Məhkəmə qərarları › İş №2(039)-1652/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1652/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1652/2021 25.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkəti Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçının xeyrinə 811 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03.07.2017-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Nizami rayonu, H.Əliyev prospektində Cavabdeh Talib oğlu, hazırda ləğvetmə prossesində olan (LPO) ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, "xxxx" MMC-yə məxsus “HFC JAC” markalı, ** AD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən ehtiyatsızlıq etmiş, nəticədə Bakı Metropoliteni QSC-yə məxsus olan “Hyundai Sonata” markalı, ** AB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər vurmuşdur. Nizami rayon X2 Şöbəsi tərəfindən Cavabdeh Talib oğlu Azərbaycan Respublikasının İnzibati Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və onun barəsində 07.07.2017-cu il tarixdə TYP 070232 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Bakı Metropoliteni QSC-yə məxsus olan “Hyundai Sonata” markalı, ** AB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ümumilikdə 811 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 10.09.2019cu il tarixli və İC AA 4057/17 saylı və 29.10.2019-cu il tarixli və İC AA 4057/17 saylı işə dair sığorta aktına əlavəyə dair tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablanmaları həyata keçirildikdən sonra, ASC “Standart İnsurance" Sığorta Şirkəti tərəfindən zərərçəkən Bakı Metropoliteni QSC-yə məxsus olan “Hyundai Sonata” markalı, ** AB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 29.10.2019-cu ildə 281 manat məbləğində və 01.10.2019cu il tarixdə 530 manat məbləğində olmaqla, ümumilikdə 811 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-yə ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı Sığorta Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, özünü təqsirli bilmədiyini bildirərək, məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta” şəhadətnaməsindən görünür ki, “HFC JAC” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı minik avtomobili sığortalı "xxxx" MMC tərəfindən 14.02.2017-ci ildən 14.02.2018-cı il tarixədək ASC "xxxx" Sığorta Şirkətində sığortalanmış, şəhadətnamənin “sığorta məbləğinə dair məlumat” hissəsində əmlaka vurulan zərərə görə 5000 manat ödənilməsi qeyd edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 12.07.2017-ci il tarixli arayışından görünür ki, 03.07.2017-ci il il tarixində Cavabdeh idarə etdiyi “HFC JAC” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Sonata” markalı, ** AB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sonuncu avtomobil mexaniki zədə almışdır. Nizami rayon Polis İdarəsinin Dövlət X1 TYP seriyalı 070232 saylı, 07.07.2017-ci il tarixli protokolundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. "xxxx" ASC tərəfindən tərtib olunmuş 29.08.2017-ci il tarixli sığorta aktından görünür ki, “Hyundai Sonata” markalı, ** AB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə qəza nəticəsində 1045,01 manat məbləğində ziyan dəyib. 01.10.2019-cu il və 29.10.2019-cu il tarixli ödəniş tapşırıqlarından görünür ki, 811(530+281) manat məbləğində sığorta ödənişi ASC "xxxx" Sığorta Şirkəti tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış avtomobil ilə sığorta hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Hadisə zamanı "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış “Hyundai Sonata” markalı, ** AB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş ziyan-811 manat ASC "xxxx" Sığorta Şirkəti tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin , dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, sığortalının vurduğu zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də ödənilmiş sığorta ödənişinə görə 811 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 811 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdeh Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 811 (səkkiz yüz on bir) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat (otuz) manat alınaraq iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar