Məhkəmə qərarları › İş №2(039)-25/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-25/2025

17.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-25/2025 17.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, İddiaçı Əhmədxan qızının, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Əhmədxan qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Allahverdiyeva (Əlizadə) Ayişə Şirvan qızına və Cavabdeh3 qarşı ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçisi olduğu kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin natura qaydada bölünməsi və naturada onun payının ayrılmış hissəsindən cavabdehlərin çıxarılması və həmin hissənin cavabdehlərdən alınıb ona verilməsinin təmin edilməsinə və dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əhmədxan qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Allahverdiyeva (Əlizadə) Ayişə Şirvan qızına və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəsi olan xx.xx.2024-cü il qeydiyyat tarixli mülkiyyət hüququnu təstiq edən çıxarışa əsasən ümumi paylı mülkiyyətçisi olduğu Yevlax rayonu Qaramanlı kəndində yerləşən 4.5208 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6/24 hissəsinin natura qaydasında ayrılması və naturada ayrılmış torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin sahənin cavabdehlərdən alınaraq ona verilməsinin təmin edilməsinə dair, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəsi olan xx.xx.2024-cü il qeydiyyat tarixli mülkiyyət hüququnu təstiq edən çıxarışa əsasən ümumi paylı mülkiyyətçisi olduğunu Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinin natura qaydasında ayrılması və naturada ayrılmış torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin sahənin cavabdehlərdən alınaraq ona verilməsinin və tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər bir ailənin üzvüdürlər. Cavabdeh1 onun qardaşı, Cavabdeh2 birincinin həyat yoldaşı olmaqla onun qardaşı arvadı, digər cavabdehlər Allahverdiyeva (Əlizadə) Ayişən Şirvan qızı və Cavabdeh3 isə Şirvan və Sədayə Əliyevlərin övladları olmaqla onun qardaşının qızlarıdır. Onun cavabdehlər və qeyriləri ilə ümumi mülkiyyətinə Yevlax rayonu Qaramanlı kəndində 4.5208 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daxildir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlakın dövlət reyestrində 168 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdehlərə və digərlərinə münasibətdə qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il ona münasibətdə isə qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü ildir. Belə ki, həmin torpaq sahəsinə, yəni 4.5208 ha ölçüdə olan Yevlax rayonu Qaramanlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair cavabdehlərin, digərlərinin və onun mülkiyyət hüququm aşağıdakı kimidi X7 2/24 hissə, X6 2/24 hissə, Əliyeva Səd ayə Güloğlan qızı- 4/24 hissə, Əlizadə (Allahverdiyeva) Ayişən Şirvan qızı 4/24 hissə, Cavabdeh3 4/24 hissə, X5 2/24 hissə və ona İddiaçı Əhmədxan qızı- 6/24 hissədədir. X8 anasıdır, vəfat etmişdir, ümumi birgə mülkiyyətçisi olduğu, o cümlədən ondan miras qalmış torpaq sahəsindən cavabdehlər istifadə edirlər. X6-atasıdır, vəfat etmişdir, ümumi birgə mülkiyyətçisi olduğu, o cümlədən ondan miras qalmış torpaq sahəsindən cavabdehlər istifadə edirlər. Cavabdeh2, cavabdeh olmaqla, qeyd edilən 4.5208 ha torpaq sahəsindən digər cavabdehlərlə birgə istifadə edir. Allahverdiyeva (Əlizadə) Ayişən Şirvan qızı, cavabdeh olmaqla, qeyd edilən 4.5208 ha torpaq sahəsindən digər cavabdehlərlə birgə istifadə edir. Cavabdeh3, cavabdeh olmaqla, qeyd edilən 4.5208 ha torpaq sahəsindən digər cavabdehlərlə birgə istifadə edir. X5 bacısı oğludur. Mülkiyyətçisi olduğu torpaq sahəsindən cavabdehlər istifadə edir. Cavabdehlərə qarşı iddia tələbi irəli sürmüşdür. Yeddinci mülkiyyətçi onun 4.5208 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6/24 hissəsinin paylı mülkiyyətçidir. Qeyd edilən 4.5208 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər ailəsi bütövlükdə istifadə edirlər. Onun bacısı oğlu X2 və mərhum atası X4 ümumi paylı mülkiyyətinə Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1.76 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daxildir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 132 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mərhum atası X4 mülkiyyət hüququ 1.76 ha torpaq sahəsinin 2/4 hissəsi həcmindədir. Bacısı oğlu X2 mülkiyyət hüququ 1.76 ha torpaq sahəsinin 1/4 hissədə olmaqla qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il onun mülkiyyət hüququ isə 1.76 ha torpaq sahəsinin 1/76 hissəsi həcmində olmaqla, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü ildir. Qeyd edilən 1.76 ha torpaq sahəsindən də cavabdehlər ailəsi bütövlükdə istifadə edirlər. Onun iki sənədlərlə (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəsi olan və xx.xx.2024-cü il qeydiyyat tarixli və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəsi olan və xx.xx.2024-cü ildir qeydiyyat tarixli) çıxarışa əsasən ümumi paylı mülkiyyətçisi olduğu torpaq sahələrindən istifadə edə bilmir. Cavabdehlər onun özlərinin və digərlərinin (bacısı oğlu Ceyhunun və mərhum valideynləri) mülkiyyətçisi olan torpaq sahəsindən bütövlükdə istifadə edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı Əhmədxan qızı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Fərhad Məmmədov iddia tələbini qəbul etmədiyini və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh2, Allahverdiyeva (Əlizadə) Ayişə Şirvan qızı və Cavabdeh3 məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********47 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Qaramanlı kəndində yerləşən 4.5208 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 2/24 hissəsi X7, 2/24 hissəsi X6, 4/24 hissəsi Cavabdeh2, 4/24 hissəsi X9, 4/24 hissəsi Cavabdeh3, 2/24 hissəsi X5 və 6/24 hissəsi İddiaçı adına paylı mülkiyyət kimi qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********75 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Qaramanlı kəndində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 1/4 hissəsi X5, 1/4 hissəsi İddiaçı və 2/4 hissəsi X3 adına paylı mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu, Qaramanlı kəndi ərazisində **********47 və **********75 reyestr nömrəli çıxarışlarla ümumi birgə mülkiyyətə verilmiş 4.5208 ha və 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq səhələrindən İddiaçı Əhmədxan qızının payının naturada ayrılması mümkündür. Tərəflərin razılığı əsasında, tərtib edilmiş yerquruluşu planında göstərilmiş bölgüyə uyğun bölünməsi mümkündür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu, Qaramanlı kəndində yerləşən İddiaçı Əhmədxan qızının mülkiyyətində olan 4.5208 və 1.76 ha hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmiş, Yevlax rayonu, Qaramanlı kəndində yerləşən İddiaçı Əhmədxan qızının və digərlərinin paylı mülkiyyətində olan 4.5208 ha və 1.76 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edildikdən sonra, onun naturada ölçüləri müəyyən edilmiş, qeyd edilən torpaq sahəsi naturada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Allahverdiyeva (Əlizadə) Ayişə Şirvan qızı və Cavabdeh3 tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan və naturada cavabdehlər tərəfindən istifadə edilən torpaq sahəsi rəyə əlavə edilmiş sxemdə göstərmişdir. Tərəflərin mülkiyyətində olan torpaq sahələri sənəd üzrə və naturada ölçüləri üst-üstə düşür. Beləliklə, qeyd olunanlardan müəyyən olunur ki, iddiaçıya məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 4.5208 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6/24 hissəsinin natura qaydasında ayrılması və naturada ayrılmış torpaq sahəsindən və Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinin natura qaydasında ayrılması və naturada ayrılmış torpaq sahələri hər hansı qanuni əsas olmadan cavabdehlərin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahələri ilə bağlı hüquqlarını həyata keçirə bilmir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1 maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-ci maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 76-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, cavabdehlər, iddiaçın paylı mülkiyyətində olan 6/24 ha və 1/4 ha torpaq sahələri hər hansı qanuni əsas olmadan istifadə etdiyindən iddiaçın tələbi haqlıdır və cavabdehlər iddiaçının mülkiyyətində olan Yevlax rayonu Qaramanlı kəndində yerləşən 4.5208 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6/24 hissəsi, Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsi natura qaydasında ayrılmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Allahverdiyeva (Əlizadə) Ayişə Şirvan qızı və Cavabdeh3 naturada ayrılmış həmin torpaq sahələrindən çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, hazırki iş üzrə mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Əhmədxan qızının paylı mülkiyyətində olan Yevlax rayonu Qaramanlı kəndində yerləşən 4.5208 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6/24 hissəsi və Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsi natura qaydasında ayrılsın və Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Allahverdiyeva (Əlizadə) Ayişə Şirvan qızı və Cavabdeh3 naturada ayrılmış həmin torpaq sahələrindən çıxarılsın. Mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat məhkəmə xərci və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Allahverdiyeva (Əlizadə) Ayişə Şirvan qızından və Cavabdeh3 İddiaçı Əhmədxan qızının xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar