Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-19/2022 07.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı vətəndaşın qeyri-qanuni hərəkətlərinin qarşısının alınması və 5,000 manat məbləğində vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin ona qarşı etdiyi qeyri-qanuni hərəkətlərinin qarşısının alınmasına, vurulmuş 5,000 (beş min) manat maddi mənəvi ziyanın cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırılmışdır ki, Cavabdeh1 və digər cavabdehlər onların baba dövründən qonşusu olmaqla hazırda da qonşuluqda yaşayırlar. Ancaq onlar onu evində rahat yaşamağa qoymur, ona qarşı qanunsuz hərəkətlər edir. Belə ki, o, ona məxsus həyətyanı torpaq sahəsinə və mal damına evinin damından axan çirkab suları axıtmaqla ona həm maddi həmdə mənəvi ziyan vurmaqda davam etdirməkdədirlər. Ona məxsus olan mal damı 60 m2-dir. Mal damının arxa divarı demək olar ki, çirkab suların axıntısından uçqun vəziyyətə gətirilməklə yanaşı təxminən 8-10 min manat məbləğində ziyan vurmuşlar. Bundan başqa hər dəfə bir qonşu kimi davadan qaçmaq üçün dəfələrlə cavabdehlərə təklif etmişdi ki, çirkab suların qarşısının alınması məqsədilə cavabdehlərə məxsus evin damına novun çəkilməsini təklif edəndə yuxarıda adlarını qeyd etdiyi cavabdehlər onun evimə basqın edərək söyüb təhqir etməklə yanaşı insan həyatına təhlükə yarada bilən hədə-qorxu gəlməkdə davam etməkdədirlər. Öz təhlükəsizliyini qorumaq üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə dəfələrlə məlumat vermişdir. Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2014-cü il tarixli 3314/H-56 saylı cavab məktubunda göstərilmişdir ki, cavabdehin izahatı alınmış bir daha suvarma yolunuza çirkab sularla doldurmaması ilə bağlı rəsmi xəbərdarlıq edilmişdir. Bundan başqa Yevlax rayon polis şöbəsinin xx.xx.2017-ci il tarixli 195-4737-1217 saylı məktubuna əsasən cavabdehin gələcəkdə bir daha narahat etməməyi ilə bağlı iltizamı alınaraq xəbərdarlıq edilmişdir. Göründüyü kimi bütün rəsmi tədbirlərin və xəbərdarlıqların görülməsinə baxmayaraq cavabdeh Yunis Ələkbərov və onun ailə üzvləri yenə də öz qanunsuz hərəkətlərini etdirməkdə davam etməkdədirlər. Dəfələrlə ona əl çəkməyi barədə şifahi bildirsə də, o, onun sözlərinə əhəmiyyət vermir, hara şikayət edirsən et, deyir, bildirir ki, o, heç kimdən çəkinmir. Müraciət etməkdə bildirmək istəyir ki, bu məsələnin axırı daha başqa xoşagəlməz hadisələrlə nəticələnə bilər. Ona görə də bu barədə təcili tədbirlər görülməlidir. Mübahisənin aidiyyətı üzrə həll olunması üçün məhkəməyə müraciət etməli oldu. Hesab edir ki, məhkəmə bu iddiasına diqqətlə yanaşaraq ədalətli qərar qəbul edəçəkdir. Bütün bunlara artıq dözə bilmir. Belə ki, cavabdehlərin təhqirləri həm kənd camaatı yanında həm də ailə üzvlərinin yanında həm mənəvi həmdə psixoloji təsirlər etdiklərinə görə o, artıq diabet xəstəliyindən əziyyət çəkir. Bunu Yevlax rayon mərkəzi xəstəxanasının təqdim etdiyi arayışında da öz əksini tapır. Eyni zamanda cavabdeh bu qanunsuz hərəkətləri ilə xeyli ziyan vurub. Ona görə də ondan 5,000 manat məbləğində vurulmuş zərərin ödənilməsini də tələb edir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq dəqiqləşdirmişdir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona 5,000 manat məbləğində maddi ziyan vurulmuşdur. Belə ki, mal damının divarları sıradan çıxmışdır. Bu səbəbdən məhz həmin ziyanın ödənilməsini xahiş edir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı onların hasar bir qonşusudur. Digər cavabdehlərlə birlikdə yaşadığı evin damında olan nov sıradan çıxmışdır. Bu səbəbdən də yağış suları evin damından İddiaçı məxsus həyətə, həmin həyətdə yerləşən mal damının üstünə axır. Evin damına nov quraşdırmaq üçün İddiaçı məxsus evin həyətindən istifadə olunmalıdır. Lakin, İddiaçı bu məqsədlə ustaların onun həyətinə daxil olmasına əngəl törədir. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh4 oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Yevlax Rayon Məhkəməsinin 2(039)-613/2014 saylı, 15 iyul 2014-cü il tarixli qətnamənin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı, X1 və X6 qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia əsassız olaraq rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-451/2015 saylı, 04 may 2015-ci il tarixli qətnamənin surəti ilə müəyyən olunur ki, Yevlax Rayon Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli qətnaməsindən cavabdeh X2 və cavabdeh, eyni zamanda cavabdeh X3 nümayəndəsi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlərin İddiaçı, X1 və X6 qarşı şərəf və ləyaqətin müdafiəsi və cavabdehlər tərəfindən vurulmuş mənəvi ziyana görə cavabdehlərin hər birindən 5,000 manat məbləğində pul vəsaitinin onların xeyrinə tutulması tələbinə dair iddia tələbləri təmin edilməmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 107№-li, 21 yanvar 2021-ci il tarixli arayışında qeyd olunur ki, İddiaçı Yevlax rayonu Tanrıqulular kəndində yaşayır. Məhkəmə Ekspertiza Mərkəzinin 10/2358№-li, 16 iyun 2022-c il tarixli rəyində qeyd olunur ki, Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən Cavabdeh1 mülkiyyətində olan evin damına quraşdırılmış nov aşkar olunmadı. Baxış zamanı cavabdehlərin evinin damında su novunun olmadığı, cavabdehlərin evinin iddiaçının istifadəsində olan torpaq sahəsinə baxan tərəfdə damının orta hissəsinin aşağıya doğru maili olduğu və həmin hissədə yerləşən torpaq sahəsinin nəm olduğu nəzərə alındıqda, atmosfer axıntılarının əvvəllər axdığı və gələcəkdə axması istisna olunmur. Eləcə də, iddiaçının mal tövləsinin yuxarı hissəsində kəndin gediş-gəliş yolu istiqaməti boyunca quraşdırılmış novdan axa biləcək (və ya əvvəllər axmış) atmosfer axıntılarının axma istiqamətinin həmin hissə (yəni, cavabdehlərin evinin damından axan atmosfer tullantıları tərəfə) tərəfə olduğu müəyyən olundu. İddiaçı məxsus torpaq sahəsində yerləşən mal tövləsinin arxa divarının zədələnməsi halı müəyyən edilmədi. İddiaçı məxsus torpaq sahəsində yerləşən mal tövləsinin arxa divarının zədələnməsi halı müəyyən edilmədiyi üçün tədqiqat aparılmadı. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1098.1. Gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Maddə 1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlarla müəyyən olunur ki, cavabdehlərin evinin damında su novunun olmadığı, dama düşən atmosfer axıntıları iddiaçıya məxsus həyətə və həyətdə yerləşən mal tövləsinin yuxarı hissəsinə və divarlarına axır. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən yaşadıqları evin damında novun quraşdırılmaması və bunun nəticəsində iddiaçıya məxsus həyətə və həyətdə yerləşən mal tövləsinə atmosfer axıntıların axması iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməli, gələcəkdə atmosfer axıntıların axması nəticəsində vurula biləcək maddi ziyanın qarşısının alınması məqsədi ilə cavabdehlərin üzərinə yaşadıqları evin damında novun quraşdırılması vəzifəsi qoyulmalıdır. İddiaçı, atmosfer axıntıları nəticəsində ona maddi ziyanın vurulduğunu bildirsə də, buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində yerləşən mal tövləsinin arxa divarının zədələnməsi halı müəyyən edilməmişdir. Bu səbəbdən 5,000 manat maddi ziyan tələbi hissəsində iddia təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehlərdən müştərək qaydada Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 üzərinə, yaşadıqları Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən evin damında novun quraşdırılması vəzifəsi qoyulsun. Qalan hissədə iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-19/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-19/2022
07.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver