Məhkəmə qərarları › İş №2(039)-128/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-128/2021

01.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-128/2021 01.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 Cavabdeh Əlağa oğluna dəymiş maddi mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh Əlağa oğluna qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1250 manat maddi və 50.000 manat mənəvi zərərin, qiymətləndirmə üçün ödədiyi 100 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 17.06.1955-ci ildə Yevlax şəhərində anadan olmuşdur. Yevlax şəhəri S.Vurğun küçəsi bina 23, mənzil 7, 2-ci giriş qapısı, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 59,5 kv.m olan 3 otaqlı mənzil onun şəxsi istifadəsində olmaqla yanaşı şəxsi mülkiyyətindədir. Cavabdeh Yevlax şəhəri, S.Vurğun küçəsi bina 23, mənzil 9-da yaşamaqla onun üst qonşusu sayılır. Onlar 12 ildən artıqdır ki, qonşudur. Qonşuluq münasibətinin pozulmasına səbəb Cavabdeh dəfələrlə evinin hamam hissəsi tərəfindən onun evini qəsdən su axıtması olmuşdur. O, 1998-ci ildən Rusiya Federasiyasının Moskva şəhərində işi ilə bağlı yaşamışdır. Maddi imkanı həmişə yaxşı olmuşdur. O, hər dəfə Moskva şəhərindən evinə qayıdan zaman mənzilinin tavan hissəsindən tutmuş döşəmələrə kimi suyun içində qalmasını müşahidə etmişdir. Maddi imkanı yaxşı olduğuna görə bahalı qiymətə vurdurduğu parketlərin şişməsini, mənzilin tavan hissəsinin tökülməsini müşahidə etsə də, qonşuluq münasibətini pozmamaq üçün Cavabdeh etiraz etmədən öz şəxsi vəsaiti hesabına təmir elətdirmişdir. Beş ilə yaxındır ki, səhhəti ilə bağlı işləmir. Hər ay 250 manat dövlət tərəfindən ayrılmış əmək pensiyası alır. Özü isə xərçəng xəstəliyindən əziyyət çəkir, Cavabdeh son üç ildə dəfələrlə eyni qanunsuz və məsuliyyətsiz hərəkətləri ona qarşı etməklə onun mənzilinə su axıtmışdır və bunun nəticəsində ona maddi və mənəvi ziyan vurulmuşdur. Məhkəmə iclasında iddiaçı X3 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh Əlağa oğlu iddia tələbini qəbul etmədiyini, iddiaçının evinin təmiri üçün ona pul təklif etdiyini, lakin iddiaçı həmin məbləğin az olduğunu bildirərək onunla razılaşmadığını bildirmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* №li, 19.09.2008-ci il tarixli çıxarışından görünür ki, Yevlax şəhəri, Səməd Vurğun küçəsində istifadədə olan 0.068 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 59,5 kv. ümumi, 43.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 7 nömrəli mənzil tam mülkiyyət hüquq üzrə X1 adına daşınmaz əmlak dövlət reyestrində 2 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 29.03.2021-ci il tarixli 10/4020 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, Yevlax şəhəri, Səməd Vurğun küçəsində yerləşən 23 saylı binanın, 7 saylı mənzilinin divarlarında və tavanında yaranmış qüsurları, su sızma izlərinin olduğunu nəzərə alaraq, mübahisəli 7 saylı mənzilə su sızması baş verdiyi müəyyən olunmuş, lakin 9 saylı mənzilin su və kanalizasiya xətləri gizli şəkildə olduğundan, su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan 7 saylı mənzildən su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 837 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya vurulmuş maddi zərərin əvəzini tam həcmdə ödəməyə borcludur. Məhkəmə Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 29.03.2021ci il tarixli 10/4020 saylı saylı rəyinə əsaslanaraq hesab edir ki, vurulmuş maddi ziyanın əvəzi kimi 837 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı cavabdeh tərəfindən ona 50.000 manat məbləğində mənəvi ziyan vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və qeyd olunan hal iş materialları subuta yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində əsassızdır və təmin oluna bilməz. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. İddiaçı qiymətləndirmə üçün ödədiyi 100 manat xidmət haqqının ödənilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Dəymiş maddi zərərin əvəzi olaraq 837 (səkkiz yüz otuz yeddi ) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul Cavabdeh Əlağa oğlundan alınaraq iddiaçı X2 verilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh Əlağa oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar