Məhkəmə qərarları › İş №2(039)-114/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-114/2021

28.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-114/2021 28.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «su xəttinin yerinin dəyişdirilməsi» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «su xəttinin yerinin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-123A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, ona məxsus olan Yevlax rayonu, Nərimanabad kəndinin ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsində, ona məxsus olan tövlənin arxa hissəsində Cavabdeh tərəfindən çəkilmiş su borusunun cavabdehin öz vəsaiti hesabına çıxarılaraq olduğu yerdən 50 sm o tərəfə, yəni cavabdehə məxsus həyətə tərəf çəkilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izah etdi ki, cavabdeh onun qonşusudur. Nadir ona məxsus tövlənin arxa hissəsindən boru vasitəsi ilə su xətti çəkmişdir. Həmin borudan su sızır və onun tövləsinə ziyan dəyir. Dəfələrlə Nadirə borunu tövləsindən kənara çəkməsini tələb etsə də, borunu kənara çəkməkdən imtina etmişdir. İddiaçı məhkəmədən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək izah etdi ki, həmin su xətt vasitəsi ilə məhəlləsinə su aparır. Suyu boru vasitəsi ilə aparır və borudan su sızmır. Həmin su xətti iddiaçının tövləsinə ümumiyyətlə ziyan vurmur. Cavabdeh məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh vəkili X2 iddia tələbini qəbul etməyərək izah etdi ki, cavabdeh təsərrüfatına boru vasitəsi ilə su xətti çəkmişdir. Su xəttinin başqa yerdən çəkilməsi mümkün deyil. Borudan su sızmır. İddiaçıya da heç bir maneçilik törətmir. Cavabdeh vəkili X2 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Asan-Bərdə tərəfindən 28 iyun 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1966-cı il tarixdə Vardenis rayonunda anadan olmaqla Yevlax rayonu, Nərimanabad kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Səmədabad kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 28 oktyabr 2020-ci il tarixdə verilmiş 21 saylı məktubdan məlum olur ki, su xətti Cavabdeh məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 06 oktyabr 2020-ci il tarixdə verilmiş ********** saylı qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, Yevlax rayonu, Nərimanabad kəndində Cavabdeh məxsus fərdi yaşayış evi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsinə dair JN-123A kod 90112028 saylı şəhadətnamədən məlum olur ki, Yevlax rayonu, Nərimanabad kəndində İddiaçı və ailə üzvlərinə məxsus 0.12 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2021-ci il tarixli 10/4019 saylı rəyindən məlum olur ki, Yevlax rayonu, Nərimanabad kəndində iddiaçı Cavabdeh tərəfindən inşa olunmuş tövlə tikilisində bir xətt üstündə aşağıdan yuxarı doğru şaquli istiqamətdə artmaqla (1/2 sm ölçüdə) çatlar müəyyən olunmuşdur. Aparılmış eksperiment nəticəsində iddiaçı tərəfindən inşa olunmuş tövlənin uzun boyunca bir tərəfdən 0.3 m, digər tərəfdən 0.6 m aralı dəmirdən və plastmasdan çəkilmiş su borusunda tövlənin bünövrəsinə baxış zamanı su axıdıldığı müəyyən olunmamışdır. Bu səbəbdən də, cavabdeh tərəfindən iddiaçıya məxsus tövlənin arxa hissəsində çəkilmiş su borusunun nəticəsində iddiaçının tövləsinə ziyan vurmasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda qeyd olunur ki, bu növ çatlar tikilinin bünövrəsinin düzgün qurulmaması və bunun nəticəsində tikilinin qrunta düşən yükün düzgün paylanmamasından baş verə bilər. Beləliklə məhkəmədə aydın oldu ki, tərəflər qonşudular. İddiaçı inşa etdiyi tövlənin arxa tərəfindən qonşusu Cavabdeh tərəfindən plastmas və dəmir borular vasitəsi ilə su xətti çəkilmişdir. İddiaçı həmin su borusundan suyun axması nəticəsində onun tövləsinə ziyan dəydiyini iddia edərək, həmin borunun tövlədən kənara çəkilməsini xahiş etmişdir. Ekspert rəyi ilə müəyyən olunur ki, tövlənin arxa divarında çatlar mövcuddur. Lakin su xətti olan borudan su axması müəyyən edilməmişdir. Su xətti tövləyə ziyan vurmur. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «su xəttinin yerinin dəyişdirilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçı 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlədən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.3 və 170.4-cü maddələrinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətrinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «su xəttinin yerinin dəyişdirilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamə alındığı vaxtdan 01 ay müddətinə Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiyası Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar