Məhkəmə qərarları › İş №2(039)-2033/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2033/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2033/2021 26.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 700 manat məbləğində verilmiş sığorta ödənişinin və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 12 dekabr 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış Vaz-21074 markalı 10UO084 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 02 avqust 2020-ci il tarixdə Mingəçevir şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan Vauxhall Astra markalı 99TP459 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Mingəçevir şəhər Məhkəməsinin qərarı ilə Cavabdeh1 qeyd olunan yolnəqliyyat hadisəsinin baş verilməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı 700 manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzindən məlum olur ki, "xxxx" ASC 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 16 iyul 2021-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh1 xx xxxx 1995-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 16 iyul 2021-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh2 xx xxxx 1966-cı il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, sığorta ödənişi ilə bağlı aktın surətindən məlum olur ki, Vauxhall Astra markalı 99TP459 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə X3 700 manat sığorta pulu hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, dəymiş zərərin hesablanmasına dair aktın surətindən məlum olur ki, Vauxhall Astra markalı 99TP459 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə X1 700 manat sığorta pulu hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 26 avqust 2020-ci il tarixli ödəniş tapşırığının surətindən məlum olur ki, 700 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Mingəçevir Şəhər Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 3(051)-374/2020 saylı qərarının surətindən məlum olur ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 332.2 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat məbləğində inzibati cərimə edilmişdir. «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə görə, Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə, sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir. Həmin Qanunun 34.1.3 və 34.1.4-cü maddələrinin tələbinə görə, sığortalının vəzifələrinə-sığorta hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etmək və ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək aiddir. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinin tələbinə görə, Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrindən istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş materialları ilə məlum olmuşdur ki, Cavabdeh2 özünə məxsus Vaz- 21074 markalı 10UO084 dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" ASC-də icbari sığorta etmişdir. Həmçinin Cavabdeh2 özünə məxsus Vaz-21074 markalı 10UO084 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan Cavabdeh1 vermişdir. Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, etibarnaməsiz Cavabdeh2 məxsus Vaz- 21074 markalı 10UO084 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 332.2 və 334.1-ci maddələrinin tələblərini pozmuş, nəticədə X3 məxsus olan Vauxhall Astra markalı 99TP459 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. 26 avqust 2020-ci il tarixli 57407 saylı ödəniş tapşırığı ilə "xxxx" ASC tərəfindən X3 dəymiş zərərə görə 700 manat pul ödənilmişdir. "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 700 manat pulun tutulması barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. Ona görə də, iddia təmin edilməli, 700 manat dəymiş ziyan və 30.40 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 alınıb "xxxx" ASC-nin xeyrinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 700 manat dəymiş ziyan və 30.40 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 alınıb "xxxx" ASC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar