-ci ilin may ayında Mehdiyə 30 baş keçi və 60 baş qoyun-quzu təhvil verəcək. Göstərilənlərə əsasən məhkəmə ilk iddianı 43 baş qoyun və 20 baş keçi həddində əsaslı hesab edir və qeyd edir ki, müqavilə şərtlərinə əsasən, cavabdeh 1 il müddətinə qoyunları şərik qazanc əldə etmək şərti ilə saxlamağa razılıq vermişdir. Belə olan halda cavabdehin öhdəlik müddəti xx.xx.2020-ci ildə bitmişdir. Sonradan aralarında olan danışıqlarda 43 baş qoyun (13 quzu və 30 qoyun) və 20 baş keçi (12 baş keçi və 8 baş çəpiş) olması onu göstərir ki, həqiqətən 30 baş ana qoyun və 12 baş keçidən bir il müddətində iddiaçının payına 13 baş quzu və 8 baş çəpiş düşmüşdür, həmçinin nəzərə alınmalıdır ki, müqavilə şərtlərinə uyğun olaraq 30 baş doğar qoyun və 12 baş doğar keçinin saxlanılmasına görə orta hesabla 13 baş quzu və 8 baş çəpiş isə cavabdehin payına düşən hesab edilməlidir. Həmçinin tələb 43 baş doğar qoyun və 20 baş doğar keçinin dəyərinə uyğun təmin olunmalıdır. Belə ki, danışıqlarda qoyunlardan 13 baş quzunun, 8 baş çəpişin mövcudluğundan söhbət getsə də, sonradan 60 baş qoyun və 30 baş keçi verməsinə vəd etməsi barədə danışıq əsas verir ki, həmin quzu və çəpişlən dişi cinsi olmuşdur və onların sonradan doğar qoyun və keçi olması istinsa deyil. Cavabdehin danışıqlarda 2021-ci ilin may ayında 60 baş qoyun və 30 baş keçi verəcəyini vəd etməsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin danışıq yeni müqavilə öhdəliyi kimi qiymətləndirilə bilməz. Belə ki, danışıqlardan aydın görünür ki, onların dialoqu xx.xx.2019-cu il tarixli müqavilədən irəli gələn mübahisə ilə bağlıdır və iddiaçı həmin danışığı gələcəkdə sübut kimi istifadə etmək məqsədi ilə qeydə almışdır. Bundan başqa cavabdeh həmin vədi vermiş olsa da, əvvəlki müqavilədən fəqli olaraq növbəti illər üçün heyvanlardan itkiyə məruz qalıb-qalmamasına, bala verib-verməməsinə dair öhdəlik götürməmişdir. Belə olan halda məhkəmə qeyri-müəyyən hala görə əlavə məbləğin hesablanmasını qanuna zidd, cavabdehin mülkiyyətinə müdaxilə hesab edir və bu səbəblə sonrakı illərə görə artımla bağlı mütəxəssis rəyi ilə razılaşmır. Məhkəmə “Holland” cinsinə aid keçi tələbinə münasibətdə qeyd edir ki, xx.xx.20219cu il tarixli müqavilədə 12 baş keçinin 6 başının məhz “Holland” cinsinə aid olması barədə qeyd yoxdur, yalnız 6 baş cins keçi qeydi vardır, cavabdeh isə bütün keçilərin yerli cins olmasını iddia edir. Ona görə də, keçilərin dəyəri yerli cinsin dəyəri ilə nəzərə alınmalıldır. Beləliklə məhkəmə, təqdim olunmuş qiymətləndirmə barədə mütəxəssis rəyinə uyğun olaraq 30 baş doğar qoyuna görə 7740 manat, 20 baş doğar keçiyə görə 2200, cəmi 9940 manat dəyərində xırdabuynuzlu heyvan tələbi həcmində ilk iddanı əsaslı hesab edir. Məhkəmə qarşılıqlı iddianı əsassız hesab edir ona görə ki, həmin tələblər üzrə Cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmiş, işin halları ilə iddianın əsasları təsdiq olunmamışdır. O, sübut kimi şahidlər dəvət etmiş, lakin şahidlər ilk iddiaya münasibətdə ifadə vermişlər. Ona görə də məhkəmə qarşılıqlı iddianı tam əsassız hesab edir. Məhkəmə cavabdeh tərəfin şahidlərinin ifadələrini inandırıcı hesab etməyərək qeyd edir ki, onlar ilk iddia üzrə cavabdehlə qohumdurlar, Mehdinin xırdabuynuzlu heyvanlarını aparmasını və ya Zəfərdə qalmasını birbaşa təsdiq edən heç bir yanaşı sübut yoxdur. Ona görə də həmin ifadələr Cavabdeh əsaslarını sübut etmək üçün yetərli hesab edilməmişdir. İlik iddia qismən əsaslı olduğuna görə, ödənilmiş dövlət rüsumunun yarısı cavahdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işi üçün əhəmiyyətli olan hallara və onlara məlum olan faktları barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Qeyd olnumuş Məcəllənin 118.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxlsərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd olunmalıdır. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh 7740 manat dəyərində 30 baş doğar qoyun, 2200 manat dəyərində 30 baş doğar keçi, cəmi 9940 manat dəyərində xırdabuynuzlu heyvan və ya qətnamə icra olunan vaxt heyvanların dəyəri, dövlət rüsumuna görə 158 manat alınaraq ilk İddiaçı verilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı dəyəri 15200 manat olan 95 baş ana qoyun, dəyəri, 2000 manat olan baş keçi, dəyəri 1500 maanat olan baş erkək kəhər at 1000 manat torpaq sahəsinə görə icarə haqqı, 340 manat heyvanlar üçün dərman pulu, cəmi 20.040 manat pul və 151 manat ödənilmiş dövlət rüsumu tələbi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar