Məhkəmə qərarları › İş №2(039)-111/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-111/2022

30.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-111/2022 30.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qosa qızının katibliyi, İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı payların naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən onlarla cavabdehlərin adına verilmiş xx.xx.2021-ci il tarixli, **********49 reyestr nömrəli çıxarışla Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,6159 ha torpaq sahəsinin İddiaçı1 münasibətə 1/7 hissədə, İddiaçı5 münasibətə 1/7 hissədə, İddiaçı3 münasibətə 1/7 hissədə, İddiaçı2 münasibətə 1/7 hissədə, İddiaçı4 münasibətə 1/7 hissədə bölünmüş payların naturada ayrılmasına dair qətnamə qəbul edəlməsini xahiş etmişlər. İşin halları: İddia tələbini belə əsaslandırmışlər ki, DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 03.1 1.2021-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən 5,6159 ha torpaq sahəsi iddiaçıların paylı mülkiyyətində, cavabdehlərin isə ümumbirgə mülkiyyətindədir. Bu barədə iş üçün sübut əhəmiyyəti olan çıxarışın təsdiq edilmiş surəti hazırkı iddia ərizəsinə əlavə edilmişdir, işin hallarından görünür ki, paylı mülkiyyətdə olan əmlakları iddiaçılar tərəfindən mübahisə predmetində deyildir. Cavabdehlərin maneə yaratması səbəbindən paylarını naturada ayrılmasını istəyirlər. Çünki, cavabdehlərin maneəsi səbəbindən əmlaklarının yeri müəyyən edilmədiyindən onlar mülkiyyət üzərində sərəncam vermə hüquqlarını həyata keçirdə bilmirlər. Bu halda onlara ciddi maneə yaradır. İddianın olması üçün mövcud olan bütün zəruri sənədləri və 100.40 manat dövlət rüsumunu ödəmişlər. Mülkiyyətində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Torpaqları ayrılsa, yeri müəyyən edilsə onlar hər biri torpaq üzərində vahid sərəncam vermək hüquqlarını müstəqil qaydada icra edə bilərlər. Bu səbəbdən də məhkəməyə müraciət edərək paylı mülkiyyətdə olan əmlakın naturada ayrılmasını istəyirlər. Tərəflərin izahatları: İddiaçı4 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasının yerə və vaxtı barədə xəbərdardılar, lakin üzrlü səbəblərdən iclasa gələ bilməmişlər, iddialarını müdafiə edirlər. İddianın təmin edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı3 və İddiaçı5 oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, iddiaçıların, habelə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Təqdim edilmiş DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən 5.6159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh2 və Cavabdeh1 ümumi birgə payı, İddiaçı1 1/7 hissə, İddiaçı5 1/7 hissə, İddiaçı3 1/7 hissə, İddiaçı2 1/7 hissə, İddiaçı4 1/7 hissədə payları müəyyən edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. DƏDRV 17 saylı Yevlax Ərazi İdarəsinin 03 iyun 2022-ci il tarixli rəyində qeyd olunur ki, Elektron məlumat bazasında mövcud xəritə materialları ilə vətəndaşların naturadakı istifadəçilik vəziyyəti arasında olan uyğunsuzluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X1 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış “X1 X2”ndə olan Yevlax rayonu Qaraməmmədli kəndinə aid elektron uçot məlumatlarına əsasən 5,6159 ha kənd təsərrüfatı pay torpaq sahəsinin paylara naturada bölgüsü mümkündür. Naturada aparılmış çöl ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş yerquruluşu planı əlavə edilmişdir. Mütəxəssis rəyinin verilməsinə dair smetadan müəyyən olunur ki, rəyin verilməsi üçün xərc 461.20 manat təşkil edir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Təqdim edilmiş sübutlarla mübahisəsiz qaydada təsdiq olunur ki, Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən 5.6159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh2 və Cavabdeh1 ümumi birgə payı, İddiaçı1 1/7 hissə, İddiaçı5 1/7 hissə, İddiaçı3 1/7 hissə, İddiaçı2 1/7 hissə, İddiaçı4 1/7 hissədə payları müəyyən edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbləri baxımından iddiaçıların hər biri, özlərinə məxsus 1/7 hissədə payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıların iddia ərizəsində qeyd etdiyi qaydada paylara naturada bölgüsü mümkündür. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli və mübahisə predmeti olan torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş plan sxemə uyğun olaraq naturada 1/7 hissələrdə iddiaçılara ayrılmalıdır. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi, habelə mütəxəssis rəyinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçıların xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən 5.6159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qətnaməyə əlavə edilmiş bölgü planına uyğun naturada ayrılaraq İddiaçı1 1/7 hissədə, İddiaçı5 1/7 hissədə, İddiaçı3 1/7 hissədə, İddiaçı2 1/7 hissədə, İddiaçı4 1/7 hissədə istifadələrinə verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 100 manat, habelə mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş xərcin əvəzi 461.2 manat, cəmi 561 (beş yüz altmış bir) manat 20 (iyirmi) qəpik cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar