Məhkəmə qərarları › İş №2(038)-395/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-395/2023

12.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-395/2023 12.10.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X18 oğlunun sədrliyi, Məhkəmə iclas katibi K1 katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı cavabdehlər X4, Yardımlı Rayon Yaşıllaşdırma İdarəsinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Yardımlı Rayon Yaşıllaşdırma İdarəsi və X3 dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 50000 manat pulun mərhum X2 ailə üzvlərinə ödənilməsini tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1982-ci il təvəllüdlü mərhum həyat yoldaşı X5 xx.xx.2022-ci il tarixədək Yardımlı Rayon Yaşıllaşdırma idarəsinin müdirinin xx.xx.2019-cu il tarixli 03 №-li əmri ilə onunla bağlanmış rəsmi əmək müqaviləsi əsasında fəhlə-gözətçi vəzifəsində işləmişdir. Yardımlı Rayon Yaşıllaşdırma idarəsinin müdiri X9 ilə "xxxx" sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında əvvəlki illər üzrə 2019-2020-2021-ci illərdə, hər il üçün 60 min (altımış min) manat icbari sığorta müqaviləsi bağlanmışdır. Müqavilə üzrə mərhum həyat yoldaşı X5, adı çəkilən şirkətə pul ödəmişdir. Lakin Yardımlı Rayon Yaşıllaşdırma İdarəsinin müdirinin səhlənkarlığı, vəzifə borcunu yerinə yetirməməsi nəticəsində həyat yoldaşı Sultanov Sərhadın “Bədbəxt hadisədən” və peşə xəstəliklərindən sığortalanmasına aid icbari sığorta müqaviləsi bağlanmamışdır. Yardımlı Rayon Yaşıllaşdırma idarəsinin müdiri X9 və həmin idarənin sahə rəisi X6 “Əməyin mühafizəsi qaydalarını” kobudcasına pozmaları nəticəsində əri Sultanov Sərhad xx.xx.2022-ci il tarixdə Yardımlı Rayon Yaşıllaşdırma idarəsində iş zamanı istehsalatla əlaqədar bədbəxt hadisə nəticəsində həyatını itirmişdir. O, evdar qadındır və himayəsində 3 azyaşlı, məktəbli övladı vardır. Nəticədə övladları ata nəvazişindən məhrum olunmuş, sarsıntı keçirmişdir. Eyni zamanda həyat yoldaşı Sultanov Sərhad “Bədbəxt hadisədən” icbari sığorta edilmədiyindən "xxxx" sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti onlara sığorta haqqını ödəməkdən imtina edir. Nəticədə ailə xeyli miqdarda maddi-mənəvi ziyan çəkmişdir Daha sonra iddiaçı iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Yardımlı Rayon Yaşıllaşdırma İdarəsindən X2 ailə üzvlərinə dəymiş ödənilməmiş sığorta məbləğinə görə 50000 manat, dəfn və yas mərasiminə 17300 manat, məzar daşı üçün 4380 manat, hər ay ödənilməmiş əmək haqqına görə 350 manat hesablanmaqla, cəmi 84680 (səksən dörd min altı yüz səksən) manat maddi ziyanın və 10 (on min) manat dəymiş mənəvi ziyanın alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilən hallara uyğun izahat verərək bildirdilər ki, cavabdeh Yaşıllaşdırma idarəsi mərhuma istehsalat qəzasına görə İddiaçı müavinət ödəməli olduğu halda, bundan imtina etmiş və bununla bağlı Şirvan İnzibati məhkəməsində iddia qaldırmışlar. Bundan başqa baş vermiş istehsalat qəzasına görə təqsirləndirilən şəxs X6 barəsində cinayət işinə baxılarkən, X5 dəfn xərclərinə görə 4000 manat ödəniş etmişdir. Qalan maddi ziyan ödənilməmişdir. İddia ərizəsində göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar, Cavabdeh2 və Yaşıllaşdırma İdarəsinin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 02 may 2023-cü il tarixli, 3-17-5/2S-15085/2/20 nömrəli İddiaçı ünvanlanmış məktubundan görünür ki, Yardımlı rayon Yaşıllaşdırma idarəsinin işçisi X2 xx.xx.2022-ci il tarixdə ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı X11 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən təhqiq edilmişdir. Təhqiqat komissiyası tərəfindən bədbəxt hadisənin istehsalatla əlaqəli olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalan“na uyğun olaraq “İZ” formalı aktla rəsmiləşdirilməsi və Yardımlı rayon Yaşıllaşdırma idarəsində uçota alınması barədə təhqiqat aktı tərtib edilmişdir. Həmin Qaydaların 2.6-cı bəndinə uyğun olaraq “İZ” formalı aktın tərtib edilməsi və bir nüsxəsinin zərərçəkənin ailə üzvlərinə verilməsi ilə bağlı X11 Xidməti tərəfindən Yardımlı rayon Yaşıllaşdırma idarəsinin rəhbərliyinə rəsmi məktub ünvanlanmış, lakin qanunvericiliyin tələbini pozularaq məktuba cavab verilməmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisənin təhqiqatı yekunlaşdıqdan sonra müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə Yardımlı rayon Yaşıllaşdırma idarəsinin müdiri X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Təhqiqatın gedişində məlum olmuşdur ki, Yardımlı rayon Yaşıllaşdırma İdarəsi ilə "xxxx" Sığorta Şirkəti ASC arasında icbari sığorta müqaviləsi bağlansa da, Nümayəndə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməmişdir. İstesalat qəzası nəticəsində xəsarət almış işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin himayəsində olmuş şəxslərə (faydalanan şəxslərə) sığorta ödənişlərinin verilməsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. Baş vermiş bədbəxt hadisə nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və İddiaçı arasında 17 oktyabr 2005-ci il tarixdə Yardımlı rayon Qeydiyyat şöbəsində 171 nömrəli nikah akt qeydi bağlanmışdır. Yardımlı rayon Qeydiyyat şöbəsində tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 114073 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə Yardımlı rayonunda anadan olmuşdur. X1, anası İddiaçıdır. Yardımlı rayon Qeydiyyat şöbəsində tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 667020 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2005-ci il tarixdə Yardımlı rayonunda anadan olmuşdur. X1, anası İddiaçıdır. Yardımlı rayon Qeydiyyat şöbəsində tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 885054 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2007-ci il tarixdə Yardımlı rayonunda anadan olmuşdur. X1, anası İddiaçıdır. Yardımlı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 258259 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə elektrik cərəyanının təsiri nəticəsində ölmüşdür. İşdə olan Yardımlı Rayon Məhkəməsinin 1(038)-18/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X13 (Yardımlı rayon Yaşıllaşdırma İdarəsinin sahə rəisi) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinmiş, o, 2 il sınaq müddəti təyin edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə müəyyən edilir ki, zərərçəkmiş şəxsin hüquqi varisi dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslə barışmışdır. İşdə olan qaimə fakturadan görünür ki, mərhum X2 dəfn olduğu yerə düzəldilmiş məzar daşına 1600 manat, beton işinə 890 manat, qranit metlaxa 300 manat, məzar üstü qranit 560 manat, məzar üsünə daş 210 manat, güldan 350 manat, sifariş üçün yola 60 manat, yük maşını 80 manat, hörgü 80 manat, fəhlə üçün 250 manat, cəmi 4380 manat xərc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1.-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6.-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1. maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi 191-ci maddəsinin 2-ci hissəsinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 195-ci maddəsinin “c” bəndinə əsasən işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, qarşılıqlı maddi məsuliyyət əməyin mühafizəsini təmin edən vasitələrdən biri olduğundan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərər görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191-194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir. Belə olan halda Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan məsuliyyət həmin Məcəllənin 191-ci maddəsində göstərilən şərtlər olduqda yaranır. Bundan əlavə, Konstitusiya Məhkəməsinin sözügedən qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, işdə olan sübutlara əsasən və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından məlum olur ki, cavabdeh Yardımlı Rayon Yaşıllaşdırma İdarəsinin sahə rəisi X6 təqsirli hərəkətləri səbəbindən X2 istehsalatda bədbəxt hadisə nəticəsində ölməsi işin mübahisəsiz halıdır. Belə olan halda dəymiş maddi və ya mənəvi ziyanla işəgötürənin qanuna zidd hərəkəti nəticəsində səbəbli əlaqə vardır. İşəgötürən kimi, Yaşıllaşdırma idarəsinin hadisənin baş verməsində birbaşa təqsiri mövcud olmasa da, qanunvercilik işçinin təqsirli hərəkətinə görə onu da məsul şəxs hesab etmişdir. Belə olan halda iddiaçı maddi və mənəvi ziyan tələbində tam haqlıdır. Məhkəmə cavabdehlərin hər ikisinin istehsalatda baş vermiş qəzaya görə məsuliyyətlərini müzakirə edərək qeyd edir ki, Cavabdeh2 Yaşıllaşdırma İdarəsinin müdiri olsa da, o, şəxsən cavab verən şəxs ola bilməz. Belə ki, qəzaya görə cinayət məsuliyyətinə Şakir Kərimov cəlb olunmuş və məhkəmənin qanuni qüvvəsini almış ittiham hökmü ilə onun təqsiri tam sübuta yetmişdir. İşəgötürən Cavabdeh2 deyil, hüquqi şəxs Yaşıllaşdırma idarəsi hesab olunduğuna görə, hadisəyə görə məsuliyyət Şakir Kərimovun və Yaşıllaşdırma İdarəsinin üzərinə düşür. Göstərilənlərə əsasən, iddia Cavabdeh2 münasibətdə əsassız, Yaşıllaşdırma idarəsinə qarşı maddi və mənəvi ziyanın həcmi baxımından qismən əsaslı hesab olunmalıdır. Beləliklə məhkəmə dəymiş maddi zərərin məbləğini təyin edərkən iddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatları və iş materiallarında olan hökmlə müəyyən edilmiş halları əsas götürərək maddi zərərin məbləğinin 380 manat məbləğində müəyyən edilməsini əsaslı hesab edir. Belə ki, işin halları araşdırılarkən mərhum X2 ailə üzvlərinə işəgötürən Yaşıllaşdırma İdarəsinin işçisi Şakir Kərimov tərəfindən 4000 manat məbləğində maddi zərər ödənildiyi sübuta yetirilmişdir. İddiaçı tərəf maddi ziyana görə, yalnız 4380 manat dəfn xərcinə görə məhkəməyə sübut təqdim etmiş, digər xərclərlə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Ona görə Yaşıllaşdırma İdarəsinin işçisi Şakir Kərimov tərəfindən ödənilmiş 4000 manat nəzərə alınmalıdır. Bundan başqa ödənilməmiş müavinətə görə, inzibati qaydada iddia qaldırıldığına və həmin iddia inzibati oraqanın üzərinə öhdəlik qoymaq xarakterinə və məhkəmə aidiyyətinə görə, məhkəmə həmin hissəyə hüquqi qiymət vermir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur” Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”. Qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hazırda tələbin ikinci predmetinin hüquqi əsasının mövcudluğunu təsdiq edir. Cavabdehin təqsiri olmasa da, qanuna əsasən onun təqsirsiz məsuliyyəti müəyyən olunmuş və işəgötürən kimi, onun işçisinin təqsiri səbəbindən, istehsalatda baş vermiş bədbəxt hadisənin nəticəsində iddiaçı ailə üzvünü itirmişdir. Bu hal iddiaçıya və ailə üzvlərinə ağır iztirablar və psixoloji sarsıntılar keçirməsinə səbəb olaraq, mənəvi ziyan vurmuşdur. Lakin hər bir halda, ziyana görə cababdehin də ödəmə qabiliyyəti və maddi imkanları, təqsirinin dərəcəsi nəzərə alınmalıdır. Bütün bunları nəzərə alan məhkəmə iddiaçıya və onun ailə üzvlərinə vurulmuş mənəvi ziyana görə cavabdeh Yardımlı Rayon Yaşıllaşdırma İdarəsi tərəfindən iddiaçıya 5000 manat ödənilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Yardımlı Rayon Yaşıllaşdırma İdarəsindən maddi ziyana görə 380 manat, mənəvi ziyana görə 5000 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia ərizəsi X4 münasibətdə təmin edilməsin. Qətnamə rəsmi qaydada təqdim edildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar