Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1785/2020 29.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinin nümayəndəsi X4 və “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə və Cavabdeh2 ASC-yə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərərlə əlaqədar ödəncin hər ay ödənilməsi, ödənilməmiş ödəncin birdəfəlik verilməsi və maddi, mənəvi ziyan” tələbinə dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 ASC-yə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərərlə əlaqədar ödəncin hər ay ödənilməsi, ödənilməmiş ödəncin birdəfəlik verilməsi və maddi, mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən hər ay 190 manat olmaqla, xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixədək 13 aylıq ödənilməmiş ödəncin birdəfəlik ödənilməsinə, bu ödəncin müəssisə tərəfindən hər ay ödənilməsini, o cümlədən ona vurulmuş maddi ziyana görə hər cavabdehdən 1000 manat, mənəvi zərərə görə hər cavabdehdən 5000 manat zərərin əvəzinin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Yevlax şəhəri 57nömrəli X2(SMD) fəhlə işləyərkən 1990-cı ildə istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar istehsalat xəsarəti almış və buna görə 57 saylı SMD-dən hər ay müavinət alırmış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 29 oktyabr tarixli sərəncamı ilə onun işlədiyi 57 nömrəli SMD “Cavabdeh2"' ASC-nin balansına keçmişdir. O, istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar üstünə beton düşməsi nəticəsində müəssisədə aldığı xəsarətdən əlil olmuşdur. İşlədiyi müəssisə “Cavabdeh2" ASC-nin balansına keçənədək, yəni 2003-cü ilədək bütün müavinətləri ödənilmişdir. Cavabdeh2 ASC-nin tərəfindən isə xx xxxxxx 2005-ci ildən 2019-cu ilədək müavinəti tam olaraq ödənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 314 s saylı, xx.xx.2005-cı il tarixli sərəncamında 57 nömrəli SMD "xxxx" ASC-nin balansına keçirilərkən müəssisənin borcları da "Cavabdeh2" ASC-nin üzərinə qoyulmuşdur. O, 2019-cu ilin yanvar ayının 1-dək hər ay, istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar Cavabdeh2 ASC-dən 138manat ödənc alırmış. Bu ödənc hər ay davam edirmiş, ancaq 2019-cu ilin yanvar ayından etibarən həmin məbləğ ona verilməmişdir. Nəticədə yanvar-iyul ayları üçün 7ay ərzində hər ay 138manat olmaqla 966manat məbləğ ona ödənməmişdir. O, dəfələrlə Cavabdeh2 ASC-yə müraciətlər edərək ona ödəniləcək məbləği şirkətdən tələb etsə də, həmin məbləğ onlara qaytarılmadığından, istehsalatda baş verən bədbəxt hadisənin qurbanı olaraq o, aidiyyatı ödənci almamışdır. Bundan sonra o, ödəncin alınması məqsədilə məhkəməyə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuş və 966 manat ödəncin Cavabdeh2 ASC-dən tutularaq ona verilməsi qət edilmişdir. Lakin 2019-cu ilin avqust ayından hazıradək ona ödənilməli olan ödənc yenə də ödənilməmiş qalmışdır. Cavabdeh2 ASC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər Şöbəsi tərəfindən hər ay 190 manat olmaqla xx.xx.2019-ci il tarixindən xx.xx.2020-ci il tarixədək 13 aylıq ödəncin cəminin, yəni 2470 manatın birdəfəlik ödənilməsini, həmçinin aylıq ödəncin hər ay ödənilməsini istəyir. Qeyd edilən məsələlərlə bağlı o, maddi və mənəvi əzab çəkmişdir. Belə ki, dəfələrlə Cavabdeh2 ASC-nin binasına getməsi, vəkil qurumuna müraciət etməsi ilə bağlı xərclər çəkmiş, eyni zamanda mənəvi iztirablar keçirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, “xxxx” ASC-nin adı Azərbaycan Respublikası Prezidentinin Cavabdeh2 ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020-ci il tarixli Fərmanına əsasən dəyişdirilərək “xxxx” ASC olmuşdur. İddiaçının xəsarət aldığı “Yevlax Kəndtikinti” 57 nömrəli SDM Cavabdeh2 ASC-nin balansına verildiyi üçün Dövlət Əmək Müfəttişliyinin xx xxxx 2009-cu il tarixli göstərişi əsasında xx xxxxxx 2019-cu il tarixədək hər ay 138 manat ödəncin verilməsi həyata keçirilmişdir. Lakin məhkəmə təcrübəsinə əsasən analoji işlərdə təmsil etdiyi orqana qarşı qaldırılmış iddialar təmin olunmamışdır və bu səbəbdən cavabdehə ödənclərin verilməsi dayandırılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, təmsil etdiyi orqan tərəfindən iddiaçıya hər hansı ödənc verilməmişdir. İddiaçının xəsarət aldığı müəssisə cavabdeh “xxxx” ASC-nin balansına keçdiyindən ödənc həmin müəssisə tərəfindən ödənilməlidir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb və tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı hər ay 138 manat olmaqla, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək ödənilməyən 966 manatın Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı “Yevlax Kəndtikinti” 57 nömrəli SDM-də işlədiyi dövrdə əmək zədəsi almış, 60 faiz əmək qabiliyyətini itirmiş və müddətsiz İİ qrup əlil hesab edilmişdir. Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 314 s nömrəli Sərəncamı ilə “Yevlax Kəndtikinti” 57 nömrəli SDM Cavabdeh2 ASC-nin balansına verilmişdir. Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu i tarixli göstərişi ilə xx xxxxxx 2019cu ilədək Cavabdeh2 ASC tərəfindən iddiaçıya hər ay 138 manat ödənc ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 239.3-cü maddəsinə əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş ”İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1126.1-ci maddəsinə əsasən, həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi cavabdeh “xxxx” ASC-yə qarşı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 138 manat olmaqla ödənilməmiş ödəncin ödənilməsi və bu ödəncin müəssisə tərəfindən hər ay ödənilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. İddia tələbinin cavabdehlərdən maddi və mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı maddi və mənəvi ziyan tələbi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə və “xxxx” ASC-yə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərərlə əlaqədar ödəncin hər ay ödənilməsi, ödənilməmiş ödəncin birdəfəlik verilməsi və maddi, mənəvi ziyan” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-dən xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək hər ay 138 manat hesablanmaqla ödənilməyən 1794 (bir min yeddi yüz doxsan dörd) manat ödənc və xx xxxxxxxx 2020-ci il tarixdən hər ay 138(bir yüz otuz səkkiz) manat aylıq ödənc alınaraq İddiaçı verilsin. İddia tələbi digər hissələrdə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1785/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1785/2020
29.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver