Məhkəmə qərarları › İş №2(039)-2449/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2449/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2449/2021 08.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddiasına dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək olaraq subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 4250 manat məbləğində ziyanın, vəkil xidmətlərinin göstərilməsi üçün ödənilmiş 200 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 1,00 manat bank xidmət xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21.11.2016-cı il tarixində ** BL *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 12.03.2017-ci il tarixdə Cavabdeh1 sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21074” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə, ** BD *** dövlət qeydiyyat nişanlı “VAZ 21070” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Eyni zamanda YNH nəticəsində 2 nəfər də müxtəlif bədən xəsarətləri almışdır. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin BİTİ-nin YNHDİ üzrə İstintaq və Təhiqiqat Şöbəsi tərəfindən cinayət işi başlanmış və CM-nin 263.1.1 maddəsi ilə ittiham elan edilmiş və müvafiq cəza təyin edilmişdir. YNH nəticəsində ** BD *** dövlət qeydiyyat nişanlı “VAZ 21070” markalı avtonəqliyyat vasitəsinə dəyən zərərin məbləği 2000 manat, vətəndaşlara dəyan zərər isə 2250 manat kimi müəyyən edilmiş və həmin məbləğ avtomobil sahibinə və digər zərəçəkən şəxslərin şəxsi hesabına köçürmə yolu ilə ödənilmişdir. Sığorta hadisəsinin araşdırması zamanı müəyyən edilmişdir ki, YNH baş verdiyi vaxt Cavabdeh1 avtomobili idarə etmək üçün sürücülük hüququ olmamışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Orxan Qurbanov məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsi olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, yol nəqliyyatı hadisəsi zamanı o, təqsirinə görə cinayət məsuliyyətinə cəlb olunmuş və cəzasını çəkib qurtarmışdır. Hazırda qardaşları və atası ilə bir otaqlı evdə yaşayırlar, maddi cəhətdən imkanları yoxdur və tələb olunan pul vəsaitini ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, yol nəqliyyatı hadisəsi oğlu Cavabdeh1 idarə etdiyi ** BL *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobil onun mülkiyyətində olmuşdur. O, avtomobili oğluna verərkən onun sürücülük hüququ olmadığını bilmişdir. Oğlu Samil törətdiyi yol nəqliyyatı hadisəsinə görə cəzasını çəkib, onların tələb olunan pul vəsitini ödəməyə maddi imkanları yoxdur. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AC seriyalı 730199 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh2 məxsus “VAZ 21074” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil 21 noyabr 2016-cı il tarixdə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. 05.05.2017-ci il tarixli sığorta aktından müəyyən olunur ki, 21.11.2016-ci il tarixdən 20.11.2017-ci il tarixədək "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmış “VAZ 21074” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin 12.03.2017-ci il tarixdə Bakı-Qazax yolunun 292-ci km-də baş verən sığorta hadisəsi zamanı sığortalanmış avtomobil ilə toqquşması nəticəsində zərərçəkən şəxs X2 yüngül, X1 az ağır xəsarətlər yetirilmiş, X7 isə 2000 manat məbləğində maddi ziyan vurulmuşdur. 11.05.2017-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, "xxxx" ASC tərəfindən X6 750 manat, X4 1500 manat və X7 2000 manat məbləğində pul ödənilmişdir. Yevlax Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 1(039)-118/2017 nömrəli hökmündən görünür ki, Cavabdeh1 12.03.2017-ci il tarixdə Bakı-Qazax yolunun 292-ci km-də baş verən yol nəqliyyat hadisəsində təqsirli olduğuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 11.01.2019-cu il tarixli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən vəkil xidməti üçün 200 manat məbləğində ödəniş edilmişdir; Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu, 0, 40 manat bank xidməti haqqı ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 "xxxx" ASC tərəfindən icbari sığorta növü üzrə sığortalanmış avtomobilini, sürücülük hüququ olmayan oğlu-digər Cavabdeh1 idarə etmək üçün vermiş və sonuncu yol nəqliyyatı hadisəsi törətmişdir. Sığorta hadisəsi zamanı zərərçəkən şəxslərə vurulmuş 4250 manat məbləğində ziyan iddiaçı sığorta şirkəti tərəfindən ödənilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də ödənilmiş sığorta ödənişinə görə 4250 manat məbləğində pul cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 4250 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, 0,40 manat bank xidməti xərci, vəkil xidmətlərinin göstərilməsi üçün ödənilmiş 200 manat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, 0,60 manat bank xidməti xərcinin tutulması hissəsində iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4250 (dörd min iki yüz əlli) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, 0,40 manat bank xidməti xərci, vəkil xidmətlərinin göstərilməsi üçün ödənilmiş 200 manat Cavabdeh1 və Cavabdeh2 alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar