Məhkəmə qərarları › İş №2(039)-1610/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1610/2022

12.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1610/2022 12.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X4 Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 qarşı «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nun müvəqqəti istifadəsinə verilmiş Yevlax şəhəri, 32-ci məhəllə 615 ailəlik yaşayış kompleksi bina 9-da yerləşən 48 nömrəli mənzilə dair 07 may 2013-cü il tarixli “528” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nun 48 nömrəli mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X3 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X8 məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 07 may 2013-cü il tarixli “528” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 9 nömrəli binada 48 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Yevlax rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nun həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qalması müəyyən edilmişdir. Cavabdeh1 və ailə üzvlərinə mənzildə yaşamadığı məlum olmuşdur. X1 adı müqavilədə nəzərdə tutulmayıb. Hazırda o həmin mənzildə qanunsuz olaraq yaşayır. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X8 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, həmin mənzil Dövlət tərəfindən qızına və onun ailə üzvlərinə verilmişdir. 2013-cü ildən o da qızı ilə birlikdə həmin mənzilə köçmüş və yaşayır. Komunal və digər xərcləri ödəyir. Qızı ailəsi ilə birlikdə müalicə olunmaq üçün Türkiyəyə getmişlər. Ailə üzvü kimi həmin mənzildə o yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, Tünzalə onunla qonşuluqda yaşayır. Həmin mənzildə Tünzalə, qızı və qızının ailəsi köçmüşdür. Yaşar gilidə arada görür. Lakin daimi olaraq həmin mənzildə Tünzalə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək göstərdi ki, Yaşar arabir gəlib gedir. Tünzalə həmin mənzildə yaşayır. 12 ildir ki qonşudular. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 may 2013-cü il tarixli, 528 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, kirayəyə verən Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh1 arasında, Yevlax rayonu 9 №li yaşayış binasında yerləşən 48 saylı mənzilin kirayəçinin müvəqqəti istifadəsinə verilməsinə dair kirayə müqaviləsi bağlanmışdır və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kirayəçinin ailə üzvü kimi qeyd olunmuşdur. Həmin müqavilənin 2.4.2-ci bəndində kirayəçinin vəzifələrindən biri kimi, kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxslərin icarəsinə, istifadəsinə verməmək vəzifəsi qeyd edilmişdir. Həmin müqavilənin 5.7.2-ci bəndində əsasən kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda —ənkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etməməsi müqavilənin şərtlərinin dəyişdirilməsi və müqavilənin ləğv edilməsi üçün əsasdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 615 mənzilli hündürmərtəbəli yaşayış kompleksinin mənzil kommunal istismar sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarından görünür ki, bina 4 mənzil 54 ünvanda yaşayan Cavabdeh1, dövlət tərəfindən onun yaşaması üçün verilən mənzil istifadəsiz qalmışdır. Beləliklə, məhkəmədə aydın oldu ki, cavabdehlər məcburi köçkündürlər və 2013-cü ildə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Yevlax rayonunda məcburi köçkünlər üçün inşa edilən binada mənzillə təmin edilmişlər. Cavabdehlər mütəmadi olaraq Türkiyə Respublikasına müailcə almaq məqsədi ilə gedib gəlir. İddiaçı tərəfindən onlara verilmiş mənzilda daima Cavabdeh2 anası olan Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 yaşamışdır. Bu hal məhkəmə iclasında dindirilən şahidlər və iddiaçının nümayəndəsi ifadələrində təsdiq etmişlər. Tərəflər arasında bağlanmış müqavilənin 5.7.1-ci maddəsinədə kirayəçilərinin qohumlarının da mənzildə yaşaması nəzərdə tutulduğundan iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında başlanmış 07 may 2013-cü il tarixli, 528 saylı müqavilənin 5.7.1-ci bəndində kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideyinləri habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvü hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda müqavilə məhkəmə qəydasında ləğv edilə bilər. Məhkəmə araşdırması zaman isə müəyyən edilmişdir ki, cavabdehlərin qohumu (ailə üzvü) X3 həmin mənzildə fasiləsiz yaşayır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 qarşı «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması» tələbinə dair iddiası rədd edilməlidir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 65 №li Qərarının 3.3-cü bəndində qeyd olunmuşdur ki, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin Qərarın 3.7-ci bəndində göstərilmişdir ki, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 59.1-ci maddəsində göstərilir ki, Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsində göstərilir ki, Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.3-cü maddəsində göstərilir ki, Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsində göstərilir ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.3-cü maddəsində göstərilir ki, xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 98.1-ci maddəsində göstərilir ki, Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 98.2-ci maddəsində göstərilir ki, Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 99.4-cü maddəsində göstərilir ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 100.3-cü maddəsində göstərilir ki, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 102.1-ci maddəsində göstərilir ki, Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 qarşı «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar