Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1805/2020 23.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı Paşayi (Yolçuyeva) Çiçək Hacı qızının və onun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun, cavabdeh X4 iştirakları ilə, iddiaçı Paşayi (Yolçuyeva) Çiçək Hacı qızının cavabdeh X6 qarşı “ümumi birgə mülkiyyətdə olan əmlaka payın müəyyən edilməsi və evə köçürülmə” tələbinə dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Paşayi (Yolçuyeva) Çiçək Hacı qızı cavabdeh X6 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə onun ümumi birgə mülkiyyətində olan, Yevlax rayonu Havarlı kəndində yerləşən 0,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsinə, Yevlax rayonu Havarlı kəndində yerləşən 0,21 ha həyətyani torpaq sahəsinin 1/2 hissəsinə payının müəyyən edilməsi və qaynanasımərhum X1 mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 1990-cı ildə cavabdeh X9 ilə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra mərhum qaynanası Cavahirə məxsus evə köçərək 2019-cu ilin sentyabr ayına qədər həmin evdə yaşamışdır. Cehiz əşyaları da hazırda həmin evdə yerləşir. Cavabdehlə münasibətləri pisləşdiyindən aralarındakı nikah qeydi 2019-cu ilin dekabr ayında pozulmuş və cavabdeh, ona qaynanasına məxsus evdə yaşamasına icazə verməmişdir. Birgə nikah dövründə Yevlax X3 qərarı ilə ona və cavabdehə 0,21 ha həyətyani torpaq sahəsi və mərhum qaynanasının və onların ümumi birgə mülkiyyətinə 0,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə payının müəyyən edilməsini və hazırda qohumlarına məxsus evdə yaşadığı üçün Yevlax rayonu Havarlı kəndində yerləşən mərhum X2 məxsus fərdi yaşayış evinə köçürülməsini istəyir. Məhkəmə iclasında iddiaçı Paşayi (Yolçuyeva) Çiçək Hacı qızı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 iddia tələbini qismən qəbul etdiyini, iddiaçı ilə ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və həyətyani torpaq sahəsinə iddiaçının payının müəyyən edilməsinə etiraz etmədiyini, iddiaçının, mərhum anasına məxsus evə köçürülməsi barədə tələbinə isə etiraz etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Yevlax rayon Havarlı Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işin materialları və tərəflərin izahatı ilə müəyyən edilir ki, tərəflər 1990-cı ildə rəsmi nikaha girərək ailə qurmuşlar və iddiaçı həmin ildə qaynanası X2 məxsus 0,20 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçmüş və 2019-cu ilin sentyabr ayına qədər həmin evdə yaşamışdır. Fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmamış, evin yerləşdiyi torpaq sahəsinə dair şəhadətnamə mövcuddur. X7 xx.xx.2010-cu ildə vəfat etmişdir. Tərəflər arasındakı nikah Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Yevlax X3 xx xxxx 1998ci il tarixli qərarları ilə tərəflərin ümumi birgə mülkiyyətinə 0,21 ha həyətyani torpaq sahəsi, mərhum X1 və tərəflərin ümumi birgə mülkiyyətinə isə 0,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə, torpaq sahələrinə iddiaçının payının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə, iddiaçının Yevlax rayonu Havarlı kəndində yerləşən və mərhum X2 məxsus yaşayış evinə köçürülməsi ilə bağlı qeyd edir ki,Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı mübahisəli yaşayış evinə 1990-cı ildə köçdüyündən, mübahisəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli yaşayış evinə köçürülməsi, bu mübahisələri tənzimləyən birbaşa normalar olmadığından analoji münasibətləri tənzimləyən və xx.xx.2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Yevlax rayonu X3 xx.xx.1998-ci il tarixli qərarları ilə Paşayi (Yolçuyeva) Çiçək Hacı qızına və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus Yevlax rayonu Havarlı kəndində yerləşən 0,21 ha torpaq sahəsinin 1/2 hissəsinə, 0,81 ha torpaq sahəsinin 1/3 hissəsinə iddiaçının payı müəyyən edilməli və iddiaçı Yevlax rayonu Havarlı kəndində yerləşən və X2 məxsus 0,21 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Res-pub-li--ka-sı Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yevlax rayonu X3 xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı ilə X5 və Paşayi (Yolçuyeva) Çiçək Hacı qızına məxsus Yevlax rayonu Havarlı kəndində yerləşən 0,21 ha torpaq sahəsinin 1/2 hissəsinə, Yevlax rayonu X3 xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı ilə X2 və onun ailə üzvlərinə məxsus Yevlax rayonu Havarlı kəndində yerləşən 0,81 ha torpaq sahəsinin 1/3 hissəsinə iddiaçı Paşayi (Yolçuyeva) Çiçək Hacı qızının payları müəyyən edilsin. İddiaçı Paşayi (Yolçuyeva) X10 rayonu Havarlı kəndində yerləşən və X1 mülkiyyətində olan 0,20 hektar torpaq sahəsində yerləşən yaşayış evinə köçürülsün. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1805/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1805/2020
23.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Ailə münasibətləri üzrə mübahisələr - Mənzil mübahisələri - Ər-arvad arasında əmlak mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver