Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1510/2021 04.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nazim oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Nazim Hacıyevə və Cavabdeh2 iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər 1,000 manat məbləğində verilmiş sığorta ödənişin və 30.40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 23 aprel 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış VAZ-21061 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 10 noyabr 2020-ci il tarixdə Yevlax rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 tərəfindən idarə olunan Mercedes Benz markalı **- GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələnmişdir. AR BDYPİ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkən avtomobilinin zədələnməsi ilə bağlı 1,000 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Odur ki, cavabdehdən 1,000 AZN vəsaiti və 30.40 AZN məbləğində məhkəmə dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsinini məhkəmədən xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, lakin ASC-nin nümayəndəsi Fuad Ələkbərova ərizə ilə müraciət edərək iddianı müdafiə etdiklərini bildirmiş, iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdeh2 əvvəlki iclas zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, VAZ 21061 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 10 noyabr 2020-ci il tarixdə həmin avtomobili oğlu Cavabdeh1 idarə edən zaman o, özü də avtomobildə olmuşdur. Həmin tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir, hadisədən sonra Mercedes Benz markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsə yaxınlaşaraq onunla məsələni həll etməyə çalışmışdır. Sığorta predmeti olan digər avtomobilə tələb edilən miqdarda ziyan vurulmamışdır. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, VAZ 21061 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili atası etibarnamə əsasında idarə edir. 10 noyabr 2020ci il tarixdə atası Cavabdeh2 də avtomobildə olan zaman yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisənin baş verməsində o, özü təqsirlidir. Lakin hesab edir ki, yol nəqliyyat hadisəsi zamanı digər avtomobilə vurulmuş maddi ziyan sığorta şirkəti tərəfindən tam olaraq ödənildiyindən və bu o şirkətin vəzifəsi olduğundan vurulmuş ziyan onlardan tutulmalı deyil. İddianın təmin edilməməsini xahiş etmişdir. İcbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən olunur ki, 16 aprel 2020-ci il tarixdə bağlanmış müqavilə ilə VAZ 21061 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta 24 aprel 2021-ci il tarixədək sığortalanmışdır. İnzibati tənbeh vermə haqqında 10.11.2020-ci il tarixli Qərarın surətindən müəyyən olunur ki, Hacızadə X2 Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. Sığorta aktından müəyyən olunur ki, sığorta predmeti olan, Ruslan Seyidova məxsus "Mercedes Benz" markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 idarə etdiyi, sığorta predmeti olan VAZ 2106 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Vurulmuş ziyanın məbləği 1000 manat müəyyən edilmişdir. Ödəniş tapşırığından müəyyən olunur ki, 1,000 manat "Mercedes Benz" markalı 99GV819 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 ödənilmişdir. Dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan müəyyən olunur ki, Mercedes Benz markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1,000 manat zərər dəymişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2021-ci il tarixli 9/6117 nömrəli rəyində qeyd edilir ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 19.11.2020-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2002-ci il buraxılışlı X4 Yük (furqon) markalı, mühərrik iş həcmi 2148 sm3 **-GV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin təmir-bərpa xərci təxminən 970.00 manat nüəyyən edilir. O, cümlədən dəyişləməli hissələrin qiyməti 350.00 manat, təmir-bərpa işlərinin qiyməti 620.00 manat müəyyən edilmişdir. Mülki Məcəllə: Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İnzibati Xətalar Məcəlləsi: Maddə 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 10 noyabr 2020-ci il tarixdə Sabir Hüseynova məxsus, "xxxx" ASC tərəfindən sığortalanmış, VAZ-21061 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı-Qazax yolunun 286.6-cı km təşkil olunmuş Yevlax dairəsi adlanan yol ayrıcına daxil olan zaman baş yolda hərəkətdə olan Mercedes Benz markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncunun sahibi Ruslan Seyidova maddi zərər vurmuşdur. Vurulmuş zərər 1,000 manat məbləğində qiymətləndirilmiş, iddiaçı tərəfindən Ruslan Seyidova vurulmuş maddi zərərin əvəzi ödənilmiş, bununla da zərəri tələb etmək hüququ subroqasiya qaydasında "xxxx" ASC-yə keçmişdir. Yol nəqliyyat hadisəsinin Cavabdeh1 təqsiri üzündən baş verməsi İnzibati tənbeh vermə haqqında 10.11.2020-ci il tarixli qərarla təsdiq edilmiş, sonuncu bunu inkar etməmişdir. Lakin, iddiaçı, Cavabdeh1 etibarnamə olmadan VAZ-21061 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini bildirməklə, sonuncu ilə həmin avtomobilə etibarnamə əsasında sahiblik edən Cavabdeh2 də cavabdehlik daşımasını əsas gətirərək hər ikisindən vurulmuş zərəri tələb etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Belə ki, Cavabdeh1 etibarnamə olmadan avtomobili idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilməsini təsdiq edən hər hansı qərarın surəti təqdim edilməmişdir. Belə ki, yol nəqliyyat hadisənin baş verdiyi gün polis orqanlarına izahat verərkən avtomobili etibarnamə əsasında idarə etdiyini bildirmiş, tədqiqat orqanı bununla bağlı ondan hər hansı izah istəməmişdir. Hər iki cavabdeh məhkəmə iclası zamanı buna etibarnaməsi olan Cavabdeh2 avtomobildə olduğunu bildirmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Cavabdeh1 vurulmuş zərərin məbləğini mübahisələndrirsə də, ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, həmin məbləğ 970 manat təşkil edir. Ekspertiza rəyi ilə müəyyən edilmiş həmin məbləğin düzgün hesablanmadığına dair tərəflər hər hansı sübut təqdim etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 970 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 30.40 manat Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Ekspertiza tədqiqatının dəyəri Cavabdeh1 aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 970 manat vurulmuş zərərin əvəzi və 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1,000 (bir min) manat 40 (qırx) qəpik iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1510/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1510/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver