Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1671/2021 16.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş 150.000 manat maddi ziyan və 20.000 manat mənəvi ziyan olaraq, cəmi 170.000 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək, onun qanuni icarəsi altında olan 50 ha torpaq sahəsinin 23,21 ha hissəsində cavabdehin çıxarılması və qalan hissədə iddianı rədd olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.04.2021-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2017-ci ildən hal-hazıradək onun və ailə üzvlərinin icarəsi altında olan, o cümlədən 9 nəfərdən ibarət olan ailə üzvlərinin yeganə dolanışıq yeri olan 23,21 ha torpaq sahəsini cavabdeh qanunsuz və əsassız olaraq istifadə etmişdir. Bununla da, cavabdeh ona həm maddi ziyan, həm də mənəvi ziyan vurmuşdur. Ötən 4 il müddətində onun icarəsi altında olan 23,21 ha torpaq sahəsində cavabdeh taxıl, pambıq, ot məhsulu, bostan əkmiş, daha sonra isə payız mövsümündə həmin sahədə heyvanlarını otarmış və həmin sahələrdən külli miqdarda mənfəət əldə etmiş və bununla da ona və ailə üzvlərinə külli miqdarda maddi ziyan vurmuşdur. Ötən 4 il müddətində həmin sahələr onların özünün istifadəsində olsaydı, onlar həmin sahələrdən hər hektara hər il birinci biçimə 250 bağ ot, ikinci biçimə isə 180 bağ ot götürəcəkdilər. Ot biçini başa çatdıqdan sonra isə payız və qış mövsümlərində həmin sahədə heyvanlarını otaracaqdılar. Buna görə də heyvanlarının payız və qış mövsümündə otarılması üçün torpaq sahəsinə ehtiyacı olmamışdır. Lakin 23,21 ha torpaq sahəsi ötən 4 il ərzində onların ailəsində olmadığı üçün heyvanlarının yemlənməsi üçün onlar payız və qış mövsümündə otlaq sahəsini satın almış və hər il bu məqsədlə 15.000 manat pul xərcləmək məcburiyyətində olmuşdur. 4 il ərzində hər ilə 15.000 manat ödəməklə payız və qış mövsümləri üçün otlaq sahəsinə, ümumilikdə 60.000 manat pul məsrəf etmişdir ki, ona bu ziyanı birbaşa cavabdeh vurmuşdur. Ötən 4 il müddətində onların icarəsi altında olan 23,21 ha torpaq sahəsindən, əgər həmin torpaq sahələri onun istifadəsində olsaydı əldə edə biləcəyi gəlir aşağıdakı kimi müəyyən edilmişdir: birinci biçimdə 34.815 manat, ikinci biçimdə 23.767,04 manat olmaqla, iki biçimdə əldən çıxmış fayda cəmi 58.582,04 manat. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan vurulmuş və mənəvi ziyanın qiymətinin 20.000 manat olduğunu hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili iddia tələbinin əsassız olduğunu və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsini və tərəflərin vəkillərini dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2071/2021 saylı iş üzrə çıxartdığı 27.04.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsində çıxarılma tələbinə dair iddiası Yevlax rayon Məhkəməsinin 24.02.2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş və cavabdehin iddiaçıya məxsus 23,21 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 02.11.2020-ci il tarixli qətnaməsi ilə qeyd olunan qətnamə dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin 27.04.2021-ci il tarixli qərarı ilə isə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın(maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür(maddə 21.2). Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Həmin Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin iddiaçı qeyd olunan maddənin dispozisiya şərtinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni başqa şəxslərlə icarə müqaviləsi bağlanması ilə bağlı danışıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının, əldən çıxmış faydanın tutulması barədə tələbi təmin edilə bilməz. İddiaçı iddia ərizəsində cavabdehin onun ailə üzvlərinə silah çıxarması, üzərinə maşın sürməsi, vəzifəli şəxslərə rüşvət verməsi səbəbindən müraciət etdiyi hər yerdə süründürməçiliklə və laqeydliklə qarşılaşmasını əsas gətirərək, ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, qeyd olunan halların baş verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının mənəvi zərərin ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 1097.1-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddənin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində də təmin edilə bilməz. Beləliklə, sübutetmə yükü üzərinə düşən iddiaçı iddia tələbi ilə bağlı hər hansı mötəbər sübutu, yəni ona maddi və mənəvi ziyan vurulmasıi barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1671/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1671/2021
16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver