Məhkəmə qərarları › İş №2(039)-2165/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2165/2022

02.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2165/2022 02.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi - vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Mingəçevir Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı əqdlərin, çıxarışların ləğv edilməsi və mənzilə köçürmə tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Mingəçevir Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh3 arasında Mingəçevir regional “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-503 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh3 adına qeyd edilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli mülkiyyət hüququ təsdiq edən sənədin ləğv edilməsi, Cavabdeh3 ilə Cavabdeh4 arasında Mingəçevir regional “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1166 nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi, Cavabdeh4 adına qeyd edilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəsi olan mülkiyyət hüququ təsdiq edən sənədin ləğv edilməsi, Yevlax rayonu Xaldan (Birinci Salamabad ) kəndində yerləşməklə mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixli ********** nömrəsi ilə Cavabdeh2 adına qeydə alınmış fərdi yaşayış evinə köçürülməsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Yevlax rayonu Xaldan (Birinci Salamabad) kəndində doğulub boya–başa çatmış, həmin kənddə onun valideynlərinə məxsus ata yurdu–həyətyanı torpaq sahəsi və fərdi yaşayış eviləri (bundan sonra mübahisələndirilən daşınmaz əmlak) olmuş, mübahisələndirilən daşınmaz əmlak olan Yevlax rayonu Yuxarı Salamabad kəndində 0.1037 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 46.50 kv.m olan fərdi yaşayış evi üzərində mərhum anası X2 tam mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Daha sonra isə mübahisələndirilən fərdi yaşayış evi (miras əmlak) Yevlax rayon 1 saylı notariat kontoru tərəfindən təstiq edilmiş xx.xx.2017-ci il tarixli 2V-236 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə tam olaraq Cavabdeh2 verilmişdir. Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Çələbiyev X13 regional “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2022ci il tarixli 4Ə-503 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh3 satmışdır. Həsənova X14 regional “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1166 nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi ilə Cavabdeh4 bağışlamış və onun mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Mübahisələndirilən daşınmaz əmlakda onun istifadə hüququ vardır və o, həmin ünvanda qeydiyyatdadır. Cavabdeh2 Yevlax Rayon Məhkəməsində ona qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia qaldırmışdır. Lakin iddiaçı Cavabdeh2 iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən və o, işə mahiyyəti üzrə baxılmasını xahiş etmədiyindən, qeyd edilən iddia tələbi Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(039)-1957/2021-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. İddiaçı düşünmək və məsələni yoluna qoymaq üçün iddia ərizəsini geri götürmüş, o, da hesab etdi ki, iki qardaş olaraq məsələni razılıqla həll edəcəklər. Daha sonra isə Cavabdeh2 mübahisələndirilən daşınmaz əmlakı satdığını öyrənmişdir. Mübahisələndirilən ünvandakı fərdi yaşayış evində oğlu X15 yaşamış, lakin Cavabdeh2 onun işığını, qazını kəsdirdiyi üçün məcburən evdən çıxmış, həmin fərdi yaşayış evində onun yaşayış yeri üzrə qeydiyyatda olan halda, onun razılığı olmadan mübahisələndirilən daşınmaz əmlakın satılması, daha sonra isə ikinci əldən özgəninkiləşdirilməsi qanunsuz və əsassızdır. Mübahisələndirilən daşınmaz əmlakda fərdi yaşayış evində onun istifadə hüququnu olduğundan, o cümlədən həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olduğundan həmin ünvana dair bağlanmış bütün əqdlər ləğv edilməli və onun həmin ünvana köçürülməsi təmin edilməlidir. Çünki, onun başqa yaşayış yeri yoxdur. Bütün ömrü boyu əsas və daimi yaşayış yeri həmin ünvan olmuşdur. Orada müvəqqəti olaraq yaşamamağına səbəbləri ailə vəziyyəti ilə bağlı olmuşdur. Oğlu Bakı şəhərində yerləşən cəza çəkmə müəssisələrinin birində məhkumluq həyatı yaşadığından o, da Bakı şəhərində müvəqqəti qalır və orada işləyir ki, oğlu ilə tez– tez görüşə və ona sovqatlar çatdıra bilsin. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərdən Cavabdeh4 və Mingəçevir Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisininin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etmişdir ki, sözügedən əmlakı tam qanuni şəkildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında əldə etmiş, həmin dövrdə yəni 2017-ci ildə Yevlax rayon 1 saylı notariat kontorunda bacılarının və iddiaçının özünün də razılığı ilə lazımi əməliyyat aparılmış və ev onun adına rəsmiləşdirilmişdir. Daha sonra isə həmin evi digər Cavabdeh3 xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə satmışdır. İddiaçının hazırki tələbi tam əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etmişdir ki, hazırkı mübahisənin ona heç bir aidiyyəti yoxdur, sözügedən evi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə dəyərini tam şəkildə ödəməklə almışdır. Hazırda iki qardaşın arasındakı mübahisə səbəbindən əziyyət çəkir, o həmin evi Mingəçevir Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisində bağlanmış notarial müqavilə əsasında almış bir neçə vaxt sonra isə qızına bağışlamışdır. İddiaçının tələbi tam əsassızdır, o evi alarkən həmin əmlak üzərində hər hansı bir mübahisə olmamışdır. Məhkəmədən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Yevlax rayonu, Yuxarı Salamabad kəndində 0.1037 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 46.50 kv.m olan fərdi yaşayış evi üzərində mərhum X4 tam mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə ********** nömrəli qeydiyyata alınmış, sözügedən fərdi yaşayış evi (miras əmlak) Yevlax rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2027-ci il tarixli 2V-236 nömrəli qanun üzrə vərəsəlik hüquq şəhadətnamə ilə tam olaraq Cavabdeh2 verilmiş, Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış, Çələbiyev X13 regional “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-503 nömrəli daşınmaz əmlakın alıq-satqı müqaviləsi ilə Cavabdeh3 satımışdır. Cavabdeh3 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Həsənova X14 regional “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2022ci il tarixli 4Ə-1166 nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi ilə Cavabdeh4 bağışlamış və onun mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh2 ilə (satıcı) Cavabdeh3 (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* №li, 19 mart 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı Yevlax rayonu. Yuxarı Salamabad kəndində yerləşən ümumi sahəsi 46.5 kv.m yaşayış sahəsi 17.5 kv.m. yardımçı sahəsi 29 kv/m olan 2 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcıya satmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinin **********00 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən Cavabdeh4 məxsus ümumi sahəsi 46.5 kv.m yaşayış sahəsi 0.1037 ha (**********) torpaq sahəsi Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, bağışlama müqaviləsinə əsasən Cavabdeh4 bağışlanmış, müvafiq ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan həmin torpaq sahəsi xx.xx.2022-ci il Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Yevlax rayon 1 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X3 vərəsəsi oğlu Cavabdeh2dur. Yevlax rayonu, Yuxarı Salamabad kəndində və miras əmlakıdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən mirası əmlak ƏMDK-nin yanında DƏDRX-dən real vaxt rejimindən əldə edilmiş xx.xx.2017-ci il tarixli qeydiyyat nömrəsi ********** olan arayışa əsasən və ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017 tarixdə X5 verilmiş **********79-10301 reyestr nömrəli ********** qeydiyyat nörmərli dövlət reyestrindən çıxarışa əsasən Yevlax rayonu, Yuxarı Salamabad kəndində yerləşən ümumi sahəsi 46.5 kv.m olan fərdi yaşayış edindən və evin yerləşdiyi ha həyətyanı torpaq sahəsindən ibarətdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-986/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, X1 miras qalmış Yevlax rayonu, Yuxarı Salamabad kəndində 0.10 ha torpaq sahəsində yerləşən bir otaqlı fərdi yaşayış evinə dair qanun üzrə vərəsə Cavabdeh2 mirasın qəbul edilməsi müddəti uzadılması qət edilmişdir. JN-211 KOD 90111038 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X5 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 26 saylı qərarı ilə Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,21 ha torpaq sahəsi verilmişdir. 30 iyul 2011-ci il tarixdə İddiaçı Yevlax rayon 1 saylı Dövlət Notariat Kontoruna vermiş olduğu ərizəsindən görünür ki, onun xx.xx.2004-cü ildə ölmüş mərhum anası X1 miras qalmış Yevlax rayonu, Yuxarı Salamabad kəndində yerləşən yaşayış torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən yaşayış evindən ibarət olan mirasın qəbul etməmiş və mirası əmlaka qarşı heç bir iddiası yoxdur. Mirasın qəbul edilməsi vaxtının uzadılması üçün məhkəməyə müraciət etməyəcəkdir. X7 Yevlax rayon 1 saylı Dövlət Notariat Kontoruna vermiş olduğu ərizəsindən görünür ki, xx.xx.2004-cü ildə vəfat etmiş mərhum anası X1 miras qalmış Yevlax rayonu, Yuxarı Salamabad kəndində yerləşən yaşayış evinə dair qanunla müəyyən edilmiş müddətdə vərəsəliyi qəbul etməmiş, etmir və gələcəkdə qəbul etməyəcəkdir. Həmin miras dair məhkəmədə və digər dövlət orqanlarıa qarşısında heç bir iddia qaldırmayacaqdır. X11 Yevlax rayon 2 saylı Dövlət Notariat Kontoruna vermiş olduğu ərizəsindən görünür ki, xx.xx.2004-cü ildə vəfat etmiş mərhum anası X1 miras qalmış Yevlax rayonu, Yuxarı Salamabad kəndində yerləşən yaşayış evinə dair qanunla müəyyən edilmiş müddətdə vərəsəliyi qəbul etməmiş, etmir və gələcəkdə qəbul etməyəcəyini miras dair məhkəmədə və digər dövlət orqanlar qarşısında heç bir iddia qaldırmayacaqdır. 29 oktyabr 2009-cu il tarixdə X12 Yevlax rayon 1 saylı Dövlət Notariat Kontoruna vermiş olduğu ərizəsindən görünür ki, anası X6 xx.xx.2004-cü ildə ölmüşdür. Miras qoyanın ölümündən sonra vərəsəlik üzrə ona çatan miras payı qəbul etməmiş, qəbul etməyəcəkdir. Buraxılmış müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcəkdir. X8 Mingəçevir şəhər Dövlət Notariat kontoruna vermiş olduğu ərizəsindən görünür ki, anası X6 xx.xx.2004-cü ildə vəfat etmişdir. Ondan miras əmlak qalmışdır. O, həmin mirası qəbul etməmiş və etməyəcəkdir. Ona miras qalan əmlakdan pay istəmir və gələcəkdə bi barədə iddia qaldırmayacağdır. Digər vərəsələr (varisə) bütövlükdə miras əmlaka vərəsəlik hüquq haqqında şəhadətnamə verilməsinə razıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi; Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 144.1 daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 144.2 sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 144.3 notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1.). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2.). Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən Yevlax rayonu, Yuxarı Salamabad kəndində yerləşən ümumi sahəsi 46.5 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi ha həyətyanı torpaq sahəsi İddiaçı anası X5 xüsusi mülkiyyət hüququ üzrə məxsus olmuşdur. Gülsüm Çələbiyeva 26 yanvar 2004cü il tarixdə ölmüş, bununla da miras açılmışdır. Cavabdeh2 2017-ci ildə notariat kontoruna müraciət edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Həmin zaman Gülsüm Çələbiyevanın ondan başqa yalnız beş vərəsəsinin: oğlu İddiaçı və qızları Rəna Məmmədovanın, Yeganə Abdullayevanın, Xalidə Həsənovanın, Validə Abdullayevanın olduğunu qeyd etmiş, sonuncular isə ərizə təqdim etməklə miras əmlakdan imtina etdiklərini bildirmişlər cavabdeh İddiaçı həmin əmlak üərində öz hüquqlarını rəsmiləşdirməklə müvafiq çıxarış əldə etmişdir. Daha sonra sonra isə həmin əmlakı digər cavabeh Cavabdeh3 notarial qaydada satmış, sonuncu isə sözügedən əmlakı notarial qaydada öz qızına yəni digər Cavabdeh4 bağışlamışdır. Göründüyü kimi cavabeh Cavabdeh2 tam qanuni əsaslarla əmlaka mülkiyyət hüququ əldə etmiş və üçüncü şəxslərin hüquqlarından azad şəkildə Cavabdeh3 satmış sonuncu isə növbəti notariat əməliyyatını aparmışdır. Belə olan halda əqdin etibarsızlığından söhbət gedə bilməz. Yuzarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Mingəçevir Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı əqdlərin, çıxarışların ləğv edilməsi və mənzilə köçürmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar